Məhkəmə qərarları › İş №1(103)-1163/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1163/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1163/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası X5 İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Nəcəfova Lamiə Amil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2023-cü il tarixli hökmü ilə (hakim Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X2 və X3-Məmmədovadan ibarət tərkibdə) Təqsirləndirilən şəxs, xx xxxxxxx 1992-ci ildə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kürdəmir rayon məhkəməsinin 08 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci hissəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini təşkil edən 01 il 05 gün azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutlumaqla 6 (altı) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 67.1ci maddəsində göstərilən əsaslarla hazırkı hökmlə ona təyin olunmuş cəza qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 05 oktyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan 2022-ci ilin oktyabr ayının təxminən əvvəllərində qanunsuz olaraq başqa mənbədən külli miqdarda, yəni təmiz çəkisi 5,525 qram narkotik vasitə heroin və təmiz çəkisi 2,399 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlayıb daşımış, 05 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində ünvan 1 ünvanın qarşısında Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən onun əynindəki şalvarın cibindən bir ədəd polietilen bükümün içərisində bir bükümdə qablaşdırılmış külli miqdarda, yəni təmiz çəkisi 5,525 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir bükümdə külli miqdarda, yəni təmiz çəkisi 2,399 qram miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən narazı qalan Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, ona təyin olunan cəzadan aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti ilə razı deyil. Birinci instansiya məhkəməsi ailəsinin ağır həyat şəraitini, özünün hepotit xəstəsi olmasını, onun himayəsində 2 azyaşlı övladının olmasını nəzərə almayaraq, ona çox ağır cəza təyin etmişdir. Əməlindən peşmandır. Əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün narkotik vasitələrin istifadəçisi omuşdur. Ailəsi məcburi köçkün ailəsidir. Qoca xəstə anası vardır və ailəsi rayonda yaşayır, onlar rayonda yaşadığından onlara baxan yoxdur. Həyat yoldaşı işsizdir. Qızı görmə qabiliyyətindən, oğlu isə onurğa xəstəliyindən əziyyət çəkir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətini müdafiə edərək onda 3 qram narkotik vasitə heroin, yarım qram metamfetamin olmasını, amma üzərində olmamasını, onun döyülməsini, ona görə ittiham olunduğu narkotik vasitə heroinin və metamfetaminin miqdarını etiraf etməsini bildirib məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona təyin olunan cəzadan aşağı həddə cəza təyin edilməsini xahiş etdi . Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxsin barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan aşağı həddə cəza təyin edilməsini xahiş etdi . Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X4 apellyasiya şikayətini əsassız hesab etdiyini, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq təqsirləndirilən şəxsə ədalətli cəza təyin etməsini bildirib verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2023-cü il tarixli hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayətində təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli və onun halları, cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin mövcudluğu, Təqsirləndirilən şəxs cinayət əməlinə aidiyyəti və təqsirliliyi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar sübut edilməli olan qeyd edilən hallarla bağlı cinayət işinin materiallarında olan sübutların qərarda istinad olunmasına zərurət görmür. Məhkəmə kollegiyası ilk öncə təqsirləndirilən şəxsin və onun müdafiəçisinin çıxışlarında təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə dair xahişlərini apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə müzakirə edərək qanunun qeyd edilən normasının tətbiq edilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi istənilən kateqoriya cinayətə görə şəxs barəsində müstəsna halların müəyyən edildiyi halda Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini istisna etməsə də, qanunverici həmin müstəsna halların tətbiqi üçün konkret əsaslar müəyyən etmişdir ki, hazırki iş üzrə həmin hallar müəyyən edilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs münasibətdə müstəsna halların olmadığını nəzərə alaraq onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün əsasların olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (təqsirli bilndiyi əməllərin törədilməsi barəsində ətraflı ifadələr verib cinayətin açılmasında iştirak etməsini, törətdiyi əməlindən peşman olmasını) və cəzanı ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə almayaraq Təqsirləndirilən şəxs ağır cəza təyin etmişdir. Belə ki, məhkəmə kollehiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə törədilmiş cinayət ağır cinayətlər kateqoriyasına aid olsa da təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın müddəti əməlin ictimai təhlükəlilik dərəcəsinə (narkotik vasitənin və psixotrop maddənin miqdarı nəzərə alınmaqla) uyğun deyil. Məhkəmə kollegiyası bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsini qanunvericiliyin tələbləri baxımından mümkün hesab edir. Cinayət işinin materiallarına əsasən, Azərbaycan Respublikası CM-nin 61-ci maddələsə əsasən, Təqsirləndirilən şəxs münasibətdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarda qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi isə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini özündə ehtiva edir. Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmasına dair 15 mart 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəza yüngülləşdirilməklə dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinin tələbinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4 və 405.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2023-cü il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci hissəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini təşkil edən 01 il 05 gün azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutlumaqla 6 (altı) ay 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilən əsaslarla hazırkı hökmlə ona təyin olunmuş cəzaya qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “MƏRKƏZ” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi2 işlədiyi Bakı şəhəri “MƏRKƏZ” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər Sədrlik edən: Fərid Əyyubov Hakimlər: Emin Mehdiyev Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar