Məhkəmə qərarları › İş №1(103)-1408/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1408/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1408/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X11 (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(009)-130/2023 nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(009)-130/2023 nömrəli hökmü ilə (hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi ilə) xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, hüquq verən rəsmi sənəd hesab olunan sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmış, qanunsuz hazırlamış və bu cür sənədi satmışdır. Belə ki, Təqsirləndirilən şəxs icbari sığorta almaq hüququ verən və rəsmi sənəd hesab olunan, üzərində "xxxx" şirkəti Açıq Səhmdar Cəmiyyətinin möhür əksi olan TA 101128 nömrəli, original Beynəlxalq sığorta kartının blankını 2021-ci ilin noyabr ayının əvvəllərində yaşadığı ünvan 2 ünvanında skayner qurğusu vasitəsilə çap edərək həmin blankda X2 məxsus “DAF” markalı ** SX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin guya "xxxx" şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 07 aprel 2021-ci ildən 07 aprel 2022-ci il tarixədək sığortalanması barədə yalan məlumatlar yerləşdirməklə tamah məqsədi ilə qanunsuz hazırlayıb saxtalaşdırmış, həmin sığorta kartını çapdan çıxartdıqdan sonra sığorta kartının üzərində olan "xxxx" şirkəti Açıq Səhmdar Cəmiyyətinə məxsus möhürün üzərinə öz imzasını çəkmiş, beləliklə də, həmin beynəlxalq sığorta kartını istifadə etmək məqsədi ilə, yəni nəqliyyat vasitəsi ilə xarici ölkələrdə qəza törədildiyi hallarda icbari sığorta almaq üçün müvafiq hüquq-mühafizə orqanlarına təqdim edilməsi məqsədi ilə 2021-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yaşadığı 20 nömrəli evin yanında nəqliyyat vasitəsinin sürücüsü Şahid1 satmışdır. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin 27 Aprel 2023-cü il tarixli, 1(009)- 130/2023 nömrəli hökmünün ləğv edilməsini və AR CM 320.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Bir növ saxta sənədlə hər hansı bir üstünlük əldə etməlidir. Halbuki, həm sığorta əməkdaşları, həm də icbari sığorta bürosunun əməkdaşının, həm də digər şahidlərin dediklərinə görə nə "xxxx" ASC-nin, nə də ki, "xxxx" ASC-nin sığorta sənədlərinin birbirindən hər hansı bir üstünlüyü yoxdur. Yəni, Təqsirləndirilən şəxs bunu saxtalaşdırmaqla hər hansı bir üstünlük əldə etməyib. Nəzərə almaq lazımdır ki, mətndə də hər hansı bir dəyişiklik etilməyib və avtonəqliyyat vasitəsinin sığortası aktiv olub. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, qeyd etdi ki, iş üzrə heç bir saxtalaşdırmadan söhbət gedə bilməz. Belə ki, saxtalaşdırmanın əsası hər hansı bir üstünlük əldə etməkdir, qeyd olunan iş üzrə həmin sənəd heç bir üstünlük vermir, sadəcə texniki problem olub. Belə ki, iş materiallarından göründüyü kimi, avtomobil 1 il müddətinə sığortalanıb, müştəri sığorta sənədini itirdiyi üçün sənədin dublikatını çıxartmaq istəyib. Təqsirləndirilən şəxs sığorta şirkətində broker işləmiş, lakin həmin dövrdə həm özü, həm də atası xəstə olduğundan Təqsirləndirilən şəxs tabeliyindəki əməkdaşlardan birindən xahiş etmişdir ki, itmiş sənədin dublikatını versin. İşçi isə səhlənkarlıq edərək sistemə baxmadan "xxxx" ASC-nin blankına sistemdəki məlumatları çap edib göndərib. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi yoxdur. Ona görə də, məhkəmə kollegiyasından Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X12 verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(009)-130/2023 nömrəli hökmünün ləğv olunaraq məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs CM-in 320.1-ci maddəsi ilə bəraət verilməsinə dair yeni hökm çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X8 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək şikayətin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(009)-130/2023 nömrəli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2- ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, birinci instansiya məhkəməsi zamanı verdiyi ifadəsi ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzib olunmaz sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası xatırladır ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, təqsirləndirilən şəxs və şahid qismində dindirilərkən verdiyi ifadələrində və ilkin araşdırma zamanı qeyd etdiyi izahatında özünü qismən təqsirli bilsə də, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 5 ildən artıqdır ki, bütün növ sığortalar üzrə broker fəaliyyəti göstərmişdir. Belə ki, müxtəlif şəxslər ona sığorta ilə bağlı müraciət etmiş, o da, həmin şəxslərin müraciətlərini qəbul etmiş, onların nəqliyyat vasitələrini müxtəlif şirkətlər vasitəsi ilə sığortalamış, bu işinin əvəzində də ona müəyyən qədər faiz verilmişdir. Ona "xxxx" və "xxxx" şirkətləri vasitəsi ilə sığorta etməsi üçün yaşıl kart blankları verilmişdir. Həmin blanklar ona təhvil-təslim aktı ilə möhürlü şəkildə verilmişdir. Onun sığorta blanklarını sığortaçının adından imza atmaq və öz möhürü ilə möhürləmək hüququ vardır. “Can logistika” şirkəti ilə 4-5 ilə yaxındır əməkdaşlıq edir. Şahid1 isə həmin şirkətin nümayəndəsidir. 07 aprel 2021-ci il tarixdə “Can logistika” şirkətinə məxsus “DAF” markalı ** SX *** nömrəli maşını icbari sığorta bürosunun portalına ASAN imza vasitəsi ilə daxil olaraq "xxxx" ASC-də yaşıl kart sığortası ilə sığortalayıb həmin siğorta şəhadətnaməsinin orginalını onlara təqdim etmişdir. 1-2 həftə sonra “Can logistika” şirkətinin əməkdaşı Elçin həmin sığorta blankını itirdiklərini bildirmiş və yeni blank verməsini xahiş etmişdir. O, isə öncə həmin avtomobilin üç ay deyil bir illik aktiv sığortalı olduğunu yoxladıqdan sonra bir neçə sığorta şirkətlərinin yaşıl blanklarının arasından “Az sığorta” blankını "xxxx" blankı ilə səhv salaraq paşa sığorta blankının üstünə portalda dövlət reyestrində olan məlumatları çap etmiş və blankın dublikatını həmin şirkətə təqdim etmişdir. Daha sonra 2021-ci ilin noyabr ayında “Can logistika” şirkətindən ona bildirmişlər ki, onlara məxsus maşının dövlət qeydiyyat nömrəsi itdiyi üçün maşının nömrəsi dəyişdirilib və bu səbəbdən sığorta şəhadətnaməsini dəyişdirməsini ondan istəmişlər. O isə bildirmişdir ki, bununla bağlı blankın üzərindəki möhür hansı sığorta şirkətinə məxsusdursa həmin şirkətə müraciət etsinlər. Sığorta qarşılığında ona səhv etmirsə 440 manat məbləğində ödəniş edilmiş və ödənişlə bağlı onlara qəbz təqdim etmişdir. Həmin məbləği isə o, İcbari Sığorta Bürosuna köçürmüşdür. Onun Paşa Sığorta ilə müqaviləsi olmuşdur, lakin sonradan bildirmişlər ki, qeyri-aktivlik olduğu üçün müqavilə dayandırılmışdır. Sonda Təqsirləndirilən şəxs ifadəsini təkrarlayaraq bildirmişdir ki, həm Azsiğorta, həm də Paşa sığortanın blankları ona möhürlü şəkildə təqdim edilmişdir. 07 aprel 2021-ci il tarixdə “Can logistika” şirkətinə məxsus “DAF” markalı ** SX *** nömrəli maşını "xxxx"-ya məxsus yaşıl kart siğortası ilə sığortalayıb həmin şəhadətnamənin əslini dərhal həmin şirkətə təqdim etmişdir. Bundan 1-2 həftə sonra “Can logistika” şirkətindən bildirmişlər ki, siğorta şəhadətnaməsini itirmişlər. O isə bu səbəbdən həmin aktiv sığorta blankının dublikatının üzərinə aktiv dövlət reyestrda olan məlumatları daxil edib “Can logistika” şirkətinə təqdim etmişdir. Lakin bu proseduru edən zaman blankarı səhv salaraq həmin portalda olan məlumatları Az sığortanın blankına deyil, məhz Paşa sığortanın blankına daxil etmişdir. Dublikatı verən zaman heç bir ödəniş almamışdır. Məhkəməyədək icraat dövründə verdiyi ifadə və izahatlarında Təqsirləndirilən şəxs bildirmişdir ki, 5 ildən artıqdır ki, bütün növ sığortalar üzrə broker fəaliyyəti ilə məşğuldur. Belə ki, müxtəlif şəxslər ona sığorta ilə bağlı müraciət etmiş, o da həmin şəxslərin müraciətlərini qəbul etmiş, onların nəqliyyat vasitələrini müxtəlif şirkətlər vasitəsi ilə sığortalamış, bu işinin əvəzində də ona müəyyən qədər faiz verilmişdir. 2021-ci ildə ona "xxxx" və "xxxx" şirkətləri vasitəsi ilə sığorta etməsi üçün yaşıl kart blankları verilmişdir. Həmin blanklar ona təhvil- təslim aktı ilə verilmiş, həmin ərəfədə Məmmədov Məhəmməd adlı müştəri ona müraciət edərək “DAF” markalı ** SX *** nömrəli maşını yaşıl kart sığortası ilə sığortalamasını xahiş etmiş, həmin maşının sürücüsü isə Şahid1 adlı şəxs olmuşdur. O da həmin maşını "xxxx" şirkəti ilə sığortalamış və həmin blankı 07 aprel 2021ci ildə Abşeron rayonu Xırdalan şəhərində Elçinə vermişdir. Həmin maşın yük maşını olmuş, ölkələrarası yük daşınması məqsədi ilə istifadə olunmuşdur. Aradan bir müddət keçəndən sonra Elçin həmin sığorta blankını itirdiyini bildirmiş və yeni blank verməsini xahiş etmişdir. O, da icbari sığorta bürosunun portalına xüsusi asan imza vasitəsi ilə daxil olmuş, ** SX *** nömrəli yük avtomobilini icbari sığorta müqaviləsinin "xxxx" ASC-də sığortalandığını bilmişdir. O, təhvil-təslim aktları ilə aldığı bir neçə sığorta şirkətlərinin yaşıl blanklarının arasından "xxxx" blankını "xxxx" blankı ilə səhv salaraq paşa sığorta blankının üstünə sistemdə olan məlumatı çap etmişdir. Yəni 2021-ci ilin noyabr ayının əvvəllərində yaşadığı ünvan 3 ünvanında "xxxx" ASC-yə aid olan blankın skan formasını hazırlamış, həmin blankı doldurmuş, qeyd edilən vaxtı, yəni 2021-ci ilin noyabr ayının əvvəllərində yaşadığı evin yanında Elçinə vermişdir. Sənədi hazırladığı və Elçinə verdiyi günü dəqiq xatırlamamışdır, lakin dəqiq bilmişdir ki, 2021-ci ilin noyabr ayının əvvəlində olmuşdur. Bir müddət sonra Elçin həmin avtomobilin qeydiyyat nömrəsini itirmiş, yeni qeydiyyat nömrəsi almış, bu səbəbdən də Elçin onun verdiyi ikinci blankı, yəni Paşa sığortaya aid olan blankı 2021-ci ilin noyabr ayının ortalarında Paşa banka təqdim etmiş, nəqliyyat vasitəsinin yeni qeydiyyat nömrəsi ilə yeni bir yaşıl kart almaq istəmişdir. "xxxx" ASC-də Elçinin təqdim etdiyi yaşıl karta baxmışlar, bu zaman Elçinə verdiyi həmin yaşıl kartın saxtalaşdırılması, yəni skan edilməsi müəyyən olunmuşdur. Yəni əslində Elçinin maşını Paşa sığorta şirkətində sığortalanmamışdı, o isə Paşa sığorta şirkətinə aid olan həqiqi blankın skan versiyasını çap etmiş və həmin skan versiyada Elçinin maşınına aid məlumatları yazmış, yəni həmin blank onun tərəfindən saxtalaşdılmışdır. Onun həmin sığorta blankını saxtalaşdırmasından heç kimin xəbəri olmamış, Məhəmməd Məmmədov və Şahid1 həmin sığorta şəhadətnaməsinin saxta olduğunu bilməmişlər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Paşa Sığorta ASC-də hüquq şöbəsinin müdiri işləmiş lakin bir aydır ki həmin şirkətdən ayrılmışdır. Təxmini 2021-ci ildə vətəndaş Şahid1 "xxxx" ASC-yə müraciət edərək onlara məxsus yük maşının nömrəsinin dəyişdirildiyini və bu səbəbdən siğorta blankında müəyyən dəyişiklik etdirmək istədiyini bildirmişdir. Təqdim edilmiş blanka baxış keçirilmiş və aşkar edilmişdir ki, həmin blank "xxxx" ASC-yə məxsus deyil, lakin blankın üzərində "xxxx" ASC-nin mühürü var. Bununla bağlı o Təqsirləndirilən şəxs "xxxx" ASC-yə dəvət etmiş və sözü gedən blankın onda hardan olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona bildirmişdir ki, müstəri ona zəng edərək narazılıq etmiş, nəsə problem olmuş və o da bu səbəbdən belə bir qərara gəlmişdir ki, həmin sözü gedən blankı çıxararaq müstəriyə versin. O isə Fariz Abdullaydən bəs həmin blankda olan "xxxx" ASC-yə məxsus möhürü necə əldə etməyini soruşmuşdur. O isə ona bildirmişdir ki, “necəsə olub çıxıb” və izahat verməkdən imtina etmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs yazılı olaraq müraciət etmişlər. Sözü gedən işlə bağlı o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmçinin Şahid2 bildirmişdir ki, müştəri tərəfindən "xxxx" ASC-yə təqdim olunan blankla, İcbari Siğorta Bürosu tərəfindən verilən blankların ölçüləri fərqlidir və görünür ki, yeni bir blank hazırlanmışdır. Bu səbəbdən balankın saxta olması qənaətinə gələrək, şikayət etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “Can logistika” şirkətində müdürün sürücüsü işləmiş, şirkət Türkiyədən Azərbaycana müxtəlif növ yüklərin daşınması ilə məşğul olmuşdur. Həmin şirkətin xeyli sayda yük maşınları olmuş, həmin maşınlardan biri, yəni “DAF” markalı ** SX *** nömrəli maşın Məmmədov Məhəmməd adlı şəxsə məxsus olmuşdur. Həmin ərəfədə onlar qeyd olunan maşını yaşıl kart sığorta müqaviləsi ilə sığortalamaq istəmiş, buna görə də Təqsirləndirilən şəxs müraciət etmişlər. Fariz sığorta şirkətləri ilə broker fəaliyyəti ilə məşğul olmuş, yəni avtomobillərini sığorta etmək istəyən müştərilərlə sığorta şirkətləri arasında vasitəçilik rolunu oynamışdır. Onlar Farizdən həmin maşını sığortalamasını xahiş etmiş, Fariz də əvvəlcə maşını "xxxx" şirkəti ilə sığortalamışdır. Bir müddət keçəndən sonra sürücü, həmin sığorta şəhadətnaməsini itirmiş, ona görə də Farizdən yeni sığorta şəhadətnaməsi verməsini xahiş etmişlər. Fariz də bir ədəd sığorta şəhadətnaməsini onların şirkətinə göndərmiş, həmin şəhadətnaməni görmüş, lakin orada Paşa sığorta şirkətinin möhürü olmasına fikir verməmişdir. Daha sonra sürücü həmin yük avtomobilinin qeydiyyat nişanını itirmiş, bu səbəbdən də o, 2021-ci ilin sentyabr-oktyabr aylarında sığorta şəhadətnaməsini yeniləmək və yeni qeydiyyat nişanı ilə yeni sığorta şəhanətnaməsi almaq üçün Paşa sığorta idarəsinə getmiş, Farizin verdiyi sığorta şəhadətnaməsini Paşa sığorta idarəsinə təqdim etmişdir. Həmin şirkətin əməkdaşları onun verdiyi sığorta şəhadətnaməsinə baxmış və şəhadətnamənin saxta olduğunu müəyyən etmişlər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Paşa sığorta ASC-də X7 mütəxəssisi X9 ifadəsində bildirmişdir ki, 2021-ci ilin noyabr ayında Şahid1 "xxxx" ASC-yə yaxınlaşmış və maşının nömrəsinin dəyişdiyi üçün sığortada dəyişiklik etdirmək istədiyini bildirmişdir. Müraciəti üzrə araşdırma aparmışlar və aşkar etmişlər ki, digər sığorta şirkətinə məxsus blankın yəni, "xxxx" ASC-yə məxsus sığorta blankının üzərində "xxxx" ASC-nin möhürü var. Bununla bağlı ilk olaraq Mərkəzi Banka məlumat vermişlər. Daha sonra "xxxx" ASC ilə Təqsirləndirilən şəxs arasında olan əməkdaşlığa xitam verilməsi ilə bağlı Təqsirləndirilən şəxs məlumat verilmiş və əməkdaşlıq dayandırılmışdır. X9 həmçinin bildirmişdir ki, həmin sözü gedən blanklar İcbari Sığorta şirkəti tərəfindən təqdim olunur. "xxxx" ASC-nin möhürü Təqsirləndirilən şəxsda ola bilməz. Ümumiyyətlə həmin möhürü heç kimə əldə bilməz. Birinci instansiya məhkəməsində məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş "xxxx" ASC-də Sığorta Əməliyyatlarına dəstək xidmətinin mütəxəssisi X17 ifadəsində bildirmişdir ki, vətəndaş Şahid1 "xxxx" ASC-yə müraciət edərək onlara məxsus yük maşının nömrəsinin dəyişdirildiyini və bu səbəbdən sığorta blankında müəyyən dəyişiklik etdirmək istədiyini bildirmişdir. Əməkdaşları təqdim edilmiş blankı sistemə daxil etmək istəyən zaman həmin blank onların sistemində aşkarlanmamışdır. Daha sonra əməkdaşlar bu məsələ ilə bağlı onunla əlaqə saxlamış və mövcud vəziyyəti ona bildirmişlər. O isə əməkdaşlarına bildirmiş ki, onlara İcbari Sığorta Bürosundan ümumiyyətlə yüz min seriya nömrəsi ilə başlayan blank verilməmiş və ən son onlarda olan blankların seriya nömrəsi doxsan yeddi min ilə başlayandır. Bununla bağlı İcbari Sığorta Bürosu ilə əlaqə saxlamış və təqdim olunan blankdakı seriya nömrəsinin hansı sığorta şirkətinə aid olması ilə bağlı onlara məlumat verilməsini istəmişlər. İcbari Sığorta Bürosu isə bildirmişdir ki, həmin seriya nömrəsi ilə olan blank “Az Sığorta” şirkətinə məxsusdur. Daha sonra onlar “Az Sığorta” şirkəti ilə əlaqə saxlamışlar və “Az Sığorta” şirkəti tərəfindən onlara bildirilmişdir ki, sözü gedən seriyalı blank onlara məxsusdur və həmin blank halhazırda onların şirkətindədir. Bundan sonra onlar düşünmüşlər ki, əgər blankın əsli “Az Sığorta” şirkətindədirsə demək ki, onlara təqdim olunan blank saxtadır. Daha sonra o, bununla bağlı "xxxx" ASC-nin Xüsusi Risklər Departamentinə məlumat vermiş və məsələnin qalan hissəsi ilə həmin departament məşğul olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş "xxxx" ASC-nin Satış Departamenti Satış kanalları və nümayəndəliklərin idarəolunması şöbəsinin baş mütəxəssisi X4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə "xxxx" ASC arasında təxmini 2019-2020-ci illərdən əməkdaşlıq olub. "xxxx" ASC tərəfindən brokerlərə təqdim olunan blanklar hər biri ayrı-ayrılıqda nömrəli və möhürlü formada təqdim olunmuşdur. X16 kimi xatırladığı müştəri tarixini xatırlamadığı vaxtda "xxxx" ASC-nin ön ofisinə yaxınlaşaraq yaşıl sığorta blankında olan avtomobil nömrəsinin dəyişdirmək istədiyini bildirmişdir. Əməkdaşları müştərinin təqdim etdiyi yaşıl sığorta blankını sistemə daxil etmək istəyən zaman təqdim olunan blank sistemdə aşkar edilməmişdir. Bu səbəbdən əməkdaşları baş vermiş məsələni aydınlaşdırmaq üçün "xxxx" ASC-də Sığorta Əməliyyatlarına dəstək xidmətinin mütəxəssisi vəzifəsində çalışan X10 müraciət etmişdir. X4 həmçinin bildirmişdir ki, cinayət işinin materiallarında olan yaşıl sığorta blankı standartlara uyğun gəlmir, belə ki həmin blank digər blanklara nisbətən daha qalındır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş İcbari Sığorta Bürosunun nümayəndəsi X13 ifadəsində bildirmişdir ki, İcbari Sığorta Bürosu informasiya sistemində X2 məxsus “DAF” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə, sığorta müddəti 07 aprel 2021-ci il tarixindən 07 aprel 2022-ci il tarixinədək, "xxxx" ASC-də sığorta vasitəçisi Təqsirləndirilən şəxs tərəfindən 07 aprel 2021-ci il tarixində rəsmiləşdirilmiş, GAZ********** nömrəli etibarlı Yaşıl Kart aşkar edilmişdir. Qeyd edilən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 19 sentyabr 2021-ci il tarixində dəyişdirildiyi üçün, "xxxx" ASC-nin əməkdaşı tərəfindən 05 oktyabr 2021-ci il tarixində İcbari Siğorta Bürosu informasiya sistemində Yaşıl Kart üzrə həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ** SX ***-dən ** BR ***-a dəyişdirilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı elan olunmuş və məhkəməyədək icraat dövründə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-texniki ekspertizasının 21 yanvar 2022-ci il tarixli 5/82 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X1 adına TA 101128 nömrəli Beynəlxalq sığorta kartının blankı və üzərindəki möhür əksi hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Həmin möhür əksində "xxxx" ASC “Pasha İnsurance” OJSC sığorta şəhadətnamələri üçün № 1 məzmunlu mətn vardır. Tədqiqata təqdim edilmiş X1 adına TA 101128 nömrəli Beynəlxalq sığorta kartının blankı ekspertizaya təqdim edilmiş Beynəlxalq Sığorta kartının blank nümunəsi ilə eynilik təşkil etmir. X1 adına TA 101128 nömrəli Beynəlxalq sığorta kartında olan möhür əksinin təsviri ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. X1 adına TA 101128 nömrəli Beynəlxalq sığorta kartında əvvəl möhür əksi çap edilmiş, daha sonra isə imza edilmişdir. İş materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq edilmiş İcbari Siğorta Bürosundan Səbail Rayon Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, İcbari Siğorta Bürosu informasiya sistemində X2 məxsus “DAF” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə, sığorta müddəti 07 aprel 2021-ci il tarixindən 07 aprel 2022-ci il tarixinədək, "xxxx" ASC-də sığorta vasitəçisi Təqsirləndirilən şəxs tərəfindən 07 aprel 2021-ci il tarixində rəsmiləşdirilmiş, GAZ********** nömrəli etibarlı Yaşıl Kart aşkar edilmişdir. Qeyd edilən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 19 sentyabr 2021-ci il tarixində dəyişdirildiyi üçün, "xxxx" ASC-nin əməkdaşı tərəfindən 05 oktyabr 2021-ci il tarixində İcbari Sığorta Bürosu informasiya sistemində Yaşıl Kart üzrə həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ** SX ***dən ** BR ***-a dəyişdirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi öz ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası sübutların geniş şəkildə sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilməməsi, ona həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli olması barədə apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Kollegiya məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində göstərdiyi “Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır” dəlilinə münasibətdə qeyd edir ki, saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Həmçinin kollegiya qeyd edir ki, sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Məhkəmə kollegiyası vurğulayır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olan, texniki tapşırıqla forması təsdiq olunan, icbari sığorta almaq hüququ verən Beynəlxalq sığorta kartı boş blank formasında olan hüquq verən rəsmi sənəddir. O, müvafiq səlahiyyətli sığorta şirkəti tərəfindən tərtib edilməklə nəqliyyat vasitəsi ilə xarici ölkələrdə qəza törədildiyi hallarda icbari sığorta almaq üçün müvafiq hüquq-mühafizə orqanlarına təqdim edilmə hüququ yaradır. Həmin blankın, məxsus olduğu müvafiq sığorta şirkəti tərəfindən deyil, fərdi subyektlər tərəfindən tərtib edilməsi hüquq verən rəsmi sənədin saxtalaşdırılması kimi xarakterizə edilməlidir. Cinayət işi materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılaraq tərtib edilən beynelxalq sığorta kartı, onun istifadə edilməsi məqsədi ilə, yəni nəqliyyat vasitəsi ilə xarici ölkələrdə qəza törədildiyi hallarda icbari sığorta almaq üçün müvafiq hüquqmühafizə orqanlarına təqdim edilməsi məqsədi ilə 2021-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yaşadığı 20 nömrəli evin yanında nəqliyyat vasitəsinin sürücüsü Şahid1 satılmışdır. Göründüyü kimi müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri cinayət işi materiallarında öz əksini tapan sübutlarla təkzib edilməklə əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinin dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, apellyasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə düzgün tövsüf edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, iş materiallarında olan xasiyyatnaməyə əsasən qeydiyyatda olduğu ünvan üzrə müsbət xarakterizə olunmasını və gənc olmasını cəzasını yüngülləşdirən hall kimi və cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini əsas götürərək, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 3000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun cəzasının yüngülləşdirilməsi və ona bəraət verilməsi üçün əsas ola bilməz. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçilərinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(009)-130/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddəsinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(009)-130/2023 nömrəli hökmü məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X12 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə,10 (on ) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar