Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1254/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nəcəfova Lamiə Amil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət almasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X13 oğlunun sədrliyi ilə, X6 və X3 ibarət tərkibdə) 1(101)-408/2025 saylı, 23 aprel 2025-ci il tarixli hökmü ilə xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, evli, himayəsində üç azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilmiş və ona həmin maddə ilə bəraət verilmişdir. Hökmlə həmçinin, qətimkan, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Bəraət almış şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 8,791 qram olmaqla külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, 3 aprel 2024-cü il tarixdə, saat 13:05 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin (bundan sonra mətndə - BBPİ-nin CAİ) və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin (bundan sonra mətndə - Nərimanov RPİ-nin 18-ci PŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilərək orada aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 8,791 qram olan külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və qolsuz gödəkçəsinin sağ yan cibindən bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirilməklə, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli hökmünün ləğv edilməsi, onun CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı şahid ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr, eyni zamanda cinayət işinin tədqiq edilmiş materialları ilə Təqsirləndirilən şəxs ittihamını təşkil edən sübutların toplanması zamanı CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsi təsdiqini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, saxlaması və gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə 3 aprel 2024-cü il tarixdə Bakı şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və 18-ci PŞ-nin sahə rəisi polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisinə yollanmışlar. Həmin gün saat 12:00 radələrindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili izləməyə başlamışlar, saat 13:05 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən düşmüş, onlar sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması, gəzdirməsi və satışında şübhəli olduğunu bildirərək sonuncunu Nərimanov RPİ-nin 18-ci PŞ-yə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs anidən qaçmağa başlamış, onlar da Təqsirləndirilən şəxs arxasınca qaçaraq saxlamaq istəyən zaman sonuncu daşlıqda yıxılaraq xəsarət almışdır. Onlar Təqsirləndirilən şəxs yerdən qalxmasına köməklik edərək sonuncunu saxlayıb idarə etdiyi avtomobilə əyləşdirmişlər. O da Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş və Şahid1la Şahid2 onları müşayiət edərək Nərimanov RPİ-nin 18-ci PŞ-yə getmişlər. Polis şöbəsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş, sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd elektron tərəzi, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş büküm və arxa sağ cibindən isə siqaret qutusunu könüllü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs sağ yan cibindən aşkar olunmuş bükülünün içərisindən tünd qəhvəyi rəngli maddə aşkar olunmuş, üzərindən aşkar edilmiş heroini öz istifadəsi üçün Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 80 manata aldığını bildirmişdir. Daha sonra heroin qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Verilmiş suallara cavab olaraq Şahid3 bir daha bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, sonuncunun üzərindəki xəsarətlər onlardan qaçıb üzü üstə yerə yıxılarkən yaranmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilimiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə rəsi polis mayoru Şahid2 və Bakı şəhər BPİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 da Şahid3la eyni məzmunlu ifadələr vermiş, həmin ifadələrində Təqsirləndirilən şəxs bədəni üzərindəki xəsarətlərlə bağlı göstərmişlər ki, sonuncunun üzərindəki xəsarətlər onlardan qaçıb üzü üstə yerə yıxılarkən yaranmışdır. Bundan başqa məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 3 aprel 2024-cü il tarixdə verdiyi izahatı, 4 aprel 2024-cü il tarixdə şübhəli və 5 aprel 2024-cü il tairxdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin izahat və ifadələrində göstərmişdir ki, o, təxminən bir neçə aydır narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkotik vasitəni əvvəllər tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə 3 aprel 2024-cü il tarixdə, günorta saatlarında narkotik vasitə almaq üçün Sabunçu rayonu Balaxanı qəsəbəsinə getmişdir. Oradan əvvəllər də bir neçə dəfə narkotik vasitə almışdır. Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 80 manata təxminən 9 qram narkotik vasitə olan heroin almışdır. Külli miqdarda heroin almaqda məqsədi bir neçə günlük narkotik vasitə istifadəsini qarşılamaq olmuşdur. Narkotik vasitə alan zaman ona narkotik vasitəni satan şəxs onu aldatmasın deyə üzərində tərəzi götürmüşdür. Alacağı narkotik vasitəni öncə elektron tərəzi vasitəsilə çəkib çəkinin yerində olduğunu gördüyü zaman narkotik vasitəni almışdır. Narkotik vasitəni aldıqdan sonra yaşadığı ünvana getmək üçün əsas yola doğru gedən zaman Balaxanı şossesi 15 ünvanında arxasınca kiminsə gəldiyini görmüş və gələn şəxslərin polis əməkdaşı olmasından şübhələndiyi üçün sürəti artırmağa başlamışdır. Arxasınca gələnlərin də sürətini artırdığını gördüyündən qaçmağa başlamışdır. Qaçan zaman ayağı daşa ilişərək yıxılmış və xəsarət almışdır. Bundan sonra arxasınca gələn şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyərək ona xidməti vəsiqələrini göstərmişlər. Fləmin vaxt polis əməkdaşları ondan narkotik istifadəçisi olub-olmadığını soruşmuş, o da istifadəçi olduğunu, hal-hazırda üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Nərimanov RPİ-nin 18-ci PŞ-yə aparmışlar. Polis şöbəsinə çatdıqdan sonra müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, o, əynindəki qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd elektron tərəzini, qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü və arxa cibindən siqaret qutusunu masanın üzərinə qoymuşdur. Polis əməkdaşları ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, O, həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Eyni zamanda ondan həmin maddəni haradan və kimdən almağını soruşanda, o həmin narkotiki bir neçə dəqiqə əvvəl Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 80 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb- saxlamadığını ondan soruşanda, o təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Təxminən bir neçə aydır narkotik vasitə olan heroindən istifadə etsə də, heç kəsə satmamış və heç kəsə pay olaraq verməmişdir. Onu polis əməkdaşları saxlayan zaman və polis idarəsinə gətirilərkən ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. O, həmin narkotik vasitə olan heroini tanımadığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 80 manata öz istifadəsi üçün almışdır. O, polis əməkdaşlarının arxasınca gəldiyini və onu saxlayacaqlarını bildiyi üçün qaçmağa başlamış, qaçan zaman isə ayağı daşa ilişdiyindən yıxılaraq xəsarət almışdır (Cild 1, v. 38-39; 56-58; 77-79). Bundan başqa Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması təsdiqini tapmadığından 13 iyun 2024 və 6 noyabr 2024-cü il tarixlərdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbl edilmişdir. Həmin araşdırma zamanı təyin edilmiş məhkəmə tibb ekspertizasının rəylərindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin öz boyu hündürlüyündən yıxılaraq əmələ gəlməsi istisna edilmir. (Cild 1, i.v. 167-170, Cild 2). Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli həmçinin cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübutlarla da öz təsdiqini tapır. Belə ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 3 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin gün Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı polis mayoru X8 tərəfindən həmin şöbənin əməliyyat müvəkkili polis mayoru Şahid3 və sahə rəisi polis mayoru X1, eləcə də, Bakı şəhər BPİ CAİ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində saat 15:00-dan 15:30-dək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü, əynində olan qara rəngli şalvarın arxa sağ yan cibindən ağ rəngli üzərində “Sobranie” yazısı olan siqaret qutusunu və əynində olan qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. Təqdim etmiş olduğu şəffaf rəngli sellofan bükümündə qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofanın içərisində olan qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitə heroin olmasını bildirərək həmin maddəni 3 aprel 2024-cü il tarixdə, günorta saatlarında Balaxanı adlanan ərazidən tanımadığı şəxsdən 80 manat pul müqabilində istifadə etmək məqsədilə aldığını, təqdim etdiyi elektron tərəzini isə həmin narkotik vasitənin qramını müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmaqla üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən sualları tam aydın formada başa düşdüyünü, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti xidməti iş otağında, axşam vaxtı, süni işıqlandırma şəraitində aparılmışdır. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokolda “Sony” markalı mobil telefondan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu 1 ədəd DVD diskin protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 30; 32-34). Yuxarıda qeyd olunanlar həmçinin istintaq hərəkətinin qeydə alındığı və cinayət işinin materiallarına əlavə edilmiş videogörüntüdə də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının” 4 aprel 2024-cü il tarixli, 6/1832 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 8,791 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı (Cild 1, i.v. 41-45). Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən xeyli miqdarı üçün müəyyən edilmiş yuxarı həddindən 60 dəfə, külli miqdarı üçün müəyyən edilmiş yuxarı həddən isə 4 dəfədən artıq miqdarda narkotik vasitə heroin aşkar olunmuşdur. Qeyd olunan faktın özü, həmçinin Təqsirləndirilən şəxs külli miqdarda heroini hansı səbəbdən bir günlük özünə lazım olacaq dozada deyil, bütövlükdə üzərində saxlamaqla daşıması, həmçinin üzərində elektron tərəzinin müəyyən edilməsi satış məqsədinin mövcud olmasını təsdiq edir. Apellyasiya protestinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı4 apellyasiya protestini müdafiə edərək Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli hökmünün ləğv edilməsini və onun CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında bəraət almış şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi1 çıxış edərək birinci instansiya məhkəməsinin hökmünün tam qanuni və əsaslı olduğunu bildirib verilmiş apellyasiya protestinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-408/2025 saylı, 23 aprel 2025-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində müəllif məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Verilmiş apellyasiya protestində Təqsirləndirilən şəxs bəraət verilməsinə dair hökmün ləğv edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş üzrə keçirilmiş ekspertiza rəylərini, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, təqsirliliyi sübuta yetirilməməsi qənaətinə gələrək Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, məhkəmənin hökmündən verilmiş apellyasiya protestinin əsaslandığı dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş protestin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qənaətinə görə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilən maddə aşkar edilməmiş, üzərindən narkotik vasitənin aşkar edilməsinin şübhəli olmuş, zorakılığa məruz qalmış və sübutlar saxtalaşdırılmışdır. Bundan əlavə, protest müəllifi nəzərə almamışdır ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadələr verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həqiqətən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittihamın məzmununa oxşar ifadələr vermişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsini dəyişmiş, üzərindən aşkar edilmiş vasitənin polis əməkdaşları tərəfindən ona verildiyini göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 4(005)- 458/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 3 aprel 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın-təsviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək uşağını məktəbə aparıb qoyduqdan sonra bacısıgilə gedərkən yolda onun qarşısını 2 maşının kəsdiyini, daha sonra döyülərək Nərimanov RPİ-nin 18-ci PŞ-yə aparıldığını bildirərək barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, həmin məhkəmənin 30 may 2024-cü il tarixli 4(005)-720/2024 saylı qərarının təsviriəsaslandırıcı hissəsindən görünür ki, Müdafiəçi1 verdiyi vəsatətin dəlillərinə uyğun çıxış edərək qeyd etmişdir ki, “təqsirləndirilən şəxsin daimi yaşayış yeri var, ailəlidir, himayəsində 3 (üç) azyaşlı uşağı var və istintaqdan yayınmaq niyyəti yoxdur, əvvəllər polis orqanlarında xidmət edib. İşgəncə ilə imza atmağa məcbur olunub. Sonradan ifadəsini də təzyiq altında vermişdir. Hazırda işgəncə faktı ilə araşdırma gedir, videoçəkiliş keçirilərkən onun alnında hematoma görünür. Baxışda o, üzərindən narkotik vasitə, tərəzi və “Sobranie” markalı siqaret qutusunu təqdim edib. Çəkiliş 3 dəfə keçirilib, hər çəkilişdən sonra döyülüb və üzərində 24 ədəd xəsarət vardır. İş materiallarında narkotik vasitə və tərəzidən başqa heç bir sübut yoxdur…” Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək qeyd etmişdir ki, “Balaxanı qəsəbəsində onu 14 nəfər polis əməkdaşı zorla saxlamış və təzyiq altında imza etdirmişlər…”(Cild 1, i.v. 99-103; 162-166;) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru İ dərəcəli hüquqşünas X9 tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasını bildirməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş məlumat və müdafiəçisi Müdafiəçi1 müraciətləri əsasında aparılmış araşdırma zamanı fakt öz təsdiqini tapmadığından həmin xüsusat üzrə toplanmış 743-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 21 may 2024-cü il tarixli, 566 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: alın nahiyəsində piqmentasiya sahəsi və səthi əzilmiş yarası, sol qasıq nahiyəsində şişkinlik. 2615/2015 nömrəli 5 aprel 2024-cü il tarixli məhkumun tibbi kitabçasında göstərilən xəsarətlər: alın nahiyəsində sağ tərəfdə qartmaqlı yara və çapılmış qartmaqlı yara, boynun sağ tərəfində bənövşəyi rəngli qançır, sağ və sol çiyin nahiyələrində qırmızımtıl rəngli qançırlar, sol kürək nahiyəsində qırmızımtıl rəngli qançır, sağ kürək nahiyəsində bənövşəyi rəngli qançır, sol qulaqarxası nahiyədə sarımtıl rəngli, sağ qulaq seyvanında bənövşəyi rəngli qançır, sağ saidin ön və arxa səthində qartmaqlı yara, sağ əlin arxa səthində bənövşəyi rəngli qançır, döş qəfəsinin sağ tərəfinin aşağı səthində sarımtıl rəngli qançır, qarının sol nahiyəsində bənövşəyi rəngli qançır, sol qalça nahiyəsində iri həcmli şişkinlik, sağ topuqda çapıq toxumalar aşkarlandı. Sol xayada şişkinlik, sol qasıqüstü nahiyəsində çapıq toxuma. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənib, müddəti Təqsirləndirilən şəxs göstərdiyi 3 aprel 2024-cü il tarixə uyğun gəlir, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq onların müxtəlif şəraitlərdə əmələ gəlməsi mümkün hesab edilməklə konkret törənmə şəraiti istintaq və təhqiqat yolu ilə dəqiqləşdirilə bilər İlkin təhqiqat materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə saat 13:05-də saxlanılmış, sonuncunun saxlanılması barədə sənədlərdə xəsarətlərinin olması barədə hər hansı qeyd olmamışdır. Lakin, istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 6(009)-83/2025 saylı qərarından görünür ki, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru Elvin Bəşirlinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 iyun 2024-cü il tarixli qərarı ləğv edilmiş və qeyd olunan şikayətə cinayət-prosessual qanunvericiliyinə uyğun zəruri hərəkətlər yerinə yetirməklə hüquqi qiymət verilərək materiala əlavə edilməsi üçün Bakı şəhər Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, “hadisə Bakıxanov ərazisində olub, övladını məktəbə apardı və bu zaman gördü ki, arxadan tanımadığı iki ədəd “Hyundai” və “Nissan” markalı avtomobil “saxla” və “dayan” əmri vermədən qabağını kəsdilər. Döyüb 18-ci polis bölməsinə gətirdilər. Maşını da vurub sağ şüşəsini sındırdılar. Təxminən 14 polis əməkdaşı var idi və onu vurub bildirdilər ki, bu narkotik vasitənin onun olduğunu qəbul etsin. O isə qəbul etmədi. Başını vurub partlatdılar. Çəkiliş vaxtı da qeyd etdilər ki, narkotiklər onundur.”. Həmçinin həmin qərardan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 iyun 2024-cü il tarixli qərar qəbul edilərkən işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, işin həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə bütün sübutlar tam əldə edilmədən, yoxlanılmadan və qiymətləndirilmədən, hadisə şahidlərinin izahatları alınmadan, kamera görüntüləri və tibbi sənədlər əldə edilib araşdırılaraq hüquqi qiymət verilmədən, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları araşdırılmadan, aparılan araşdırma zamanı şikayət üzrə mövcud hüquqi vəziyyətə kifayət qədər aydınlıq və müəyyənlik gətirilmədən əsassız qərar qəbul edilmişdir…(Cild 2;i.v.24-29;). Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Düzdür, Təqsirləndirilən şəxs zor tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində cinayət işinin başlanılması rədd edilmişdir. Lakin, bu formal olmuş, zorakılıqla bağlı ibtidai araşdırmanın formal və səthi olması araşdırma nəticəsində qəbul edilmiş qərarların məzmunu ilə də aydın olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)). Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X2rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241- A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Hazırkı işin hallarına gəlincə məhkəmə kollegiyası ilk öncədən qeyd edir ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulması xəsarətləri təsdiq edən sübutlarla açıq şəkildə məlumdur. Məhkəmə kollegiyası bu qərardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. İttiham tərəfi sözü gedən xəsarətlərin Təqsirləndirilən şəxs iddia etdiyi şəkildə deyil, digər səbəblərdə yaranması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası bir daha xatırladır ki, Təqsirləndirilən şəxs tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olmamışdır. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis tərəfindən saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Beləliklə də, Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən sonuncu saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, barəsində əsassız və qanunsuz olaraq cinayət işi başlanıldığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarıldığı ilk fürsətdə üzərində narkotik vasitə olmadığını, barəsində əsassız və qanunsuz olaraq cinayət işi başlanıldığını göstərmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair 18 noyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. Əks yanaşma ona gətirib çıxara bilər ki, cinayət təqibini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilməsinə məcbur etmiş olar. Məhkəmə kollegiyası ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olardı. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onun müdafiə hüququnun pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların CPM-in 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olardı. Birinci instansiya məhkəməsinin şərh olunan məsələlər üzrə çıxardığı nəticələr apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, apellyasiya protestində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sözügedən məsələlər üzrə çıxardığı nəticələri, o cümlədən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Odur ki, apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair 1(101)-408/2025 saylı, 23 aprel 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya protestinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair 1(101)-408/2025 saylı, 23 aprel 2025-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1254/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1254/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver