Məhkəmə qərarları › İş №1(103)-1219/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1219/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1219/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi – X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Xaçmaz rayonu, Qaraqurtlu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Məhkəməsinin 16 oktyabr 2020ci il tarixli, 1(004)-223/2020 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 1(004)-223/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 iyul 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 iyun 2020-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən “Avtoservisin” daş hasarının üzərindən aşaraq həyətə daxil olduqdan sonra orada ofis kimi istifadə olunan otağın pəncərəsinə bərkidilmiş taxta lövhəni söküb binaya qanunsuz daxil olaraq sonuncuya məxsus saxlanc yeri hesab edilən dəmir seyfi götürüb avtoservisin həyətinə gətirmiş, təmir sexlərinin birindən götürdüyü laqonda ilə həmin seyfin kilidini kəsib seyfin içərisində olan Zərərçəkmiş şəxs məxsus 1600 manat pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxsna istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti və ona əlavə verərək, Bakı şəhəri Yasamal Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 1(004)-223/2020 saylı hökmünün dəyişdirilməsini və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza (yüngül cəza) təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə tam və obyektiv araşdırma aparmamış, hüquqlarını pozmuşdur. Ona təyin edilmiş cəza ilə razı deyil. Hazırda zərərçəkmiş şəxslə barışmışdır.Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşman olmasının, cavan olmasının və cəzaçəkmə müəssisəsində müsbət xarakterizə olunmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı X4 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini Bakı şəhəri Yasamal Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 1(004)-223/2020 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Zərərçəkmiş şəxs heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 1(004)-223/2020 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamla ona qarşı irəli sürülmüş cinayət əməllərini təqsirli olaraq törətməsi birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidin ifadələri, hadisənin qeydə alınmış videogörüntülər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla tam təsdiq olunur və Bakı şəhəri Yasamal Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 1(004)-223/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkum edilmiş şəxsin apellyasiya şikayətində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bu barədə apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, iş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 22 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, 13 iyun 2020-ci il tarixdə Yasamal rayonu, M.Sübhi küçəsi 170 ünvanında yerləşən avtoservisə hasardan aşaraq daxil olduğunu, avtoservisin həyətində namaz qılmaq üçün olan otağa daxil olduqda oradakı taxta pəncərənin açıq vəziyyətdə olmasını aşkar edib oradan Zərərçəkmiş şəxs ofis kimi istifadə etdiyi otağa daxil olub orada dəmir seyfi aşkar etməsini, həmin dəmir seyfi avtoservisin həyətinə çıxarıb dəmir sexində olan laqonda ilə seyfin kilidini kəsib içərisində olan pulu oğurladığını, bundan sonra yenidən avtoservisin hasarından aşaraq çölə çıxıb qaçaraq oradan uzaqlaşdığını bildirməklə ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha əyani olaraq hadisə yerində təsdiqləmişdir. İş materiallarında olan Yasamal rayonu, M.Sübhi küçəsi 170 ünvanında yerləşən avtoservisin müşahidə kameraları vasitəsi ilə qeydə alınmış hadisənin videogörüntüləri olan 01 ədəd CD disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 13 iyun 2020-ci il tarixdə saat 07 radələrində Yasamal rayonu, M.Sübhi küçəsi 170 ünvanında yerləşən avtoservisin hasarından aşaraq avtoservisin içərisinə qanunsuz daxil olmuş, təxminən 20 dəqiqə sonra avtoservisin hasarından aşıb küçəyə çıxaraq qaçıb uzaqlaşmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanin növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmiş və ona törətmiş olduğu cinayət əməlinin maddəsinin sanksiyası daxilində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama əməlinə görə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə kollegiyası, cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə tam uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası hüdudunda, cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar, təyin edilmiş cəzanın həbslə əlaqədar olmayan cəza ilə əvəz edilməsi və eləcə də, ümumilikdə yüngülləşdirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 1(004)-223/2020 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 10 saat hüquqi xidmətə görə Müdafiəçi 60 manat (10x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1 maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 1(004)-223/2020 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqi yardım göstərdiyinə görə Müdafiəçi dövlət büdcəsinin vəsaiti hesabına 60 (altmış) manat məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Mirzəli Abbasov Hakimlər: Ramin Qaraqurbanlı Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar