Məhkəmə qərarları › İş №1(103)-1352/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1352/2021

05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1352/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2 Şüay qızının, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Məhkum - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1956-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.09.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, "xxxx" MTK-nin sədri vəzifəsində işləmiş, Bakı şəhəri, C.Xəndan küçəsi, bina 28, blok 3202, mənzil 75-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 308.1-ci maddəsi ilə məhkum edilməsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən AR CM-in 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli hökmündən Zərərçəkmiş şəxs2 Şüay qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim Günel Əkbərli) 18 noyabr 2019-cu il hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinib, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, və 178.2.4-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd il) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cimaddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 nömrəli 09 sentyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin edilmiş 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd il) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində həmin Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilsin və həmin hissədə cinayət məsuliyyətindən azad edilmiş, zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmışıdr. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialında 12.07.2004-cü il tarixdə qeydiyyata alınmış (VÖEN №**********) "xxxx" Mənzil-Tikinti Kooperativinin 03.06.2004-cü il tarixdən sədri vəzifəsində işləyərkən Kooperativin 08.06.2004-cü il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən, Kooperativin idarə edilməsi, onun təmsil edilməsi və fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, ümumi yığıncağı çağırmaqla sahibi tərəfindən satışa çıxarılmış payın digər şəxsə verilməsinin rəsmiləşdirilməsi, Kooperativin əmlakına sərəncam verilməsi, işçilərin işə təyin, işdən azad edilməsi və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə qulluq mövqeyindən istifadə etməklə ələ keçirmək məqsədilə həmin Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində 2004-cü ildən inşasına başlanılmış 1 girişli 16 mərtəbəli binada 103,83 kv.metr sahəsi olan 28 №-li mənzili 24.10.2005-ci il tarixdə Azərbaycan manatının köhnə məzənnəsi ilə 138.460.000 manat, hazırki manat ekvivalenti ilə 27.860 manata Zərərçəkmiş şəxs1 satmasına və bununla əlaqədar aralarında eyni tarixli 27 saylı müqavilə bağlanmaqla həmin tarixli 23 nömrəli maliyyə arayışı və 28.10.2006-cı il tarixli 353 nömrəli kassa mədaxil orderi qəbzinə əsasən, mənzilin dəyərini ondan 28.10.2006-cı il tarixədək tam həcmdə almasına baxmayaraq, 2013-cü ilin oktyabr ayında ona mənzil almaq üçün müraciət edən Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 qeyd edilən binada yerləşən 28 №-li mənzilin əvvəlcədən heç kəsə satılmamasını yalandan bildirib, mənzili ona 50.000 manat müqabilində sata biləcəyini vəd edərək, 15.11.2013-cü il tarixdə Kooperativin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində (hazırkı ünvan 1 ünvanında) yerləşən ofisində Zərərçəkmiş şəxs2 ilkin ödəniş qismində 30.000 manat məbləğində pulu alıb vəzifəli şəxs kimi mənzilin Zərərçəkmiş şəxs2 satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənəd olan 15.11.2013-cü il tarixli 76 nömrəli mənzil alqı-satqı müqaviləsini tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edib ona təqdim edərək, 24.01.2014-cü il tarixədək isə hissə-hissə sonuncudan mənzilin dəyərinin qalan məbləği olan 20.000 manatı Kooperativin həmin ünvanda yerləşən ofisində şəxsən alıb, tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənəd olan tam ödəniş haqqında 24.01.2014-cü il tarixli maliyyə arayışını imzası və cəmiyyətin möhürü ilə təsdiq edib Zərərçəkmiş şəxs2 verərək vahid niyyətlə vəzifə saxtakarlığı etməklə Zərərçəkmiş şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə 50.000 (əlli min) manat məbləğində əmlakını qulluq mövqeyindən istifadə etməklə ələ keçirib ona xeyli miqdarda ziyan vurub dələduzluq etmiş, həmin mənzili Zərərçəkmiş şəxs2 təqdim edib sonuncunun mənzildə yaşamasına şərait yaratmaqla mənzilin ilkin alıcısı Zərərçəkmiş şəxs1 öz əmlakından sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarını pozub hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Hökmdən Zərərçəkmiş şəxs2 Şüay qızı apellyasiya şikayəti verib hökmün cəza təyini hissəsində qismən, mülki iddianın baxılmamış saxlanılması hissəsində tam əsassız olduğunu, məhkəmənin heç bir qanuni əsas olmadan mülki iddianı baxılmamış saxladığını və bunu əsaslandırmadığını qeyd edərək hökmün qismən ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ağır cəza təyin edilməsini və mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-605/2020 saylı, 26 avqust 2020-ci il tarixli qərarı ilə hökmdən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxs kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin əsassız olaraq Təqsirləndirilən şəxs həddindən artıq olaraq yüngül cəza təyin etdiyini, apellyasiya məhkəməsinin də bununla razılaşaraq heç bir araşdırma aparmadan onun apellyasiya şikayətini təmin etmədiyini bildirmiş. Zərərçəkmiş kassasiya şikayətində həmçinin Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində ona pul vəsaitini verməklə əldə etdiyi yeganə yaşayış yerindən məhrum olduğunu, məhkəmələrin isə onun mülki iddiasını baxılmamış saxlamaqla onun mülkiyyət hüququnu pozmasını qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 kassasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs təyin olunmuş cəzasının ağırlaşdırılması və mülki iddiasının təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-750/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs tərəfindən məhkum edilmiş şəxsə daha ağır cəza verilməsi ilə bağlı hissəsində verilmiş kassasiya şikayəti təmin edilməmiş, mülki iddia aid hissədə verilmiş kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 1(103)-605/2020 saylı, 26 avqust 2020-ci il tarixli qərarı zərərçəkmiş Zərərçəkmiş şəxs2 Şüay qızının mülki iddiasının baxılmamış saxlanmasına aid hissədə ləğv edilmiş və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilmişdir. Zərərçəkmiş şəxs2 Şüay qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində mənzilin təmirsiz dəyərini təşkil edən 103700 (bir yüz üç min yeddi yüz) manatın, 50000 (əlli min) manat dəyərində itirilmiş gəlirin, vurulmuş zərərə görə 10.000 (on min) manat təminatın və həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, daha sonra məhkəmə baxışı zamanı iddia ərizəsinə 21 yanvar 2019 və 15 mart 2019-cu il dəqiqləşdirmələr verərək "xxxx" MTK-nın mülki cavabdeh qismində işə cəlb edilməsini, mülki cavabdeh "xxxx" MTK-dən Bakı şəhərində eyni şəraitli mənzilin və ya mənzilinin dəyərinin ona verilməsinə, mülki cavabdehdən ona 50000 (əlli min) manat həcmində itirilmiş gəlirin və 10.000 (on min) manat təminatın ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, 05 noyabr 2021-ci tarixdə mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddiaya yenidən dəqiqləşmə vermişdir. 05 noyabr 2021-ci tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Şüay qızı tərəfindən verilmiş mülki iddiaya yeni dəqiqləşmə ərizəsi verərək göstərmişdir ki, cavabdeh "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs dələduzluq edərək, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yaşayış massivi, 2a saylı binanın 28 saylı 3 otaqlı mənzili 24 oktyabr 2005-ci il tarixdə X4 27.800 manata, daha sonra bundan xəbəri olmadan 15.11.2013-cu il tarixdə 50.000 manata ona satmışdır. 2013-cü ildə həmin mənzilə köçmüş və hal-hazırda həmin mənzildə yaşayır. Həmin mənzilin kv.metrinə 481.56 manat ödəmiş, 48.000 manat təmirə xərcləmiş, yəni mənzili 50.000 manata təmirsiz almışdır. Həmin dövr məzənnə ilə 481.56 manat 587.5 ABŞ dolları təşkil etmişdir, bu isə o deməkdir ki, mənzilə görə o, ümumilikdə 61.000 ABŞ dolları ödəmişdir və bu, hazırkı məzənnə ilə 103.700 manat təşkil edir. Keçən uzun müddət ərazidə sağlamlığına ziyan vurulub, istintaq və məhkəmə orqanlarında mənəvi cəhətdən əziyyət çəkmişdir. Mülki cavabdeh eyni şəraitdə mənzillə təmin etməsinə söz verməsinə baxmayaraq buna əməl etməmişdir. Göstərilənləri nəzərə alaraq mənzilin hazırda təmirsiz dəyərini təşkil edən 103.700 (yüz üç min yeddi yüz) manat, vurulmuş maddi və mənəvi ziyana görə 10.000 (on min) manat, ödənilmiş dövlət 30 (otuz) manat dövlət rüsumunu cavabdehdən alınaraq ona verilməsi və həmin məbləğin alınması və müvafiq əmlakına yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Şüay qızı tərəfindən verilmiş apellyasiya şikayətini və mülki iddia ilə bağlı vermiş olduğu son dəqiqləşmənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum və onun müdafiəçisi zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin və mülki iddiaya dair dəqiqləşmənin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayəti və mülki iddiaya dair verilmiş dəqiqləşmə ilə bağlı qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə cinayət işinin materiallarını araşdırıb, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərini və mülki iddianın dəqiqləşməsi ilə bağlı ərizəsini bir daha müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli hökmü mülki iddiaya dair hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 308.1-ci maddəsi ilə məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən AR CM-nin 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsi, həmçinin sonuncuya münasibətdə təyin edilmiş cəzaya dair hissəsində Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-605/2020 saylı, 26 avqust 2020-ci il tarixli qərarı ilə qanuni qüvvəsini almış və hazırki apellyasiya araşdırmasının predmeti yalnız zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaya dair hissəsində baxılmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMnin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Habelə həmin Məcəllənin 181.1-ci, 181.1.1-ci və 181.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır və bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini və mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı hökmlə və qərarla Təqsirləndirilən şəxs vahid niyyətlə vəzifə saxtakarlığı etməklə Zərərçəkmiş şəxs2 aldatma və etibardan suiistifadə etmə yolu ilə 50.000 (əlli min) manat məbləğində əmlakını qulluq mövqeyindən istifadə etməklə ələ keçirib ona xeyli miqdarda ziyan vurub dələduzluq etməsi müəyyən olunur. Bu onu deməyə əsas verir ki, törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuşdur və CPM-nin 181.2ci maddəsinin tələbləri baxımından onun, yəni Zərərçəkmiş şəxs2 qeyd edilən maddi ziyanı Təqsirləndirilən şəxs tələb etmək hüququ var. Belə olan halda, nə qədər ki, bu hal Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə sübut olunur, onda həmin məbləğ sonuncudan tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Lakin mülki iddia tələbi üzrə iddiaçı ona vurulmuş 50.000 manat real zərərdən başqa, əldən çıxmış fayda olaraq maddi ziyanın ödənilməsini tələb etmişdir. Həmin hissədə iddia tələbini mənzilin hər kv.metrinə 481.56 manat ödədiyini, həmin dövr məzənnə ilə 481.56 manat məbləğin 587.5 ABŞ dolları təşkil etdiyini, mənzilə görə ümumilikdə 61.000 ABŞ dolları ödədiyini, bunun isə bugünkü məzənnə ilə 103.700 manat təşkil etdiyini bildirərək, əldən çıxmış fayda ilə birlikdə ümumilikdə mənzilə görə ödədiyi məbləğ üzrə 103.700 manat maddi ziyanın ödənilməsini tələb etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, mülki iddiaçının inflyasiya və məzənnə nəzərə alınmaqla manatla ödədilmiş pul məbləğinin hazırki məzənnə üzrə ABŞ dollarının manata nisbəti ilə hesablanmaqla əldən çıxmış fayda kimi ödənilməsi barədə tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında da göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının məqsədi mənzili sonrakı satış üçün əldə etmək yox, özünün şəxsi istehlakı, yəni həmin mənzildən yaşamaq üçün istifadə etmək olmuşdur. Beləliklə iddiaçı cavabdehlə müqavilə münasibətlərinə daxil olarkən, iddiaçının mənzilin sonrakı istifadəsindən hər hansı fayda əldə etmək niyyəti olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mənzilə dair ödədiyi məbləğin devalivasiya səbəbindən manatın məzənnəsinin aşağı düşməsi nəticəsində əlavə məbləğdə pul tələb etməsində haqlı deyildir. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia tələbinin mənəvi zərər hissəsinin həlli üçün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, «İnsan hüquqları və X3 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İşin faktiki hallarından görünür ki, zərərçəkmiş şəxs illər ərzində toplamış pul vəsaiti müqabilində ev almış və 2013-cü il tarixdə həmin evə köçüb yaşamış, lakin məhkum edilmiş şəxsin törətmiş olduğu dələduzluq cinayəti nəticəsində sonuncu əldə etdiyi yeganə yaşayış yerindən məhrum olmuşdur ki, bu da Zərərçəkmiş şəxs2ynın mənəvi sarsıntı yaşamasına səbəb olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs2 həmin mənzilin alınması üçün məhkum edilmiş şəxsə ödənilmiş 50000 manat məbləği hissə-hissə ödəməklə ilk dəfə özünə məxsus mənzil almış, lakin Təqsirləndirilən şəxs törəmiş olduğu dələduzluq cinayəti nəticəsində sonuncu illərlə qazandığı yeganə əmlakının bir anda əlindən çıxmasını dərk edib başa düşərək mənəvi sarsıntı, əsəb, stress keçirməsi aşkardır. Belə olan halda məhkəmə kollegiya iddiaçıya vurulmuş mənəvi zərərə görə maddi təzminatı 3000 manat həddində müəyyən edir və hesab edir ki, 3000 manat məbləğində vurulmuş mənəvi ziyanın mülki cavabdehdən iddiaçının xeyrinə tutulması ədalətli və ağlabatandır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı uzun illər ərzində çoxsaylı məhkəmə proseslərində iştirak etmək üçün nəqliyyat vasitələrindən istifadə etməklə yol xərci çəkmiş, həmçinin öz hüquqlarının bərpası üçün hüquqi xidmətlərdən istifadə etmək (yuxarı instansiya məhkəmələrinə şikayətlərin ünvanlanması və s.) məcburiyyətində qalmışdır. Bununla da cavabdehin təqsirli hərəkətləri nəticəsində mənzilə görə ödənilmiş məbləğdən başqa iddiaçıya əlavə olaraq da maddi ziyan dəymişdir. İddiaçı ona vurulmuş maddi və mənəvi ziyana görə ümumilikdə 10.000 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etmişdir. Məhkəmə kollegiyası iddiaçıya vurulmuş mənəvi zərərə görə maddi təzminatı 3000 manat həddində müəyyən edilməsi qənaətinə gəlmişdir. Həmçinin onun bütün bu müddət ərzində dəfələrlə bütün instansiyalarda iştirak etməklə yol xərcləri çəkməsini, həmçinin hüquqi yardım almaq və şikayətlərin ünvanlanması üçün vəkilinin hüquqi yardımından istifadə etməsini də nəzərə alaraq belə hesab edir ki, iddiaçının göstərilən xərclərin çəkilməsi üçün ödədiyi maddi ziyan məbləğinin 2000 manat məbləğində müəyyən olması, həmin məbləğin mülki cavabdehdən onun xeyrinə tutulması ədalətli və ağlabatandır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs2 Şüay qızına maddi və mənəvi ziyan bilavasitə məhkumun cinayət əməlləri nəticəsində vurulduğundan yuxarıda sadalanan məbləğlər Təqsirləndirilən şəxs tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs2 Şüay qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-64/2019 saylı, 18 noyabr 2019-cu il hökmü mülki iddiaya dair hissədə dəyişdirilməli, Zərərçəkmiş şəxs2 Şüay qızı tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs maddi ziyana görə 52.000 (əlli iki min) manat, mənəvi ziyana görə 3000 (üç min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 55.030 (əlli beş min otuz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs2 Şüay qızına ödənilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2 və 398.1.4 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Zərərçəkmiş şəxs2 Şüay qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 308.1-ci maddəsi ilə məhkum edilməsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən AR CM-in 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-64/2019 saylı, 18 noyabr 2019-cu il hökmü mülki iddiaya dair hissədə dəyişdirilsin. Zərərçəkmiş şəxs2 Şüay qızı tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs maddi ziyana görə 52.000 (əlli iki min) manat, mənəvi ziyana görə 3000 (üç min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 55.030 (əlli beş min otuz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs2 Şüay qızına ödənilsin. Mülki iddia qalan hissədə rədd edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən : Rəşad Abdulov Hakimlər: Mirzəli Abbasov Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar