Məhkəmə qərarları › İş №1(103)-1081/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1081/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1081/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X3, Məhkum edilmiş Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Ermənistan Respublikası Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim V.Qurbanov) Təqsirləndirilən şəxs 2014-cü il üzrə ümumi gəliri 615050,84 manat həmin gəlirin əldə edilməsi üçün xərci 512542,37 manat, vergiyə cəlb edilən gəliri (mənfəəti) 102508,47 manat, Vergi Məcəlləsinin 101.3-cü maddəsinin tələblərinə əsasən 20% dərəcə ilə 20501,69 manat gəlir vergisi hesablayıb büdcəyə ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 20501,69 manat fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına dair epizod Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ümumi ittihamdan xaric edilmiş, Təqsirləndirilən şəxs digər epizodlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilmiş, cəza çəkmənin əvvəli aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs 83338,14 (səksən üç min üç yüz otuz səkkiz manat on dörd qəpik) manat maddi ziyan tutularaq mülki iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xeyrinə ödənilməsi barədə mülki iddia qismən təmin edilmişdir. İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 01 yanvar 2014-ci il tarixdən 01 noyabr 2016-cı il tarixədək olan dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 77.3, 78.1, 82, 95, 96.1, 97.1, 101.3, 159.1 və 177.5-ci maddələrinin tələblərini pozaraq, qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə və təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, külli miqdar təşkil edən 87157,14 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Belə ki, iri və xırda buynuzlu heyvanların idxalı və satışı fəaliyyəti ilə məşğul olaraq, 2014-cü il üzrə ümumi gəliri 615050,84 manat, həmin gəlirin əldə edilməsi üçün xərci 512542,37 manat, vergiyə cəlb edilən gəliri (mənfəəti) 102508,47 manat, Vergi Məcəlləsinin 101.3-cü maddəsinin tələblərinə əsasən 20% dərəcə ilə 20501,69 manat gəlir vergisi hesablayib büdcəyə ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 20501,69 manat, 2015-ci il üzrə ümumi gəliri 11864,40 manat, həmin gəlirin əldə edilməsi üçün xərci 9887,05 manat, vergiyə cəlb edilən gəliri (mənfəəti) 1977,35 manat, Vergi Məcəlləsinin 101.3-cü maddəsinin tələblərinə əsasən 20% dərəcə ilə 395,47 manat gəlir vergisi hesablayib büdcəyə ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 395,47 manat, cəmi isə 20897,16 manat fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Həmçinin, o, 2015-ci ilin iyun ayı üzrə ƏDV tutulan dövriyyəsi 626915,25 manat, əlavə dəyər vergisi 112844,75 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 45671,34 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 67173,41 manat olduğu halda, vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində əlavə dəyər vergisi tutulan dövriyyəsini 258804,26 manat, əlavə dəyər vergisini 46584,77 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 45671,34 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 913,43 manat göstərərək, 66259,98 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs xeyli miqdar təşkil edən 87157,14 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmündən məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs vergi orqanlarında qeydiyyatdan keçərək iri və xırdabuynuzlu malları ölkə ərazisinə idxal edilməsi ilə məşğul olmuşdur. Onun sahibkarlıq fəaliyyəti vergi orqanı tərəfindən yoxlanılmış və yoxlama nəticəsində onun barəsində qanunsuz və əsasız vergi hesablanmışdır. Bu hal iş üzrə keçirilən məhkəmə mühasibatlıq ekspertizaları ilə də öz təsdiqini tapmışdır. İş üzrə 3 dəfə ekspertiza keçirilmiş hər üç ekspert rəyi bir birinə tamamilə ziddir. Sonuncu ekspertiza məhkəmədə təyin edilmiş həmin ekspertiza isə ümumiyyətlə sənədlərin qaydasında olmaması səbəbindən rəy belə verə bilməmişlər. Belə ziddiyyətli hallara baxmayaraq, məhkəmə ittiham tərəfinin absurt ittihamına hüquqi don geyindirmiş bir növ ittiham aktını təsdiq etmişdir. Məhkəmə iş üzrə tərəflərə bərabər şərait yaratmamış, daha çox ittiham mövqeyindən çıxış etmişdir. Son məhkəmə iclasında hakim tərəfimdən müddətin keçməsi ilə bağlı icraata xitam verilməsi, hüquqlarını müdafiə etdiyim şəxsin qaçqın olmasından dolayı son amnistiya aktının tətbiq edilməsi ilə bağlı qaldırdığı məsələyə dövlət ittihamçısı ilə iclas iştirakçılarının gözü qarşısında gizli müşavirə keçirtməkdən belə çəkinməmişdir. İttihama əsasən Təqsirləndirilən şəxs 01 yanvar 2014cü il tarixdən 01 noyabr 2016- cı il tarixədək olan dövr ərzində 87157,14 manat vergidən yayınmışdır. İttihamın saxta olmasını təstiq edən bir məqama xüsusi diqqət yetirmək kifayətdir. Belə ki, ittiham aktında qeyd edilir ki, Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyətindən əldə etdiyi ümumi gəlir 626915,25 manat, o cümlədən 2014-cü il üzrə 615050,84 manat, 2015-ci il üzrə isə 11864,40 manat olmuşdur. Eyni zamanda ittihamda qeyd edilir ki, 2015-ci ilin iyun ayı üzrə ƏDV tutulan dövriyyə 626915,25 manatdır. Gəlir 2014-cü ilə aiddirsə ƏDV niyə, hansı məntiqlə 2015-ci ilə aid ola bilər? Birinci instansiya məhkəməsi 615050,84 manat gəliri ittihamdan xaric etmişdir. Yerdə qalan 11864,40 manata görə ittiham vermişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməlidir. Həmin maddənin qeyd hissəsinə əsasən xeyli miqdar dedikdə 50000,0 manatdan yuxarı, lakin 200000,0 manatdan yuxarı olmayan məbləğ başa düşülür. Belə olan halda Təqsirləndirilən şəxs bəraət verilməlidir. İş üzrə mülki iddia ərizəsi verilməmişdir. Lakin buna baxmayaraq məhkəmə mülki iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. İş materiallarında hakimin istinad etdiyi iddia ərizəsi isə Cinayət Prosessual Məcəlləsinin 183.3-cü madəsinin tələblərinə uyğun verilməmişdir. Eyni zamanda iş üzrə lap mülki iddia ibtidai istintaqda verilsədə belə mülki iddiaçı məhkəmə baxışına gəlməmişdirsə və bununla bağlı iştirakları olmadan məhkəmənin keçirilərək mülki iddianın təmin edilməsinə dair vəsatət də verməmişdirsə məhkəmə mülki iddianı baxılmamış saxlamalıdır. Hökmdən mülki iddiaçı apellyasiya şikayəti, dövlət ittihamçısı apellasiya protesti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X10 apellyasiya şikayətinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, mülki iddiaçının nümaynədəsinin, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ifadə verərək ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əmisi X11 uzun müddət yaşadığı Hövsan qəsəbəsində heyvan saxlayıb satışı ilə məşğul olmuşdur. Bu iş ona maraqlı gəldiyindən 2014-cü ilin əvvəllərində iri və xırda buynuzlu heyvanları idxal edib kökəldilməsi və satışı ilə məşğul olmaq qərarına gəlmiş və əmisindən bu işdə ona köməklik etməsini xahiş etmişdir. O, 2010-2013-cü illərdə yaşadığı Ukraynadan mal idxal etmək istəmiş, lakin yolun uzunluğu ilə bağlı malların gətirilməsi çox baha başa gəldiyindən əmisinin və digər tanışlarının məsləhəti və vasitəçiliyi ilə Dağıstan Respublikasından iri və xırda buynuzlu heyvanlar idxal etməyə başlamışdır. 2014-cü ilin əvvəllərində vergi ödəyicisi kimi uçota durmuş və əmisinin köməkliyi və vasitəçiliyi ilə Dağıstan Respublikasından və Qazaxıstan Respublikasından iri və xırda buynuzlu heyvanlar idxal etməyə başlamışdır. İdxal etdikləri heyvanlar xüsusi olaraq heyvan daşınması üçün nəzərdə tutulmuş TİR-lar ilə daşınmışdır. Dağıstan Respublikasından heyvanların daşınmasına görə hər bir reysə təxminən 3000-6000 ABŞ dolları, Qazaxıstandan heyvanların daşınmasına görə hər bir reysə 1500-2000 ABŞ dolları ödəmişdir. Həmin pul vəsaitlərini əmisinin vasitəsilə TİR sahiblərinə nağd qaydada ödəmişdir. 21 fevral 2014-cü il il tarixdən 05 yanvar 2015-ci il tarixədək 243 baş (94220,0 kq) iribuynuzlu (inək) və 2045 baş (130600,0 kq) xırdabuynuzlu (qoyun) heyvanları idxal etmiş, 4000 kq çəkidə 200 ədəd xırda buynuzu heyvanları (21927,59 ABŞ dolları dəyərində qoyun) Qazaxıstanın “Bərəkət” kəndli təsərrüfatı müəssisəsindən, qalan iri və xırdabuynuzlu heyvanları isə Dağıstan Respublikasının “Daqbiznes qrup”, "xxxx" MMC və digər firmalardan idxal etmişdir. İdxal edilmiş orta çəkisi 63 kq olan qoyunların orta alış qiyməti təxminən 75-80 manat, orta çəkisi isə 380-390 kq olan inəklərin birinin orta alış qiyməti təxminən 395-400 manat olmuşdur. Ümumilikdə, ƏDV, idxal və digər rüsumlar ilə birlikdə qoyunların bir ədədinin Azərbaycana idxalı ona orta hesabla 90,3 manata, inəklər isə 472 manata başa gəlmişdir. Bundan başqa idxal edilmiş heyvanların saxlanıldığı yerdən bazara maşınla daşınması üçün hər bir reysə 20-25 manat və bazarda yer haqqı olaraq 50-60 manat ödəmişdir. İdxal edilmiş heyvanlar Azərbaycanda iqlimə uyğunlaşa bilmədikləri üçün bu heyvanları diri halda satmağı qərara almışdır. İdxal olunmuş heyvanlar müvəqqəti olaraq satılanadək əmisinin Hövsan qəsəbəsində yerləşən evinin həyətindəki böyük tövlədə və əmisinin adını xatırlamadığı tanışına məxsus Ramana qəsəbəsində yerləşən fermada saxlanılmış, heyvanları Maştağa bazarında pərakəndə halda heç bir sənəd tərtib etmədən satmışlar. Həmçinin, o göstərmişdir ki, heyvanların idxal edilməsi, saxlanılması və satışında əmisi ona yaxından köməklik etmiş, lakin əmisi onun sahibkarlıq fəaliyyətinə müdaxilə etməmiş, heyvanların idxalı və satışı ilə əlaqədar bütün xərc və gəlir yalnız ona aid olmuşdur. Əmisi onun qazancına şərik olmamış, göstərdiyi köməkliyin müqabilində o, hazırda Ukraynada yaşayan Fikrətə yalnız pulsuz olaraq bir-neçə inək vermişdir. Həmçinin, o vergi yoxlaması ilə ona hesablanmış vergilərin 26 fevral 2018-ci il tarixli ekspert rəyi ilə təsdiq olunmuş hissəsi ilə yəni, 20810,68 manatı ilə razılaşdığını, qalan hissə ilə razılaşmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində iştirak edən mülki iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək mülki iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin baş eksperti X12 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27 yanvar 2017-ci il tarixli qərarı əsasında fərdi sahibkar Təqsirləndirilən şəxs tərəfindən 01 yanvar 2014-cü il tarixdən 01 yanvar 2016-cı il tarixədək olan dövrdə idxal olunmuş iri və xırda buynuzlu heyvanların satışı üzrə real bazar qiymətlərinin müəyyən edilməsi üçün mütəxəssis kimi cəlb edilmişdir. Araşdırma zamanı onun tərəfindən ilkin olaraq Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində olan “İstehlak məhsullarının və əhaliyə göstərilən xidmətlərin orta illik qiymətləri, manatla” bölməsi, “X6”nin rəsmi internet saytı və digər internet saytlarının məlumatlarından istifadə edilərək, mütəxəssis araşdırması ilə iri buynuzlu heyvanların diri çəkidə satış qiymətinin 1 kq-nın 3,0 manat, xırda buynuzlu heyvanların diri çəkidə satış qiymətinin 1 kq-nın isə 3,5 manat olduğu müəyyən edilmiş və araşdırmanın nəticəsi olaraq 18 aprel 2017-ci tarixli ekspert (mütəxəssis) rəyi tərtib etmişdir. Cinayət işinin İ cildinin 11-26-cı vərəqələrində olan 24 aprel 2017-ci il tarixli, **********068830 nömrəli “Səyyar vergi yoxlaması” Aktından görünür ki, ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri tətbiq etməklə 2014-cü il üzrə gəlir vergisi məqsədləri üçün 615050.84 manat məbləğində, 2015-ci il üzrə gəlir vergisi məqsədləri üçün gəlir 11864.40 manat məbləğində hesablanmış, yoxlama ilə yoxlanılan dövr üzrə ƏDV məqsədləri üçün vergiyə cəlb edilən dövriyyə 626915.25 manat məbləğində hesablanmış, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlar üzrə ümumi dövriyyə 626915.25 manat, ondan hesablanmış ƏDV 112844.75 manat, əvəzləşdirilən ƏDV 45671,34 manat, büdcəyə ödənilməli ƏDV 67173.41 manat məbləğində hesabanmış, yoxlama ilə sahibkar tərəfindən 2014-cü il üzrə 20501,69 manat gəlir vergisinin, 2015-ci il üzrə 395,47 manat gəlir vergisinin, cəmi 20897.16 manat gəlir vergisinin yayındırıldığı müəyyən edilmişdir. Cinayət işinin İ cildinin 76-79-cu vərəqələrində olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 18 aprel 2017-ci il tarixli ekspert rəyindən görünür ki, yoxlama dövrü ərzində iri buynuzlu heyvanların (inək) diri çəkisinin bir kiloqramı üçün orta topdan satış qiyməti 3.00 AZN, kəsilmiş sümüklü mal ətinin bir kiloqramı orta topdan satış qiyməti 6.0 AZN, xırda buynuzlu heyvanların (qoyun) diri çəkisinin bir kiloqramı üçün orta topdan satış qiyməti 3.50 AZN, kəsilmiş sümüklü qoyun ətinin bir kiloqramı üçün orta topdan satış qiyməti 7.00 AZN müəyyən edilmişdir. Cinayət işinin İ cildinin 115-ci vərəqində olan “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” 08 iyun 2017-ci il tarixli, **********164800 nömrəli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən büdcəyə ödənilməli olan məbləğ 87157.14 AZN (əlavə hesablanmış vergilər) və 43618.58 AZN (vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları) olmaqla ümumilikdə 130775.72 AZN təşkil edir. Cinayət işinin İ cildinin 119-cu vərəqində olan “Vergi borcunun tərkibi haqqında” 19 iyun 2017-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs (VÖEN: **********) vergi ödəyicisinin bu aktın tərtib edilmə tarixinə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ümumilikdə 88023,92 manat borcu vardır, əsas vergi borcunun məbləği 87152,4 manatdır. Cinayət işinin İ cildinin 196-198-ci vərəqələrində olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 21 dekabr 2017-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs (VÖEN: **********) tərəfindən 21 fevral 2014-cü il tarixdən 05.01.2015-ci il tarixədək olan dövr üçün idxal edilmiş iri və xırda buynuzlu heyvanların (inəklər və qoyun) diri çəki ilə real bazar topdan satış ƏDV ilə birlikdə qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: diri iribuynuzlu heyvanlar (inəklər) ümumi məbləği 146041,0 manat, diri xırdabuynuzlu heyvanlar (qoyunlar) ümumi məbləği 222020,0 manat olmaqla, cəmi 368061,0 manat. Cinayət işinin İ cildinin 213-216-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2018-ci il tarixli, 557 nömrəli rəyindən görünür ki, 21 dekabr 2017-ci il tarixli mütəxəssis rəyində göstərilənlər nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən aparılmış əməliyyatlara görə 10530,55 manat məbləğində mənfəət vergisinin, 10280,13 manat məbləğində ƏDV-nin, cəmi 20810,68 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir. Cinayət işinin İ cildinin 229-240-cı vərəqələrində olan 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2-1(82)-238/2018 saylı qərarından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “cavabdehin 08 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 7-8-ci vərəqələrində olan “Şəxsi hesab vərəqəsi”ndən olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vergi borcu üzrə ümumilikdə 3.819,00 manat ödəniş edilmişdir. Cinayət işinin İİ cildinin 73-81-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2020-ci il tarixli, 9/4139 nömrəli ekspert rəyindən görünür ki, səyyar vergi yoxlaması aktında göstərilənlər əsaslı hesab olunduğu təqdirdə 01 yanvar 2014-cü il tarixdən 01 noyabr 2016-cı il tarixədək olan dövrü üzrə fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən aparılan əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin 20897,16 manat məbləğində, əlavə dəyər vergisinin 66259,98 manat məbləğində az hesablanması müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli Qərarında qeyd olunur: «Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin müəyyən məqsədinə, yəni qanunla müəyyən edilmiş vergilərin ödənilməsindən boyun qaçırmağa işarə edən “yayınma” müddəasının istifadə olunması ona dəlalət edir ki, bu cinayətin tərkibi göstərilən halda təqsirləndirilən şəxsin hərəkətlərində bilavasitə vergidən yayınmaya yönəlmiş qəsdin olmasını nəzərdə tutur. Həmin maddədə nəzərdə tutulan cinayətin tərkibi o halda yaranır ki, əməl qəsdən törədilir və vergi qanunvericiliyi ilə müəyyən olunmuş qaydaları pozmaqla vergilərin ödənilməsindən yayınmaya yönəlmiş olur. Bu özünü əldə olunan gəlirlər və vergitutma obyektləri barədə məlumatların vergi hesabatlarında qəsdən əks olunmamasında, vergilərin hesablanması zamanı nəzərə alınan gəlirlərin həqiqi həcminin azaldılmasında, xərclərin (məsələn, vergitutmaya məruz qalan məcmu gəlirin müəyyənləşdirilməsi zamanı çıxılan xərclərin) şişirdilməsində biruzə verə bilər. Aşkar şəkildə yalan məlumatlara həmçinin xərclərin və əldə olunmuş gəlirlərin vaxtı barədə saxtalaşdırılmış məlumatlar, müəyyən növ fəaliyyəti xarakterizə edən fiziki göstəricilərə dair hesablamalarda, nisbi gəlirə vahid verginin ödənilməsi zamanı təhrif olunma və s. aid edilə bilər.». Hüquqi şəxsin faktiki rəhbərinin Cinayət Məcəlləsinin 213- cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi o halda mümkündür ki, həmin şəxs qanunla müəyyən edilmiş müddətdə vergitutmaya məruz qalan gəlirlər haqqında bəyannaməni təqdim etməmiş, bəyannaməyə vergilərin hesablanması üçün uçota alınmalı olan gəlirlər və ya xərclər barədə aşkar şəkildə təhrif olunmuş məlumatlar (verginin gizlədilməsi, azaldılması və ya ondan azad olunması məqsədilə) daxil edərək vergi orqanlarına təqdim etmiş və ya təqdim edilməsinə dair sərəncam vermiş olsun. Hüquqi şəxsin faktiki rəhbərinin, eləcədə rəsmi rəhbərinin və digər məsul işçilərinin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi ayrı-ayrılıqda hər bir iş üzrə ibtidai istintaq zamanı toplanmış sübutların məcmusuna görə həll edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, 01 yanvar 2014-ci il tarixdən 01 noyabr 2016-cı il tarixədək olan dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda Təqsirləndirilən şəxs xeyli miqdar təşkil edən 87157,14 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, Təqsirləndirilən şəxs 2014-cü il üzrə ümumi gəliri 615050,84 manat həmin gəlirin əldə edilməsi üçün xərci 512542,37 manat, vergiyə cəlb edilən gəliri (mənfəəti) 102508,47 manat, Vergi Məcəlləsinin 101.3-cü maddəsinin tələblərinə əsasən 20% dərəcə ilə 20501,69 manat gəlir vergisi hesablayıb büdcəyə ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 20501,69 manat fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına dair epizod Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ümumi ittihamdan xaric edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində belə bir dəlil təsvir edilir ki, “hakim 615050,84 manat gəliri ittihamdan xaric etmişdir. Yerdə qalan 11864,40 manata görə ittiham vermişdir və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin “qeyd” hissəsinə əsasən tərkib yaratmır. Məhkəmə kollegiyası həmin dəlillə razılşamayaraq qeyd edir ki, əvvəla elan olunmuş ittihama görə Təqsirləndirilən şəxs 2014-ci il üzrə vergi orqanına bəyannamə təqdim etməyərək 20501,69 manat gəlir vergisini, 2015-ci il üzrə isə 66259,98 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsi isə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə 2014-cü il üzrə 20501,69 manat gəlir vergisini ödəməkdən yayınmanı ittihamdan xaric etmiş, 2015-ci il üzrə isə 66259,98 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınma üzrə isə Təqsirləndirilən şəxs təqsirli bilərək məhkum etmişdir. Müdafiə tərəfi hansı qaydada hesablama apararaq hökmdə 11864,40 manata görə ittiham verilməsini göstərməsini hər hansı məntiqi mühakimə yürütməklə söyləmək mümkün deyildir. Apellyasiya şikayətinin müəllifi ekspert rəylərinin əsassız olması haqda iddia irəli sürsə də, nəzərə almamışdır ki, Azərbaycan Respublikası CPM-nin 269.3.2-ci maddəsinə görə ekspert bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıyır. Digər tərəfdən, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 29 noyabr 2019-cu il tarixli, 1709- VQD saylı Qanunla “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə edilmiş dəyişikliklə məhkəmə ekspertizalarının özəl hüquqi şəxslər, habelə özəl məhkəmə eksperti tərəfindən keçirilməsi imkanları yaradılmışdır. Bununla belə, apellyasiya şikayətinin müəllifi ekspert rəylərinin əsassız olması haqda iddialarını apellyasiya instansiyası məhkəməsi qarşısında hər hansı obyektiv sübutla və hər hansı yetərli dəlillə əsaslandırmamış, rəyləri tərtib etmiş müxtəlif ekspertlər barəsində hər hansı formada araşdırmanın aparılması haqda məlumatı, yaxud irəli sürülən iddiaları təsdiq etmək üçün özünün təşkil etdiyi alternativ ekspertiza təhqiqatının nəticəsini təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin gəldiyi nəticələri ilə razılaşaraq, apellyasiya şikayətinin bu barədə dəlillərini əsassız hesab edir. Bundan başqa, apellyasiya şikayətində qeyd edilir ki, iş üzrə mülki iddia verilmədiyi halda birinci instansiya məhkəməsi mülki iddianı təmin etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş, istintaq orqanının 07 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır (cild2, 95-96). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 tərəfindən verilmiş 07 yanvar 2021-ci il tarixli mülki iddia ərizəsində 87157,14 manat vergilərin dövləti büdcəsinə ödənilməsinin təmin edilməsini xahiş etmişdir (cild 2, i.v 92). Həmçinin qeyd edilməlidir ki, 20501,69 manat yayınmanın bəraətverici əsas hesab olunmayan cinayət məsuliyytinə cəlbetmə müddətinin keçməsi əsası ilə ittihamdan xaric edilməsi həmin məbləğin Təqsirləndirilən şəxs tutulmasına mane olmur. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, apellyasiya şikayətinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı da apellyasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, birinci instansiya məhkəməsi sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsaslanan qaydada tədqiq edilmiş sübutlara, müvafiq prosessual normaların düzgün təfsirinə əsaslandığından, apellyasiya şikayətində göstərilənlər isə məhkəmənin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normaları düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alıb, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında cəzanın məqsədlərini təmin edən islah işləri cəzası təyin edilmişdir, təyin edilmiş cəzanın növünün dəyişdirilməsi üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsi barədə apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edib qeyd edir ki, onun tərəfindən ziyan ödənilmədiyindən, onun barəsində amnsitiya aktı tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə məhkum edilməsinə dair üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Cavid Hüseyn Rəşad Abdulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar