Məhkəmə qərarları › İş №1(103)-12/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-12/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-12/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi – X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X6 qızının, Qanuni nümayəndə - X3, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli, 1(101)-498/2016 saylı hökmündən Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli, 1(101)-498/2016 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqslirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkmənin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 15 may 2015-ci il tarixdə, saat 20:45 radələrində sərxoş vəziyyətdə, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 185 saylı evin liftində, aşkar surətdə on dörd yaşına çatmayan, xx.xx.2009-cu il təvəllüdlü X1 vəziyyətindən istifadə edərək, onun qolundan tutub, fiziki ağrı yetirib, cinsiyyət üzvünü çıxardıb ona göstərmiş, Nərgiz Kərimlinin əynində olan şalvarını çıxartmağa cəhd etmiş, zor tətbiq etməklə azyaşlı Nərgiz Kərimliyə sol bazu və sağ bazu nahiyyəsinin sıyrıqları ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Hökmdən narazı qalan Müdafiəçi apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli, 1(101)-498/2016 saylı hökmünün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməklə Təqsirləndirilən şəxs həbsdən azad edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2016-cı il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilməmiş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsindən 153-cü maddəsinə tövsif edilmiş, ona həmin maddə ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 16 may 2015-cı il tarixdən hesablanması qərara alınmışdır . Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2017-ci il tarixli qərarı ilə dövlət ittihamçısının kassasiya protesti təmin edilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1 və 416.0.2-ci maddələrində göstərilən əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2016-cı il tarixli qərarı ləğv edilmiş cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tədbiq edilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs sağalmasınadək dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi müalicəsi dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirildiyi üçün xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. Müdafiəçi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə icraatın təzələnməsi və məkum edilmiş şəxsin ölməsi ilə əlaqədar olaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin 1(103)-12/2023 saylı, 18 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində dayandırılmış cinayət işi üzrə təzələnmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmış qanuni nümayəndə X7 məhkəmə kollegiyasına yazılı ərizə ilə müraciət edərək qardaşı Təqsirləndirilən şəxs vəfat etdiyindən hüquqi varis kimi tanınmasını və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı və müdafiəçi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ölməsi səbəbindən cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi barədə hüquqi varisinin ərizəsinə etirazının olmadığını bildirdilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını cinayət işinin materialları ilə əlaqəli surətdə müzakirə edərək, hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə sol mədəcik çatışmazlığı səbəbi ilə Bakı şəhərində ölmüş və bu barıdə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 10 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-1-ci Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Məhkəmə kollegiyası hesab edir ki, nümayəndə X7 məhkəmə kollegiyasına yazılı ərizə ilə müraciət edərək qardaşı Təqsirləndirilən şəxs vəfat etdiyindən cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmiş, ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar mübahisələndirilmədiyindən hüquqi varisin ərizəsi nəzərə alınmalı və başlanmış cinayət təqibinə xitam verilməlidir. İş üzrə keçirilmiş ekspertiza ilə əlaqədar 90 (doxsan) manat məhkəmə xərci Təqsirləndirilən şəxs öldüyündən dövlətə aid edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39, 43, 397-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs öldüyündən barəsində seçilmiş tibbi xarakterli məcburi tədbirlər və həbs qətimkan tədbiri ləğv olunsun. İş üzrə keçirilmiş ekspertiza ilə əlaqədar 90 (doxsan) manat məhkəmə xərci Təqsirləndirilən şəxs öldüyündən dövlətə aid edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar