Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-127/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1570/2022 saylı, xx.xx.2022ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim S.A. Məmmədzadə) 1(101)-1570/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə xx.xx.1970-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 14 may 2022-ci tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 13 may 2022-ci il tarixdə axşam saatlarında şəxsiyyəti istintaqa məlum olmayan «Emin» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 70,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə edərək üzərində saxlayaraq daşımış, 14 may 2022-ci il tarixdə saat 16:30 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsi, 18 saylı evin qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli qısa qol gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 70,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1570/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün ləğv edilib dəyişdirilməsini, üzərindən üç qram narkotik vasitə aşkar olunduğundan 70 qrama görə qanunsuz təyin olunmuş cəzasının azadılmasını, həqiqi cinayətinə uyğun ədalətli cəza təyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə həqiqəti əks etdirən hallar istintaq orqanı tərəfindən səhv, yalan olaraq göstərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi də həmin halları düzgün tədqiq etməmiş, onun hüquqları kobudcasına pozulmuşdur. Onun küçədə saxlanılması yalan olmuş, evindən sürüyərək aparmışlar, həmin hallar evində olan şəxslər və mağazaçı təsdiq edə bilər. Həmin şəxslər şahiddir ki, evindən 3 qram kakos-heroin çıxdığı halda onu ailə üzvləri ilə təhdid etmişlər, 70 qramı boynuna götürmədiyi halda ailə üzvlərini də ona qoşacaqlarını, evinə 1 kq narkotik qoyub yükləyəcəklərini bildirmişlər. Bu halı şahidlər də təsdiq edə bilərlər. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs, müdafiəçisi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlu apellyasiya şikayətini müdafiə edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, həmin maddə ilə aşağı həddə cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1570/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində təqsirləndirilən şəxs hüquqlarının pozulduğunu, narkotik vasitəni satmadığını, narkotik vasitənin qeyd edilən miqdarda olmadığını, satış məqsədi ilə əldə edilməsinə dair sübutların olmadığını, bu səbəbdən də əməlinin AR CM-nin 234.1-ci maddə ilə tövsif edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə 2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, həbsdən azad olduqdan sonra yenə də narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə etməyə başlamışdır. 14 may 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yaşadığı evə polis əməkdaşları gələrək, ondan özündə olan narkotik vasitəni onlara təqdim etməsini tələb etmişlər, o da soyuducuda plastik qabda saxladığı 3 qram heroini gətirib polis əməkdaşlarına təqdim etmiş, bundan sonra polis əməkdaşları onu Yasamal Rayon Polis İdarəsinə aparmışlar. Polis əməkdaşları onu evdən çıxaran zaman qonşuları da buna şahid olmuş, bir həyətdə yaşadığı qonşuları və evi ilə üzbəüz yerləşən marketdə işləyən qadın onu 5-6 nəfər polis əməkdaşının tutub apardığını görmüşdür. Lakin cinayət işinin materiallarında onun guya evinin yaxınlığında tutulduğu qeyd olunmuşdur. İttiham aktında yazılan 70 qram heroin ona məxsus olmamış, onun üzərindən qeyd olunan çəkidə narkotik vasitə aşkar olunmamışdır. O, istintaq zamanı əvvəl yalan ifadə verərək narkotik vasitəni guya İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirsə də, sonradan ifadəsini dəyişmiş, «Emin» adlı şəxsin adını vermişdir. Lakin cinayət işinin materiallarında guya onun narkotik vasitəni Emindən aldığı qeyd olunsa da, o, istintaqa həmin məzmunda ifadə verməmişdir. O, istintaq orqanına bildirmişdir ki, illərdir narkotik vasitədən istifadə edir, başqa narkotik vasitə satan şəxsləri də tanımasına baxmayaraq, həmin şəxslər heroinin qramını 30 manata, yəni baha satdıqları üçün sonuncu dəfə qeyd olunan şəxslərdən narkotik vasitə almamışdır. May ayının 12-i axşam saatlarında tanışı Eminlə zəngləşmiş, Emin ona bir nəfər şəxs tanıdığını, həmin şəxsin heroinin qramını 20 manata satdığını demişdir. Bu da ona sərf etdiyi üçün Eminlə razılaşmış, sonuncunun dediyi karta 160 manat pul köçürmüşdür. O, Eminin narkotik vasitəni kimdən aldığını bilmir, həmin şəxsləri tanımır. Həmin şəxslər Eminin telefonuna «malı» götürəcəkləri yer barədə məlumatları göndərmiş, o da Eminlə birlikdə tanış taksi ilə, Eminə göndərilmiş ünvan üzrə Hövsana gedərək orada körpünün altından «malı» götürmüşlər. Götürdükləri «mal» əvvəlcədən aralarında razılaşdırılmış çəkidən iki qram əksik olmuş, Eminin üzərində tərəzi olmasa da, necəsə malın əskik olduğunu anlamışdır. Qiymət onun nəzərdə tutduğundan aşağı olduğu üçün «malın» az olması ona sərf etmişdir. Bu qeyd etdiklərinin hamısını istintaq zamanı da bildirmiş, lakin müstəntiq həmin xüsusatların heç birini onun ifadəsinə daxil etməmişdir. O, üzərində aşkar olunan heroinin 10 qramını 160 manat pul verərək şəxsi istifadəsi üçün almış, aldığı gündən də çoxunu istifadə etmiş, sadəcə 3 qram heroin qalmışdır. O, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, nə tutulan zaman polis bölməsində, nə də istintaqın gedişində onu döyən və təzyiq göstərən olmamışdır. Onun narazılığının səbəbi müstəntiqin onun ifadəsini düzgün yazmamasıdır, müstəntiq onun dediklərinin hamısını ifadəsinə daxil etməmişdir. Onun 70 qram heroindən xəbəri yoxdur, həmin narkotik vasitə ona məxsus deyil, bütün bunlar hamısı qurmadır, onda cəmi 3 qram heroin olmuşdur. Özündə qalan heroinin çəkisini istifadə etmək məqsədi ilə ölçmüşdür, buna görə də çəkisinin 3 qram olduğunu dəqiq bilir. Polis bölməsində ona təklif etmişlər ki, ya narkotik satıcısının adını versin, ya da 10 min manat məbləğində pul versin. Polis əməkdaşları onun həbsdən yeni azadlığa çıxdığını, onda pul olmadığını bilmişlər, niyə ondan pul istədiklərini özü də bilmir. O, heç kimə narkotik vasitə satmamışdır. Cinayət işinin materialları ilə tanış olmuş, iş materiallarında olan sms mətnləri ona təqdim olunmuş, ***-***-**-** saylı mobil nömrədən gələn sms ona ünvanlanmışdır. O, həmin şəxsdən 100 manat pul alıb aldatmış, pulunu qaytarmamışdır. Həmin şəxs də pulunun qarşılığında ondan narkotik vasitə istəmişdir. O da həmin smslərə cavab yazmamış, qeyd olunan şəxsə heç bir narkotik vasitə verməmişdir. Digər yazışmalarda ondan narkotik vasitə istəyən şəxslər hamısı narkoman xəstələrdir, onlar ehtiyac olanda bir-birilərindən narkotik vasitə istəyirlər. O, özünü yalnız narkotik vasitələrin istifadəçisi kimi təqsirli bilir. Narkotik vasitəni Emin adlı şəxsdən deyil, onun vasitəsi ilə almışdır. Narkotik vasitəni aldıqdan sonra ayın 12-i, 13-ü, 14-ü istifadə etmiş, tutulan zaman onda cəmi 3 qram heroin qalmışdır. Aləlidir, 3 uşağı var, oğlu Türkiyədə Hərbi Dəniz Akademiyasında təhsil alır, tələbədir, digər övladı İ dərəcəli əlildir, sonuncu övladı isə azyaşlıdır Məhkəmə kollegiyası iş materiallarında olan və biri digərini təsdiq etməklə uzlaşan sübutları nəzərə alaraq şikayətin dəlillərinin və Təqsirləndirilən şəxs narkotik vasitəni satmadığı, narkotik vasitənin qeyd edilən miqdarda olmadığı, satış məqsədi ilə əldə etmədiyi barədə verdiyi ifadəsinin özünü müdafiə xarakteri daşıması, törətdiyi cinayət əməlinə münasibətdə məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə olması qənaətinə gəlməklə həmin ifadələrinə tənqidi yanaşır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkilidir, polis polkovnik-leytenantı rütbəsi daşıyır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş, o, daxil olmuş məlumatın yoxlanılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması barədə İdarənin rəhbərliyinə raportla müraciət etmiş, bundan sonra əməliyyat qrupu yaradılmış və iş yoldaşı baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid2 ilə birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə, saat 16:30-da ünvan 2 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılmışdır. Özlərini Təqsirləndirilən şəxs təqdim edərək polis əməkdaşı olduqlarını bildirib narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında saxlandığını izah edib, hava, əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq onu Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına gətirildikdən sonra onun üzərinə video çəklişlə şəxsi axtarış və götürmə aparılmasına başlanılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd büküm təqdim edərək masanın üzərinə qoymuşdur. Bükümün içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, iş üçün əhəmiyyətli olmayan şəxsi əşyalar və 30 manat məbləğində pul aşkar edilmişdir. Daha sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. İş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsi əşyaları və 30 manat məbləğində pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroinin özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxs tərəfindən Nəsimi rayonunda gizlədilən yerdən istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 14 may 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynindəki qara rəngli qısa gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd bükümü çıxararaq təqdim etmiş, həmin bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, 1 (bir) ədəd alışqan, 1 (bir) ədəd açar, sağ yan cibindən 30 (otuz) manat pul və həmçinin digər qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar edilməmiş, daha sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 72 (yetmiş iki) qram olması müəyyən edilmiş, içərisində kütlə olan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzəri şübhəli şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. Protokol iki nəfər polis əməkdaşı, Təqsirləndirilən şəxs özü və vəkili tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilərək aparılmış video görüntülər elektron maqnit daşıyıcısına köçürülərək protokola əlavə edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, təhqiqatçı tərəfindən verilmiş müvafiq suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Nəsimi rayonunda gizlədilən yerdən İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxsin vasitəsi ilə istifadə etmək üçün əldə etdiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. İş materiallarında olan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən videogörüntüdən görünür ki, həmin CD diskdə 9 dəqiqəlik videogörüntü əks olunmuşdur. Təqsirləndirilən şəxs üstünə sonuncunun hüquqlarını müdafiə edən vəkil X7, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis baş leytenantı X2 Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına xidməti otaqların birində 14 may 2022-ci il tarixdə saat 17:45-də özünü təqdim edərək Azərbaycan Respublikası CPM-nin 51, 86, 246.2.1 və 246.4-cü maddələrini rəhbər tutaraq DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 iştirakı ilə şəxsi axtarış və götürmə aparılmasını, şəxsi axtarış və götürmə zamanı video görüntünün DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis polkovnik leytenantı Şahid2 tərəfindən həyata keçirilməsi qeyd edilir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 14 may 2022-ci il tarixdə, saat 16:30 dəqiqədə ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilməsi, şübhəli şəxs qismində tutularaq müdafiə hüququnun təmin edilməsi məqsədi ilə müdafiəçinin dəvət edilməsi və hüququ vəzifələrinin izah olunması, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 14 may 2022-ci il tarixli qərara əsasən üzərində şəxsi axtarış aparılması elan edilir. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPMin 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilir. Eyni zamanda izah edilir ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa qol gödəkçənin sol yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən içində siqaret dənərləri olan siqaret qutusu, 1 (bir) ədəd alışqan, 1 (bir) ədəd açar, sağ yan cibindən 30 (otuz) manat pul aşkar olunması, daha sonra heroinə bənzər kütlənin elektron tərəzidə çəkilməsi və qablaşdırma ilə birlikdə çəkisinin 72 (yetmiş iki) qram olması, həmin kütlənin qablaşdırılması, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Kərim Bağırov, baş təhqiqatçı Nəcəf Aburşu tərəfindən imzalanaraq götürülməsi, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün içində siqaret dənərləri olan siqaret qutusu, 1 (bir) ədəd alışqan, 1 (bir) ədəd açar və 30 (otuz) manat pul Təqsirləndirilən şəxs geri qaytarılması müşahidə olunur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəni Nəsimi rayonunda gizlədilən yerdən İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxsin vasitəsi ilə istifadə etmək üçün əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, 051-722-53- 27 mobil telefon nömrəsini işlətdiyini, hal-hazırda mobil telefonu nasaz olduğu üçün üzərində gəzdirmədiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq olunmadığını, başqa hardasa narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü bildirməsi müşahidə olunur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 15 may 2022-ci il tarixli 6/2785 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..» yazısı olan soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 70,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanuni ilə tədiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına ( Siyahı 1) daxildir. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1864 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3612 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin üç qram olmasını göstərsə də, həmin hal iş materialları ilə təkzib edilmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı vermiş olduğu izahatından, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilmiş ifadələrindən görünür ki, o, həmin izahat və ifadələrindən aşkar olunmuş narkotik vasitənin tərəzidə çəkildiyini və qablaşma ilə birlikdə çəkisinin 72 qram olmasını göstərmişdir. Həmin hallar şahid ifadələri ilə də təsdiq edilmişdir. Həmçinin, şəxsi axtarış və götürməyə dair protokolda, görüntülərdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinə bənzər kütlənin elektron tərəzidə çəkilməsi və qablaşdırma ilə birlikdə çəkisinin 72 (yetmiş iki) qram olması görünür. Eyni zamanda, məhkəmə-kimyəvi ekspertizasının 15 may 2022-ci il tarixli 6/2785 nömrəli rəyi ilə də üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..» yazısı olan soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 70,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması qeyd edilmişdir. Göründüyü kimi, narkotik vasitənin miqdarı ilə bağlı təqsirləndirilən şəxsin dəlilləri əsassız olmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin miqdarı külli miqdar təşkil etməklə, istehlak miqdarından dəfələrlə çox olmuşdur ki, qeyd olunan hallar da narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edən hallardan biridir. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdikdən dərhal sonra tutulmamış, sonuncunun 70 qram heroini şəxsi istifadə məqsədi ilə həmin zaman ərzində üzərində saxlamaqla daşıması inandırıcı olmamışdır. Eyni zamanda, əməliyyat məlumatı da Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Belə ki, iş materiallarında olan raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsində özünü narkotik vasitənin satışını həyata keçirmədiyi kimi təsvir etdiyi halda, iş materiallarında olan sms yazışmalarından sonuncunun özündə və hətta başqalarına da verə biləcək qədər narkotik vasitə və psixotrop maddəyə sahiblik etməsinin müəyyən edilməsi ilə təkzib olunur. Belə ki, iş materiallarında olan CD diskdə 4 ədəd «**********27.txt», «**********27,SMS.txt», «antena.xlsx», «abunechiler.xls» adlı faylların olduğu, «**********27.txt» adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəsindən xx.xx.2022-ci il saat 00.13.06-dan xx.xx.2022-ci il saat 17.08.14-dək olan müddət ərzində çıxan və daxil olan zənglərin siyahısının göstərildiyi, «**********27,SMS.txt» adlıq faylda yuxarıda qeyd olunan nömrəyə qeyd olunan tarixlərdə daxil olan və çıxan sms mətnlərinin qeydə alındığı, «antena.xlsx» adlı faylda ********** nömrəsindən ********* nömrəsi arasında çıxan və daxil olan telefon danışıqları zamanı qeydə alınan anten dairələrinin, «abunechiler.xls» adlı faylda isə sim kart nömrələrinin abunəçiləri haqqında məlumatın göstərildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 12:10:32-də ********** nömrəsindən «Cavansir iwə gedmeliyem, malim zadim yoxdu o pula mal, pati duzelt menimcun, cixim gedim, Cavanwir ayın axri məhkəməmdi, o vaxda pul duzeltmeliyem, neyniye bilersen?»; xx.xx.2022-ci il tarixdə saat 11:47:26-da həmin telefon nömrəsindən «Cavanwir gel, birbirmize duşmen keslmyek de dosdum agryram o p.., p..den ver mene cixim gedim işme, gucme o da elden cxacag gedmesem ay insan evladi.»; xx.xx.2022-ci il tarixdə saat 22:09:04-də ********** mobil telefon nömrəsindən «Cavanşir emi, zemlakdı olem, rasdvordan bir şey yoxdu, olem olem, emi titredirəm», həmin gün saat 22:10:37-də «Emi zemlaktı olurem uşudurem rastvorda olar», həmin gün saat 23:09:59-da «Cavan emi bir xever yoxdu zemlakdı»; xx.xx.2022-ci il tarixdə saat 23:51-də «Emi duzelmirse umud olmuyum»; xx.xx.2022-ci il tarixdə saat 06:53:58-da «Nese qelmedi» məzmunlu SMS mətnləri daxil olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** nömrəyə qeyd edilmiş nömrələrdən göndərilmiş SMS-lər daxil olarkən anten əhatə dairələrinin Bakı şəhəri, 2-ci Alatava qəsəbəsi ünvanı göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, baxış, şəxsi axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, sms yazışmaları, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin miqdarını, ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, sms mətnlərində olan yazışmaları və iş üzrə toplanmış digər sübutları nəzərə alaraq hesab edir ki, onun üzərindən aşkar edilmiş narkotik vasitə məhz satış məqsədi ilə əldə edilmişdir. Göründüyü kimi məhkum edilmiş şəxsin üzərində aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə edərək saxlamasına dair irəli sürdüyü dəlillər yuxarıda sadalanan sübutlarla tam təkzib olunur və bununla da ona verilmiş ittihamda göstərilən xüsusatlar biri digəri ilə uzalaşan sübutlarla təsdiq olunmaqla məhkəmədə heç bir şübhə doğurmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Təqsirləndirilən şəxs sonradan fərqli ifadə verməsini ilkin ifadəsini verərkən təziqlərə məruz qalması, aldadılması və ifadəsinin düzgün yazılmaması ilə əsaslandırmış, həmin dəlillər inandırıcı olmamış, iş materialları ilə təkzib olunmuşdur. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri inandırıcı, işin hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Təqsirləndirilən şəxs əvvəl verdiyi ifadələrini psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirmiş, lakin, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmiş, bu məsələ təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırmamışlar. Təqsirləndirilən şəxs istintaq zamanı izahat və ifadələrinin sonunda fiziki və ya psixi zorakılığın olmamasını göstərmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən belə sonuncu özünü təqsirli bilmiş, heç bir fiziki və təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində də nə tutulan zaman polis bölməsində, nə də istintaqın gedişində onu döyən və təzyiq göstərən olmadığını göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməklə ifadəsində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hal kimi Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, evli olmaqla himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatsa da İ dərəcəli əlil övladının olmasını, cəzasını ağırlaşdıran hal kimi təhlükəli residivin olmasını nəzərə alaraq CM-nin 65.2-ci maddəsinin tələblərinə görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş minumum həddə ədalətli olmaqla məhkum edilmiş şəxsin şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun cəza təyin etmişdir və məhkəmə baxışı zamanı onun cəzasının yüngülləşdirilməsi üçün əlavə hər hansı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair 1(101)-1570/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair 1(101)-1570/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs M.M.Musayevin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-127/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-127/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver