Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1072/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Bəraət almış şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2C-də yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 1(001)-55/2023 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Mahirə Kərimova) 14 mart 2023-cü il tarixli, 1(001)-55/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmişdir. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, o, 23 iyun 2022-ci il tarixdə, günorta saatlarında Sabunçu rayonu ərazisindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,12 qram çəkidə narkotik vasitə olanmetadon əldə edib üzərində saxlayaraq daşımış, Binəqədi RPİ-nin 4- cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 02:00-da Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayının qarşısında saxlanılaraq Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən polis şöbəsinə gətirilmiş, orada üzərinə axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd üzərindən F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli həblər halında təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram olan metadon aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlib hesab etmişdir ki, onun qeyd olunan cinayət əməllərini törətməsi sübuta yetirilməmişdir. Hökmdən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı apellyasiya protesti verib Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli hökmünün ləğv edilməsini, ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs avtomobilində müştəri qismində əyləşmiş X14, X3 və X12 əlavə şahid kimi dindirilmiş və onlar öz ifadələrində Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə eyni zamanda hökmündə göstərmişdir ki, bu faktı Binəqədi RPİ-nin 4-cü PŞ-in 23.02.23-cü il tarixli məhkəmənin sorğusuna cavab məktubu da təsdiq edir. Belə ki, həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 4-cü PŞ-ə gətirilərkən onunla birlikdə X14, X3, X12 da onunla birlikdə şöbəyə gətirilmiş və şöbəyə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata alınmışdır. Əvvəla onu qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə (təhqiqat və ibtidai istintaq zamanı) törətmiş olduğu əməldə özünü təqsirli bilmiş, o, hər hansı qanunsuz hərəkətlərə, o cümlədən təsir və ya təzyiqlərə məruz qalmadığını bildirmiş, birbaşa və ya müdafiəçisi vasitəsilə Daxili işlər orqanlarının əməkdaşlarının qanunazidd hərəkətləri ilə əlaqədar aidiyyəti yuxarı dövlət orqanlarına hər hansı şikayət etməmiş, nə də həmin məsələ ilə bağlı cinayət işinin materialları ilə tanış etmə zamanı vəsatət qaldırmamışdır. Həmçinin iş materiallarına nəzər saldıqda görünür ki, Təqsirləndirilən şəxs tutulduğu andan müdafiəçi ilə təmin edilmiş, onun iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri zamanı müdafiəçi iştirak etmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər - X14, X3, X5 verdikləri ifadələrə münasibət bildirərkən qeyd olunmalıdır ki, həmin şahidlərin Təqsirləndirilən şəxsla qohumluq münasibətləri olmasa belə, taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs avtomobilindən müştəri qismində istifadə etmələri onların arasında yaxın münasibətlərin yaranmasını istisna etmir. Hətta bu faktı onların müdafiə tərəfinin verdiyi vəsatət əsasında məhkəmə istintaqı zamanı verdikləri ifadələrindən açıq-aydın şəkildə müəyyən etmək mümkün olmuşdur. Bu hal həmin şahidlərin baş verənləri təhrif edərək, məhz təqsirləndirilən şəxsin müdafiəsi məqsədilə ifadə vermələri qənaətinə gəlməyə əsas verir. Belə olan halda məhkəmə həmin şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etməkdə haqlı olmamışdır. Lakin şahidlər - Şahid1 və Şahid2 ifadələrində cinayət hadisəsini ətraflı şəkildə göstərmişlər. Məhkəmə istintaqı zamanı bir daha təsdiq olunmuşdur ki, əməliyyat-axtarış tədbirində həm Şahid1 və Şahid2 (hər iki şahidin ifadəsi məhkəməyədək icraat dövründə, həm də məhkəmə baxışı zamanı bir-birini tamamlamış, ziddiyyətlər olmamışdır) iştirak etmiş, həqiqətən də təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı təzyiq və qeyri-etik hərəkətlərə yol verilməmişdir. Lakin məhkəmə əsassız olaraq təqsirləndirilən şəxsin xeyrinə ifadə verməklə işin faktiki hallarına uyğun gəlməyən müştəri qismində avtomobildə əyləşmiş şahidlərin ifadələrini əsas götürmüşdür. Məhkəmə eyni zamanda qeyd olunan sübutlarla bağlı hesab etmişdir ki, iş üzrə toplanmış ilkin sübutar - xx.xx.2022-ci il tarixli raport, xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokolun mötəbərliyini şübhə altına alınır, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Lakin məhkəmə nə üçün yuxanda qeyd olunan sübutları mötəbər sübut kimi qəbul etmədiyini kifayət qədər əsaslandıra bilməmiş, yalnız “məhkəməyəqədər icraatda toplanmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi, istifadə etməsi, saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında polis əməkdaşları sonuncuya yaxınlaşaraq şöbəyə dəvət etmişlər, məhkəmə istintaqında isə belə bir məlumatın olmadığı, Təqsirləndirilən şəxs avtomaşınında olan sərnişinlərlə birgə şöbəyə aparılması müəyyən olunur.” kimi ümumiləşdirilmiş, heç bir sübuta əsaslanmayan cümlələri hökmdə qeyd etməklə kifayətlənmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə təhqiqatçı tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətini əks etdirən videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs sərbəst şəkildə əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd “F/M40” yazısı həkk olunmuş metadon həbini təqdim etmiş, həmin narkotik vasitəni 23 iyun 2022-ci il tarixdə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı hər bir hərəkət ardıcıllıqla yerinə yetirilmiş, qanunvericiliyin tələbləri gözlənilmiş və hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə tərəfindən həmin sübutun şübhə altına alınmasına əsas olmamışdır. Beləliklə də məhkəmənin Binəqədi RPİ-nin 4-cü PŞ-də tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportun, xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın, həmin tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokolun mötəbərliyini şübhə altına alınması tamamilə yanlış mövqedir, heç bir hüquqi əsası yoxdur. Çünki məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmamış, yekunda toplanmış sübutları düzgün qiymətləndirməyərək əsassız nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə hökmündə göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, polis şöbəsində qanunsuz olaraq bir gün saxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə təxminən günorta saatlarında buraxılmışdır. Lakin yenə də məhkəmə bu faktı təsdiq edəcək hər hansı bir sübut təqdim edə bilməmiş, yalnız Təqsirləndirilən şəxs özünümüdafiə xarakterli ifadəsini əsas götürərək, heç bir əlavə araşdırma aparmadan bu qənaətə gəlmişdir. Eyni zamanda məhkəmə bəraət hökmündə kobud pozuntuya yol vermiş və Təqsirləndirilən şəxs təqsirliliyini sübut edən mühüm xüsusatı görməzdən gəlmişdir. Belə ki, istintaq materiallarından göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X20 Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 4089 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əlavə şahid qismində dindirilmiş ekspert X6 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X20 Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 4089 nömrəli ekspert rəyindən və eyni zamanda müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs müayinə ekpress-test üsulu ilə müayinə aparılmışdır, yəni Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MTD və OPİ aşkar olunmuşdur. Bununla bağlı məhkəmə iclası gedişində Təqsirləndirilən şəxs həqiqətən də tibbi müayiənədən keçib-keçməməsi ilə bağlı sual verilmiş və Təqsirləndirilən şəxs tibbi müayinədən keçdiyini və ondan sidik nümunəsinin götürüldüyünü təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Lakin müvafiq ekspertiza rəyi təqsirləndirilən şəxsin bir daha qeyri-səmimi ifadə verdiyini, verdiyi ifadənin yalan üzərində qurulduğunu, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və fiziki zor, qeyri-etik hərəkətlərin edilmədiyini bir daha təsdiq edir. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə bəraət hökmü çıxararkən Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsini bəraətin əsası kimi göstərsə də, hökmün məzmunundan çıxan nəticə budur ki, hazırki iş üzrə cinayət hadisəsi ümumiyyətlə olmamışdır. Bununla da məhkəmə tərəfindən bəraətin əsası düzgün göstərilməmiş, eləcə də bu əsas hökmün nəticəvi hissəsində ümumiyyətlə qeyd edilməmiş, nəticədə cinayət-prosessual qanunvericiliyinin tələbləri pozulmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi və şəxsi axtarış və götürmə aparılmasına dair protokol, eləcə də şahidlərin ifadələri, iş üzrə alınmış məhkəmə- kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı Elfanə Bayramova verilmiş apellyasiya protestinin dəlilərinə uyğun çıxış edərək, protestin təmin edilməsini təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və müdafiəçiləri verilmiş apellyasiya protestinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya protestində Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli hökmünün ləğv edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq bəraət almış şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş və şəxsin təqsirləndirildiyi cinayət əməli üzrə təqsirinin sübuta yetirilməməsi qənaətinə gələrək Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə bəraət hökmü çıxarmışdır. Belə ki, 25 iyun 2022-ci il tarixli raportdan görünür ki, Qasımov X7 rayonu, Binəqədi şossesi, “Zəngəzur” şadlıq sarayının qarşısında piyada olan zaman əlverişli şərait yarandığından həmin tarixdə, saat 02.00-da saxlanılmış və 4-cü PŞ-ə gətirilmişdir Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan görünür ki, o, Binəqədi RPİ-nin 4-cü PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 02:00-da Bakı şəhəri, Binəqədi rayonu, “Zəngəzur” şadlıq sarayının qarşısında saxlanılaraq Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən polis şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Binəqədi rayonu, Binəqədi şossesi, “Zəngəzur” şadlıq sarayının qarşısında piyada hərəkət edən zaman saxlanılaraq polis bölməsinə gətirilməsi görünsə də, bu hal şahidlərin ifadələri ilə təkzib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X14, X3, X12 ifadə verərək Təqsirləndirilən şəxs taksi sürücüsü olduğunu, özlərinin isə onun avtomobilinə X9 Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur şadlıq sarayının yaxınlığında yerləşən şərab evinin qarşısında düşürtmək üçün sərnişin qismində əyləşdiklərini, Bakı şəhəri, Binəqədi rayonu, “Zəngəzur” şadlıq sarayının yaxınlığında X14 düşərkən polis əməkdaşları onlara yaxınlaşdığını, onlarla kobud rəftar edərək üzərini və avtomobili axtardıqlarını, üzərlərində narkotik vasitə olmasından şübhə edildikləri üçün Binəqədi RPİ-nin 4-cü PŞ-yə aparıldıqlarını, polis şöbəsində Fəridi soyunduraraq üzərinə axtarış apardıqlarını, onların isə üzərlərinə axtarış keçirməklə bərabər onları təhqir edib qeyri-etik hərəkətlər etdiklərini, psixi və fiziki təsir göstərdiklərini, daha sonra bir nəfər polis əməkdaşının onlar saxlanılan otağa daxil olaraq Fəridin avtomobilindən dərman tapıldığını bildirib həmin dərmanların kimə məxsus olmasını suruşduğunu, Fəridin isə onlara edilən qeyri-etik hərəkətə və təzyiqlərə dözməyərək həmin dərmanların ona məxsus olduğunu məcbur olub boynuna aldıqlarını bildirmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 isə ifadə verərək 24 iyun 2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət edildiyini və bundan sonra şöbənin CA üzrə inspektoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildiyini, 25 iyun 2022-ci il tarixdə, saat 02:00 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə onun olduğu yeri müəyyən edib yaşadığı Binəqədi rayonu, Binəqədi şossesinə gəlib və əməliyyat mövqeyi seçdiklərini, orada Zəngəzur şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs piyada gəldiyini görüb tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, həmin şəxsdən özünü təqdim etməsini istədiklərini bildirmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolu tədqiq edilərkən müəyyən edilmişdir ki, hər iki şahid verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs onun piyada tək hərəkət etdiyi zaman yaxınlaşmışlar, onu, özünün dediyi kimi, yəni avtomobildə digər sərnişinlərlə birgə saxlamamışlar. Göründüyü kimi, ittiham tərəfinin şahidləri, yəni polis əməkdaşları Şahid1 və Babayev X10 rayonu, Binəqədi şossesi, “Zəngəzur” şadlıq sarayının qarşısında piyada olan zaman saxladıqlarını bildirsələr də, bu hal nəinki müdafiə tərəfinin şahidlərinin ifadəsi ilə, həmçinin Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-in xx.xx.2023-cü il tarixli məktubu ilə də təkzib olunur. Məhkəməyə ünvanlanan həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 4-cü PŞ-ə gətirilərkən onunla birlikdə X14, X3, X12 şöbəyə gətirilmiş və şöbəyə gətirilən şəxslərin qeydiyyat kitabında qeydiyyata alınmışdır. Araşdırma zamanı həmin şəxslərin əməlində hüquq pozuntusu müəyyən edilmədiyinə görə buraxılmışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin tərkib yarandığına görə müvafiq sənədləşmə aparılaraq İstintaq Şöbəsinə təhvil verilmişdir. Məhkəmənin yuxarıda qeyd etdiyi və birinci instansiya məhkəməsinin haqlı olaraq təsbit etdiyi ziddiyyətli məqam iş üzrə toplanmış ilkin sübutarın, yəni 25 iyun 2022-ci il tarixli raport, 25 iyun 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar, 25 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun mötəbərliyini əhəmiyyətli dərəcədə şübhə altına alır və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir ki (CPM 21.2), belə olduğu təqdirdə həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Apellyasiya protestinin digər bir dəlili kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X20 Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 4089 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunmasının təsdiq olunmasına istinad olunaraq, məhkəmənin əsassız olaraq onun ibtidai istintaq zamanı verdiyi ifadələri deyil, məhkəmə iclasında verdiyi ifadələrini əsas götürərək yekun qənaətə gəldiyinə istinad olunmuşdur ki, məhkəmə kollegiyası bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması hal-hazırda ona istinad olunan cinayəti törətməsini təsdiq edən hal kimi nəzərdə keçirilə bilməz. Şəxsin cinayəti əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunur ki, hazırda Təqsirləndirilən şəxs münasibətdə toplanmış sübutların məcmusu ona istinad olunan əməlin onun tərəfindən törədilməsini təsdiq etmir. Digər tərəfdən protestdə onun ifadəsinin qeyri-səmimi olduğu, məhkəmənin əsassız olaraq həmin ifadələri nəzərə alaraq şəxsə əsassız olaraq ittiham olunduğu maddə ilə bəraət verilməsinə istinad olunmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda qeyd edilən Plenum qərarında da əks olunan hüquqi mövqeyə görə məhkəmənin təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı olduğu təsbit edilmişdir ki, hazırkı cinayət işi materiallarından birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə əsaslanmaqla həmin ifadənin düzgünlüyünü hərtərəfli yoxlayaraq və şahidlərin verdikləri ifadələr ilə müqayisəli təhlilini apararaq digər sübutlarla birlikdə tədqiq etdiyi aydın olur ki, bu da protestin həmin dəlilinin də əsassız olmasına dəlalət edir. Protestin digər bir dəlili kimi məhkəmənin bəraət hökmü çıxararkən Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsini bəraətin əsası kimi göstərsə də, hökmün məzmunundan çıxan nəticənin hazırki iş üzrə cinayət hadisəsinin ümumiyyətlə olmamasına istinad olunmuşdur ki, bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, narkotikin mövcudluğu cinayət hadisəsinin olmamasını inkar edən fakt olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq təsirləndiirlən şəxsin bəraətinin əsasına onun təqsirliliyinin sübuta yetirilməməsini qoymuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. Avropa Məhkəməsi “Radçikov Rusiya Federasiyasına qarşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarilə – məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə - məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“Bratyakin Rusiya Federasiyasına qarşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə, onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduqları halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişlər. Bu işlə bağlı Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Ali Qanunun 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanun qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ görə (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-nin 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi haqlı və düzgün olaraq ittiham tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirininin sübuta yetirilə bilməməsinə əsaslanaraq və CPM-nin 39.2, 42.1.4 və 42.2.4-cü maddələrini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsi qənaətinə gəlmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə bəraət verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə bəraət verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 1(001)-55/2023 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X4 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-1072/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1072/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver