Məhkəmə qərarları › İş №1(103)-108/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-108/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-108/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü il tarixdə Quba şəhəri, Timiryazev qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Quba rayonu, Alekseyevka ərazi dairəsi, Timiryazev kəndində pasport qeydiyyatında olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Vaqif’ adlı şəxslə qabaqcadan əlbir ola bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasının vətəndaşı “Vaqif’ adlı şəxs tərəfindən ünvan 1 ünvanda yerləşən “Evromed” klinikasının yanında olan “Narmobile” reklam lövhəsinin altına qoyulmuş bir ədəd bağlamada təmiz çəkisi 2951 qram və bir ədəd bükümdə təmiz çəkisi 71,5 qram olmaqla ümumi təmiz çəkisi 3022,5 qram (3 kq 22,5 qr) külli miqdar təşkil edən narkotik vasitə heroini 26 fevral 2021-ci il tarixdə saat 22 radələrində satış məqsədilə əldə edərək özündə saxlamaqla daşımış və həmin gün saat 22:50-də Nəsimi RPİ-nin CAŞ-m əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən “Evromed” klinikasının qarşısında saxlanılaraq Nəsimi RPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əlində olan bir ədəd üzərində “Etra Boutiqe” sözləri yazılmış ağ rəngli sellofan torbanın içərisindən külli miqdarda həmin narkotik vasitə heroin bükümləri aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim İlham Mahmudov, hakimlər Mirzə Xankişiyev və Faiq Qəniyev) 17 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2021-ci il tarixindən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib Təqsirləndirilən şəxs verilmiş ittihamın ümumi işin xarakteri ilə uyğunluq təşkil etmədiyini və hökmün qanunsuz və əsassız olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil yalnız şəxsi istifadə üçün əldə etdiyini, ona elan olunan ittihamın nə ibtidai istintaq zamanı toplanmış, nə də məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyini, həmçinin cinayət işi materiallarında qeyri mötəbər sübutlara istinad olduğunu qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edib, Təqsirləndirilən şəxs əməlini AR CM-nin 234.1-ci maddəsinə tövsif edərək, ona həmin maddənin sanksiyasının hüdudları daxilində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilməli, məhkum edilmiş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayətində məhkum edilmiş şəxsin AR CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olmasının sübuta yetirilmədiyinə istinad edərək Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2021-ci il tarixli № 6/833 nömrəli və 09 mart 2021- ci il tarixli № 6/847 nömrəli rəyləri, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 16.03.2021-ci il tarixli 573 saylı və məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2021-ci il tarixli 970 nömrəli rəyləri, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi Note-8” markalı 867-522-049-560-969 və 867-522-049-560-977 İMEY kodlu mobil telefona və bir ədəd Samsung markalı A-10 modelli 357-376-101-897-448 və 357-377-101- 897-446 İMEY kodlu mobil telefona 12 mart 2021-ci il tarixli baxış keçirilməsi protokolu, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Müdafiəçi apellyasiya şikayətində iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs narkotik vasitə satmasının təsdiq edilmədiyini göstərsə də, onun barəsində verilmiş məlumatın narkotik vasitələrin satışı barədə olmadığını, həmçinin onun, narkotik maddələrin satışı zamanı saxlanmadığını, habelə üzərindən aşkar edilərək götürülmüş narkotik maddələri satış məqsədi ilə əldə edib saxlamadığını qeyd etsə də məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitə külli miqdarda olmuşdur. Belə ki, o, narkotik vasitəni satış məqsədi olmadan əldə etməsini bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, İstintaq zamanı Təqsirləndirilən şəxs protokolla götürülmüş bir ədəd “Redmi Note-8” markalı 867-522-049-560-969 və 867-522-049-560- 977 İMEY kodlu mobil telefona və 1 ədəd Samsung markalı A-10 modelli 357-376-101-897-448 və 357- 377-101- 897-446 İMEY kodlu mobil telefona 12 mart 2021-ci il tarixdə baxış keçirilmişdir. Telefonun vatsap yazışmasına baxdıqda iş üçün əhəmiyyət kəsb edən Vaqif adlı şəxsin +989-101- 835-575 vatsap nömrə ilə işlətməsi, həmin Vaqif adlı şəxsində “X4” adı ilə profil səhifəsi olması aşkarlanır. Telefonda olan X4 ilə Təqsirləndirilən şəxs arasında olan vatsap yazışması 12.02.2021ci il tarixdən 27.02.2021-ci il tarixədək olan müddət ərzində olan Vatsap yazışmasına baxış keçirilmişdi. Baxışda Təqsirləndirilən şəxs (bundan sonra H) və X4 (bundan sonra V) arasında olan vatsap yazışmaları olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, yuxarıda sadalanan müvafiq ekspert rəyi və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını və cəzanı yüngülləşdirən hallar kimi Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza ağır cəzadır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs daha az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə də islah edilməsi mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini 10 (on) il 06 (altı) ay müəyyən etməklə həmin cəzanı cəzanın məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilməli, məhkum edilmiş şəxsə təyin edilmiş cəza yüngülləşdirilməli, ona təyin edilmiş 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 10 (on) il 06 (altı) ay müddətə endirilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsini rəhbər tutaraq QƏRARA ALİR: Apellyasiya şikayəti təmin olunmasın. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair 17 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təyin edilmiş 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 10 (on) il 06 (altı) ay müddətə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar