Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1402/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Tağızadə Mirzə Nəsib ğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi3, Məhkum edilmiş Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bərdə rayonunun, Bəcirəvan kəndində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Bəcirəvan ərazi dairəsi, Bəcirəvan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 1(005)-114/2022 saylı hökmündən dövlət ittihamçısı X2 tərəfindən verilmiş apellyasiya protestinə və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə (bundan sonra apellyasiya şikayəti) əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 1(005)- 114/2022 saylı hökmünə əsasən (hakim H.Kamranov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə etmiş, saxlamış, gəzdirmiş və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd nömrəsi silinmiş, xarici dövlətdə Makarov konstruksiyalı tapançaların tipində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli, yivli odlu silah olan, texniki cəhətdən saz və atəşə yararlı tapançanı, zavod üsulu ilə istehsal edilmiş Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağı və zavod üsulu ilə istehsal edilmiş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş istifadə və atəş üçün yararlı, döyüş sursatı hesab olunan 03 ədəd patronu qanunsuz olaraq əldə edərək üzərində saxlayıb gəzdirməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdə saat 20:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-ə gətirilmiş və orada həmin tarixdə saat 22:16-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli gödəkcəsinin sol yan cibindən içərisində 03 ədəd patron olan 01 ədəd daraq və sağ tərəfdə belinin üzərində şalvarın kəmər hissəsindən 01 ədəd odlu silah olan tapança aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 1(005)- 114/2022 saylı hökmündən dövlət ittihamçısı X2 apellyasiya protesti verərək, hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 30 sentyabr 2021-ci il tarixli cavabdan görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3100 manat cərimə cəzasına məhkum edilmişdir. Abşeron rayon məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 9 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, ona hər ay qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzası təyin edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər 3 dəfə müxtəlif kateqoriyalı cinayətləri, yəni mülkiyyət əleyhinə, ictimai təhlükəsizlik əleyhinə və idarəetmə qaydası əleyhinə olan cinayətləri qəsdən törətdiyi üçün barəsində ittiham hökmü çıxarılmış, həmin hökmlərlə təyin olunmuş cəza onun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşını almaq üçün yetərli olmamışdır. Qeyd olunanlar öz növbəsində onun sabit kriminal meylliliyinə dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işin konkret hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini nəzərə almayaraq cəzanın məqsədini təmin etməyən ədalətsiz və yüngül, yəni aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmdən və cəzadan narazı olduğunu, üzərində heç bir silah olmadığını, müstəntiq tərəfindən psixi və fiziki təsirlərə məruz qaldığını göstərib hökmün ləğv edilməsini və barəsində bərəat hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X5 apellyasiya protestinin dəlillərini müdafiə edərək təmin edilməsini, protestdə göstərilən əsaslarla hökmün birinci instansiya məhkəməsində dövlət ittihamçısının cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya protestinin təmin edilməməsini, apellyasiya şikayətinin təmin edilərək hökmün ləğv edilməsini, ona bəraət verilməsini, bəraət verilməyəcəyi halda cəzasının yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti isə qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 1(005)- 114/2022 saylı hökmü dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs həmin hökmlə təyin olunmuş cəzanın müddəti artırılmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, özünə məxsus avtomobili idarə edərək yaşadığı “AAAF Park” yaşayış kompleksinə gedirmiş. Maşını saxladıqda avtomobildən arxada “Toyota Prado” markalı avtomobilin saxladığını və içərisindən 5 nəfər düşərək ona yaxınlaşmışdır. Həmin şəxslər ona və dostu Ələddinə yaxınlaşdıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və onlarla İdarəyə getməyi tələb etmişlər. Onları avtomobildə arxa oturacağa mindirmiş, əməkdaşlardan 2 nəfər də arxa oturacaqda, 2 nəfər qabaq oturacaqda əyləşmiş, bir nəfər isə onun avtomobilini idarə edərək idarəyə getmişlər. İdarəyə çatan zaman avtomobilə baxış keçirmişlər. Daha sonra onu idarədə ayrıca otağa salaraq onun həbs olunmalı olmasını bildirmişlər. O da niyə olmasını soruşduqda belə olmalıdır deyərək cavab vermişlər və ona üzərindən ya narkotikin ya da silahın çıxacağını qəbul etmək barədə ifadə verməyə məcbur etmişlər. O da çıxılmaz vəziyyətdə qalaraq narkotik maddə daşımaq ilə ittiham olunmaqdansa silah daşımaqla ittiham olunmağı daha yaxşı hesab edərək təzyiq altında özünü təqsirli bilmişdir. İbtidai istintaq zaman verdiyi ifadəsini təsdiqləmir. Həmin ifadəni təzyiq altında vermişdir. Həbs qətimkan tədbirinin seçilməsinə baxılarkən sonradan yenidən idarəyə qayıdacağını və yenidən təzyiqlə üzləşəcəyini düşündüyü üçün təzyiq altında ifadə verməsi barədə məhkəmə iclasında heç nə deməmişdir. Odur ki, hazırda özünü təqsirli bilməyərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur, yaxşı münasibətləri, ailəvi dostluqları var. Hadisə günü Babəkin avtomobili xarab olmuş və onlar avtomobil üçün ehtiyat hissə alaraq avtomobili təmir üçün aparmaq istəmişlər. Lakin həmin gün ustanın təmir üçün vaxtı olmadığına görə avtomobili təmirə apara bilməmişlər. Bundan sonra onlar əyləşərək çay içib söhbət etməyə qərar vermişlər. Avtomobili müəyyən olunmuş yerdə saxladıqda arxadan bir avtomobil yaxınlaşmış, içindən 4 ya 5 nəfər düşmüş və özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edərək onları İdarəyə dəvət etmişlər. İdarəyə gətirildikdən sonra şəxsi axtarış zamanı Babəkin üzərindən silah çıxmış, lakin ondan heç bir qanunsuz əşya aşkar olunmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi bərədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanımış və üzərinə axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi tapançanı, darağı və patronları könüllü olaraq təqdim etmişdir İş mateiallarında olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində bir ədəd odlu silah tapança və patronlar olduğunu bildirib sağ İ tərəfdə belinin üzərində olan bir ədəd odlu silah tapançaya bənzər dəmir predmeti, əynində olan göy rəngli gödəkcəsinin sol yan cibindən 01 ədəd sandıqçanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Baxış zamanı tapançaya oxşar predmetin gümüşü rəngli, dəstəyinin isə qəhvəyi rəngli olduğu müəyyən edildi. Sandıqça iştirakçıların şahidliyi ilə boşaldıldıqda onun içərisindən 03 ədəd patron aşkar olundu. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd tamlığı pozulmamış döyüş sursatına oxşar patronların olması aşkar olundu. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapançanı, 01 ədəd sandıqçanı və həmin sandıqçanın içərisində olan 03 ədəd patronu təxminən 3-4 gün əvvəl Abşeron rayonu, Xirdalan şəhərində yerləşən Qəbiristanlıqda ziyarət edərkən məzarlıqdan təsadüfən yerdən tapdığını, odlu silahlara marağı olduğu üçün həmin tapançanı və 03 ədəd patronu götürüb özündə saxlayaraq gəzdirdiyini, Şahid4 ilə dost olduğunu, üzərindən aşkar edilmiş tapança və patronlardan Şahid4 məlumatının olmadığını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd tapança tipli odlu silaha oxşar predmet, 01 ədəd sandıqça və 03 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 5 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 20 manatlıq pul əskinası iş üzrə sübut əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı, aşkar olunmuş “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyəti kəsb etdiyindən götürüldü. İş mateiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 28 sentyabr 2021-ci il tarixli 21/578R nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, xarici dövlətdə Makarov konstruksiyalı tapançaların tipində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. - Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. - Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. - Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 03 ədəd 9 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. İş mateiallarında olan, “Maddi sübut hesab edilməsi haqqında” 30 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş yivli odlu silahı olan 01 ədəd tapança, Makarov konstruksiyalı silahın komplekt hissəsi olan 01 ədəd daraq və eksperimental atəşdən sonra 01 ədəd qalmış döyüş sursatı olan patron maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bəraət verilməsi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən əsaslar, eləcə də ümumiyyətlə əməlinin tövsifinin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən ona yüngül cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3100 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Abşeron rayon məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 9 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, ona hər ay qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzası təyin edilmişdir. Amnistiya aktının tətbiq edilməsi barədə 16 dekabr 2021-ci il tarixli qərardan görünür ki, “8noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-89/2021 nömrəli hökmü ilə təyin edilmiş hər ay qazancından dövlət nəfinə 20 faiz miqdarında pul tutulmaqla 06 ay 16 gün müddətinə islah işləri cəzasından azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər əvvəllər 3 dəfə müxtəlif kateqoriyalı cinayətləri, yəni mülkiyyət əleyhinə, ictimai təhlükəsizlik əleyhinə və idarəetmə qaydası əleyhinə olan cinayətləri qəsdən törətdiyi üçün barəsində ittiham hökmü çıxarılmış, həmin hökmlərlə təyin olunmuş cəza onun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşım almaq üçün yetərli olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxslərə aşağı həddə cəzanın təyin edilməsini istisna etmir, lakin bu məsələ həll edilərkən həddindən artıq diqqətli olmaq lazımdır. İşin müəyyən edilmiş bu faktiki halları məhkəmə kollegiyasına Təqsirləndirilən şəxs şəxsiyyətininin səciyyələndirilməsi ilə bağlı aşağıdakı nəticələrə gəlmək üçün əsas verir: - Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmaqla yenidən qəsdən cinayət törətmişdir. O, əvvəlki məhkumkuğu ödənilmiş şəxs kimi onda qanuna itaət üçün həvəsin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşmalası barədə məhkəmə kollegiyasında daxili inam yaranmamışdır. Qanunvericilikdə belə halların cəza təyini zamanı nəzərə alınması birbaşa tələb olunmasa da, məhkəmə kollegiyası hesab edir ki, həmin hallar məhkum olunmuş şəxsin şəxsiyyətini mənfi cəhətdən səciyyələndirilən hallar kimi qiymətləndirilməli və belə halların mövcudluğunda məhkəmələr cəza növünün seçilməsi məsələsinə xüsusi diqqətlə yanaşmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən apellyasiya məhkəməsi hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5, 405.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı X2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 1(005)-114/2022 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Zəki Babayev Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №1(103)-1402/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1402/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver