Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1407/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X16, Xüsusi ittihamçı (mülki iddiaçı) - X8, Təqsirləndirilən şəxs (mülki cavabdeh) X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(006)-158/2024 nömrəli hökmündən xüsusi ittihamçı (mülki iddiaçı) - X17 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(006)-158/2024 nömrəli hökmü ilə (hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi ilə) 23 oktyabr 1988-ci ildə Bərdə rayonu, Saatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsili, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Həsənqaya Ə/D, Saatlı kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş X3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə ilə bəraət verilməsi, xüsusi ittihamçı X18 tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 50 (əlli) manatın X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pulun köçürülməsi hökm edilmişdir. İşin halları: X17 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X17 şikayətini onunla əsaslandırmışdır ki, Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirmişdir və bununla bağlı Dövlət Attestasiya Komissiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə Ali Təhsil haqqında 049517 nömrəli Diplom almışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilən xx.xx.2004-cü il tarixli 260 nömrəli şəhadətnamə ilə Bakı Slavyan Universitetinin nəzdində tibb bacısı ixtisasına yiyələnmişdir. Azərbaycan Respublikası Yenidən Hazırlanma Haqqında xx.xx.2007-ci il tarixli, 007403 nömrəli diplomla praktik psixoloq ixtisasına yiyələnmişdir. Uzun illər müxtəlif dövlət və özəl qurumlarda məsuliyyətli vəzifələrdə çalışmışdır. 2023-cü ildə o, cavabdehlər X4, X19, X20, X1, X9, X21, X10, X13, X7, X22, X26, X14, X15, X23 və X12 qarşı "mənəvi zərərin əvəzinin ödənilməsi’’ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən 5000 (beş min) manat olmaqla, ümumilikdə 75000 (yetmiş beş min) manat, hüquqi xidmət göstərilməsi üçün 550 (beş yüz əlli) manat, dövlət rüsumu üçün ödənilmiş 317 (üç yüz on yeddi) manat olmaqla, cəmi 75867 (yetmiş beş min səkkiz yüz altmış yeddi) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidovanın icraatına verilmişdir və 2(006)-3187/2023 nömrə ilə nömrələnmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə prosesində cavabdeh X11 bildirmişdir: "İddiaçı boş-bekar adamdır. Biz iş adamıyıq”. Qeyd olunan cümlələr xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə prosesinin protokollarında öz əksini tapmışdır. Göründüyü kimi X11 məhkəmə prosesində ona boşbekar deməklə onu təhqir etmişdir. Bununla da X11 Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X3 Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi Nəsimi rayon Məhkəməsinin 2(006)-3187/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli məhkəmə prosesinin iclas protokolu ilə sübut edilir. Cinayət təqibinin növlərindən bəhs edən Azərbaycan Respublikasının CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 74.1 -ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Hazırki iş üzrə təhqir xarakterli məlumatlar Nəsimi rayon Məhkəməsində yayıldığı üçün hesab edir ki, şikayətinə Nəsimi rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci maddəsinə əsasən, Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Həmin qərarın 10-cu maddəsinə əsasən, Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə - təqsirləndirilən şəxs qismində tanınırlar. Göstərilənləri nəzərə alaraq, X3 Azərbayan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. X27 qeyd edilən fikirləri səsləndirdiyi videomateriala 40000-dən artıq şəxs tərəfindən baxılmışdır. Bu isə onun kütləvi çıxış olmasını təsdiq edir. Qeyd edilən böhtan xarakterli çıxışın X34 tərəfindən edilməsi açıq internet informasiya ehtiyatında yerləşdirilmiş https://www.youtube.com/watch?v=pDoaCUmi-Vg səhifəsi vasitəsilə təsdiq edilir. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 12-ci bəndinə əsasən Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən xüsusi ittiham qaydasında xüsusi ittihamçı (mülki iddiaçı) - X17 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(006)-158/2024 nömrəli i hökmünün ləğv edilməsi və Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmiş və şikayətinin məzmununu şikayət ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə əsas kimi yalnız iş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspert rəyini götürmüşdür. Düşünürəm ki, ekspert rəyi kifayət qədər əsaslı olmadığı üçün və şübhələr yaratdığı üçün təkrar məhkəmə-linqvistik ekspertizası təyin edilməli idi. Belə ki, ekspert rəyinin özündə belə boş-bekar sözünün veyil sözü olduğu xatırlansa da bunun təhqir olmadığı bildirilmişdir. Göründüyü kimi veyil sözü və bu sözün sinonimi olan avara sözləri dilimizdə birbaşa təhqir kimi işlənir və ekspertin nəzərindən belə məqamın qaçması kifayət qədər ziddiyyətlidir. Tərəfimdən bununla bağlı təkrar məhkəmə-linqvistik ekspertizasının keçirilməsi və ekspertizanın həyata keçirilməsinin Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutuna həvalə edilməsi ilə bağlı vəsatət məhkəməyə təqdim edilsə də məhkəmə əsassız olaraq bu vəsatəti təmin etməmişdir. İşin obyektiv araşdırılması üçün təkrar ekspertizanın təyin edilməməsi xüsusi ittihamçının hüquqlarının kobudca pozulmasıdır. Verilən mülki iddianın baxılmamış saxlanılması da ağlabatan deyil. Belə ki, təqsirləndirilən şəxs tərəfindən təhqir olunsa da məhkəmə hər hansı bir təzminat müəyyən etməmiş və hüquqları kobudca pozulmuşdur. Məhsulov Mansurun qanunsuz hərəkətləri onda mənəvi sarsıntı və depressiya əlamətləri meydana gətirmişdir ki, nəticədə də o, fəal ictimai həyatı davam etdirməkdən məhrum olmuşdur. Bununla yanaşı qeyd olunan xoşagəlməz hallar nəticəsində özünə və ailəsinə kifayət qədər vaxt ayıra bilməmiş və onlara qayğı göstərməkdən məhrum olunmuşdur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında xüsusi ittihamçı (mülki iddiaçı) - X17 şikayəti müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) X11 şikayətin əsassız olduğu üçün təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətini xüsusi ittiham qaydasında iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, çıxışları dinləyərək belə hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini apellyasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Xüsusi ititham qaydasında şikayət vermiş X17 tərəfindən təqdim edilmiş 2(006)- 3187/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının prokolunun surətindən görünür ki, 05 oktyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh Mansur Məhsulov izahatında iddiaçı Elnurə Vəliyevanın barəsində "iddiaçı boş-bekar adamdı. Biz iş adamıyıq və məhkəməyə gəlmək üçün hər dəfə işimizdən ayrılırıq” ifadəsini qeyd etmişdir. Xüsusi ititham qaydasında şikayət vermiş X17 tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilmiş və diskdə 05 oktyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının görüntüləri müəyyən olunsa da, səs yazılarının olmaması müəyyən edilmişdir. Ədliyyə Naziliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2024-cü il tarixli 3-16- 16/2-4/440 saylı ekspert rəyindən görünür ki, "Azərbaycan dilinin izahlı lüğəti”ndə "boşbikar” sözü "işsiz, boş-boşuna, veyil; boş-bikar gəzmək, boş-bikar qalmaq. - [Firuz] boşbikar oturub qalır. Ə.Məmmədxanlı. [Məsmə:] Sənin nəyinə yaraşır gedib boş-bikar oturub çərəkə höccələyəsən? Mir Cəlal.” mənasında izah edilmişdir ("Şərq-Qərb”, İ cild, səh.337). Eyni zamanda lüğətdə "bikar” sözünün ayrılıqda leksik mənası izah edilmişdir: 1 sif. və zərf [fars.] 1. İşsiz, peşəsiz, məşğuliyyətsiz. Bikar adam. Bu gün bikaram. Bikar gəzmək. Bikar olanda bizə gəl. - [Əşrəf bəy:] Mənim işim belə düşübdür ki, bir dəqiqə bikar otura bilməyirəm... N.Vəzirov. [Hüseyn:] Əgər bu cür boş sözün varsa, bikar vaxtında gəl, sən danış, mən də yazım, səhnədə lazım olar. S.Rəhman. [Şamamanın anası:] Heç belə vaxtlarda da evdə bikar oturmaq olarmı? İ.Əfəndiyev. 2. məc. Əkilməmiş, toxum atılmamış, ağac əkilməmiş, boş (yer). "Bikar” sözünün etimologiyasına baxdıqda "1 farsca bi (sız) və kar (iş) hissələrindən ibarətdir, "işsiz” deməkdir (X25 lüğəti). Boş, işsiz” mənasında işlənən "bikar” sözü çox vaxt "E” saiti ilə yazılsa da, əslində "bikar”, yəni "İ” saiti ilə yazılmalıdır. Göründüyü kimi, ekspertizaya təqdim edilmiş "boş-bikar" ifadəsi haqqında danışılan şəxsin şərəf və ləyaqətini alçaltmaq və ya təhqir etmək məqsədilə deyil, sadəcə onun "işsiz-gücsüz” olmasını vurğulamaq mənasında işlənmişdir. İşin faktiki hallarına əsasən təqsirləndirilən şəxs X11 və X17 arasında iş münasibətləri zəminində mübahisələr yaranmış və bununla bağlı X17 məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında fikir ayrılıqları olmuşdur. Bununla bağlı hazırki iş üzrə təqsirləndirilən şəxs X11 cavabdeh olaraq 2(006)-3187/2023 saylı mülki iş üzrə X17 barəsində "iddiaçı boş-bekar adamdı. Biz iş adamıyıq və məhkəməyə gəlmək üçün hər dəfə işimizdən ayrılırıq” ifadəsini bildirmişdir. Xüsusi ittihamçı məhkəməyə müraciətində iddia edir ki, X11 onun barəsində qeyd etdiyi söz və ifadələrlə onu təhqir etmişdir. Təqsirləndirilən şəxs isə qeyd edir ki, o, kimsəni təhqir etməmiş, ümumi şəkildə Elnurə Vəliyevanın barəsində qeyd etdiyi "iddiaçı boş-bekar adamdı. Biz iş adamıyıq” ifadəsi ilə sonuncunun zaman mənasında boş vaxtının olmasını qeyd etmək istəmişdir. Qeyd edilən iddialarla bağlı məhkəmə araşdırması zamanı ekspert rəyi ilə müəyyən edilmişdir ki, "iddiaçı boş-bekar adamdı. Biz iş adamıyıq” ifadəsini kiminsə şərəf və ləyaqətini aşağılayan, onu qəsdən alçaldan, təhqiramiz ifadələr hesab etmək olmaz. Bununla bağlı olaraq, məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur. Məhkəmə kollegiyası ilk növbədə X3 xüsusi ittihamçı barəsində qeyd etdiyi ifadənin tənqidi xarakteri və qiymətləndirici mülahizə olmasının araşdırılmasını zəruri hesab edir. Bu nöqteyi nəzərdən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X3 mülki məhkəmə iclasında Elnurə Vəliyeva barəsində qeyd etdiyi "iddiaçı boş-bekar adamdı. Biz iş adamıyıq” ifadəsinin məqsədi xüsusi ittihamçını təhqir etmək olmamış, sadəcə aralarında olan əmək mübahisələri və bununla bağlı məhkəmə çəkişmələri ilə əlaqədar yaranmış vəziyyəti əhatə etməklə Elnurə Vəliyevanın zaman mənasında cavadehlərin vaxtlarını almasını qeyd etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və təqsirləndirilən şəxs tərəfindən təqdim edilən sübutlara əsasən təhqiredici ifadə və qeyd edilən maddənin digər tərkib əlaməti olan kütləvilik müəyyən olunmamışdır. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin "zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün "ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Məhkəmə böhtan sayıla biləcək bəyanatların doğruluğunun sübut edilməsi məsələsi ətrafında geniş təcrübə formalaşdırmışdır. Diffamasiya ilə bağlı ilk Lingens Avstriyaya qarşı, 1986, Dyuldin və Kislov Rusiyaya qarşı, 2007, işində məhkəmə ərizəçi jurnalistin Federal Kansleri tənqid etmək üçün kobud ifadə istifadə etdiyi o cümlədən onu "rəzil opportunizm", "mənəviyyatsız" və "ləyaqətsiz" davranışda ittiham etdiyi vəziyyətlə üzləşmişdi. Avstriya məhkəmələri ərizəçini bəyanatlarının həqiqiliyini sübut edə bilmədiyi üçün təqsirli hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, faktlarla bağlı bəyanatlar və rəylərlə bağlı bəyanatlar və ya subyektiv dəyərləndirmələrdə fərq mövcuddur: Məhkəmənin fikrincə faktlar və obyektiv qiymətləndirmələr diqqətli şəkildə fərqləndirilməlidir. Faktların mövcudluğu göstərilə bilər, halbuki obyektiv qiymətləndirilmələrin həqiqiliyi sübutetməyə həssas deyil. Subyektiv baxımdan bu tələbi yerinə yetirmək mümkün deyil və o, Konvensiyanın 10-cu Maddəsi ilə təmin edilən (mad. 10) hüququn mühüm hissəsi olan fikir azadlığını pozur. Məhkəmə kollegiyası vurgulayır ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsin və xüsusi ittihamçının ifadələrinə müqayisəli şəkildə qiymət verərək, X3 əməlində təhqiredici ifadə və qeyd edilən maddənin digər tərkib əlaməti olan kütləvilik müəyyən olunmamışdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratmadığına, həmin tərkiblə əhatə olunmadığına görə bu maddə ilə ona bəraət verməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 145.3- cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 35İ.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İş materiallarında olan mülki iddia barədə ərizədən görünür ki, xüsusi ittihamçı X18 ona vurulmuş mənəvi ziyana görə təqsirləndirilən şəxs X2 10000 (on min) manat və ödənilmiş dövlət rüsumuna görə 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 10120 (on min yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, xüsusi ittihamçı X18 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin Qərarın 74-cü bəndində qeyd edilir ki, təqsirləndirilən şəxs barəsində bəraət hökmü Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, xüsusi ittihamçı (mülki iddiaçı) - X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(006)-158/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Xüsusi ittihamçı (mülki iddiaçı) - X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(006)-158/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1407/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1407/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver