Məhkəmə qərarları › İş №1(103)-1155/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1155/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1155/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-99/2025 saylı, 18 mart 2025-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-99/2025 saylı, 18 mart 2025-ci il tarixli hökmü ilə (X1 -sədrlik edən) xx xxx 1975-ci ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2rəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail rayon məhkəməsinin 1(009)-247/2024 saylı, 10 iyul 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs əvvəlki cinayət iş üzrə həbsdə olduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəlinin 01 avqust 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicənin təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İşin halları: İstintaq orqanı və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,209 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 avqust 2024-cü il tarixdə saat 20:45-də ünvan 4 ünvanın qarşısında saxlanılaraq ünvan 5n 20-ci Polis Şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,209 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Apellyasiya protestinin dəlilləri: Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-99/2025 saylı, 18 mart 2025-ci il tarixli hökmünün cinayət qanununun normasının düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təşkil etmişdir. Məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə çəkilməmiş qalan 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün hissəsini tamamilə və ya qismən birləşdirməli olduğu halda, təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını qismən birləşdirməklə, həmçinin əvvəlki hökm üzrə həbsdə saxlanıldığı müddətləri qəti cəzadan çıxmaqla cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Hökmdən məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 verilmiş apellyasiya protestini müdafiə edərək, apellyasiya protestinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-99/2025 saylı, 18 mart 2025-ci il tarixli hökmünün cinayət qanununun normasının düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya protestinin təmin edilib-edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdıqlarını bildirdilər. İşin hüquqi məsələləri: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası belə hesab edir ki, dövlət ittihamçısı apellyasiya baxışı zamanı təyin edilən cinayət qanunu normasının düzgün tətbiq edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. İşdə olan Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyul 2024cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün müddət ona həmin hökmlə təyin olunmuş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Dövlət ittihamçısının mövqeyinə görə məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün hissəsini tamamilə və ya qismən birləşdirməli olduğu halda, təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını qismən birləşdirməklə, həmçinin əvvəlki hökm üzrə həbsdə saxlanıldığı müddətləri qəti cəzadan çıxmaqla cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Məhkəməsinin 1(009)- 247/2024 saylı 10 iyul 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Apellyasiya protesti ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən məhkəmə cəza təyin edərkən əvvəlki hökmlə təyin edilmiş və çəkilməmiş cəzanı toplamalıdır. İş materiallarından görünür ki, məhkum edilmiş Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Ona görə məhkəmə haqlı olaraq hökmlə təyin edilmiş bütün müddəti, yəni 1 (bir) il 6 (altı) ay cəza müddətini öz təyin etdiyi cəza müddəti ilə qismən toplamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, qətimkan tədbiri qismində məhkum edilmiş şəxsin həbsdə olması azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi hesab edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-99/2025 saylı, 18 mart 2025-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 28 aprel 2025ci il tarixli, 141 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-99/2025 saylı, 18 mart 2025-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar