Məhkəmə qərarları › İş №1(103)-1341/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1341/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1341/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və Müdafiəçisi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1990-cı il tarixdə Lənkəran rayonu Türkəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu Türkəkəran kəndində qeydiyyatda olan və tutulana qədər Bakı şəhəri, Nəsimi rayonu, Rasim Səfərov küçəsi ev 149-da kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,447 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 18:30-da ünvan 1 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən təmiz çəkisi 2,447 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,167 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 13,382 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 22:30da ünvan 3 ünvanda yerləşən X13 həyətində olarkən özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən təmiz çəkisi 5,167 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və təmiz çəkisi 13,382 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilə qədər şübhəli şəxs qismində həbsdə olması ona təyin olunmuş cəza müddətinə daxil edilərək onun tərəfindən çəkilməli cəzanın qalıq müddəti 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanması, cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması da müəyyən edilmişdir. Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün ləğv edilməsini, əməlinin Azərbaycan Respublikası CM-in 234.1 və ya 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı narkotik vasitələrin satışı ilə deyil, məhz istifadəçisi olmasını bildirmişdir. İttiham aktında satışla bağlı hər hansı sübutlar mövcud olmamış və üzərindən çıxan narkotik vasitənin miqdarı iki qram olmuşdur. Bundan başqa, işə baxan məhkəmə himayəsində iki övladını, səhhətindəki problemləri nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apelyasiya şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesinin iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əmllərini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir: “Heç vaxt ruhiəsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamış, heç vaxt məhkum olunmamışdır. Təqribən 6 aydır ki, narkotik vasitədən istifadə edir və hal-hazırda bununla bağlı onda qismən asılılıq yaranmışdır. O, adətən istifadə etdiyi narkotik vasitələri yaşadığı “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxslərdən alırdı. Təxminən 2 həftə əvvəl adını bilmədiyi, onunla birlikdə 1 saylı KTM-də metodon içən şəxslərdən biri anasının xəstə olmasını bildirərək ondan 40 manat borc pul almışdır. xx.xx.2022-ci il tarixdə həmin şəxs borclu olduğu pulun əvəzinə narkotik vasitə olan heroini və 7 manat pul verməyi təklif etdikdə o da həmin şəxsin təklifini qəbul edib narkotik vasitəni alaraq əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Həmin gün saat 18 radələrində yaşadığı ərazinin yaxınlığında olan zaman, 2 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirərək ondan kim olduğunu və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istədikdə, o özünü itirmiş və şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün polis əməkdaşları onu 20-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, növbədə olan vəkilin hüquqlarını müdafiə etməsini istəmişdir. Daha sonra vəkil polis bölməsinə dəvət olunmuş və vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində tutulmuş, həmin vaxt ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra təhqiqatçı üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını demişdir. Həmin vaxt vəkili şəxsi axtarışda iştirak etməkdən imtina etmiş, o da buna etiraz etməmişdir. Sonra polis bölməsinə dəvət olunmuş qadının iştirakı ilə onun üzərinə şəxsi axtarış aparıldıqda üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmadığı, olduğu təqdirdə könüllü təqdim etməyi təklif edilmişdir. Həmin vaxt o, əynində olan açıq qəhvəyi rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan büküm, 1 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinası və 1 cüt bijuteriya sırğa çıxarıb təqdim etmiş və bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi bükümün içərisindəki narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə, günorta saatlarında, 1 saylı KTM-in (Semaşka) həyətində metadon suyu içərkən, ona 40 manat pul borclu olan tanımadığı şəxsdən, həmin borcun qarşılığında aldığını bildirmişdir. Daha sonra bir nəfər qadın tərəfindən onun üzərinə şəxsi axtarış aparılmış, lakin heç bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə aşkar olunmamışdır. Sonra təqdim etdiyi narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, 7 manat pul və sırğa isə ona qaytarılmışdır. Sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi protokola imza etmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində tanımadığı şəxsdən 300 manata “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin və 75 manata “kakos” kimi tanıdığı narkotik vasitə hesab olunan heroini almışdır. Elə həmin günü, yəni xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində ünvan 4 ünvanında yerləşən X10 həyətində olarkən 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olmalarını bildirib onu 20-ci polis bölməsinə dəvət etmişlər. O, öz razılığı ilə polis bölməsinə gəlmiş, bölmədə olan otaqların birində təhqiqatçı tərəfindən sənədləşmə aparılmış, onun istəyi ilə hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkillə təmin edilmişdir. Bundan sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşulmuş, həmin proses mütəxəssis tərəfindən video kamera ilə görüntüyə alınmışdır. O da verilmiş suala cavab olaraq üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin və “kakos” kimi tanıdığı narkotik vasitə hesab olunan heroin olmasını bildirmişdir. Daha sonra masaya yaxınlaşaraq əynində olan sarımtıl (süd rəngli) cins şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş 02 (iki) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlərin birini açdıqda onun içərisində kristal şəkilli dənəvari maddə olan və digər bükümü açdıqda isə onun içində tünd qəhvəyi rəngli maddə olan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddələr boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib ekspertizaya göndərilmişdir. Bundan sonra həmin videogörüntüyə onlar baxmışlar və protokol tərtib olunaraq tərəflərindən imzalanmışdır. Birinci instansiya icraatı zamanı Təqsirləndirilən şəxs ona elan Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olduğunu bildirib ifadələrində göstərdi ki, özü narkotik vasitə istifadəçisidir. O, saxlanılmazdan əvvəl onunla birlikdə 1 saylı X11 metodon içən şəxslərdən biri, anasının xəstə olmasını bildirərək ondan 40 manat borc pul almışdır. xx.xx.2022-ci il tarixdə həmin şəxs ona borclu olduğu pulun əvəzinə 2 qram narkotik vasitə olan heroini və 7 manat pul verməyi təklif edəndə, o, həmin şəxsin təklifini qəbul etmişdir. Bu zaman polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparmışlar. Həmin vaxt polis bölməsində onun üzərindən aşkar olunan iki qram narkotik vasitə heroin ona məxsus olmuşdur. Lakin ittiham aktında qeyd olunan digər narkotik vasitə ona aid olmamışdır. Onun üzərimdə iki qram narkotik vasitə heroin olub. Üzərindən 13 qram narkotik vasitə aşkar olunanda onu polislər döyüb. Polislər onu şahid qismində çağırılanda da döymüşdülər. İstintaq təcridxanasına daxil olanda onun üzərində xəsarət olmayıb. O döyülmüşdü, lakin üzərində izlər olmamışdı. İstintaq təcridxanasına daxil olanda döyüldüyünü deməmişdir. Onu təzyiq göstərən polis əməkdaşlarını üzdən tanıyır. Onu niyə döydüklərini bilmir. Necə və bədənin harasına vurduqlarını bilmir. Döyülmək deyəndə o, onun əllə, ayaqla vurulmasını nəzərdə tutmur. Onu o şəkildə döyməyiblər. İfadələrinə başqa əlavəsi yoxdur. Birinci instansiya məhkəməsi zamanı şahid qismində dindirilmiş Şahid2 ifadələrində Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin 20-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyiyni bildirib göstərdi ki, xx.xx.2022-ci il tarixdə bölmənin yetkinlik yaşma çatmayanların işləri üzrə inspektoru Şahid3 ilə xidməti əraziləri olan Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində 1 saylı X13 həyətində olarkən saat 22:30 radələrində bir nəfər qadının özünü şübhəli apardığını görüb, həmin qadına yaxınlaşmışlar və özlərini təqdim edərək həmin qadından şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsini xahiş etmişlər. Həmin qadın sənədinin üzərində olmadığını bildirmişdir. Həmin qadının davranışlarında və danışıqlarında şübhəli məqamlar olduğundan və üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onlar həmin şəxsi 20-ci polis bölməsinə dəvət etmişlər. Həmin qadın da etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində olarkən həmin qadının Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və şifahi söhbət zamanı sonuncu narkotik vasitə alüdəçisi olduğunu bildirdiyi üçün tərəflərindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin təmin edilməsi ilə bağlı rəhbərliyə raportla müraciət olunmuşdur. Polis bölməsində raportla rəhbərliyə müraciət etdikdən sonra baş təhqiqatçı Tuqay Mehtiyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümünü çıxarıb onları masanın üzərinə qoymuş və həmin bükümlərin birində narkotik vasitə heroin, birində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin heroini və metamfetamini xx.xx.2022-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu Mirəliqaşqay küçəsində tanımadığı şəxsdən heroini 75 manata, metamfetamini isə 300 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr baş təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs heç kim artıq söz belə deməyib. Onu nə döyən, nə də sözlə hədələyən olmayıb. O, saxlanılanda özü narkomaniyadan əziyyət çəkən xəstə adam olub. Özü hər şeyi etiraf edib. İbtidai istintaq zamanı ifadələrində şahid qismində dindirilmiş Şahid1 Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin 20-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyiyni bildirib göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə bölmənin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Şahid3 ilə xidməti əraziləri olan Bakı şəhəri, ünvan 5 ünvanın qarşısında bir nəfər qadının özünü şübhəli apardığını görüb, həmin qadına yaxınlaşaraq özlərini təqdim edib həmin qadından şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsini xahiş etmişlər. Həmin qadın sənədinin üzərində olmadığını bildirdikdə qadının davranışlarında və danışıqlarında şübhəli məqamlar olduğundan və üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından qadını 20-ci polis bölməsinə dəvət etmişlər. Həmin qadın etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində olarkən qadının Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və şifahi söhbət zamanı sonuncu narkotik vasitə alüdəçisi olduğunu bildirdiyi üçün tərəflərindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin təmin edilməsi ilə bağlı rəhbərliyə raportla müraciət olunmuşdur. Polis bölməsində raportla rəhbərliyə müraciət etdikdən sonra təhqiqatçı Elşən Rəsulov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən bir ədəd sellofan bükümünü çıxarıb onu masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə günorta saatlarında 1 saylı KTM-in həyətində metadon suyu içərkən ona 40 manat pul borclu olan tanımadığı şəxsdən həmin borcun qarşılığında aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Eyni zamanda Şahid1 ifadəsində Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmadığını göstərmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Polis idarəsinin 20-ci polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən onun əynində olan açıq qəhvəyi rəngli idman şalvarının sol yan cibindən bir bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Polis idarəsinin 20-ci polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan sarımtıl (süd rəngli) rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə olunmuş Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4492 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №188” möhür əksi, “Şübhəli şəxs...Təqsirləndirilən şəxs...” və sair sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,447 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarına əlavə olunmuş Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5195 nömrəli rəyində görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Şübhəli şəxs : (imza) Təqsirləndirilən şəxs...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,167 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 №-li zərfdəki bir ədəd paketdə təmiz çəkisi 13,382 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2767 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-pisixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur. O, etdiyi hərəkətləri adekvat olaraq qavrayıb onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5932 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs ikinci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşə baxan birinci instansiya məhkəməsi hökmünü “Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməyib, ifadəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərdi. Onun bu ifadələri müzakirə olunarkən onun bu iddiası təsdiqini tapmadı. Çünki o, təqsirsizliyini sübuta yetirmək vəzifəsi daşımamasına baxmayaraq o, özünün müdafiəsi üçün bəyan etdiyi halları təsdiq edən sübutları təqdim etməli idi. O isə bunu etmədi. Məhkəmədə araşdırılan sübutlar onun bu iddiasını təkzib etdi. Bu səbəbdən də məhkəmə, onun bu ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində onun polis əməkdaşları tərəfindən döyüldüyunü göstərib, ifadəsinin sonunda belə hal olmadığını göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini onun təqsirləndirilən şəxs kimi ifadə verməkdə sərbəstlik hüququndan sui istifadə edib özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir” kimi cümlələrlə əsaslandırılmışdır. Mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsinin “Təqsirləndirilən şəxs təqsirsizliyini sübuta yetirmək vəzifəsi daşımamasına baxmayaraq o, özünün müdafiəsi üçün bəyan etdiyi halları təsdiq edən sübutları təqdim etməməsini” əsas götürməsi ilə bağlı mövqeyini məhkəmə tərkibi absurt hesab edir. Göründüyü kimi Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilmədiyini qeyd etmişdir. Eləcə də, ittiham orqanı tərəfindən məhz həmin maddələrin satış məqsədi ilə əldə edib, özündə saxlamaqla daşımasına dair hər hansı sübut mövcud deyildir. Belə olduğu təqdirdə təqsirləndirilən şəxsin özünü təqsirli bilməyən ittiham üzrə sübut etmək vəzifəsinin qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin əsaslanmasını qəbul etmir. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Göründüyü kimi hazırkı cinayət işi üzrə adıçəkilən plenum qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilməsi üçün olan əsaslardan hər hansı biri mövcud deyildir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, aşkar edilmiş narkoti və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar olmasının məhz satış məqsədi ilə əlaqələndirmək düzgün deyildir. Belə ki, məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5932 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs “polis əməkdaşları tərəfindən döyülmə” faktı apellyasiya icraatı zamanı da öz əksini tapmamışdır. Nəzərə alınmalıdır ki, bu dəlilin öz təsdiqini tapmaması birinci instansiya məhkəməsinin mövqeyi kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi üçün əsas ola bilməz. İlk öncə nəzərə alınmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan üç amildən heç biri hazırkı cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən məhkum edilmiş şəxs X1 miqdarda narkotik maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarındakı tövsiyələrə də uyğundur. Həmin Qararda nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Azərbaycan Respublikası CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxsin üzərindən aşkar edilərək götürülmüş narkotik maddə məhz satış məqsədilə qanunsuz olaraq əldə edilib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilməmiş, belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş narkotik vasitə və psixotrop maddələrin satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddəsi ilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin apellyasiya şikayətində göstərdiyi üzərində anca iki qram narkotik vasitəsin olduğu halda digər narkotik vasitərlərin polis əməkdaşı tərəfindən onun üzərinə qərəzli qoyulması ilə bağlı dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası bu ifadələri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixli 516- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, xx.xx.2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 434) ilə yeni məzmunda 234.1-1-ci maddəsi əlavə edilmişdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası qeyd edir ki toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyətin tərkibi vardır. Azərbaycan Respublikası CPM-in “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 124.2-ci maddəsinə görə, cinayət prosesində sübut kimi qəbul edilə bilənlərə yalnız şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlərin aid edildiyini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və birinci instansiya məhkəməsinin X3 narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə gəldikləri nəticə həmin əsaslarla onun barəsində ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Qeyd olunan maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi, həmin Məcəllənin 351.2-ci maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanması barədə tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hesab edir ki Təqsirləndirilən şəxs əməlində satış məqsədinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, habelə əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin məcəllənin 8-ci maddəsi ilə cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin məcəllənin 28-ci maddəsi ilə təsbit edilmiş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız həmin Məcəlləyə uyğun müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət mühakimə icraatı həyata keçirilərkən, şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyulmuşdur. Beləliklə, hazırda apellyasiya baxışı zamanı Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələrin satış məqsədi ilə əldə etməmişdir, bu barədə ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş əməli həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə cəza təyin olunmalıdır. Həmin məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda hökm əsaslı hesab edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edildiyindən onun tərəfindən təkrarən cinayətin törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işinin obyektiv və subyektiv hallarını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, ikinci dərəcəli əlil olması, imun çatışmamazlığı, (Spid) xəstəliyindən əziyyət çəkməsi, himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi, məhkum edilmiş şəxsin cinayəti təkrar törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunacağı halda ədalətli olmaqla, onun islah olunmasını və cəzanın məqsədini təmin edəcəkdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə Müdafiəçi2 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 04 saylı vəkil bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398 və 399-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsın xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olması ona təyin olunmuş cəza müddətinə daxil edilsin, onun tərəfindən çəkilməli cəzanın qalıq müddəti 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün kimi müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 14 sentyabr 2022-ci il tarixdən hesablanması nəzərə alınsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə Müdafiəçi2 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 04 saylı vəkil bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar