Məhkəmə qərarları › İş №1(103)-1380/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1380/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1380/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Zöhrab oğlunun sədrliyi və məruzəsilə, Abbasov Mirzəli Əbdüləli oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2025-ci il tarixli 1(101)-436/2025 saylı hökmündən Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim A.A.Qurbanova, hakimlər F.A.Namazov və T.Q.Hüseynovdan ibarət tərkibdə) 26 may 2025-ci il tarixli hökmü ilə, 17 avqust 1990-cı il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2ə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 8,971 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 may 2024cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 11:20-də qeyd olunan ünvanda saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuş və orada həmin gün saat 12:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 5,098 qram və 3,873 qram olmaqla ümumilikdə külli miqdarda 8,971 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən, Müdafiəçi apellyasiya şikayəti verərək, iş üzrə Bakı Ağır Cnayətlər Məhkəməsinin 26 may 2025-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsin özü dəfələrlə bildirmişdir ki, o, heç bir zaman narkotik vasitələrdən istifadə etməyib, Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şərlənərək zorla həmin əməli törətməsi boynuna qoyulmuşdur. Həmçinin cinayət işinin materiallarına nəzər saldıqda da Təqsirləndirilən şəxs cinayət əməlini törətməsində yeganə mühum sübut onun həmin idarədə olan zaman etdiyi etirafıdır ki, o da həmin izahatları polis əməkdaşlarının təzyiqi altında, yaxın ailə üzvlərinə qarşı təhdidlər etdikləri üçün vermək məcburiyyət qarşısında verdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyə verdiyi məlumatları yoxlamamış, onun təqsirsizliyinin müəyyən edilməsi istiqamətində obyektiv araşdırma aparmaqdan imtina etmişdir. Nəticədə yalnız ittiham tərəfinin qanunsuz yollarla əldə etdikləri sübutlara əsaslanaraq, məhkəmə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır. Təqsirləndirilən şəxs qarşı verilmiş ittiham əsassızdır və təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların mənəvi zor tətbiq etməklə, habelə müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edildiyi, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyi, narkoloji rəy həqiqətə uyğun olmadığı üçün ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olması və uzlaşmaması, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Əgər polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində küllü miqdarda narkotik vasitələrin olması haqqında öncədən məlumat almışdırlarsa, onu saxlayan zaman prosessual qaydalara əsasən bu faktı video çəkiliş əsasında rəsmiləşdirməli idilər. Lakin, iş materiallarında olan video çəkilişdən görünür ki, video çəkiliş Təqsirləndirilən şəxs tutulduqdan xeyli müddət sonra və bilavasitə Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinin inzibati binasında aparılmışdır. Məhkəmə iclasında Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X6 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən ittiham hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir. İlk öncə, məhkəmə kollegiyası qeyd edir ki, istintaq sənədlərinə və məhkəmə icraatına əsasən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiə hüququ istintaq orqanı tərəfindən Milli və Beynəlxalq hüquq normaları daxilində təmin olunmuş, məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı hallar aşkar edilməmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ittiham hökmü mübahisələndirilərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması iddia olunmuşdur. Bunu nəzərə alan məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malik olan sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi prosesində birinci instansiya məhkəməsi tərəfindən tətbiq olmuş hüquq normalarının qanuniliyini və əsaslılığını tədqiq olunmuş iş materialları əsasında yoxlamağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X2 təməl prinsiplərindəndir. Qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həqiqət prinsipinin adresatı kimi birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir və işin faktiki hallarını müəyyən edir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirliliyinə dair sübutlara cinayətprosessual qanunvericiliyin müddəaları (sübutlar və sübutetmə) baxımından düzgün hüquqi qiymət vermişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara, habelə təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrinə, həmçinin ibtidai istintaq orqanı tərəfindən toplanmış sübut əhəmiyyətli sənədlərə, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından yanaşması qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, habelə işdə olan digər sənədlərə istinad olunaraq, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasında mövqeyinin və gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığı qeyd olunmuşdur. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətində qeyd olunan hallar, işin müəyyən olunmuş faktiki halları ilə əlaqəli şəkildə təhlil olunmuş və bu xüsusda Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə tövsif olunmuş cinayət əməlinin hüquqi tövsifi, müvafiq olaraq, qanunvericiliyin tələbləri və məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının hüquqi tövsiyyəsi nəzərə alınaraq müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrinin, habelə iş üzrə toplanmış sənədlərin müqayisəli şəkildə bir-biri ilə əlaqəli tədqiq və təhlil olunmasına rəğmən, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması xüsusda gəldiyi nəticəni, işin faktiki hallarını əks etdirən məhs həmin sübutların məcmusu ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrin, habelə şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətinin protokollarının, digər sənədlərin tədqiqi, onların müzakirəsi və təhlili ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni iş materiallarına, sənədlərə, habelə qanunun tələblərinə və işin müəyyən olunmuş həqiqi hallarına uyğun sayaraq onunla razılaşır və qeyd edir ki, bu xüsusda şikayətin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və daşıması faktı işdə olan müvafiq məlumatlarla sübuta yetirilmiş və birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş qaydada toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət vermiş və həmin sübutlar yoxlanılarkan Azərbaycan Respublikası CPM-nin 143- 146-cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələ üzrə hüquqi mövqeyi və gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair işin faktiki halları müəyyən olunarkən, məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna, qanunun müddəalarına istinad olunmaqla yanaşı, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarlarının hüquqi tövsiyyələri də nəzərə alınmışdır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların analizi belə qənaətə gəlməyə tam əsas verir və həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması faktının təsdiq edilmədiyi iddia olunsa da, elə bir dəlilə istinad edilməmişdir ki, müdafiə tərəfin həmin iddiasını əsaslandırmış olsun. Sübutları şikayətin həmin iddiası baxımından bir daha təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, həmin sübutlara əsasən müəyyən olunmuş hallar Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması üzrə təqsirliliyi barədə qəti qənaətə gəlməyə ciddi əsaslar verir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş üzrə toplanmış sübutlarda (o cümlədən şikayətdə istinad edilən sübutlarda) olan məlumatları bir daha təhlil edərək vurgulayır ki, şikayətin yuxarıda göstərilən iddiaları təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı təqsirini etiraf etməyərək belə bir ifadə versə də, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımasını etiraf etmiş, ona hər hansı təsir və təzyiqin göstərilmədiyini bildirmiş, müdafiəçinin iştirakı ilə verdiyi bu ifadələrin təsir altında verməsi barədə fikir söyləmək üçün də əsaslar yoxdur. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu fərqli məzmunlu ifadələri, tədqiq olunmuş digər sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edilərək nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi, məhkəmədə tədqiq olunmuş sübutları məcmu halda mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə yoxlamış və həmin sübutların təhlili ilə müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun olaraq qiymətləndirmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması faktının müəyyən edilməsində, iş üzrə tədqiq olunmuş sübutlar mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş və onların məcmusu nəzərə alınmışdır. Məhkəmə kollegiyası bununla bağlı mövqeyini iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş mümkün və mötəbər sübutların məcmusuna rəğmən qətiləşdirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 №-li qərarının hüquqi tövsiyyəsinə görə, hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Plenum qərarının hüquqi tövsiyyəsini nəzərə alan və işin hallarına bu xüsusda yanaşan məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı mərhələli şəkildə verdiyi ifadələr təhlil olunarkən, ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə, məhkəmə baxışı zamanı qeyri-səmimi ifadə verdiyi müəyyən edilmişdir. İstintaq materiallarına və hökmə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlaması və daşıması ilə törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığına görə, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Belə ki, yuxarıda göstərildiyi kimi, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qanunla nəzərdə tutulmuş qaydada toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara, onlarda olan məlumatlara əsaslanmış, mövqeyini (gəldiyi nəticəni) qətiləşdirərkən hökmdəki sübutlara, işin faktiki hallarına və qanunun tələblərinə istinad etmişdir. Həmin nəticə iş materiallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri bu nəticənin qanunsuz olması haqqında qənaətə gəlmək üçün əsas vermir, habelə iş materialları ilə əlaqəli olan məlumatlara da uyğun deyildir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlaması və daşımasının mümkünlüyü məsələsi həll olunarkən işin faktiki halları, tədqiq olunmuş sübutlar, onların mənsubiyyəti və mümkünlüyü nəzərə alınmışdır. Məhkəmə kollegiyası qeyd olunan xüsusatlara və apellyasiya şikayətinə münasibətdə təqsirləndirilən şəxsin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrin, habelə şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin və işdə olan digər sənədlərin təkrarən elan olunmasına, onların müzakirəsinə və təhlilinə heç bir lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni iş materiallarına, sənədlərə, habelə qanunun tələblərinə və işin müəyyən olunmuş həqiqi hallarına uyğun sayaraq onunla razılaşır və qeyd edir ki, bu xüsusda apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası CPM-nin 145.2-ci (Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər) maddəsinin tələblərini və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyini nəzərə alır. Qeyd olunan xüsusatları nəzərə alan məhkəmə kollegiyası, ibtidai istintaq və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması faktı üzrə onun və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrin, habelə iş üzrə toplanmış digər sübutların bir-biri ilə əlaqəli şəkildə təhlili bir mənalı olaraq göstərir ki, bu məsələdə sübutların mötəbərliyi və mümkünlüyü mübahisəsizdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının hüquqi tövsiyyəsinə görə, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmədə tədqiq olunmuş biri-digərinə kifayət qədər uyğun gələn mötəbər və mümkün sübutların məcmusuna əsasən, birinci instansiya məhkəməsi gəldiyi nəticəni Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifinə münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuş və bu xüsusda məhkəmə aktı qəbul olunarkən Ali Məhkəmənin Plenum qərarlarının hüquqi tövsiyyələri nəzərə alınmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək qeyd edir ki, həmin sübutların məcmusu Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlaması və daşıması üzrə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış məhkəmə araşdırmasının nətcələri və tədqiq olunmuş sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təsdiq olunmaqla yanaşı, onun ibtidai istintaq zamanı təsir və ya təzyiqə məruz qalması ilə bağlı müdafiə tərəfin iddiaları təkzib olunmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 №-li qərarının hüquqi tövsiyyəsində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İş materiallarına əsasən, məhkəməyədək icraat zamanı müdafiə tərəfin, habelə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki, psixi və sair zorakı hərəkətlərə məruz qalması ilə məhkəmə nəzarətini həyata keçirən orqana müraciət etməsi, həmçinin belə hallara dair şübhəli məqamlar iş üzrə müəyyən edilməmişdir. Apellyasiya şikayətinin digər dəlilləri də iş materialları və məhkəmə sənədləri ilə tam təkzib olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə görə, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1 -ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafıq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Birinci və apellyasiya instansiyası məhkəməsi zamanı müdafiə tərəfin Təqsirləndirilən şəxs müdafiəsi üçün irəli sürdüyü dəlillər ittiham tərəfin təqdim etdiyi mümkün və mötəbər sübutların məcmusu ilə təkzib edilmişdir. İş üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılmış mümkün sübutların təhlilini dir daha nəzərə alan məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı ona bəraət verilməsi haqqında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində bəraətin əsaslarını nəzərdə tutan hallar cinayət iş üzrə Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları bir daha tədqiq və təhlil edərək, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsini qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətinin, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf etməməsi və ya elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi onun prosessual hüququ kimi qəbul edildiyindən, bu hal onun təqsirsiz olduğunu şərtləndirən mötəbər dəlil kimi qəbul edilə və ya qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Göründüyü kimi, qanunvericilik təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ona qarşı ittihamın əsası kimi qəbul edilməsinin mümkünlüyünü yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halla şərtləndirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməməsinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək və ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirsizliyini təsdiq edə biləcək konkret sübutlar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri, habelə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli qərarının tövsiyyələri, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların insan hüquq və azadlıqlarının təmin edilməsi barədə tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə standartları düzgün nəzərə alınmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil və bu xüsusda apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar