Məhkəmə qərarları › İş №1(103)-134/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-134/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-134/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Müdafiəçi3, Məhkum edilmiş Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, x x xxxx 1981-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev 3/3-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 1(011)-372/2021 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 1(011)- 372/2021 saylı hökmünə əsasən (hakim B.Məmmədov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Təqsirləndirilən şəxs 65000,00 ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(010)-528/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 3(011)-375/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə həbs tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona 19 aprel 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 1(011)- 372/2021 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakim X1, Hökmün 5-ci səhifəsinin 7-ci abzasında qeyd etmişdir: məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Bakı şəhərinin müxtəlif yerlərində evlərin tikinti və təmiri işləri ilə məşğul olaraq aylıq orta hesabla 500-600 manat qazanmışdır. Lakin buna baxmayaraq icra sənədinin icrası istiqamətində heç bir hərəkət etməmişdir. Hesab edirəm ki, hakim səhv nəticəyə gəlmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin rəisi olan cənab Vüqar Qasımova 06 fevral 2020-ci il tarixdə ərizə yazaraq hesab nömrəsi və tələbkarın bank hesabını istədim ki, hissə-hissə tələbkara ödəniş edə bilim. Lakin, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 mənə öz hesab nömrələrini verməyərək bildirmişdir ki, Zərərçəkmiş şəxs 11 fevral 2020-ci il tarixdə rəsmi ərizə ilə icra şöbəsinə müraciət etmiş və ərizəsinin 6-cı abzasında qeyd etmişdir ki, borcun ona hissə-hissə ödənilməsinə qətiyyən razı deyildir. İşə baxan hakim X1, Hökmün 5-ci səhifəsinin 7-ci abzasında qeyd etmişdir: məhkəmə iclasında Təqsirləndirilən şəxs cavabından aydın olur ki, sözügedən mənzilin başqasına satmaq istiqamətində də heç bir addım atmamışdır. Hesab edirəm ki, hakim səhv nəticəyə gəlmişdir. Belə ki, mən, Ali Məhkəmənin 08 may 2019-cu il tarixli, 2(102)-3162/2019 saylı qərarına istinad edərək Zərərçəkmiş şəxs qızma mənə məxsus evdən könüllü çıxmasını təklif etdim ki, həmin evi satıb ona olan borcumu qaytara bilim. Lakin, Zərərçəkmiş şəxs mənə məxsus evdən könüllü çıxmağa razılaşmamışdır. İşə baxan hakim X1, Hökmün 5-ci səhifəsinin 7-ci abzasında qeyd etmişdir: -Bir sözlə Təqsirləndirilən şəxs bütün imkanlarından istifadə etməyərək qərəzli olduğunu bir daha göstərmişdir. Halbuki, 2018-ci il tarixdən bu günə kimi kifayət qədər ödəniş etmək üçün faktiki imkan Təqsirləndirilən şəxs olmuşdur. Hesab edirəm ki, hakim səhv nəticəyə gəlmişdir. Belə ki, 22.07.2019-cü il tarixdən mən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin - Suraxanı Rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyata alınmışam, hazırki vaxta kimi mənə müvafiq iş təklif olunmamışdır. Hökmdən Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə, yəni 3 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs həm mülki işimizin məhkəmələrdə baxıldığı zaman, həm də icra mərhələsində dəfələrlə və qətiyyətlə mənə heç bir ödəniş etməyəcəyini və cəzasız qalacağını bildirmiş və hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 15 oktyabr 2021 -ci il tarixli hökmü ilə də belə yüngül cəza alaraq o, öz istəyinə nail ola bilmişdir. Qeyd etmək istərdim ki, mən Zərərçəkmiş şəxs xx.xx.1957-ci ildə anadan olmuşam. Hazırda ağır formalı şəkər xəstəsi olmaqla, 65 yaşımın içərisindəyəm. Təqsirləndirilən şəxs mənə qarşı törətmiş olduğu cinayət əməli nəticəsində bu ahıl yaşımda mən evsiz-eşiksiz, küçələrdə yaşamaq məcburiyyəti ilə üzləşmişəm. Sənədli ev satacağı adı altında məni aldadaraq 65000 ABŞ dolları məbləğində pul vəsaitimi ələ keçirib , pulumu geri qaytarmaqdan da məharətlə yayınmağı bacaran Təqsirləndirilən şəxs fərdi yaşayış evlərini tikib-satmaqdan yaxşı gəlir-qazanc əldə etməsinə, hazırki iş də daxil olmaqla əvvəlki mülki iş üzrə də bütün məhkəmə instansiyalarında ödəniş edib, vəkilin xidmətindən istifadə etməsinə, həmçinin, icra məmurunun otağında mənə olan 65000 ABŞ dollarının əvəzində cəmi 17500 manat verməyə ( o şərtlə ki, ona 65000 ABŞ dollarının tam olaraq ödənilməsi barədə notariat qaydasında təsdiqlənmiş qəbz verim) imkanının olduğuna baxmayaraq hazırki iş üzrə məhkəmə qanunsuz olaraq işin bütün bu kimi hallarına qəti olaraq heç bir lazımı qiymət verməmiş və Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yalnız hazırki iş üzrə cinayət məsuliyyətindən asanlıqla yaxa qurtarmaq məqsədilə Təqsirləndirilən şəxs son vaxtlar iş axtaran kimi qeydiyyata düşməsi, vəziyyətini yüngülləşdirmək üçün ödəniş qəbzinin işə əlavə edilməsi xatirinə hansısa hesaba adıma cəmi 500 manat məbləğində pul vəsaitinin ödəməsi bir daha onun qəsdən, mənə olan borcunu qaytarmaq niyyətinin olmamasına, həmçinin, qərəzli olaraq qanuni qüvvəyə minmiş məhkəmə aktının tələbini icra etməməsinə yönələn, ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hərəkətdən başqa bir şey deyildir. Hökmdən dövlət ittihamçısı apellasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını, zərərçəkmişin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs apellyasiya şikayətindən imtina etmədiyini, lakin Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X4 apellyasiya şikayətlərinin əsassız olduğundan təmin edilməməsini, lakin bununla belə məhkumun barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirskçılarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 1(011)-372/2021 saylı hökmü dəyişdirilməli, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs oğlu həmin hökmlə ona təyin edilmiş cəzasının 1 il hissəsindən azad olunmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini qeyd edərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində evlərin tikinti və təmiri işləri ilə məşğul olaraq aylıq gəliri orta hesabla 600 manat müqabilində təşkil edir. 2014-cü ilin yay aylarında pula ehtiyacı olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində ailəsi ilə yaşamaq məqsədi ilə inşa etdiyi bir mərtəbəli üç otaqdan ibarət olan fərdi yaşayış evini satmaq qərarına gəlmişdir. Müştəri kimi Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq evə baxmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs qeyd edilən ünvanda özü üçün yaşamaq məqsədi ilə inşa etdiyi bir mərtəbəli üç otaqdan ibarət evə gəlib baxaraq evin qiyməti ilə maraqlanmışdır. O, həmin vaxtı Zərərçəkmiş şəxs qeyd edilən evin satış qiymətinin 68000,00 ABŞ dollarına olduğunu bildirəndən sonra sonuncu həmin evin çıxarışının olub-olmaması ilə maraqlanmış, o isə evin bütün tikinti normalarına uyğun inşa edildiyi bildirərək tez bir zamanda Dövlət Reyestr Xidmətindən çıxarış alıb verəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona ilkin olaraq həmin məbləğdən 65000,00 ABŞ dolları məbləğində pulu vermiş və o, qeyd edilən məbləği almağı barədə yazılı qəbz yazaraq sonuncuya vermişdir. Aralarında olan razılaşmaya əsasən yerdə qalan 3000,00 ABŞ dolları məbləğində pulu sənədləşmə işləri aparmaqdan ötrü Zərərçəkmiş şəxs özündə saxlamışdır. O, qeyd edilən 65000,00 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs alandan sonra, sonuncu ailə üzvləri ilə birlikdə qeyd edilən ünvana köçərək yaşamağa başlamışlar. Həmin vaxtdan bir müddət keçəndən sonra Zərərçəkmiş şəxs onun yaşadığı ünvana gələrək aldığı evə dair heç bir sənədləşmə aparılmadığı üçün ondan evin sənədləşdirilməsini tələb etməyə başlamış, o isə Zərərçəkmiş şəxs bildirmişdir ki, yaxın müddət ərzində Dövlət Reyestr Xidmətinə müraciət edecək və evə dair sənədləri sonuncuya təqdim edəcək. Evin sənədləşməsi üçün müvafiq qurumlara müraciət etsə də, müsbət nəticə əldə edə bilmədiyi üçün Zərərçəkmiş şəxs onun barəsində aidiyyəti üzrə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən ondan 65000,00 ABŞ dolları məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 28 avqust 2018-ci il tarixli, 2(010)-528/2018 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmiş və orada icra məmuru tərəfindən müvafiq icra hərəkətlərinin aparılandan sonra məhkəmə qətnaməsini icra etmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs tənbeh növü təyin edilmişdir.Hazırda borc edərək 500 manat ödəniş etmişdir. Daha sonra heç bir yerdə işləmədiyi və maddi imkanının pis olduğu üçün borcunu ödəyə bilmədiyini, məhkəmə qətnaməsinin icrasından qərəzli yayınmadığını nəzərəalaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, əvvələr Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, Ağ şəhər adlanan ərazidə ailə üzvləri ilə birlikdə yaşamış və 2014-cü il tarixdə yaşadıqları ev plana düşdüyü üçün başqa bir yerdə ev almaq qərarına gəlmişdir. Bununla əlaqədar olaraq Bakı şəhərinin müxtəlif yerlərində yerləşən ev alqı-satqı məntəqələrinə gedərək münasib qiymətə satılan evlərlə maraqlanmağa başlamışdır. Həmin ərəfələrdə ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş və sonuncu Bakı şəhərinin müxtəlif yerlərində yaxşı vəziyyətdə olan evlərin olduğunu ona bildirmişdir. O, evlərlə maraqlanan zaman Təqsirləndirilən şəxs özünə məxsus olan və özü inşa etdiyi bir mərtəbəli üç otaqdan ibarət fərdi yaşayiş evinin olduğunu və həmin evi satmaq istədiyini bildirəndən sonra, o, evin qiyməti ilə maraqlanmış, Təqsirləndirilən şəxs isə həmin evi 68000,00 ABŞ dollarına satacağını ona bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin evin çıxarışının olubolmaması ilə maraqlanmış, sonuncu isə ona bildirmişdir ki, ev əsaslı olmaqla yanaşı bütün tikinti normalarına uyğun olaraq inşa edildiyi üçün ev və evin yerləşdiyi torpaq sahəsi də müvafiq icra hakimiyyətinin sərəncamı əsasında sənədləşdirilərək ona veriləcək. Bundan əlavə Təqsirləndirilən şəxs onun tərəfindən ev alanacağı təqdirdə, tez bir zamanda bütün lazımı sənədləri toplayaraq Dövlət Reyster Xidmətinə təqdim edərək mülkiyyət huququna dair çıxarış alandan sonra alqı-satqı muqaviləsi bağlayacağını bildirmişdir. 2014-cü ilin oktyabr ayında o, Təqsirləndirilən şəxs ilə bilikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən evə baxmış və ev xoşuna gəldiyi üçün ilkin olaraq həmin məbləğdən 65000,00 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs vermiş və sonuncu qeyd edilən məbləği ondan alması barədə qəbz yazaraq ona vermişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan razılaşmaya əsasən yerdə qalan 3000,00 ABŞ dolları məbləğində pulu sənədlər tam hazır olandan sonra alqı-satqı müqaviləsi bağlandığı zaman sonuncuya veriləçəkmiş. Bundan sonra, o, ailə üzvləri ilə birlikdə qeyd edilən ünvana köçərək yaşamağa başlamışdır. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs evə dair heç bir sənədləşmə aparmadığı üçün o, sonuncudan evin sənədləşdirməsini tələb etmişdir. Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək evin sənədlərinin Dövlet Reyestri Xidmətində olduğu və yaxın müddət ərzində hazır olacağını ona bildirmişdir. Təqsirləndirilən şəxs onu aldatdığını hiss edərək ona verdiyi məbləği tələb etməyə başlamış, sonuncu isə onun verdiyi pula başqa bir yerdə ev tikdirdiyini və əlində pulun olmadığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs onu aldadaraq evi satlığa qoyduğunu və ev satılandan sonra ondan aldığı məbləği qaytaracağına söz vermişdir. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs onu həqiqətən də aldatdığını hiss edərək məcburiyyət qarşısında qalaraq sonuncunun barəsində aidiyyəti üzrə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 65000,00 ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsinə dair 28 avqust 2018-ci il tarixli, 2(010)528/2018 saylı qətnamə çıxmışdır. Məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunmasından ötrü aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmiş və orada icra məmuru tərəfindən müvafiq icra hərəkətlərinin aparılmasına baxmayaraq Təqsirləndirilən şəxs ona olan borcunu ödəməkdən qərəzli olaraq yayınmağa başlamışdır. Bununla əlaqədar olaraq icra məmuru tərəfindən Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılmasından ötrü məhkəməyə göndərilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarına əsasən sonuncu Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə həbs tənbeh növü təyin edilmişdir. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bu səbəbdən şikayətçi olduğunu və Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(010)- 528/2018 saylı icra sənədinə əsasən Təqsirləndirilən şəxs 65000,00 ABŞ dolları məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 15 oktyabr 2018-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini rəhbər tuturaq həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. 16 iyun 2020-ci il və 08 oktyabr 2020-ci il tarixlərdə borclu Təqsirləndirilən şəxs yaşadığı ünvana borcunun ödənilməsi ilə əlaqədar xəbərdarlıq ünvanlanmışdır. Bundan sonra borclunun gəlirlərini və əmlak vəziyyətini yoxlamaq məqsədilə müvafiq orqanlara sorğular göndərilmişdir. Borcluya məxsus **-NR-*** dövlət qeydiyyat nişanlı, “VAZ21074” minik markalı nəqliyyat vasitəsi aşkar edilmiş və nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş, lakin 25 iyul 2019-cu il tarixli, 8(010)-640/2019 saylı qərardadla təqdimat təmin olunmamışdır. Daha sonra 19 noyabr 2020-ci il tarixdə borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə bir daha Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş, qeyd edilən məhkəmə tərəfindən 03 fevral 2021-ci il tarixli, 8(011)- 18/2021 saylı qərardadla təqdimat təmin olunmamışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 12 dekabr 2019-cu il tarixdə borclunun izahatı alınmış, hazırda borcunun 65000,00 ABŞ dolları olduğu barədə məlumatlandırılmış və borcunun ödənilməsi ondan tələb olunmuşdur. 26 fevral 2020-ci il tarixdə borclunun bir daha izahatı alınmış, bir daha borcunun 65000,00 ABŞ dolları olduğu barədə məlumatlandırılmış və borcunun ödənilməsi ondan tələb olunmuşdur. Borclu Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 3(011)-375/2020 saylı qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü təyin edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla 19 aprel 2021-ci il tarixdə bir daha xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(010)- 528/2018 saylı icra sənədi üzrə ona inzibati tənbeh növü tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq qərarın icra edilməsi istiqamətində heç bir hərəkət etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs 07 aprel 2021-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs borcundan ona heç bir ödəniş etməməsini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmasını xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrası ilə bağlı borc məbləğinin tam ödənilməsi ondan tələb olunmuş və ödənilmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(010)-528/2018 saylı qətnaməsindən məlum olur ki, cavabdeh Təqsirləndirilən şəxs 65000,00 ABŞ dolları məbləğində pul Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan 15 oktyabr 2018-ci il tarixli Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(010)-528/2018 saylı qətnaməsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən məlum olur ki, Təqsirləndirilən şəxs qətnamənin 10 gün müddətində könüllü icrası barədə məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 3(011)-375/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 19.04.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, icra sənədinin icra edilmədi üçün Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12.07.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 18.06.2006-ci il təvəllüdlü Amil Quluzadə və 22.07.2007-ci il təvəllüdlü Nərmin Quluzadə adlı iki azyaşlı uşağı var. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxsin ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Onun ifadəsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam təkzib olunmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Bakı şəhərinin müxtəlif yerlərində evlərin tikinti və təmiri işləri ilə məşğul olaraq aylıq orta hesabla 500– 600 manat qazanmışdır. Lakin buna baxmayaraq icra sənədinin icrası istiqamətində heç bir hərəkət etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cavabından aydın olur ki, sözügedən mənzilin başqasına satmaq istiqamətində də heç bir addım atmamışdır. Bir sözlə Təqsirləndirilən şəxs bütün imkanlarından istifadə etməyərək qərəzli olduğunu bir daha göstərmişdir. Halbuki, 2018-ci il tarixdən bu günə kimi kifayət qədər ödəniş etmək üçün faktiki imkan Təqsirləndirilən şəxs olmuşdur. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsindən ibarətdir. Göründüyü kimi, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Qərarında da qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktının qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Plenum Qərarına əsasən həmin maddədə müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan, ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir (bax, paraqraf 22). Apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə olan borcunu ödəməməsini yalnız maddi imkanla deyil, həm də zərərçəkmiş şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsindəki 3K saylı bir mərtəbəli, 3 otaqlı sənədsiz evi boşaltmaması ilə əlaqələndirmişdir. Əvvəla qeyd edilməlidir ki, borcun qaytarılması ilə həmin evin eyni anda boşaldılması barədə hər hansı məhkəmə aktı mövcüd deyildir. Bundan başqa, borcun qaytarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcüd olduğu halda, evin boşaldılması barədə məhkəmə qətnaməsi mövcüd deyildir. Bütün bu halların məcmusu onu düşünməyə əsas verir ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etmir. Odur ki, Təqsirləndirilən şəxs barəsində bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən əsaslar müəyyən edilmir, onun bu barədə apellyasiya şikayətinin dəlilləri sırf müdafiə xarakteri daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normaları düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən hallar kimi əməlini etiraf etməsini, cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivinin olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk məhkumluğunu, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan növdə və həddə cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın növünün və ya müddətinin dəyişdirilməsi, yəni yüngülləşdirilməsi və ağırlaşdırılması üçün zəruri əsaslar mövcud olmamışdır. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası Zərərçəkmiş şəxs apellyasiya şikayəti üzrə konkret qəti tələbinin (xahişinin) olmamasını da nəzərə alır. Belə ki, yuxarıda qeyd edildiyi kimi o, apellyasiya şikayətindən imtina etmədiyini, lakin Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının qüvvədə saxlanılmasını xahiş etmişdir. Halbuki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilimişdir ki, apelyasiya müraciəti birinci instansiya məhkəməsi hökmünün ləğvi və ya dəyişdirilməsi barədə yuxarı məhkəməyə ünvanlanmış konkret xahişi əks etdirməlidir (CPM-in 387.1.5-ci maddəsi). Bu xahiş apelyasiya müraciətinə məzmunca müəyyən — birinci instansiya məhkəməsinin hökmü ilə məhkum edilmiş və ya bəraət almış şəxsin (bundan sonra -məhkum olunmuş şəxs) xeyrinə və yaxud ziyanına istiqamət verir. Belə istiqamətin olmaması apelyasiya müraciətinin zəruri hüquqi məzmundan məhrum olunmuş hesab edilməsinə əsas verir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs oğluna hökmlə təyin edilmiş cəzasının müddətinin bir il azadılması üçün qanuni əsaslar yaranmışdır. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 2.5-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olduqda, çəkilməmiş cəza 1 il azaldılsın (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 9.2. bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə: 9.2.3. bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.3. icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununa əsasən 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs oğlu “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 1-ci və 2-ci hissələrində nəzərdə tutulan, habelə “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulan şəxslərin dairəsinə daxil deyildir və belə olan halda, onun barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5, 9.2.3 və 9.3-cü bəndləri tətbiq edilərək cəza müddətinin 1 (bir) il azadılması qanunla yolveriləndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 515-ci maddəsi məhkumların barəsində məhkəmələr tərəfindən amnsitiyanın tətbiq edilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 1(011)-372/2021 saylı hökmü dəyişdirilsin. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5, 9.2.3 və 9.3-cü bəndləri tətbiq olunsun və Təqsirləndirilən şəxs həmin hökmlə ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddəti azaldılmaqla, üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Zəki Babayev Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar