Məhkəmə qərarları › İş №1(103)-1408/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1408/2020

21.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1408/2020 21.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Seyfəliyev Əli Səlim oğlunun sədrliyi və məruzəsilə, Babayev Qədim Xalid oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum – Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhər 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.10-cu maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətinin təmin edilməməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından vermiş olduğu apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.10-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə sənədlərinə əsasən, Təqsirləndirilən şəxs barəsində olan məhkəmə hökmünün surətini xx xxxxxx 2012-ci il tarixdə qəbzə imza etməklə almışdır. Məhkum Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsinə dair müddətin bərpası haqqında vəsatət qaldırmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim N.A.Kərimov) məhkum Təqsirləndirilən şəxs vəsatəti təmin edilməmişdir. Qərardan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair qərar qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, hökm elan edildiyi gündən sonra dərhal apellyasiya şikayəti yazıb 3 saylı İstintaq Təcridxanasının qeydiyyat şöbəsinə təqdim etmişdir. Lakin buna baxmayaraq hökm qanuni qüvvəyə minməmiş həbsxanaya köçürülmüşdür. Hökmün surətini xx xxxxxx 2012-ci il tarixdə almışdır. Hökmdən verdiyi apellyasiya şikayətindən heç bir xəbər olmamasını nəzərə alaraq, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə vəsatətlə müraciət etmiş, lakin vəsatəti təmin edilməmişdir. 3 saylı İstintaq Təcridxanasının qeydiyyat şöbəsinə təqdim etdiyi apellyasiya şikayəti göndərilmədiyindən, apellyasiya şikayətinin verilmə müddətinin üzürlü səbəbdən buraxıldığı nəzərə alınaraq apellyasiya şikayətinin verilmə müddəti bərpa edilməlidir. Məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, hökm elan olunduğu gündən dərhal sonra apellyasiya şikayəti yazıb 3 saylı İstintaq Təcridxanasının qeydiyyat şöbəsinə təqdim etdiyini, hökm qanuni qüvvəyə minməmiş həbsxanaya köçürüldüyünü və hökmdən verdiyi apellyasiya şikayətindən heç bir xəbər olmadığı üçün 2020-ci ilin sentyabr ayında apellyasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs göstərmişdir ki, vermiş olduğu apellyasiya şikayətinə baxılmaması ilə əlaqədar cəza çəkdiyi 8 il ərzində heç bir orqana, yəni cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, məhkəmələrə və digər orqanlara ərizə və ya şikayətlə müraciət etməmişdir. Məhkəmə iclasında Müdafiəçi məhkumun apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında prokuror Dövlət ittihamçısı məhkumun apellyasiya şikayətinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin və məhkumun çəxsi iş materialları ilə əlaqəli araşdırıb cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və məhkum Təqsirləndirilən şəxs vəsatəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı xüsusatları qeyd edir: Məhkəmə kollegiyası ilk öncə vurğulayır ki, məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinə ünvanladığı vəsatətdə, apellyasiya şikayətində, habelə apellyasiya baxışı zamanı çıxışında, barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü elan olunduqdan dərhal sonra apellyasiya şikayəti yazıb 3 saylı İstintaq Təcridxanasının qeydiyyat şöbəsinə təqdim etdiyini, lakin apellyasiya şikayəti barədə uzun illər ərzində ona heç bir məlumat verilmədiyini bildirmişdir. Bu səbəbdən apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs şəxsi işi tələb olunaraq tədqiq edilmiş və bu zaman məhkumun Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmündən apellyasiya şikayəti vermədiyi və belə bir şikayətin verilməsi haqqında hər hansı məlumatın da şəxsi işində olmadığı aşkar edilmişdir. Həmçinin cinayət işinin materiallarından və məhkumun şəxsi işindən görünür ki, məhkum tərəfindən verilməsi ehtimal olunan apellyasiya şikayətinə baxılmaması və nəticə verilməməsi haqqında məhkumun məhkəmələrə, cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və digər orqanlara müraciət etməsi barədə məlumatların da mövcud olması müəyyən edilməmişdir. Eyni zamanda, məhkum Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmünün qanunla müəyyən edilmiş qaydada qanuni qüvvəyə mindikdən sonra məhkəmənin xx xxxxxx 2013-cü il tarixli göstərişi əsasında icra edildiyi və məhkumun hökmlə müəyyən edilmiş cəzaçəkmə müəssisəsinə xx xxxxxx 2013-cü ildə göndərildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs müraciətlərində barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmündən dərhal sonra apellyasiya şikayəti verərək 3 saylı İstintaq Təcridxanasının qeydiyyat şöbəsinə təqdim etdiyini bildirməsinə baxmayaraq, bu hal cinayət işinin materialları, habelə məhkumun tədqiq olunmuş şəxsi iş materialları ilə təsdiq edilməmişdir. Beləliklə, cinayət işinin və məhkumun şəxsi iş materiallarının tədqiqi məhkum Təqsirləndirilən şəxs tərəfindən barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmündən qanunda nəzərdə tutulduğu müddətdə apellyasiya şikayəti verilməsi və həmin şikayəti saxlanıldığı 3 saylı İstintaq Təcridxanasının qeydiyyat şöbəsinə təqdim edilməsi halları məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığı nəticəyə gəlməsinə əsas verir. Həmçinin verilməsi ehtimal olunan apellyasiya şikayətinin yuxarı məhkəməyə göndərilməməsi, baxılmaması və mahiyyət üzrə nəticə verilməməsi barədə məhkumun 8 il ərzində məhkəmələrə, cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və digər orqanlara hər hansı ərizə və ya şikayətlə müraciət etməməsi səbəbindən, həmin şikayətin məhkum tərəfindən real olaraq verilməsi az inandırıcı görünür. Odur ki, məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında verdiyi vəsatətdə, habelə apellyasiya şikayətində qeyd etdiyi hallar (hökmündən dərhal sonra apellyasiya şikayəti verərək 3 saylı İstintaq Təcridxanasının qeydiyyat şöbəsinə təqdim etməsi, hökm qanuni qüvvəyə minməmiş həbsxanaya köçürülməsi və apellyasiya şikayəti barədə uzun illər ona heç bir məlumat verilməməsi) təsdiq olunmadığı üçün buraxılmış müddətin bərpası üçün əsas ola bilməz. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən, məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 202.4-cü madəsinə əsasən cinayət mühakimə icraatı zamanı şikayət və ya digər sənəd müddət keçənədək poçta, həbsdə olan və tibbi müəssisələrə yerləşdirilmiş şəxslər üçün isə şikayət və ya digər sənəd müddət keçənədək həbsdə saxlama yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmişsə, müddət buraxılmış sayılmır. Şikayətin və ya digər sənədin poçta verilməsi tarixi poçtun ştempeli, həbsdə saxlama yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmə tarixi isə dəftərxananın, yaxud həmin müəssisələrin vəzifəli şəxslərinin qeydlərinə əsasən müəyyən edilir. Həmin Məcəllənin 507.1-ci maddəsinin tələblərinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə hakimin göstərişi, bir qayda olaraq, məhkəmənin müvafiq hökmünün və ya qərarının qanuni qüvvəyə mindiyi andan təxirə salınmadan yerinə yetirilməlidir. Məhkəmə sənədlərindən göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmünün surətini xx xxxxxx 2012-ci il tarixdə alsa da, 8 ilə yaxın müddət keçdikdən sonra hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında vəsatət vermişdir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzürlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-nin 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər və 10.5-ci maddəsinin tələbinə görə, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar və 28.2-ci maddənin tələbinə görə, hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Cinayət-Prosessual Qanunvericiliyinin qeyd olunan normalarından göründüyü kimi, qanunverici apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin əvvəlini hökmün elan olunduğu andan hesablanmasını nəzərdə tutur və yalnız həbsdə saxlanılan məhkum üçün həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır. Bununla da, məhkum tərəfindən apellyasiya şikayətinin verilmə müddətinin başlanmasının hesablanması qanunla proses iştirakçılarının prosessual statusuna görə fərqləndirilmiş və bununla bağlı hər hansı bir digər hal nəzərdə tutulmamışdır. Beləlikə, həbsdə olan məhkum üçün apellyasiya şikayətinin verilmə müddətinin əvvəli hökm ona verildiyi andan hesablanmalıdır. Cinayət-Prosessual Məcəllənin 384-cü maddəsi ilə müəyyən edilmiş həmin qaydanın başqa cür tətbiq edilməsi Qanunun tələblərinin birmənalı olaraq pozulması demək olardı. Həmçinin, qanunvericilik hökmün qanuni qüvvəyə minməsini də konkret olaraq Cinayət-Prosessual Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulan müddətin sonu ilə şərtləndirmişdir. Yəni, qeyd olunan həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün cinayət-prosessual məcəllədə hökmün qanuni qüvvəsini aldığı müddət kimi təsbit olunmuşdur. Göründüyü kimi, qanunvericilikdə hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin hesablanmasının əvvəlini hökmün məhkuma verildiyi anla şərtləndirmiş və hökmdən qanunla nəzərdə tutulmuş prosessual müddətdə apellyasiya şikayətinin verilməsinin buraxılmasının və bərpasının mümkünlüyünü üzürlü səbəblərlə əlaqələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair" xx xxxxxxx 2011-ci il tarixli qərarında xüsusi olaraq qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. CPM-də nəzərdə tutulmuş prosessual müddətlərə riayət edilməməsi həyata keçirilmiş bu və ya digər prosessual hərəkətin əhəmiyyətinin, əldə olunmuş sübutların mötəbərliyinin itirilməsinə və şəxsə dəymiş ziyana görə kompensasiya almaq hüququnun yaranmasına səbəb ola bilər. Buna görə də prosessual müddətlərə riayət etmək ilk növbədə cinayət prosesini həyata keçirən orqanların vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 398.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, həmin Məcəllənin 398.1.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsinə dair buraxılmış prosessual müddətin bərpası barədə məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatətin təmin edilməməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.10-cu maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinin təmin edilməməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar