Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1126/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – X3 iştirakları ilə, xx xxxxxxx 1980-ci il tarixdə Salyan rayonu, Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sürücü işləmiş, əvvəllər məhkum olunmuş (Salyan Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 13 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş), məhkumluğu ödənilməmiş, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla yaşamış,
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-761/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
2. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin ölümünə və ağır xəsarət almasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 2 noyabr 2021-ci ildə saat 4:30 radələrində idarə etdiyi “Ford Transit” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci kilometrliyində Bakı istiqamətində üçzolaqlı yolun orta zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi il digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək, sükan arxasında yuxuladığından idarə etdiyi avtomobilin qabaq sağ tin hissəsi qarşısında eyni istiqamətdə sağ hərəkət zolağı ilə 30-40 km/saat sürətlə hərəkətdə olan Şahid idarə etdiyi “Howo ZZ3257N3847A” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tin və sol yan hissələri ilə toqquşmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan iki şəxsin ölümünə, yəni “Ford Transit” markalı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs1 baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan sağ almacıq, alt çənə sümüklərinin sınıqları və başın alın, sağ qaş və sağ gözətrafı nahiyələrinin, başın sağ gicgah nahiyəsinin əzilmişcırılmış yaraları, sağ baldırın orta 1/3-nin dəri defektli əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində, Zərərçəkmiş şəxs2 baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ bazunun qançırı ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq xəstəxanaya aparılarkən yolda ölmələrinə, Zərərçəkmiş şəxs3 daxili qanaxma ilə müşayiət olunan qaraciyərin cırılması (cərrahi əməliyyatla bərpası), sağ baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, yerdəyişən sınığı (cərrahi əməliyyatla bərpası), sağ baldırın yuxarı 1/3-nin kəsilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran bədən xəsarəti almasına, habelə “Howo ZZ3257N3847A” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs4 6.482 manat maddi ziyan yetirilməsinə səbəb olmuşdur.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-761/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə (Hakim: S.Hüseynov) əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 29 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdə həmçinin məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-761/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib onun barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.
5. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir.
6. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1275/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü cəza təyin edilmə hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs cəzaı 3 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir.
8. Həmin qərardan dövlət ittihamçısı kassasiya protesti vermiş və qərarın ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
9. Ali Məhkəmənin 1(102)-569/2023 saylı, 16 mart 2023-cü il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1275/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək, işin işin yeni apellyasiya baxışına qaytarılması qərar alınmışdır.
10. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, “...Məhkəmə kollegiyasının bu fikirləri ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının yekun qərarını müqayisə etdikdə isə görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyası həddində təyin edilmiş (5 il 06 ay müddətə) azadlıqdan məhrum etmə cəzasının müddətini 05 (beş) ilə dəyişdirərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu halları və məhkumun islah olunması, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından həmin cəzanın və cəzaçəkmə müəssisəsinin növünün törədilmiş cinayətin xarakterinə, ictimai-təhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticələrə uyğun olubolmadığını lazımınca araşdırmamışdır.”
11. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi P.Hacıyeva apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı T.Qəhrəmanov apellyasiya şikayətinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini və Ali Məhkəmənin göstərişlərini iş materialları ilə əlaqəli şəkildə müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 761/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
15. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
16. Apellyasiya şikayətində və apellyasiya instansiyası məhkəməsində icraat zamanı verdiyi izahatında təqsirləndirilən şəxsin müdafiəçisi ittihamda qeyd olunan əməlin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız ona təyin edilən cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.
17. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir.
18. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək, onun tərəfindən törədilmiş cinayətin halları ilə bağlı hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir.
19. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir.
20. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif etmişdir.
21. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
22. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir.
23. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
24. Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlili qismində hər hansı əsas göstərmədən ona daha az cəza təyin edilməsini xahiş etmişdir.
25. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslərin hüquqi varisləri X4 və X6 ilə barışmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alaraq cəza təyin etmişdir.
26. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslərin hüquqi varisləri X4 və X6 ilə barışmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq cəza təyin etmə qaydalarına uyğun cəza təyin etmişdir.
27. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmışdır.
28. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
30. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmə qaydalarına uyğun olmuşdur.
31. Yuxarıda göstərilənlərə əsasən kollegiya, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.
32. Kollegiya sadalanan hallara əsasən qeyd edilməsini zəruri hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə sanksiya həddində daha yüngül cəzanın verilməsi xahiş edilsə də, kollegiya təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasını əsas götürərək hesab edir ki, ona daha aşağı həddə cəzanın verilməsi cəza təyin etmə qaydalarına və ədalətlilik prinsipinin tələblərinə uyğun deyildir.
33. Belə ki, Cinayət Məcəlləsinin 263.3-cü maddəsi bu maddə ilə təqsirli bilinən şəxslərə beş il və beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmək (seçim etmək) imkanlarını nəzərdə tutduğundan, təyin olunmuş cəza müddətindən asılı olaraq, cəzaçəkmə yeri qismində onlara ümumi rejimli cəzaçəkmə müəssisəsi və yaxud ondan daha mülayim saxlanma şərtləri olan, o cümlədən şəxsin cəzaçəkmə müəssisəsindən kənarda olmaqla sərbəst hərəkət etməsini mümkün edən məntəqə tipli cəzaçəkmə müəssisəsi təyin edilə bilər.
34. Bir tərəfdən cinayət qanunu normasında bu cür seçim etmək (şəxsi 5 il müddətə cəza təyin edib məntəqəyə göndərmək və ya 5 ildən artıq müddətə cəza təyin edib ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərmək) imkanının mövcudluğu, digər tərəfdən isə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cinayət cəzasının məhkumun islah edilməsini, sosial ədalətin bərpasını, özü və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin etməli olan cinayət-hüquqi tədbir kimi təsbit edilməsi onu deməyə əsas verir ki, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinən şəxsə təyin olunan cəzanın həmin Məcəllənin 41.2-ci maddəsinin nəzərdə tutduğu cəzanın məqsədlərini təmin edə bilib-bilməyəcəyini düzgün qiymətləndirmək üçün yalnız cəzanın müddətindən çıxış etmək kifayət etmir, bu zaman həmin cəzanın hansı növ cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna da əhəmiyyət verilməlidir.
35. Çünki, məntəqə tipli cəzaçəkmə müəssisəsində və ümumi rejimli cəzaçəkmə müəssisəsində məhkumların saxlanılma şərtləri, xüsusilə də şəxsin azadlıq hüququna və sərbəst hərəkət etmək imkanlarına qoyulan məhdudiyyətlərin dərəcəsi arasında ciddi fərq olduğundan (məntəqə tipli cəzaçəkmə müəssisəsində olan şəxs üçün hətta müəssisədən kənarda sərbəst hərəkət etmək imkanı nəzərdə tutulduğundan), konkret təqsirkarın şəxsiyyətini səciyyələndirən hallardan asılı olaraq, bir məhkum üçün - onun islah edilməsi perspektivləri baxımından - məntəqə tipli cəzaçəkmə müəssisəsi yetərli olduğu halda, digər məhkumun islah edilməsi, onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün həmin növ müəssisənin qaydaları və qoyduğu məhdudiyyətlər kifayət etməyə, onun azadlığının daha ciddi şəkildə məhdudlaşdırılması tələb oluna bilər.
36. Odur ki, belə hallarda cəzanın təyini (təyin olunmuş cəzanın yoxlanılması) məsələlərinə baxılması zamanı təqsirkar şəxs üçün onun islah olunmaq perspektivləri baxımından hansı - ümumi rejimli, yoxsa məntəqə tipli cəzaçəkmə müəssisəsinin daha münasib olması məsələsi təqsirkarın şəxsiyyətini xarakterizə edən hallardan asılı olaraq araşdırılmalı və düzgün həll edilməlidir.
37. Yaxud təqsirkarın törətdiyi cinayətin xarakteri, ictimai təhlükəliliyi, cinayətin törədilmə halları, meydana gətirdiyi ictimai-təhlükəli nəticələr elə məzmun daşıya, ciddi və ağır ola bilərlər ki, cəmiyyətin nəzərində, o cümlədən zərərçəkmiş şəxslərin qohumlarının, yaxınlarının baxışında məhkuma təyin olunmuş, onun məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsinə, o cümlədən müəssisədən kənarda olmasına səbəb olmuş cəza obyektiv olaraq sosial ədaləti bərpa etməyən tədbir kimi görünə bilər. Belə olan halda həmin cəza digər şəxslərə münasibətdə də öz xəbərdaredici (çəkindirici) rolunu səmərəli şəkildə yerinə yetirə bilməz.
38. İş materiallarından göründüyü kimi, Abıyev X8 Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 13 yanvar 2021- ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir.
39. Həmçinin, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət nəticəsində iki nəfər ölmüş və bir nəfər isə ağır bədən xəsarətləri almışdır. İşin hallarından göründüyü kimi, hazırki halda cinayətin ictimai təhlükəliliyinin dərəcəsi iki nəfər şəxsin ölümündən və bir nəfərin ağır bədən xəsarəti almasından ibarət olan ağır nəticənin baş verməsidir.
40. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir.
41. Kollegiya həmçinin cəzanın müddətinin hesablanması ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, məhkəmənin 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərdiyi məktuba cavab olaraq göndərilən arayışda qeyd olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixində ƏN PX-nin Bakı İsitintaq Təcridxanasının yol vərəqəsi əsasında 13 saylı MTCM-nə keçirilmiş və müəssisənin qeydiyyatına alınmışdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixindən hesablanır.
42. Kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs cəzası azadlıqdan məhrum etmə növündə olduğundan cəzaçəkmə müəssisəsinin növünün dəyişməsi cəzaçəkmə müddətinin başlanğıcının dəyişməsinə səbəb olmur.
43. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir.
44. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair 1(101)-761/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır.
45. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair 1(101)-761/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən Anar Tanrıverdiyev
Hakimlər Qədim Babayev
İlqar Murquzov