Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1082/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-677/2022 saylı, 31 mart 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-677/2022 saylı, 31 mart 2022-ci il tarixli hökmü ilə (X6 (sədrlik edən və məruzəçi) Cavid Hüseynov və Eldar İsmayılov) xx xxxx 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən fərdi yaşayış evində faktiki yaşamış, 20 iyul 2021-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 20 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat 82 (səksən iki) qəpiyin alınaraq dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 2,382 qram qalmış psixotrop maddə metamfetamin, 24,740 qram qalmış narkotik vasitə kokainin, 6 ədəd qalmış metadon həbi, 456 ədəd qalmış MDMA həblərinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “CD” diskin cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs оğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 24,840 qram çəkidə narkotik vasitə kokaini, ümumi sayı 7 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə metadon həblərini, ümumi sayı 460 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 69 qram olan metilendioksimetamfetamin - MDMA tərkibli “ekstazi” həblərini, eləcə də külli miqdarda 2,482 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 3 ünvanının qarşısına qanunsuz daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 20 iyul 2021-ci il tarixdə saat 21.00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş İdarədə saat 22.30-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı çiynindən asdığı qəhvəyi rəngli dəri çantanın içərisindən 1 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdar 24,840 qram narkotik vasitə kokain, ümumi sayı 7 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram narkotik vasitə metadon həbləri, ümumi sayı 460 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı külli miqdar 69 qram olan metilendioksimetamfetamin - MDMA tərkibli “ekslazi” həbləri, eləcə də 01 ədəd bükümdə təmiz çəkisi külli miqdar 2,482 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini оnunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-677/2022 saylı, 31 mart 2022-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmülə razı deyillər. Məhkəmə qanunsuz, əsassız və ədalətsiz, işin faktiki hallarına uyğun olmayan hökm çıxarmışdır. Belə ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə 1(101)-677/2022 saylı, 31 mart 2022-ci il tarixli hökmündə qeyd etmişdir ki, “Məhkəmə iş üzrə sübutlara qiymət vərərək, həsasb edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair vərdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesasb edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir.” Lakin, məhkəmənin hökm çıxararkan əsaslandığı guya ki, Təqsirləndirilən şəxs ilkin ifadələri sübutlarla öz təsdiqini tapmışdır qənaəti cəfəngiyatdır, iş materiallarından və hökmdən də, aydın şəkildə görünür ki, heç bir halda sübut olunmur. ki, iş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində yalnız və yalnız külli miqdarda narkotik vasitə tapılmışdır və başqa heç bir sübutla şəxsin narkotik vasitələri satış məqsədilə əldə etməsi nə ibtidai istintaqda, nə də məhkəmə istintaqı zamanı sübuta yetirilə bilməmişdir. Həmçinin, istintaq zamanı Təqsirləndirilən şəxs hər hansı digər şəxslərlə satış baradə razılığa gəlməsi sübuta yetirilə bilməmiş, tutulan zaman üzərində tərəzi, hər hansı digər avadanlıq aşkar edilməmişdir. Narkotik vasitələrin bükümdə olması isə, onun narkotik vasitələri şəxsi istehlak məqsədilə əldə etdiyindən dərhal sonra tutulması olmuşdur ki, bu da həmin vasitələrin ona satıldığının göstericisidir. Eyni zamanda, məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs tutulduğu zaman narkotik istifadə edən şəxsə bənzəmədiyini qeyd etsə də, iş materiallarında olan ekspertiza rəyindən də bəlli olmuşdur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə düçar olmuş şəxsdir və narkomaniyadan müalicəyə ehtiyacı var. Həmçinin şahid məhkəmədə ifadə vərərkən Təqsirləndirilən şəxs narkotiklərin online (Whatsapp) vasitasilə alqı-satqısı ilə məşğul olduğu üçün tutduqlarını qeyd etsə də, bu hal da, iş mateterialları ilə təkzib olunmuş, istintaq zamanı Təqsirləndirilən şəxs telefonuna baxış keçirildiyi zaman və "xxxx" MMC-dən təqdim edilmiş materiallarda (iş materialları səh. 1 13) Təqsirləndirilən şəxs ittiham edildiyi əməllər öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə 234.4.3-cü maddəsi ilə cinayət tərkibini yaradır. İş materiallarından da, aşkar surətdə görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsi heç bir həldə sübut olunmur. Eyni zamanda, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 201 1-ci il tarixli 02 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün göstərilən hərəkətlərin həmin maddələrin satışı məqsədi ilə edilmesinin araşdırılması və müəyyən edilməsi bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarında qeyd edilmişdir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu halı edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi gösterilmiş miqdardan çox olduqda yaranır. Hörmətli Məhkəmə göründüyü kimi, Ali Məhkəmənin Plenum Qerarında Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə göre cinayətin tərkibinin mövcudluğu həll edilərkən narkotik vasitənin miqdarının müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdar olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olması vacib həsasb olunmuşdur. Burdan isə belə qənaətə gəlirik ki, satış məqsədi sübuta yetirilmirsə, şəxsin üzərindən tapılan külli miqdar şəxsi istehlak miqdarının yuxarı həddi göstərilmiş miqdardan çoxa aid edilməlidir. Yəni CM-nin 234.1-ci maddəsində şəxsin istehlak miqdarından artıq miqdar müəyyən edilərkən külli miqdarla məhdudlaşdırılmamış, külli miqdarda şəxsi istehlak miqdarından artıq miqdarın içində nəzərdə tutulmuşdur. Bütün qeyd edilənlər isə, bir daha sübut edir ki, təqsirləndirilən şəxsə qarşı qərəzli mövqe olmuş, məhkəmə hökmü qanunsuz-əsassız, yalnız bir sübuta, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitələrin miqdarına istinad edilməklə tərtib edilmiş və CM-nin 234.4.3-cü maddəsi ilə əsassız ittiham hökmü çıxarılmışdır. Məhkəmə yeganə sübut kimi külli miqdarda narkotik vasitənin şəxsin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün əsas həsas etmiş, lakin iş materilları ilə təsdiqini tapmış narkomaniya xəstəliyindən əziyyət çəkən şəxs olan Təqsirləndirilən şəxs həmin miqdarda narkotik vasitəni özü üçün əldə etdiyinə qərəzli yanaşmış, əməli sübut edən heç bir digər sübutlar olmadan aşkar surətdə ədalətsiz qərar qəbul etmişdir. Həmçinin bird aha qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən düzgün tövsif edilməmiş, məhkəmənin çıxardığı hökm və təyin edilmiş cəza ali təhsilli, ailəli və himayəsində azyaşlı övladı olan, indiyedk nəinki məhkumluğu olan, hətta inzibati xəta belə töretməyən, narkomaniyadan əziyyat çəkən və narkomaniya xəstəliyinə düçar olan və buna görə də, səmimi peşmançılıq hissi duyan Cinayət Məcəlləsinin şəxsiyyatinə uyğun deyil. Apellyasiya şikayətində Bakı Ağır Cinayatlar Məhkəməsinin 1(101)-677/2022 saylı, 31 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Əbülfət oğlunun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsi хahiş olunmuşdur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəхslərin çıхışları: Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs оğlu və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayətini müdafiə etdiklərini bildirdilər, apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıхış edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf etməklə barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi haqqında qərar qəbul olunmasını xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında, dövlət ittihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prоkurоrluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prоkurоru X7 оğlu məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətinin dəlillərinin əsassız оlduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif оlunduğunu, məhkum edilmiş şəхsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəхsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və хarakteri, təyin edilmiş cəzanın оnun ailəsinə təsiri nəzərə alınmaqla оna ədalətli cəza təyin оlunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilməsi üçün əsasların оlmadığını göstərərək apellyasiya şikayətinin təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-677/2022 saylı, 31 mart 2022-ci il tariхli hökmünün dəyişdirilmədən saхlanılmasını хahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin əsas dəlili məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsindən və həmin maddənin sanksiyası həddində yüngül cəza təyin edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı verdiyi ifadələri ilə yanaşı şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xalası oğlunun ölümündən sonra psixi sarsıntılar keçirdiyi üçün narkotik vasitədən istifadə etməyə başlamışdır. Təqribən bir ildir ki, narkotik vasitələrdən istifadə edir. İlk vaxtlar psixotrop maddə olan metamfetamindən istifadə etmişdir, daha sonra isə kokain və ekstazi həblərindən istifadə etməyə başlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılmaqdan qorxduğu üçün risk etməyərək narkotik vasitəni adətən çox miqdarda alırmış və daha sonra yavaş-yavaş istifadə edirmiş. Bir azyaşlı qız uşagı vardır. Bundan əlavə ailə üzvləri narkotik vasitələrdən istifadə etdiyini bilməmiş, onlar ona güvənirmişlər, onların onun narkotik vasitədən istifadə etdiyini bilməmələri üçün ehtiyat edərək narkotik vasitəni birdəfəlik çox miqdarda alırmış. Narkotik vasitəni Papanin adlanan ərazidə Anar adlı şəxsdən alırmış. 20 iyul 2021-ci il tarixdə Anar ona ucuz qiymətə, yəni 500 manat müqabilində külli miqdarda narkotik vasitə sata biləcəyini bildirəndə, o razılaşmış və Anardan 500 manat müqabilində bir bükümdə narkotik vasitə almışdır, lakin bükümün içinə baxmamışdır. Daha sonra o piyada olaraq özünə məxsus olan Tarqovuda yerləşən “Kinderland” kafesinə gedirmiş. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ərazisində piyada hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və onlar onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada üzərinə şəxsi axtarış keçirilmiş və o üzərində olan bir bükümü polis əməkdaşlarına təqdim etmişdir. Aldığı narkotik vasitələri 3-4 ay müddətində istifadə etməyi nəzərdə tutmuşdur, üzərində aşkar edilən narkotik vasitələri satmaq niyyəti olmamışdır. Narkotik vasitələrdən istifadə etdiyinə görə peşmandır və bundan sonra heç vaxt istifadə etməyəcəkdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləmiş Şahid3 ifadəsində göstərmişdir ki, 20 iyul 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupunda o və digər əməkdaşı Şahid2 də iştirak etmişdir. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ərazisində saxlamış və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla və vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın keçirilməsi zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq çiynindən asdığı qəhvəyi rəngli dəri çantanı təqdim etmişdir. Həmin çantanın içərisindən 460 ədəd ekstazi həbinə bənzər maddələr, 7 ədəd metadon həbinə bənzər maddələr, bir bükümdə narkotik vasitə kokainə bənzər maddə, bir bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilk dəfədir ki, bu fəaliyyətlə məşğul olduğunu, onun rolunun sadəcə olaraq “Whatsapp” mobil tətbiqi vasitəsilə ona deyilən yerdən narkotik vasitəni gedib götürmək olduğunu, narkotik vasitə satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində qismən verdiyi öz ifadəsi, Şahid3 ifadəsi və iş üzrə toplanmış digər sübutlarla, o cümlədən tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs Təqsirləndirilən şəxs..." sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 24,840 qram olan ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir, bir ədəd bükümdə təmiz çəkisi 2,482 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 7 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili eyni tərkibli həblərin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,280 qram təşkil edir, 460 ədəd çəhrayı rəngli üçbucaq formalı eyni tərkibli həblərin əsas təsiredici maddəsi psixotrop maddə - MDMA-dır (metilendioksimetamfetamindir) və həmin həblərin tərkibində MDMA-nın təsir maddəsinin ümumi miqdarı 69 qramdır. Qeyd: tədqiqata istifadə olunduqdan sonra qalıq çəkiləri 2,382 qram qalmış psixotrop maddə metamfetamin, 24,740 qram qalmış narkotik vasitə kokain, 6 ədəd qalmış metadon həbi, 456 ədəd qalmış MDMA həbləri olması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə kimyavi ekspertizasının 21 iyul 2021-ci il tarixli 6/2993 №-li rəyi ilə; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdə saat 21.00-da ünvan 3 ünvanının yaxınlığında küçədə saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çiynindən asdığı qəhvəyi rəngli dəri çantanın içərisindən 460(dörd yüz altmış) ədəd “ekstazi” həbinə bənzər, 7 ədəd metadon həbinə bənzər, 1(bir) bükümdə, 25,48(iyirmi beş tam yüzdə qırx səkkiz) qram çəkidə, ağ rəngli, narkotik vasitə kokainə bənzər, 1(bir) ədəd bükümdə 3,1 qram metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülməsi barədə Azərbaycan Respublikası DİN-in BNMİ-nin təhqiqatçısı Nəcəf Aburşu tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyul 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD-R” formatlı disklə; müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülməsi barədə məhkəmə-narkoloji ekspertizasının 10 noyabr 2021-ci il tarixli 4381 nömrəli rəyi və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməməsi, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum edilmiş şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsindən görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini; bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Ali Məhkəməsinin Plenumunun həmin qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı ilə yanaşı çəkilib xırda bağlamalara bükülməsi, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s., habelə narkotik vasitələrin və psixotrop maddələrin digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərlə bağlı halların da nəzərə alınması tövsiyə edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Bundan başqa məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunması üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan əməlin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi, əməlin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində göstərilən dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsüf edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs əməlindən peşman olması və himayəsində azyaşlı uşağının olması kimi cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun cəzasının daha aşağı həddə yüngülləşdirilməsi, barəsində təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növü ilə əvəz edilməsi və cəza çəkməkdən azad olunması üçün əsas ola bilməz. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-677/2022 saylı, 31 mart 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, Qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-677/2022 saylı, 31 mart 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: İbrahim İbrahimli Ziya Şirinov
Məhkəmə qərarları › İş №1(103)-1082/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1082/2022
10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver