Məhkəmə qərarları › İş №1(103)-1265/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1265/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1265/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi– Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1987-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Novruz Kərimov, hakimlər Rasim Sadıxov və Azər Paşayev) 25.05.2021-ci il tarixli, 1(101)-593/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu 06 sentyabr 2020-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs başqa mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda 1015,624 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 06 sentyabr 2020-ci il tarixdə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, saat 19:00 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Xətai rayonu, Şahid6 küçəsi 69 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlindəki polietilen çantanın içərisindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 305,624 qram və 710 qram olmaqla, ümumilikdə külli miqdarda 1015,624 (1 kq 15,624 qr) qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, apellyasiya şikayəti verərək, məhkəmənin hökmü ilə razı olmadığını, məhkəmə tərəfindən ona ağır cəza verildiyini, iş üzrə tam obyektiv araşdırma aparılmadığını, hüquqlarının kobud formada pozulduğunu, sübutların düzgün tədqiq edilmədiyini, sübutların mötəbərliyinin şübhə doğurduğunu, amma məhkəmənin bu halları tam araşdırmadığını, ciddi qanun pozuntusuna yol verildiyini, bunun yolverilməz olduğunu, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olduğunu, ailəsinə ondan başqa baxan şəxsin olmadığını bildirmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişib cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, yüngülləşdirici halların nəzərə alınaraq ona həmin maddənin sanksiyası daxilində daha yüngül cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPMnin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması qənaətinə gəlmiş və məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Hökmdən və cinayət işinin materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda 1015,624 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması, 06 sentyabr 2020-ci il tarixdə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 19:00 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Xətai rayonu, Şahid6 küçəsi 69 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan ağ rəngli üzərində “AZZA” sözləri yazılmış sellofan paketin içərisindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 305,624 qram və 710 qram olmaqla, ümumilikdə külli miqdarda 1015,624 (1 kq 15,624 qr) qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi barədə ifadə verərək törətdiyi əməli etiraf etmiş, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, onda aşkar edilmiş ağ rəngli üzərində “AZZA” sözləri yazılmış sellofan paketin içərisində oilan narkotik vasitədən heroindən xəbəri olmadığını, narkotik vasitənin kimə məxsus olmasını bilmədiyini və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs verdiyi ifadəsində elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, həmin məhkəmə onun dəlillərini ətraflı araşdırmış və sonuncuların Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun tutulmasında iştirak etmiş Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkilli X2, Xətai Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkilləri Şahid5 və Şahid6 dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, maddi sübutlar, ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, iş materiallarından göründüyü kimi sonuncunun istinad etdiyi dəlillər elə birinci instansiya məhkəməsində ifadəsində göstərdiyi dəlillərlə əsas etibarı ilə eynilik təşkil etmişdir. Qeyd olunan dəlillər birinci instansiya məhkəməsində cinayət işinin halları ilə müqayisəli şəkildə araşdırılmış və məhkum edilmiş şəxsin istinad etdiyi hallar iş üzrə istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübütlarla, tam təkzib olunduğundan iş üzrə məhkəmədə araşdırılmış onun bu ifadələrinin özünün müdafiəsinə yönələn cəhdi kimi qiymətləndirilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar, qeyd olunan qanuna əlavə edilmiş İİ siyahının 67-ci bəndinə əsasən isə 2 qramdan artıq metafetamin külli miqdar hesab edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkuma təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzan təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericilik normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə gənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair 1(101)-593/2021 saylı, 25 may 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə,10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar