Məhkəmə qərarları › İş №1(103)-134/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-134/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-134/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Əyyubov Fərid İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Edar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim X1) 08 sentyabr 2022-ci il tarixli hökmü ilə xx xxxx 2000-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dmitrov küç., ev 10, mənzil 04-də qeydiyyatda olmaqla, Bakı şəh., Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, ona 02 (iki) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, eləcə də mülki iddiaçı Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlunun mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 28 mart 2021-ci il tarixdə baş vermiş cinayət hadisəsi nəticəsində ona vurulmuş maddi ziyaının əvəzi olaraq 10.500 manat və mənəvi ziyanın əvəzi olaraq 500 manat, cəmi 11.000 manat məbləğində pul vəsaitinin tutulması barədə iddiasının baxılmamış saxlanılması və iddia ərizəsi üçün ödənilmiş 123 manatın mülki iddiaçı Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğluna qaytarılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olduğu halda bunlara əməl etməyərək, sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi «Opel Vectra» markalı, «az ** NT ***» dövlət qeydiyyat nişanlı avtomobillə 28 mart 2021-ci il tarixdə, saat 16:15 radələrində Bakı şəh., Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «OBA» marketin və avtoyuma sexinin qarşısında olan asfalt örtüklü sahədə geriyə hərəkətdə olarkən, həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsinin geriyə hərəkətinə bu manevrin təhlükəsiz olması və hərəkətin digər iştirakçılarına maneə yaratmaması, lazım gəldikdə, sürücünün başqa şəxslərin köməyindən istifadə etməsi ilə icazə verilməsi şərtlərinə əməl etməli olduğu halda bunlara əməl etməyərək, geriyə hərəkətini davam etdirib avtomobilin arxa tərəfində dayanan piyada Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlunu avtomobilin arxa sol tərəfi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğluna sağ bud sümüyünün yerini dəyişən, qapalı sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aidə xəsarət yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hərəkəti ilə o, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə şərti məhkum edilməsi və iş üzrə Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlu tərəfindən məhkəməyə təqdim edilən mülki iddia ərizəsinin rədd olunması barədə hökm çıxarılmasını xahiş edilmişdir. Hökmdən həmçinin Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlu (mülki iddiaçı) apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2022ci il tarixli hökmünün ləğv edilməsi və eləcə də mülki iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, baş vermiş hadisədə Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlunun da təqsiri olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlu onun tərəddüdlərinə baxmayaraq ona öz avtomobilini idarə etmək üçün vermiş və nəticədə avtomobilin arxaya saatda 7-9 km sürətlə hərəkəti nəticəsində bu hadisə baş vermişdir. Digər tərəfdən, o, barışmaq üçün dəfələrlə ailə böyükləri ilə Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlunun evinə gedib ona dəymiş zərər üçün adekvat məbləğ təklif etsələr də, zərərçəkmiş Zərərçəkmiş şəxs ondan fantastik məbləğlər tələb etmiş və barışıq üçün razılıq verməmişdir. 2021-ci ilin dekabr ayında barışıq üçün 8000 manat tələb edən zərərçəkmiş Zərərçəkmiş şəxs, hal-hazırda 11000 manatdan artıq pul tələb edir. Bütün bu sadalanan hallar zərərçəkmiş Zərərçəkmiş şəxs səmimi olmadığını və əsassız varlanmaq istədiyini göstərir. Göründüyü kimi, inzibati xəta törədən və məsuliyyətə cəlb olunmayan Zərərçəkmiş şəxs Məmmədibrahim oğlu cəzasız qalmasının verdiyi özgüvənlə barışıq üçün reallıqdan uzaq məbləğlər tələb etməklə Təqsirləndirilən şəxsı qanun qarşısında pis vəziyyətə qoyur və cinayət məsuliyyətinə cəlb olunmağına səbəb olur. xx.xx.2022-ci ildə, məhkəmə prosesindən bir gün sonra zərərçəkmiş Zərərçəkmiş şəxs ona whatsapp mobil platforması üzərindən təhqirlər, söyüşlər dolu səsyazmalar atmışdır. Hətta, həmin səsyazmalarda zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsı əsassız olaraq iş üzrə ibtidai istintaqı aparan müstəntiqə rüşvət verməkdə ittiham edir. Həmin səsyazmalarda zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dəfələrlə “ay bədbəxt” deyə xitab edərək onu təpiklə “mitilləyərək”, “səni cırıb ataram” deməklə təhdid edir və yaşına yaraşmayan şəkildə Təqsirləndirilən şəxs özünü, atasını, ailəsini və nəslini ən ağır söyüşlərlə təhqir edir. Belə qeyri-adekvat şəraitdə Təqsirləndirilən şəxs zərərçəkmişlə barışması mümkün olmamışdır. baş vermiş hadisənin xarakterini, təqsirləndirilən şəxsin yaşının gənc olmasını, zərərçəkmiş şəxsə ilkin yardım göstərməsini, baş vermiş hadisənin ictimai təhlükəlilik dərəcəsinin az olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin islah olunması üçün şərti məhkumetmə kifayət edəcəkdir. Təqsirləndirilən şəxsin atası Kamandar Əliyev ürək əməliyyatı olduğu üçün əmək qabiliyyətini itirmişdir. Hal-hazırda ailədə yeganə əmək qabiliyyətli şəxs odur. Təqsirləndirilən şəxs isə uzun sürən məhkəmə prosesləri səbəbilə iş tapa bilməkdə əziyyət çəkmişdir. İş tapıb işləyə bildiyi zaman ailənin yeganə qazanc mənbəyi olacaqdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməsi bir ailənin qazanc mənbəyini itirməsi hesab olunacaqdır. Zərərçəkmiş şəxsin heç bir sübut təqdim etmədən təqsirləndirilən şəxsdən 11000 manatdan artıq pul tələb etməsi sadəcə olaraq əsassız varlanmaq istəyinin təcəssümüdür. Zərərçəkmiş şəxs əməliyyat olunduğunu bildirsə də bununla bağlı belə hər hansı sənəd təqdim etməmiş, əməliyyata nə qədər pul xərcləndiyi barədə sübutları məhkəməyə verməmişdir. Zərərçəkmişin xadimə tutması və itirilmiş əmək haqqı olduğunu iddia etməsi isə qanunvericiliklə müəyyən olunmuş şəkildə sübuta yetirilmədiyi üçün yalnız iddia olaraq qalır. Hadisə baş verdikdən dərhal sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə tibbi və digər yardım göstərmiş, yaxınlıqdakı aptekə gedərək zərərçəkmişə dəyə biləcək zərərin azaldılmasına nail olmuşdur. Qeyd olunan hal Azərbaycan Respublikası CM-in 59.1.11-ci maddəsinə əsasən yüngülləşdirici hal hesab edilməli və cəzanın təyinində nəzərə alınmalıdır Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Sabunçu rayonu Şuşa qaçqın şəhərciyinin ərazisində avtoyuma sexinin qarşısında həmin sexin fəhləsi, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs onu idarə etdiyi avtomobillə vuraraq sağ ayağının bud sümüyünün yerdəyişən qapalı sınıq zədəsi olmaqla sağlamlığının uzun müddət pozulmasına səbəb olan ağır xəsarət yetirmişdir. Təqsirkar ona xəsarət yetirdikdən sonra tələb etməyinə baxmayaraq onu xəstəxanaya çatdırmamış, müalicə olaraq ağır cərrahiyyə əməliyyatına alınmağına baxmayaraq xəstəxanada bir dəfə belə ona baş çəkməmiş, müalicə olmağına maddi kömək göstərməmiş, nəticədə o, küllü məbləğdə maddi zərərə düşmüşdür. Məhkəmədə təqsirkar Təqsirləndirilən şəxs onu avtomobillə vuraraq xəsarət yetirdikdən sonra tamamilə köməksiz qoyduğuna görə küllü məbləğdə maddi zərərə düşməyinə görə təzminat tələbi ilə iddia ərizəsi vermişdir. İddia ərizəsi müzakirə olunanda ona verilən suallara cavab verərkən təzminat tələbinin əsaslı olduğunu tam sübuta yetirmişdir. Belə ki, hətta həm hakim, həm də təqsirkarın vəkili iddia ərizəsində göstərilən maddi zərərin doğru olduqlarına inandıqlarını bildirmişlər. Lakin buna baxmayaraq hakim onun iddia ərizəsini təmin etməmişdir. Buna görə o, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmü ilə razı deyil. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətinin isə qismən təmin edilməsini xahiş etdi. Həmçinin Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək 3200 manat məbləğində maddi ziyanın ödənilməsinə və 300 manat məbləğində mənəvi zərərin ödənilməsinə razı olduğunu və həmin məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iddianın qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası iş üzrə cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zərərçəkmiş şəxs Məmmədibrahim oğlu (mülki iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyini, eləcə də mülki iddianın maddi və mənəvi ziyanın baxılmamış saxlanılması hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki yaşadığı evin yaxınlığında yerləşən avtomobillərin yuyulma sexini icarə əsasında işlətmişdir. X7 adlı şəxs də kimdənsə icarəyə götürüb işlədirdi. Həmin sexdə özündən başqa işçi olmamış, yəni sexə gətirilən avtomobilləri özü yuyub, təmizləmişdir. 28 mart 2021-ci il tarixdə, saat 16:15 radələrində işlədiyi sexdə olarkən əvvəllər tanımadığı, bir neçə dəfə avtomobilini yuyub, təmizlədiyi, sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs özünə məxsus «Opel» markalı, «az ** NT ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin sexin qarşısına gəlmiş və avtomobilin çöl hissəsini yuyub, təmizləməsini xahiş etməklə ona avtomobili idarə edərək sexə salmasını demişdir. O da etiraz etməyərək Zərərçəkmiş şəxs avtomobilinin sükanının arxasında əyləşmiş, həmin vaxtı avtomobilin açarı üstündə olduğuna görə avtomobili sexə salmaq üçün mühərriki işə salıb arxa istiqamətdə hərəkət etməyə başlamışdır. Bu zaman avtomobilin yan güzgülərindən baxdıqda arxada heç kimin olmadığını görmüş və təxminən iki metr məsafə qət etdikdən sonra arxa tərəfdə səs eşitmiş və dərhal avtomobili saxlamışdır. Bundan sonra avtomobildən düşüb arxa tərəfə keçmiş və baxıdqda Zərərçəkmiş şəxs yerdə oturmuş vəziyyətdə görmüşdür. Həmin vaxtı ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs məxsus avtomobili arxa istiqamətdə hərəkət etdirərkən onu avtomobilin arxa hissəsi ilə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs yerdən qaldırıb avtomobilinin arxa oturacağında əyləşdirmiş və xəsarət alıb-almaması barədə soruşduqda sonuncu sağ ayağının bud nahiyəsini göstərərək həmin nahiyədən xəsarət aldığını bildirmişdir. O avtomobilə baxdıqda avtomobilin arxa hissəsində əzilmiş yer olmadığını görmüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs kiməsə zəng edib baş vermiş hadisə barədə məlumat vermiş və təxminən 15 dəqiqədən sonra onun tanımadığı tanışı gəlmiş və birlikdə yaxınlıqdakı aptekə getmişlər. Adil aptekdə işləyən şəxsə müraciət edərək almış olduğu xəsarət barədə maraqlandıqda həmin şəxs bu barədə məlumat verə bilməyəcəyini demişdir. Bundan sonra Adilin tanışı ona məxsus avtomobili idarə edərək Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Özü isə hadisə baş verən yerə polis əməkdaşlarının gələcəklərini fikirləşdiyindən işlədiyi sexə qayıtmışdır. Təxminən iki gün sonra Adil ona zəng edib travmatologiya xəstəxanasına getdiyini, müalicə olunması üçün pul lazım olduğunu bildirmiş, ona pulunun olmadığını, bu səbəbdən də ona kömək edə bilməyəcəyini bildirmişdir. Dəymiş ziyanı ödəməyə çalışsada, Zərərçəkmiş şəxs onu yaxına buraxmamışdır. Törətdiyi əməli ehtiyatsızlıqdan törətmişdir. Mülki iddianı qəbul etmir, həmin məbləği ödəməyə onun maddi imkanı yoxdur. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlu ifadəsində göstərmişdir ki, özünə məxsus «Opel» markalı, «az ** NT ***» dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobildən şəxsi işləri üçün istifadə edir. Avtomobili idarə etməyə sürücülük vəsiqəsi var. 28 mart 2021-ci il tarixdə, saat 16:15 radələrində özünə məxsus «Opel» markalı, «az ** NT ***» dövlət qeydiyyat nişanlı avtomobili yuduzdurmaq üçün Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən avtomobillərin yuyulma sexinə gəlmiş və avtomobili yuyub təmizləməsi üçün sexdə işləyən Təqsirləndirilən şəxs təhvil vermişdir. Həmin vaxtı mobil telefonuna zəng gəlmiş və mobil telefonu ilə danışa-danışa avtomobilin arxa tərəfinə keçmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona məxsus avtomobili arxa istiqamətdə hərəkət etdirməyə başlamış və onu avtomobilin arxa sol tərəfi ilə vurmuşdur. Zərbədən yerə yıxılmış və sağ ayağının bud hissəsindən xəsarət almışdır. Bundan sonra 3 saylı şəhər kliniki xəstəxanasına, oradan da həkimlərin məsləhəti ilə travmotologiya xəstəxanasına getmiş, travmotologiya xəstəxanasında sağ ayağından əməliyyat olunmuşdur. Hal-hazırda şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını və mülki iddianın isə təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Məmmədİbrahim oğlunun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış vəsatətindən görünür ki, o, səhhətində yaranmış problemlə əlaqədar olaraq 28 aprel 2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilmir. Belə ki, avtomobil qəzasında aldığı xəsarətlə bağlı ağır cərrahiyyə əməliyyatı keçirildikdən sonra uzun müddət stasionar rejimdə müalicə aldığına görə əməliyyat olunmuş ayağının damarları qalınlaşmış, qan dövranı pozulmuşdur. Buna görə də hərəkət edərkən əməliyyat olunmuş ayağında hədsiz şişmə baş verir və kəskin ağrılarla müşayiət olunur. Buna görə müalicə olunur və yataq rejimində uzunmüddətli müalicə kursu təyin edilmişdir. Bu səbəbdən səhhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmədiyinə görə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş apellyasiya şikayətlərindən görünür ki, apellyasiya şikayətlərində təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli və onun halları, cinayət əməlində AR CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin mövcudluğu, şəxs Təqsirləndirilən şəxs həmin cinayət əməlinə aidiyyatı məsələləri mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 263- 1.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Buna görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli və onun halları, cinayət əməlində AR CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin mövcudluğu, şəxs Təqsirləndirilən şəxs həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyi ilə bağlı iş materiallarında olan sübutların qərarda sadalanmasına zərurət görmür. Təqsirləndirilən şəxs (mülki cavabdeh) təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs (mülki cavabdeh) təyin edilmiş əsas və əlavə cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin müddəalarını nəzərə alaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs (mülki cavabdeh) törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və peşman olmasını, əməlin ehtiyatsızlıqdan törəməsini cəzasını yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını əsas tutmaqla ona yekun olaraq əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə, əsas cəza olaraq azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarda qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi isə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini özündə ehtiva edir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı yüngülləşdirdiyi digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, ona 02 (iki) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun deyildir. Məhkəmə kollegiyası təyin edilən həm əsas, həm də əlavə cəzanı ağır və ədalətsiz hesab edir. Belə ki, 1-ci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs (mülki cavabdeh) törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və peşman olmasını, əməlin ehtiyatsızlıqdan törəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq və cəzanı ağırlaşdıran halların olmamasını əsas tutmaqla ona qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulan üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir Hökmdən görünür ki cəzanın həddi ədalət prinsipinin normalarına uyğun deyildir və təyin edilmiş əsas və əlavə cəzalar qanunda nəzərdə tutulmuş cəzaların yuxarı həddinə yaxındır. Azərbaycan Respublikası CM-in 70.1 və 70.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətində Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının iş üzrə yüngülləşdirici halları nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsinə dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində onun törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tədbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini cəzanın məqsədlərinə nail olunmamasına və təqsirləndirilən şəxsin islah olunmamasına gətirib çıxarıcağını hesab edir. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək belə nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinə görə təyin olunan azadlıqdan məhrum etmə cəzasını (əsas cəza olaraq) Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tədbiq etməklə şərti hesab olunaraq islah olunması məqsədəmüvafiq deyildir. Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CPM-nin 181.2.4-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər Həmin Məcəllənin 181.3.1-ci maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsi üçün xərclər şəklində özünü göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş mülki iddia ilə bağlı qeyd edir ki, hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi mülki iddiaçı Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğlunun mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 28 mart 2021-ci il tarixdə baş vermiş cinayət hadisəsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 10.500 manat və mənəvi ziyanın əvəzi olaraq 500 manat, cəmi 11.000 manat məbləğində pul vəsaitinin tutulması barədə iddiasını baxılmamış saxlanılması və iddia ərizəsi üçün ödənilmiş 123 manat mülki iddiaçı Zərərçəkmiş şəxs Məhəmmədibrahim oğluna qaytarılmasını hökm etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 1-ci instansiya məhkəməsinin hökmü həmin hissədə qanunsuz olduğundan dəyişdirilməlidir. Belə ki, cinayət prosessual məcəllənin 179-cu maddəsinin tələbinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmçinin, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 1-ci instansiya məhkəməsi cinayət işi üzrə zərərçəkmiş şəxsin işə onun iştirakı olmadan baxılması və hükmün çıxarılmasına dair ərizəsinin olmasına baxmayaraq hökmlə mülki iddianı baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, 1-ci instansiya məhkəməsi bu əsasla mülki iddianı baxılmamış saxlaya bilməzdi və ona münasibət bildirməli idi. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, mülki iddianı əsasını sübut etmək vəzifəsi mülki iddiaçının üzərində olduğundan və iş üzrə mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs sadəcə mülki iddia verdiyindən, buna dair məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən və buna görə də mülki iddia rədd olunmalı olduğundan, həmçinin mülki iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsinə baxmayaraq mülki cavabdeh mülki iddianı qismən qəbul etdiyindən bu halda məhkəmə kollegiyası mülki prosessual məcəllənin 191-ci maddəsinin normalarını rəhbər tutaraq hesab edir ki, mülki iddianın qismən etirafı qanuna zidd deyildir və hər hansı 3-cü şəxsin mənafeyinə toxunmur və buna görə də həmin hissədə təmin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək 3200 manat məbləğində maddi ziyanın ödənilməsinə və 300 manat məbləğində mənəvi zərərin ödənilməsinə razı olduğunu və həmin məbləği hissə-hissə ödəyəcəyini bildirmişdir. Buna görə də 3200 manat maddi ziyan və 300 manat mənəvi ziyan mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə mülki iddiaçı maddi zərərlə bağlı sübut təqdim etməməsinə baxmayaraq, mənəvi ziyanla bağlı sübut təqdim etməsinə zəruriət yoxdur. Belə ki, mülki iddiaçının yol-nəqliyyat hadisəsi nəticəsində dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər alması və hələ də normal vəziyyətinə qayıda bilməməsi ilə əlaqədar olaraq yaşadığı sarsıntı özözlüyündə mənəvi zərərin vurulması kimi qiymətləndirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4, 399.1.5, 405.1.4 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs (mülki cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs Məmmədibrahim oğlu (mülki iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmü sonuncuya münasibətdə təyin edilmiş cəza və mülki iddianın maddi və mənəvi ziyanın təmin edilməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Məmmədibrahim oğlu tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs (mülki cavabdeh) maddi ziyana görə 3200 (üç min iki yüz) manat və mənəvi ziyana görə 300 (üç yüz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs Məmmədibrahim oğluna (mülki iddiaçı) ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 6 AZN hesab edilməklə 13 (on üç) saat üçün 78 (yetmiş səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi3 işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Fərid Əyyubov Hakimlər Emin Mehdiyev Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar