Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1280/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2, X1 iştirakları ilə, 26 mart 1994-cü ildə Türkiyə Respublikasının Şanlıurfa şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, ali təhsilli, evli, Türkiyə Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Türkiyə Respublikası, İzmir şəhəri, Aliağa rayonu, Siteler məhəlləsi, Şəhid Minbaşı Yavuz Başayar küçəsi, bina 24/1, mənzil 55 ünvanında qeydiyyatda olan və yaşayış evində müvəqqəti yaşayan və barəsində «başqa yeri getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmünə əsasən (sədrlik edən hakim Z.Tağıyev) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayətin predmetinin dəyərinin (39 000 ABŞ dolları, yəni 66300 manatın) 60 faizi miqdarında olmaqla 39 780 (otuz doqquz min yeddi yüz səksən) manat miqdarında cərimə cəzası təyin edilmiş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, habelə hökm qanuni qüvvəyə mindikdən, cərimə və ekspertiza xərcini ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması hökm edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özünə məxsus üzərində “Young Horse” yazısı olan göy rəngli çamadanın içərisindəki şəxsi geyim əşyalarının arasında yerləşdirib saxladığı xeyli miqdarda, 66300 Azərbaycan manatı dəyərində olan 39000 ABŞ dollarını 18 noyabr 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisində yerləşən Heydər Əliyev adına X6 PC 1791 saylı Bakı-İzmir aviareysi ilə Türkiyə Respublikasına gedərkən Terminal-1 gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin sanksiyası hüdudlarında minimum həddə cəzacinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müdafiə tərəfi olaraq qəti qənaətimdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs ittiham hökmü formal olaraq düzgün çıxarılsa da, ona təyin edilmiş cəza tam qanuni, tam əsaslı və tam ədalətli hesab edilə bilməz. Çünki, birinci instansiya məhkəməsi, cinayət işi üzrə mövcud olan bütün sübutları diqqətlə qiymətləndirilmədən sırf hüquqi fərziyəni tətbiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Azərbaycan Respublikasının qanunlarını bilmədiyini göstərmişdir. Onun ifadəsi inandırıcı olmaqla yanaşı, işin faktiki halları ilə də, tam üst-üstə düşür. Belə qənaətə gəlirəm ki, Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdir. Bu səbəbdan də, onun əməli cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunmalıdır. Başqa sözlə, hesab edirəm ki, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Bununla yanaşı, qeyd etməyi zəruri hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Hökmdən dövlət ittihamçısı apellasiya protesti verməmişdir. Apellyasiya şikayətində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin tövsifi mübahisələndirilmir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin sanksiyası hüdudlarında minimum həddə cəza-cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə cəzasının təyin edilməsini, habelə onun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasının ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X5 apellyasiya şikayətinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin tövsifi mübahisləndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normaları düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını (ilk dəfə az ağır cinayət törətməsini), cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül növdə cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə, bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla, malların və digər əşyaların xeyli miqdarda keçirilməsi cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza növü - cərimə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş cərimə cəzasının yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında cəzanın məqsədlərini təmin edən cəza təyin edilmişdir, təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: İlqar Murquzov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №1(103)-1280/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1280/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver