Məhkəmə qərarları › İş №1(103)-132/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-132/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-132/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi5, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Fizuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, orta təhsilli, ailəli, Səbail RİH-nin 8 saylı MİS də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 3/6, mənzil 39-da yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri və xx.xx.1975-ci il tarixdə Fizuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 11, mənzil 87-də yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək ona 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində ünvan 1 ünvanda Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə 19 qram çəkidə qəhvəyi rəngli toz şəklində külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə, 1,345 qram çəkidə ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 575 manata əldə edib üzərində saxlamaqla daşımış və həmin gün saat 21:30 radələrində qeyd edilən 19 qram çəkidə qəhvəyi rəngli toz şəklində külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroindən təmiz çəkisi 14,589 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və 1,345 qram çəkidə ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi ev 3/6 ünvanda tanışı Şahid1 qanunsuz olaraq 475 manata satmışdır. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, bir ədəd bağlamada təmiz çəkisi 1285 qram qəhvəyi rəngli toz şəkilli külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İİİ siyahısında daxil edilmiş üzərində “Fenazepam” 0,001 qr yazısı olan 4 ədəd konvalyutda cəmi 29 ədəd və üzərində “Oxazepam” 10 mq yazısı olan 1 ədəd konvalyutda 9 ədəd həbləri əldə edib yaşadığı ünvan 2 ünvanında saxlamış və xx.xx.2020-ci il tarixdə, saat 18:00-da Bakı şəhəri Səbail rayon Polis idarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli axtarış aparılması qərarına əsasən keçirilən axtarış zamanı Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 3/6, 39 saylı mənzilin yataq otağındakı şkafdan bir ədəd bağlamada təmiz çəkisi 1285 qram qəhvəyi rəngli toz şəkilli külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və mənzildəki qonaq otağındakı dolabdan üzərində Tenazepam” 0,001 qr yazısı olan 4 ədəd konvalyutda cəmi 29 ədəd və üzərində “Oxazepam” 10 mq yazısı olan 1 ədəd konvalyutda 9 ədəd həb aşkar edilib götürülmüşdür. Bundan əlavə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Şamaxinka» adlanan ərazidə bir ədəd bükümdə, 19 qram çəkidə qəhvəyi rəngli toz şəklində külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə, 1,345 qram çəkidə ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlan-mış psixotrop maddə metamfetamini əldə edərək, üzərində saxlamaqla daşımış və həmin bir ədəd bükümdə olan 19 qram çəkidə qəhvəyi rəngli toz şəklində külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə 1,345 qram çəkidə ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xx.xx.2020-ci il tarixdə saat 21 radələrində ünvan 1 ünvanda tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq cəmi 575 manata satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən, istintaqa məlum olmayan mənbədən və İstintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Şamaxinka» adlanan ərazidə, bir ədəd bükümdə təmiz çəkisi 85,217 qram qəhvəyi rəngli toz şəkilli külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 50,108 qram ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində, həmin narkotik vasitə heroini və bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmaq məqsədi ilə ünvan 1 ünvanın qarşısına gətirdiyi zaman Bakı şəhəri Səbail rayon Polis idarəsinin X2 və 41-ci Polis bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbiri zamanı həmin ünvanın yaxınlığında saxlanılıb, Bakı şəhəri, Səbail rayon Polis idarəsinin ünvan 5 ünvanında yerləşən inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə apanlan zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən həmin bir ədəd bükümdə təmiz çəkisi 85,217 qram qəhvəyi rəngli toz şəkilli külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 50,108 qram ağ rəngli kristaldan ibarət küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, işə baxan məhkəmə cəza təyin edərkən ailə vəziyyətini və ilk məhkumluğu olmasını nəzərə almamışdır. Apellyasiya icraatı zamanı məhkum olunmuş şəxs və müdafiəçisi apellyasiya şikayətini dəqiqləşdirərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 bəraət verilməsini və birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini xahiş etmişdir. Həmin hökmdən narazı qalan məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə Təqsirləndirilən şəxs1 mənzilindən narkotik vasitənin çıxması ilə bağlı X4 və X3 şahid ifadələri ilə digər şahid ifadələrin ziddiyyət təşkil etməsini, Təqsirləndirilən şəxs1 ələyhinə ifadə vermiş Şahid1 sonrakı ifadələrini, eləcədə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 axtarış keçirilən zaman evdə olmaması və onun ilkin ifadəsinə məcburi şəkildə imza edilməsini nəzərə almamışdır. Bundan əlavə hal şahidi Şahid2 istintaq zamanı şahidi olduğu hadisələrin məhkəmə icraatı zamanı tam əks şəkildə göstərməsini, Təqsirləndirilən şəxs1 saxlanılma saatının cinayət işi materialları ilə üst-üstə düşməməsi, digər şahid ifadələri arasındakı ziddiyyətli məqamlar işə baxan məhkəmə tərəfindən araşdırılmamış və hökmdə bu hallar əsaslandırılmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya icraatı məhkum olunmuş şəxslərin müdafiəçiləri tərəfindən verilmiş vəsatət təmin edilərək məhkəmə iclası qismən məhkəmə istintaqı aparılmaqla keçirilmişdir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittihamda təqsirli bilməyərək birinci instansiya məhkəməsi zamanı verdiyi ifadəsinin təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittihamda təqsirli bilməyərək birinci instansiya məhkəməsi zamanı verdiyi ifadəsinin təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X6 apellyasiya çıxışında bildirmişdir ki, birinci instansiya məhkəməsinin hökmünü qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi6 çıxışında bildirmişdir ki, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 qarşı ittiham edilmiş cinayət əməli ilə bağlı hər hansı araşdırma aparmamışdır. Nəzərə alınmalıdır ki, iş materiallarındakı sübutların hamısı ziddiyyətli olmuş, ekspert rəyində Tofiq Yaqublunun narkomaniyadan əziyyət çəkmədiyi əks olunmuşdur. Ceyhun Abdullazadənin ifadəsində Təqsirləndirilən şəxs1 narkotik vasitəni Təqsirləndirilən şəxs2 almasını qeyd edilməmişdir. Bundan başqa, Tofiq Yaqublunun tutulma saatı və yeri barədə ziddiyyətlər araşdırılmamış, narkotik vasitələrin alındığı qiymətdən ucuz satılmasının hansı dərəcə mümkün olmasına qiymət verilməmişdir. Məhkəmə istintaqı zamanı əldə edilmiş hər üç ekspert rəyində narkotik vasitələrin eyni tərkibli olmasını qeyd edilsə də, həmin narkotik vasitələrdəki fərq müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 çıxışında bildirmişdir ki, çıxışının məzmunu apellyasiya icraatı zamanı verdikləri vəsatətlərdə tam öz əksini tapmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs1 tərəfindən ittiham edilmiş cinayətin törədilməməsinin, narkotik vasitələrin ona məxsus olmamasını, polis əməkdaşları tərəfindən sonuncuya qarşı qanunsuz hərəkətlərin edilməsini və şahid ifadələri arasındakı ziddiyyətin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs2 son sözündə ittihamda özünü təqsirli hesab etmədiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs1 son sözündə ittihamda özünü təqsirli hesab etmədiyini bildirirək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində və sual-cavab əsasında bildirmişdir ki, hadisə baş verən gün saat 16-17 radələrində polis əməkdaşları yaşadıqları mənzilə gəlmişdir. Evə heç kimin olmaması səbəbi ilə həmin vaxtı qapını açmamış və bu barədə qaynanasına xəbər vermişdir. Qapını açmadığımı görən polis əməkdaşları çıxıb getsələr də, təxminin iki saat sonra onlar yenidən gələrək evə girməyə cəhd etmişlər. Daha sonra isə o, polis əməkdaşlarını mənzilə buraxmışdır. Bundan əlavə qeyd etmişdir ki, həmin polis əməkdaşlarından biri Çinar adlı şəxs idi. Qeyd etdiyi şəxs həyat yoldaşına təzyiq göstərdiyinin şahidi olmuşdur. Axtarış zamanı Təqsirləndirilən şəxs1 evdə olmamış və həmin an o artıq tutulmuşdur. Polis əməkdaşları axtarış zamanı mətbəx və yardımçı otaqları axtarmayaraq ancaq qonaq otağındakı çəkməcə və yataq otağına baxmışdırlar. Axtarış polis əməkdaşının tələbi ilə onun tərəfindən icra edilmişdir. Qeyd edilmiş narkotik vasitələr həmin gün mənzildə olmamış və onlar polis əməkdaşları tərəfindən ora qoyulmuşdur. Tapılmış narkotik vasitələri həmin an orda açılmadan başqa yerə aparılmışdır. Apellyasiya icraatı zamanı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində və sual-cavab əsasında hadisə baş verən gün saat 17 radələrində gəlini ona zəng edərək Təqsirləndirilən şəxs1 tutulduğunu bildirdiyini, həmin an yollardakı tıxac səbəbindən iki saat sonra evə çatdığını qeyd etmişdir. Bundan əlavə o qeyd etmişdir ki, içəri girən zaman polis əməkdaşlarından narkotik vasitə olan bağlamanın açmasını tələb etsə də onun bu tələbi yerinə yetirilməmişdir. Həmin bağlamanı indiyədək evdə görməmiş və həmin bağlama onlara məxsus olmamışdır. Apellyasiya icraatı zamanı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən ekspert X1 Abdullayev və Təqsirləndirilən şəxs1 olan heroinin eyni tərkibli olmasını, təqdim edilən narkotik vasitənin möhür və qablaşdırmanın üzərindəki imzanın ona məxsus olduğunu, narkotik vasitənin hal şahidlərinin iştirakı olmadan qablaşdırıldığını və onun qablaşdırmanın tamlığını yoxlamağa səlahiyyətinin olmamasını bildirdi. Bundan başqa o, polis orqanının ekspertiza tərəfindən möhür vurulmuş narkotik vasitə qablaşdırılmasını açmağa icazəsi olmadığını, hal şahidinin imzasının narkotik vasitə təqdim edilən zaman paketin üzərində olmasını və qablaşdırmanın bu halda polis orqanına təqdim etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmaqla apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, ekspert rəylərini, şahid ifadələrini və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə özünün və müdafiəçisinin apellyasiya icraatı zamanı məhkəmə çıxışlarında göstərdikləri dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olmalarına dair alınmış məlumat əsasında onların yaxalanması üçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinin NMB-nin rəisi Şahid6 rəhbərliyi və əməliyyat müvəkkili Şahid7, Şahid9 və onun iştirakı ilə birgə əməliyyat tədbirinin keçirilməsi nəticəsində xx.xx.2020-ci il tarixdə saat 23 radələrində, ünvan 6 ünvanda mövqe tutmuşlar, müəyyən vaxtdan sonra həmin ünvanda əməliyyat qrupunun üzvlərinə əvvəlcədən zahiri görünüşü məlum olan Təqsirləndirilən şəxs2 gəlməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılaraq Bakı şəhəri Səbail rayon Polis idarəsnin inzibati binasına gətirilmiş və aidiyyəti üzrə araşdırma aparılmasına göstəriş verilməsi üçün Bakı şəhəri Səbail rayon Polis idarəsinin rəisinə Şahid6 raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs2 şəxsiyyəti müəyyən edildikdən sonra üzərinə şəxsi axtarış və baxış keçirilmiş, şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd üzərində “Zəfəran hospital” sözləri yazılmış kiçik həcmli polietilen torbanı çıxarıb təqdim etmiş, həmin torbanın içərisində bir ədəd çay qutusu aşkar edilmiş, həmin açıq vəziyyətdə olan qutunun qapağı açıldıqda, içərisində iki ədəd biri qəhvəyi rəngli toz şəklində, digəri ağ kristal şəklində bükümlər aşkar edilib çıxarılaraq masa üzərinə qoyulmuşdur. Sonra Təqsirləndirilən şəxs2 əynindəki gödəkçənin digər sağ cibində bir ədəd qara rəngli işlənmiş “HTC” markalı və bir ədəd işlənmiş “Nokia” markalı mobil telefon aparatlarını, bir ədəd “Prima” markalı bütöv siqaret qutusu, üç ədəd həmin siqaretin dənələri, bir ədəd kibrit qutusu təqdim etmiş, sorğular zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd bükümdəki qəhvəyi rəngli toz şəklindəki maddənin narkotik vasitə olan heroin olmasını bildirmiş, digər bir ədəd bükümdəki kristal şəkildə olan maddənin şüşə adlanan psixotrop maddə metamfetamin olmasını, həmin maddələri Bakı şəhəri, “Şamaxinka" adlanan ərazidən tanımadığı şəxsdən əldə etdiyini və həmin əldə etdiyi maddəni Bakı şəhəri, Səbail rayonu, Rüstəmov küçəsinə tanışı “İlkin” adlı şəxsə satmaq məqsədi ilə gətirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 446 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətinin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Birinci instansiya məhkəməsi istintaqı zamanı tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2020-ci il tarixli 4/526 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “KT’kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCOT markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı montaj əlamətləri müəyyən olunmadı. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə əməli həmin Məcəllənin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanılmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: təqsirləndirilən şəxsim ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində iş materialları ilə, eləcə də hazırda məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilə bilməz. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə özünün və müdafiəçisnin verdiyi apellyasiya şikayətlərinin dəlillərini, eləcə də bu barədə onun və müdafiəçisinin məhkəmə çıxışlarında göstərdiklərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 11-12 radələrində, Səbail rayon polis idarəsinin yanından keçərkən, bir nəfər polis əməkdaşı yaxınlaşıb onu polis idarəsinə dəvət edərək, orada bir nəfər şəxsin könüllü təqdim etdiyi maddəyə baxış keçirərək götürülməsi zamanı hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. Razılaşıb polis əməkdaşı ilə birlikdə idarəyə, təhqiqatçının otağına gəlmiş, oraya başqa bir nəfər də gəlmişdir. Polis əməkdaşı orada Ceyhun adlı şəxsə könüllü təqdim etmək istədiyi maddəni təqdim etməsini təklif etmişdir. Bu zaman Ceyhun şalvarın yan cibindən bir ədəd siqaretin qutusunu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuş, həmin qutunun içərisindən iki ədəd bükümü çıxarıb könüllü təqdim etmiş, təhqiqatçı tərəfindən həmin bükümlər açıldıqda, içərisində narkotik maddələr olması aşkar edilmişdir. Ceyhun təqdim etdiyi bükümlərin birində “heroin”, digər bükümdəki “metamfetamin”, olduğunu və həmin maddələri bir gün əvvəl, İlkin adlı tanışından aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı bükümləri qablaşdırıb zərfə qoyub möhürləmişdir. Məhkəmə kollegiyası ilk öncə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisinin apellyasiya şikayətinin Təqsirləndirilən şəxs1 mənzilində narkotik vasitənin polis əməkdaşları tərəfindən qərəzli şəkildə ora qoyulması barədə şikayətin dəlilləri və şahidlər Şahid12 və Şahid11 ifadələrinə münasibətdə qeyd edir ki, iş materiallarında olan mənzildə axtarış barədə görüntüdə mənzildə axtarışın məhz Şahid12 tərəfindən şəxsən aparılması və aşkar edilmiş narkotik vasitələrin polis əməkdaşları tərəfindən ora qoyulmaması öz təsdiqini tapmışdır. Kollegiya həmçinin qeyd edir ki, şahidlər Şahid12 və Şahid11 məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 ailə üzvləridir. Kollegiya bu ifadələri qeyri səmimi qəbul edərək və həmin ifadələri subyektiv mülahizələr əsasında, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınma, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Belə ki, qeyd edilmiş ifadələrlə iş materiallarında olan və digər şahid ifadələri ziddiyyət təşkil edir və həmin ifadələrin həqiqiliyini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Bundan başqa məhkəmə Şahid1 məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 xeyrinə sonrakı ifadələrinə münasibətdə bildirir ki, Şahid1 ibtidai istintaqda verilmiş ifadəsində təqdim etdiyi narkotik vasitələrin İlkin adlı tanışından almasını bildirmiş, bu hal şahid qismində dindirilmiş Şahid2 ifadəsində də öz əksinin tapmışdır. Məhkəmə kollegiyası Şahid1 tərəfindən sonradan Təqsirləndirilən şəxs1 leyhinə ifadəsi barədə apellyasiya şikayətinin dəlillərini subyektiv mülahizə və məhkum olunmuş şəxsin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirirək həmin ifadəni sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya icraatı zamanı daxil olmuş xx.xx.2022-ci il tarixli ekspertiza rəyində qeyd edilmişdir ki, “tədqiqata təqdim edilmiş bir ədəd kağız bağlamanın səthində bağlamanın tamlığının pozulması əlamətləri və onun sonradan açılmağına xarakterik olan iz və zədələr yoxdur”. Bundan başqa xx.xx.2022-ci il tarixli ekspertiza rəyində “1) Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd paketdəki maddələr narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə aiddirlər. 2) Tədqiqata təqdim edilmiş narkotik vasitə-heroinlərin alınması üçün istifadə edilən xammal ümumi qrup mənsubiyyətinə malikdir. 3) Tədqiqata təqdim edilmiş Şahid1 tərəfindən könüllü təqdim edilən narkotik vasitə-heroinlə, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilən narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər.4) Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilən narkotik vasitə heroinin təmiz çəkisi 1284,8 qram, Şahid1 tərəfindən könüllü təqdim edilən narkotik vasitə heroinin təmiz çəkisi 14,469 qram, psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,275 qram və Təqsirləndirilən şəxs2 üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi 85,017 qram, psixotrop maddə metamfetaminin təmiz çəkisi 50,008 qramdır. 5) Qərarda “Eyni növlü narkotik vasitələrinin emal texnologiyası, saxlanma şəraiti və s. əlamətlərinə ümumi qrup mənsubiyyəti hansıdır” qoyulmuş sual fiziki-kimyəvi ekspertizalar şöbəsinin həll etdiyi məsələlərə aid olmadığı üçün cavablandırılmadı. 6) Tədqiqata təqdim edilmiş Şahid1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 açkar edilərək götürülmüş heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 7) Təqsirləndirilən şəxs1 aşkar edilmiş heroinin kimyəvi tərkibi diasetilmorfin, monoasatilmiorfin, morfin, morfinasetat, codein, papaverin, noskapin və cofeindən ibarət olub, Şahid1 götürülmüş heroinin kimyəvi tərkibi ilə eynilik təşkil edir. 8) X13 və Şahid1 aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər.” qeyd edilmişdir. Kollegiya qeyd edir ki, tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə araşdırılmış. esübutlarla düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmişdir və həmin hal cinayət işinin materialları ilə hazırda işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha kifayət qədər öz təsdiqini tapdı. Məhkəmə kollegiyası şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində iş materialları ilə, eləcə də hazırda məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilə bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə isə təyin edilmiş cəza məsələsini müzakirə edərək hesab edir ki, mübahisələndirilən hökmlə ona təyin edilmiş cəza qismən yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır və cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın qanuniliyini və əsaslığını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən cəzasını yüngülləşdirən halları müəyyən etmiş və ağırlaşdıran halların olmamasını göstərsə də və təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası hüdudlarından kənara çıxmasa da, faktiki olaraq ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3cü maddələri ilə məhkum olunmasına dair xx.xx.2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilməlidir. Həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilə endirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığna və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 30 (otuz) iş saat hüquqi xidmətə görə Müdafiəçi6 180 (yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398 və 399-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair xx.xx.2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilə endirilsin. Cəzaçəkmə müddətinin əvvəlli xx.xx.2020-ci il tarixdən hesablanması nəzərə alınsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 30 (otuz) iş saat hüquqi xidmətə Müdafiəçi6 180 (yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar