Məhkəmə qərarları › İş №1(103)-1145/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1145/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1145/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X5 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əfəndiyeva Gülnar Füzuli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyaları məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxin vəkili Nümayəndə, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi- Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nizami rayon məhkəməsinin 1(007)- 150/2023 saylı, 04 aprel 2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(007)-150/2023 saylı hökmü ilə (hakim N.Ə.Qədrili) 09 aprel 1992-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin hökm çıxarıldığı vaxtdan, yəni 04 aprel 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilməsi, barəsində seçilmiş həmin “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut kimi tanınmış ünvan 3 ünvanın həyətində quraşdırılmış videomüşahidə qurğusundan götürülmüş videogörüntülərin əks olunduğu 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş 35 saat hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 210 (iki yüz on) manat məbləğində vəsaitin Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs Qadimağa oğlu sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Qadimağa oğlu 29 iyul 2022-ci il tarixdə saat 09 radələrində ünvan 4 ünvanın qarşısında qonşusu Zərərçəkmiş şəxs ona səs-küy salmaqla narahatlıq yaratmasını irad bildirib ünvanına nalayiq sözlər söyləməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı qəsdən əli ilə Zərərçəkmiş şəxs boynunun sol tarafina iki dəfə vurub sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid posttravmatik ensefalopatiya ilə fasadlaşan və qabarıq astenonevrotik hal ilə müşayiət olunan qapalı kəllə beyin travması naticəsində baş beyin silkələnməsi, boynun qançırı, ənsə nahiyəsinin hematomasından ibarət xəsarətlər yetırərək qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Qadimağa oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayəti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nizami rayon məhkəməsinin 1(007)-150/2023 saylı, 04 aprel 2023-cü il tarixli hökmünün dəyişdirilərək, barəsində islah işləri cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs apelyasiya şikayəti verərək Bakı Şəhəri Nizami rayon məhkəməsinin 1(007)-150/2023 saylı, 04 aprel 2023-cü il tarixli hökmünü Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilərək ona daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Müdafiəçi2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki,məhkəmə təqsirləndirilən şəxsə həddindən artıq ağır cəza təyin etmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən onun ilk dəfə məhkum olmasını, əməlini qismən etiraf edib peşiman olmasını, maddənin sanksiyasında həbslə əlaqədar olmayan daha yüngül cəza nəzərdə tutulmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, cinayətin zərərçəkənin qeyri-qanuni hərəkətləri nəticəsində ,yəni zərərçəkənin onu cinayət etməyə təhrik etməsi nəticəsində baş verməsini və onun həbsinin ailəsinin dolanışığına mənfi təsirini nəzərə almamışdır. Hesab edirlər ki, məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və cəza təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə, yəni, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarekterli tədbirlər ədalətli olmalıdır,yəni cinayətin xarakterinə və ictimai təhltikəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı və CM-nin 9.2-ci maddəsinin yəni humanizm prinsipinə- cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarekterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz prinsiplərinə zidd olmaqla çıxarılmışdır. Eyni zamanda məhkəmənin hökmü Cinayət- Prosessual Məcəlləsinin 9, 11, 12, 13 və 14-cü maddələrinin müddəaları baxımından da qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, təqsirləndirilən şəxsə qanunsuz, əsassız və qanunun tələblərinə zidd olaraq ağır cəza təyin edilmişdir. Halbuki qanunla müəyyən edilmiş qaydada şəxsə daha yüngül cəza təyin etməklə onu islah etmək və cəzanın məqsədlərinə nail olmaq mümkündür. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs əvvələr məhkum olmamış, himayəsində 2 azyaşlı uşağı var: X1 xx.xx.2017-ci il, X3 xx.xx.2021-ci il tarixdə anadan olmuşlar, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətmişdir. Məhkəmə onun himayəsində 2 nəfər az yaşlı uşağının olmasını, əvvəllər məhkum olmamasını hökmdə qeyd etsə də, faktiki olaraq onun ailəsinin dolanışığının və maddi təminatının birbaşa Təqsirləndirilən şəxs Qədim oğlundan asılı olduğunu, cinayət hadisəsinin zərərçəkənin qeyri qanuni hərəkətləri,yəni zərərçəkənin onu cinayət etməyə təhrik etməsi nəticəsində baş verməsini nəticəsində baş verdiyini nəzərə almamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 9,58, və 59 maddələrinin tələblərini pozaraq yuxarıda qeyd olunan çoxsaylı yüngülləşdirici halların olmasını və cinayətin zərərçəkənin qeyri- qanuni hərəkətləri nəticəsində baş verməsini nəzərə almamış, nəticədə təqsirləndirilən şəxsə əsassız və qanunsuz olaraq maddənin sanksiyasında alternativ cəza nəzərdə tutulmasına baxmayaraq ona ağır cəza təyin etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Qadimağa oğlu 29 iyul 2022-ci il tarixdə saat 09 radələrində ünvan 4 ünvanın qarşısında mənim ona səs-küy salmaqla narahatlıq yaratmasını irad bildirdiyimə görə aramızda baş vermiş mübahisə zamanı qəsdən əli ilə mənim boynumun sol tarafına iki dəfə vurub mənə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid posttravmatik ensefalopatiya ilə fasadlaşan və qabarıq astenonevrotik hal ilə müşayiət olunan qapalı kəllə beyin travması naticəsində baş beyin silkələnməsi, boynun qançırı, ənsə nahiyəsinin hematomasından ibarət xəsarətlər yetirərək qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Qadimağa oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə qeyd etdiklərinə düzgün qiymət verməyərək ona ədalətli cəza təyin etməmişdir. Təyin edilən cəza törədilən əmələ görə yüngül cəzadır. Ona daha ağır cəza verilməli idi. Çünki Təqsirləndirilən şəxs əməlində ağırlaşdırıcı hallar yüngülləşdirici hallardan daha çoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl və bu maddə ilə təqsirləndirilən digər şəxslərdən daha fərqlidir. Təqsirləndirilən şəxs küçədə bir anaya, bir həyat yoldaşına, başqa bir şəxsin həyat yoldaşına əl qaldırmış və ona ağır xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs nəinki ona hətta, onun həyat yoldaşına da ağır travma yaşatmışdır. Bu müddət ərzində ailənin düzəni pozulmuşdur. Ailə ağır stres keçirmişdir. Bunun özü ağırlaşdırıcı haldır. Məhkəmə hökmündə göstərilir ki, “Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmamış, ona dəymiş zərəri ödəməmişdir. Belə ki, yaratdığı narahatlıqla bağlı zərərçəkmiş şəxs tərəfindən ona irad bildirməsinə qarşılıq olaraq, Təqsirləndirilən şəxs ictimai yerdə zərərçəkmiş şəxsə bir neçə dəfə sillə vurmaqla xəsarət yetirmiş, sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş, həmçinin məhkəmə iclaslarında dəfələrlə təklif edilməsinə baxmayaraq zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi üçün hər hansısa ciddi addım atılmamış, onunla barışıq əldə etməmişdir. Qeyd edilənlər cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun törədilməsi halları və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə olaraq hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Belə bir vəziyyətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmə ədalətli hesab edir." Məhkəmə göstərdiklərini düzgün qeyd etmiş, lakin cəza təyin edərkən bunları tam nəzərə almamışdır. Yəni Təqsirləndirilən şəxs hərəkətlərində yüngülləşdirici hallar yoxdur. Bu cür işlərdə cəza təyin edilərkən zərərçəkmiş şəxsin şikayətinin olub-olmamasını nəzərə almalıdırlar. Çox təssüf ki, məhkəmə bunları tam nəzərə almamışdır. Çünki təyin etdiyi cəzanın yüngüllüyündən bunu görmək olur. Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməlidir. Zərərçəkmiş dəfələrlə məhkəmə iclasında da bildimişdir ki, Təqsirləndirilən şəxs hələ də onun ailəsini narahat edir. Səs-küy salır. Hətta Nizami rayon məhkəməsində ona hökm verilərək həbs olunanda belə zərərçəkmişə bildirmişdir ki, hazır olun beş aya gəlib yenə davam edəcəm. Bunun özü onu deməyə əsas verir ki, ona verilmiş cəza azdır. Daha ağır cəza verilməlidir. Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Həmçinin zərərçəkmiş şəxsdən üzr istəyərək ona dəymiş ziyanın ödənilməsinə hazır olduqlarını, həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etmək istədiklərini bildirdilər. Apelyasiya icraatında zərərçəkmiş şəxsin müdafiəçisi şikayətin dəlillərinə uyğun izahat verərək zərərçəkmiş tərəfindən verilmiş şikayətin təmin edilməsini və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş şikayətin rədd edilməsini xahiş etdi. Apelyasiya icraatında zərərçəkmiş şəxs şikayətin dəlillərini müdafiə edərək tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin təqsirləndirlən şəxslə barışmaq fikrinin olmadığını bildirdi. Apelyasiya icraatında dövlət ittihamçısı zərərəçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsinin, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsinin, birinci instansiya məhkəməsinin hökmünün təqsirləndirilən şəxsə cəza təyin edilməsi hissəsində dəyişdirilməsinin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına əvəz edilməsinin məqsədəmüvafiq olduğunu bildirdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, zərərçəkmiş tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, hökm dəyişdirilməli, təqsirləndirilən şəxsə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət işindən görünür ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, cinayət hadisəsinin törədilməsi, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olması, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin tam sübuta yetirilməsi, onun törətmiş olduğu cinayət əməlinin düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apelyasiya şikayətində də Müdafiəçi2 təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, apelyasiya icraatında təqsirləndirilən şəxs və onun müdafiəçisi apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək, cəzanın yüngülləşdirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla təqsirləndirilən şəxsin ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onların həmin əməlini Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Bununla belə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəza hissəsində dəyişdirilməlidir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Sirin Hüseynovun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Lakin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmadığını, ona dəymiş zərəri ödəmədiyini, belə ki, yaratdığı narahatlıqla bağlı zərərçəkmiş şəxs tərəfindən ona irad bildirməsinə qarşılıq olaraq, Təqsirləndirilən şəxs ictimai yerdə zərərçəkmiş şəxsə bir neçə dəfə sillə vurmaqla xəsarət yetirməsini, sağlamlığının uzun müddət pozulmasına səbəb olmaasını, həmçinin məhkəmə iclaslarında dəfələrlə təklif edilməsinə baxmayaraq zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi üçün hər hansısa ciddi addım atılmadığını, onunla barışıq əldə etmədiyini, qeyd edilənlərin cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun törədilməsi halları və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab etmişdir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Belə bir vəziyyətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmə ədalətli hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cəzanın yüngülləşdirlən halların mövcud olduğu, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi halda Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən sərt cəza növünün seçilməsində birinci instansiya məhkəməsi haqlı olmamış, təyin edilmiş cəzanın növü törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, habelə cəzanı yüngülləşdirən halların məcmusuna uyğun olmamışdır. Eyni zamanda apelyasiya icraatında təqsirləndirlən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün cəhdlər etmiş, məhkəmə iclasında ona dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirmiş, zərərçəkmiş şəxsdən üzr istəmişdir. Məhkəmə tərfindən barışıq əldə edilməsi üçün tərəflərə vaxt verilmiş lakın hər hansı bir nəticə əldə olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 8.1, 58.1, 58.3-cü maddələrinin müddəalarını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, onun zərərçəkmiş şəxslə barışıq əldə etməyə yönəlmiş hərəkətlərini, ilk dəfə məhkum olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, həmçinin, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası azadlığının məhdudlaşdırılması cəzasına əvəz edilməli, bununla da cinayət törətmiş şəxsə tətbiq edilmiş cəza cəzalandırma təsirini təmin edən dərəcədə yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə də cəza siyasətinin humanistləşdirilməsi qarşıya qoyulan əsas vəzifə kimi göstərilmişdir. Azadlıqdan məhrum etmə ilə yanaşı alternativ cəzaların tətbiqinin genişləndirilməsi, alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilməsi mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Eyni Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 405.1.1-ci maddəsinə əsasən apelyasiya instnasiya məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökm və ya qərarı dəyişdirilir. Məhkəmə kollegiyası vurğulayır ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və yuxarı, habelə aşağı həddinin seçilməsi mühüm əhəmiyyətə malikdir. Qanuni və ədalətli cəzanın təyin edilməsi hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir, məhkumun islah olunması, onun yenidən tərbiyə edilməsinə köməklik göstərir, eyni zamanda sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, zəərrçəkmiş tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verimliş apelyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 150/2023 saylı, 04 aprel 2023-cü il tarixli hökmü dəyişdirilməli, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına əvəz edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək həbsdə saxlanılma müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması nəzərə alınmaqla qəti olaraq üzərində 5 (beş) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan 7:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, hökm qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-150/2023 saylı, 04 aprel 2023-cü il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək həbsdə saxlanılma müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması nəzərə alınmaqla qəti olaraq üzərində 5(beş) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə havələ edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan 7:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Fərid Əyyubov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar