Məhkəmə qərarları › İş №1(103)-113/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-113/2020

07.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-113/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Bayramov Әmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Әflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Mələk Nofəl qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs5, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 1983-cü il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Qəbələ rayonunun Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1, 320.1 və 320.2-ci maddələri ilə məhkum olunmasına dair 05 sentyabr 2019-cu il tarixli, 1(101)-600/2019 saylı hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: S.Təqsirləndirilən şəxs sədrliyi ilə, M.A.Bayramov və R.V.Salmanovdan ibarət tərkibdə) 05 sentyabr 2019-cu il tarixli, 1(101)-600/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin 178.3.1, 320.1 və 320.2-cimaddələrindənəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CinayətMəcəlləsinin178.3.1-cimaddəsiilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, 320.1-ci maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 320.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib, onun «Ekstradisiya haqqında» 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının 16-cı maddəsinin 4-cü bəndinə əsasən 4 oktyabr 2015-ci il tarixdən 8 dekabr 2015-ci il tarixədək Türkiyə Respublikasında həbsdə saxlanıldığı 2 (iki) ay 4 (dörd) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 5 (beş) il 3 (üç) ay 26 (iyirmialtı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 5 sentyabr 2018-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin iş üzrə ekspertiza xərci məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs oğlu tamah niyyəti ilə qanunsuz saxta sənəd hazırlayıb istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Şahid1, X13 və digər şəxslə qabaqcadan sabit cinayətkar qrup kimi birləşərək mütəşəkkil dəstə halında onun təşkilatçılığı ilə Elşən Әliyev 16 iyun 2012-ci ildə Bakı şəhəri Nərimanov rayonu ərazisində Tofiq Bəhramov adına futbol stadionunun yaxınlığında Zərərçəkmiş şəxs1 sonuncunun etibarnamə əsasında istifadəsində və sərəncamında olan, lakin rəsmi olaraq Şahid2 adına qeydiyyatda olan «Range Rover» markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobili müqavilə əsasında hər günü 100 manata icarəyə götürərək, onun razılığı və maliyyələşdirməsi əsasında digər şəxsin istifadə etmək məqsədi ilə Rusiya Federasiyası Moskva şəhər notariat kontoru adından qanunsuz hazırladığı hüquq verən rəsmi sənəddən - 20.06.2012-ci il tarixli 21-4317 nömrəli saxta etibarnamədən billə-bilə istifadə edib, 29 iyun 2012-ci ildə Bakı şəhəri 37 saylı notariat kontoruna təqdim edərək eyni tarixli 7E-15/7377 reyestr nömrəli etibarnamə, yəni qanunsuz hazırlınmış hüquq verən rəsmi sənəd əsasında həmin avtomobili Zərərçəkmiş şəxs5 Әlibaba oğluna girov qoyaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə yaşadığı Bakı şəhəri, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsindəki evdə 18.000 manat məbləğində pulu 15 gün müddətinə borc adı ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Hacıyev X4 Rəşad Fuaddin oğlu, X13 və X2 ilə birlikdə təkrarən tamah niyyəti ilə billə-bilə saxta sənəddən istifadə etməklə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə mütəşəkkil dəstə halında cinayətkar fəaliyyətlərini davam etdirərək onun təşkilatçılığı ilə Şahid1 24 iyul 2012-ci ildə Zərərçəkmiş şəxs5 10.000 ABŞ dolları verərək X7 tərəfindən 07.07.2012-ci il tarixli 7E- 52/10529 reyestr nömrəli etibarnamə ilə ona etibar edilmiş "xxxx" ASC-nın Şamaxı filialında girovda olan «Kia Qadenza» markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin notariusu Ü.Kərimov tərəfindən təsdiq edilmiş eyni tarixli 7E-15/11589 reyestr nömrəli etibarnamə əsasında Zərərçəkmiş şəxs5 girov olaraq verib «Range Rover» markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobili ondan geri alaraq 3 gün ərzində qalan 10.000 manatı verəcəyini söz vermiş, son nəticədə «Kia Qadenza» markalı avtomobil girovda olduğu "xxxx" ASC-nin Şamaxı filialı tərəfindən geri alınmış, Elşən Әliyev isə başqasının mülkiyyətində olan dələduzluq yolu ilə ələ keçirdikləri 23.500 manat dəyərində olan «Range Rover» markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobili 01 avqust 2012-ci ildə Sumqayıt şəhərində eyni tarixli 7E-20833 reyestr nömrəli etibarnamə, yəniqanunsuzhazırlınmışhüquqverənrəsmisənəd əsasında X5 məzənnəsi 14.139 manat olan 18.000 ABŞ dollarına sataraq, zərərçəkmiş şəxslərə xeyli miqdarda - Zərərçəkmiş şəxs1 23.500 manat məbləğində, Zərərçəkmiş şəxs4 isə 14.139 manat məbləğində ziyan vurmaqla dələduzluq etmşdir. Bundan başqa Hacıyev X4 Rəşad Fuaddin oğlu, X13 və X2 ilə birlikdə təkrarən tamah niyyəti ilə qanunsuz saxta sənəd hazırlayıb istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə mütəşəkkil dəstə halında cinayətkar fəaliyyətlərini davam etdirərək onun təşkilatçılığı ilə Şahid1 29 iyun 2012-ci ildə Bakı şəhəri Nərimanov rayonu ərazisində T.Bəhramov adına futbol stadionunun yaxınlığında Zərərçəkmiş şəxs2 baş etibarnamə əsasında sonuncunun istifadəsində və sərəncamında olan, lakin rəsmi qeydiyyatda Şahid3 adına olan «Mitsubishi Pajero» markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobili müqavilə əsasında hər günü 60 manata icarəyə götürərək, onun razılığı və maliyyələşdirməsi əsasında digər Rusiya Federasiyası Moskva şəhər notariat kontoru adından qanunsuz hazırladığı hüquq verən rəsmi sənəddən - 28.06.2012-ci il tarixli 3-1031 nömrəli saxta etibarnamədən istifadə edib, 10 iyul 2012-ci ildə Bakı şəhəri 37 saylı notariat kontoruna təqdim edərək eyni tarixli 7E-16/7947 reyestr nömrəli etibarnamə əsasında həmin avtomobili Zərərçəkmiş şəxs3 girov qoyaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən həmin notariat kontorunun qarşısında məzənnəsi 11.784 manat olan 15.000 ABŞ dolları məbləğində pulu 1 ay müddətinə borc adı ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Hacıyev X4 Rəşad Fuaddin oğlu, X13 və digərşəxslə birlikdə təkrarən tamah niyyəti ilə saxta sənəddən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə mütəşəkkil dəstə halında cinayətkar fəaliyyətlərini davam etdirərək 02 avqust 2012-ci ildə X1 adına qeydiyyatda olan, Elşən Әliyevin adına etibarnaməsi olan «Mersedes GL 550» markalı ** MO *** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs3 eyni tarixli 7E-9457 reyestr nömrəli etibarnamə əsasında girov olaraq verib, «Mitsubishi Pajero» markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobili ondan Elşən Әliyevin adına verdiyi eyni tarixli 7E-9465 reyestr nömrəli etibarnamə əsasında geri alaraq 7 gün ərzində satıb onun pulunu qaytaracağına söz vermiş, bir neçə gündən sonra Şahid1 və X14 Abbasovla görüşərək «Mersedes GL 550» markalı ** MO *** dövlət qeydiyyat nişanlı avtomobili başqa şəxsə girov qoyub borc alaraq onun pulunu qaytarmaq adı ilə aldararaq sonuncudan etibarnamə əsasında geri alıb, 03 avqust 2012-ci ildə başqasının mülkiyyətində olan dələduzluq yolu ilə keçirdikləri 19.200 manat dəyərində olan «Mitsubishi Pajero» markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobili Şahid5 eyni tarixli 7E-9556 reyestr nömrəli etibarnamə əsasında 18.500 ABŞ dollarına sataraq, Zərərçəkmiş şəxs2 xeyli miqdarda 19.200 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 1(101)-600/2019 saylı sözügedən hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün cəza hissəsində qanunsuz, əsassız və ədalətsiz olduğuna görə dəyişdirilməsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmadığı nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 178.3.1,320.1 və 320.2-ci maddələri ilə məhkum edildiyi 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilmiş, etmiş olduğu əməlindən peşman olduğunu bildirmiş, istintaq orqanı və məhkəmə ilə əməkdaşlıq etmiş, əvvəllər məhkum olunmamışdır. Müsbət xarakterizə olunur, himayəsində 3 azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəmiş, zərərçəkmişlər onunla barışmış və ondan heç bir şikayət və tətləbləri olmadığı barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmədə ifadə vermişlər. Məhkəmə Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirib tövsif etsə də, ona cəza müəyyən edərkən şəxsiyyətini, ilk dəfə cinayət etməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanları tam ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışmalarını, ondan heç bir şikayət və tələblərinin olmadığını, cəzasını yüngülləşdirən halların olduğunu, ağırlaşdıran halların olmadığını nəzərə almamış və ona həddən çox ağır cəza vermişdir. Məhkəmənin Təqsirləndirilən şəxs əməlinə belə qiymət verməsi və ona ağır cəza verməsi məhkəmə araşdırması materialları ilə tam ziddiyyət təşkil edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin hökmdə gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasına, cinayət və cinayət prosessual qanunu normalarının düzgün tətbiq edilməməsinə və həddən artıq ağır cəza verilməsinə görə, adı çəkilən hökm qanunsuz, əsassız və ədalətsizdir. Göstərilən səbəblərə görə birinci instansiya məhkəməsinin həmin hökmü Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsinə əsasən dəyişdirilməli, Təqsirləndirilən şəxs etmiş olduğu cinayətin məqsədini, motivini, onun cinayətin törədilməsində rolunu, əməlindən səmimi peşman olduğunu, zərərçəkmişlərə vurulan ziyanı tam ödəməsini, zərərçəkmişlərin onunla barışmalarını və ondan heç bir şikayət və tələblərinin olmadığını, ilk dəfə cinayət törətdiyini, cavan olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə edildiyini, hal-hazırda cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldığını, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmadığı və onun cəza çəkmədən islah oluna bilməsi kimi müstəsna halları nəzərə alaraq, onun məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1,320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən həmin cəzanın sınaq müddəti müəyyən edilməkə şərti tətbiq edilməsi haqqında ədalətli qərar qəbul edilməlidir. Belə ki, məhkəmə öz hökmündə göstərmişdir ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran isə olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməllərindən səmimi peşman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə edildiyini cəzasını yüngülləşdirən hallar kimi qəbul etsə də, işdə cəzanı ağırlaşdıran halların olmadığını göstərsə də, cəza təyin edərkən bunları müstəsna hallar kimi nəzərə almaq əvəzinə, əksinə faktiki olaraq nəzərə almamışdır. Verilmiş apellyasiya şikayətində məhkumun əməlinin tövsifi mübahisələndirilmir. Hökmdən məhkumun özü və zərərçəkmiş şəxslər apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişlər. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 məhkumun əməlinin tövsifini mübahisələndirmədiklərini, verilmiş apellyasiya şikayətində göstərilən əsaslarla hökmün cəza hissəsində dəyişdirilərək, məhkuma təyin edilmiş 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X8 verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməyib, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs haqqındakı 05 sentyabr 2019-cu il tarixli, 1(101)-600/2019 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün ibtidai araşdırma və birinci instansiya məhkəməsində verdiyi ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd olunan əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Bu hal verilmiş apellyasiya şikayətində və hazırda məhkəmə baxışında da mübahisələndirilmir. Məhkəmə kollegiyası, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini də müzakirə edərək, Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi, eləcə də barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilən cəzanın sınaq müddəti verilməklə şərti hesab edilməsi barədə müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cinayət törətmiş şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddindən də az cəza və ya şərti məhkum etmənin tətbiqi məsələləri həll olunarkən, cinayət qanununun yalnız bu institutlara həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (CM, maddə 7), ədalət (CM, maddə 8), humanizm (CM, maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Başqa sözlə, təqsirkar şəxsə təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsi və ya təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində bu institututların tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsi və ya şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, təhlükəlilk dərəcəsini, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası, cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs oğluna mübahisələndirilən hökmlə təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə tam uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 56.1.2, 58, 59, 61 və 66.3-cü maddələrinin tələbləri düzgün nəzərə alınmaqla, ona mübahisələndiirlən hökmlə təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 320.1 və 320.2-ci maddələrinin sanksiyası hüdudlarında, eləcə də Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cinayət qanununun tələblərinə uyğun, cəzanı ədalətli fərdiləşdirməklə, onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Hökmün dəyişdirilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi, eləcə də cəzasının yüngülləşdirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 320.1 və 320.2-ci maddələri ilə məhkum olunmasına dair 05 sentyabr 2019-cu il tarixli, 1(101)-600/2019 saylı hökmü qanuni, əsaslı və ədalətli olduğundan müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 320.1 və 320.2-ci maddələri ilə məhkum olunmasına dair 05 sentyabr 2019-cu il tarixli, 1(101)-600/2019 saylı hökmü verilmiş həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar