Məhkəmə qərarları › İş №1(103)-142/2023

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-142/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-142/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qədirov Şahrud Rafiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 258/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-258/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Nəriman Mehdiyev) xx xxxxxx 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi ev 43, mənzil 27-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi, ev 12-də yaşamış, 21 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 fevral 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 5,678 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 3(007)-407/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 30 gün müddətinə inzibati həbs növündə inzibali tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı saxlanılması üçün 21 fevral 2022-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında yerləşən Nizami RPİ-nin müvəqqəti saxlama yerinə gətirilərək orada üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli qış gödəkçəsinin içəri sol yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,678 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim Nəriman Mehdiyev) 1(007)-258/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Müdafiəçi2 apellyasiya şikayətində işin hərtərəfli, tam və obyektiv araşdırılmadığını, onun gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini, cinavət qanunu normasının düzgün tətbiq edilməməsi ilə çıxarıldığını qeyd edərək, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin əlamətləri olmadığından, cinayət hadisəsi olmaması əsası ilə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyərək, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-258/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İbtiadi istintaq orqanı və işə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişlər ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Lakin, məhkəmə kollegiyası ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Təqsirləndirilən şəxs baraət verilməlidir. Belə ki, apellyasiya baxışı zamanı dindirilmiş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, həmin cinayət əməlini törətməmişdir, ona qarşı irəli sürülmüş ittiham qərəzlidir. 21 fevral 2022-ci il tarixdə o, şəhid ailəsinin hüquqlarını müdafiə etmək məqsədi ilə şəhid ailələri və digər qazilərlə birlikdə, əvvəlcə Nizami rayon polis idarəsinin rəisinin, daha sonra Nizami rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olmuşdur. İcra Hakimiyyətinin başçısının yanından çıxdıqdan təxminən yarım saat sonra qazi yoldaşları ilə birlikdə olarkən, ona 23-cü polis bölməsinin rəis müavini zəng vuraraq, Keşlə qəsəbəsində yerləşən “Qəbələ” kafesinə yeyib-içmək üçün çağırmışdır. Saat təxminən 15 radələrində o, kafeyə getmiş, rəis müavini ilə çay içdikdən sonra onu polis idarəsinə dəvət etmişlər. Həmin gün də barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilərək, polis əməkdaşlarının müşayiəti ilə Nizami Rayon Məhkəməsinə gətirilmiş, məhkəmənin qərarı ilə barəsində 30 sutka inzibati həbs seçilmişdir. Şikayəti əsasında həmin qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilərək, cərimə ilə əvəz edilmişdir. Lakin onu azadlığa buraxmamışlar, müvəqqəti saxlama yerində gecə üzərində guya narkotik vasitə çıxması əsası ilə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və barəsində tutma protokolu tərtib edilmişdir. Halbuki, onun üzərinə müvəqqəti saxlama yerinin təhlükəsizlik kameralarının altında baxış keçirilmiş, saxlanma kamerasına keçirildikdən bir neçə saat sonra isə kameradan çıxarılmış, guya cibindən narkotik vasitə çıxdığını bildirmiş və bir neçə polisin iştirakı ilə protokol tərtib etmişlər. Həmin vaxt saxlama yerində olan iki nəfər şəxsə isə təzyiq edərək, protokola imza çəkdirmişlər ki, guya onun üzərindən narkotik vasitə çıxmışdır. O, müvəqqəti saxlama yerinə məhkəmədə barəsində inzibati həbs veriləndən sonra aparılmışdır, üstündə narkotik vasitə olsa idi, onu özü ilə polisə aparmazdı, atardı. Dəfələrlə istintaq orqanından və məhkəmədən tələb etməsinə baxmayaraq, kamera görüntülərini təqdim etməmişlər. Hansı ki, yeganə sübut kamera görüntüləridir. Barəsində cinayət işinin ibtidai istintaqı aparılan zaman müstəntiq onu aldadaraq, cinayət işi üzrə vəkildən imtina etdiyi təqdirdə köməklik göstərəcəyinə dair vədini yalan olaraq verdiyi üçün, o, müdafiəçiyə, guya hüquqi yardım üçün ödəniş etmək imkanı olmadığına görə imtina etdirilmişdir. Halbuki, hüquqi yardım üçün vəsait ailə üzvləri tərəfindən əvvəlcədən ödənərək, müqavilə bağlanmışdır, vəkildən imtina etdiyi təqdirdə köməklik göstərəcəyi vədini yalan olaraq bildirən müstəntiq daha sonra yenidən onun hüquqi savadsızlığın istifadə edərək və ona verilmiş digər saxta ağır ittihamın götürülməsini vədini verərək, müdafiəçinin iştirakı olmadan xx.xx.2022-ci il tarixdə etirafedici ifadə almaqla və digər istintaq hərəkəti materiallarına imza çəkdirərək, barəsində toplanmış material məhkəməyə göndərmişdir. Bununla da istintaq orqanı keyfiyyətli hüquqi yardım göstərən müdafiəçini kənarlaşdırmaqla, cinayət işi üzrə verilmiş ittihama uyğun sənədləri istədikləri kimi tərtib edərək, imza çəkdirməyə nail olmuşdur. Göstərilənləri nəzərə alaraq, ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həqiqətən Təqsirləndirilən şəxs təhqiqat zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, dindirilərkən, ona elan olunmuş ittihamın məzmununa oxşar ifadə vermişdir. Lakin, istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etmiş, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsini dəyişmiş, ilkin ifadəsini təzyiq və təsir nəticəsində imzaladığını göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. İş materiallında olan inzibati xəta haqqında materiallardan müəyyən olur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- 497/2022 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarı qəbul edilərkən, Nizami RPİ-nin 23-cü polis bölməsinin polis sahə inspektoru H.Süleymanov izahat verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə, saat 14:10-dan artıq polis əməkdaşlarının nəzarətində olmuş, sonra polis idarəsinə dəvət edilmiş, barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş, daha sonra o, polis əməkdaşlarının müşayiəti ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə gətirilmişdir. İş materialları ilə müəyyən olunur ki, saat 17:20-də aparılmış məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 30 gün müddətinə inzibati həbs seçilmişdir. Daha sonra o, yenidən Nizami RPİ-nin MSY-nə gətirilmiş və kameraya yerləşdirilmiş, bir neçə saat sonra, yəni saat 20:10-da onun üzərində vəkilin iştirakı olmadan baxış keçirilmiş, qeyd olunan prosessual hərəkət videoçəkilişsiz olaraq, iki hal şahidlərinin iştirakı ilə keçirilmişdir. Birinci instansiya məhkəməsində hal şahidi Şahid5 verdiyi ifadəsində xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Nizami rayonu MSY saxlanılarkən, onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmədiyini, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin çıxdığını görmədiyini, onun adından tərtib olunmuş ifadələrə və baxış protokollarına polislərin təzyiqi ilə imza çəkdiyini, Təqsirləndirilən şəxs narkotikin onun üzərindən çıxmaması ilə bağlı polislərlə mübahisə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində hal şahidi Şahid4 ifadəsində xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Nizami rayonu MSY saxlanılarkən, onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmədiyini, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin çıxdığını görmədiyini, onun adından tərtib olunmuş ifadələrə və baxış protokollarına polislərin təzyiqi ilə imza çəkdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Nizami RPİ-nin MSY-nə, həmçinin, Daxili İşlər Nazirliyinin növbətçi hissələri idarəetmə Xidmətinə sorğu verilərək, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Nizami rayonu MSY-də daxil olarkən, həmçinin, üzərinə baxış keçirilərkən təhlükəsizlik kameraların görüntülərinin məhkəməyə təqdim edilməsi xahiş olunsa da, sorğulara əsaslandırılmamış cavab verməklə, video görüntüləri təqdim etməkdən imtina edilmişdir. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə, artıq saat 14:10-dan polis əməkdaşlarının nəzarətində olmuş, iki dəfə (birinci dəfə barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, ikinci dəfə isə məhkəmənin inzibati xəta haqqında qərarın icra edilməsi məqsədilə) RPİ-nə və MSY-nə gətirilməsinə baxmayaraq, onun üzərində hər hansı narkotik vasitə aşkar olunmamışdır, məhkəmənin sorğularına əsasən onun gətirildiyi vaxt üzərində baxış keçirilməsinə dair heç bir sübut təqdim edilməmiş, artıq saxlanıldıqdan bir neçə saat sonra, saat 20:10-da üzərində narkotik vasitə aşkar olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində cinayət işi üzrə aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonların anten məlumatlarından göründüyü kimi, Q. Məmmədov ifadəsində qeyd etdiyi kimi həmin günü Nizami rayon İcra hakimiyyətinin, Nizami rayon polis idarəsinin və sonuncu dəfə Nizami rayon, Keşlə qəsəbəsi ərazisində olduğu, xx.xx.2023-cü il tarixli Nizami rayon məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:10dan Nizami rayon polis idarəsinin əməkdaşlarının sərəncamında olduğu, həmin günü Nizami rayon məhkəməsinə gətirildiyi məlum olmuşdur. Bu hallar onu deməyə əsas verir ki, axtarış (o cümlədən şəxsi axtarış), baxış keçirilməsi şəxs saxlanıldıqdan dərhal sonra cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyindən ona qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» 22 may 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxs tutulduğu və ya barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşə və konfidensial ünsiyyət saxlaya bilər. Hüquqi yardım istədiyini bildirən tutulmuş və ya həbs edilmiş şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir. Müdafiəçidən imtina etməyən tutulmuş və ya həbs edilmiş şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Bu ifadələrin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir. Tutulmuş və ya həbs edilmiş şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, tutulmuş və ya həbs edilmiş şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Hüquqi yardımı ödəmək üçün vəsaiti olmadığına görə, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3.2-92.3.5, 92.3.8, 92.3.12, 92.3.13-cü maddələrində müəyyən edilmiş hallarda tutulmuş və ya həbs edilmiş şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Həmin Qanunun 33-cü maddəsinə əsasən həbs yerlərinin müdiriyyətinin həbs yerinə gətirilmiş tutulmuş və ya həbs edilmiş şəxsi qəbul etmək və dərhal tutulmuş və ya həbs edilmiş şəxsə məxsus olan və saxlanılmaq üçün anbara təhvil verilən əşyaların siyahısına dair məlumatları qeydə almaq vəzifəsi vardır. Həmin Qanunun 36-cı maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərdə qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyalar müvafiq protokol tərtib edilməklə götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlanmasına icazə verilməyən əşyalar aşkar edildikdə, onlar müvafiq akt tərtib edilməklə götürülür. Həbs yerinin ərazisinə giriş və ya bu ərazidən çıxış zamanı həbs yerinin əməkdaşları tərəfindən gələn və gedən şəxslərin əşyaları və geyimi, o cümlədən daxil olan və çıxan nəqliyyat vasitələri yoxlanılır, qadağan olunmuş əşyalar aşkar edildikdə onlar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Həbs yerinə gələn şəxslərdə və ya nəqliyyat vasitələrində tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlanmasına icazə verilməyən əşyalar aşkar edildikdə, qanunla bu əmələ görə məsuliyyət nəzərdə tutulmamışdırsa, belə əşyalar onları gətirmiş şəxslərə qaytarılır. «Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair» Təlimatın 5.4-cü bəndinə əsasən digər vəzifələrlə bərabər MSY-nin növbətçisinin rejimi həyata keçirərkən, MSY-yə gətirilən şəxslərdə əşkar olunmuş və qadağan olunmuş əşyaların kameralara ötürülməsinə yol verməmək vəzifəsi vardır. Azərbaycan Respublikası CPM-nin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Həmin Məcəllənin 246.2-ci maddəsinə əsasən məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: -şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; -təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; -axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə, barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Həmin Məcəllənin 247.3-cü maddəsinə əsasən axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan, video çəkilişlə aparılmalı olan, lakin aparılmamış istintaq hərəkətlərində (şəxsi axtarış keçirilməsi barədə, baxış və götürmə aparılması barədə) nə üçün müdafiəçinin iştirak etməməsi sual doğurur. Belə ki, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Cinayət işinin materialları öyrənilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılması barədə həmin gün tərtib olunmuş protokolla o, və müdafiəçisi X3 elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, müdafiəçi X2 həmin protokolda imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası olmuş, lakin bundan əvvəl şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Həmin istintaq hərəkətləri aparıldıqdan sonra Təqsirləndirilən şəxs ilkin izahatı alınmış və izahatda vəkil X2 imzası da olmaqla iştirak etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sanki müdafiəçi 21 fevral 2022-ci il tarixdə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, ondan əvvəl video çəkilişlə aparılmalı olan istintaq hərəkətlərində iştirak etməmiş, bundan sonra isə Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən iştirak etmişdir. Bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin baxış və götürmə istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan keçirilməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün deyildir. Halbuki, məhz keyfiyyətli müdafiə müdafiəçinin həmin şəxsi axtarış və götürmənin aparılmasında iştirakı ilə səmərəli ola və davam edə bilərdi. Bundan başqa, cinayət işinin başlanıldığı 21 fevral 2022-ci il tarixdən hökm çıxarıldığı tarixədək olan müddət ərzində cinayət prosesində adı təqsirləndirilən şəxsin müdafiəçisi qismində keçən, dövlət büdcəsi hesabına təyin olunmuş X2 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyəti ümumiyyətlə olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi və başqa vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasını təşkil etməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən, müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydadatutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə, habelə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmaqla əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə görə, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin “c” bəndinə müvafiq olaraq cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparıldığından, Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə görə həmin protokolun sübut kimi qəbul edilməsi yol verilməzdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamışdır. Məhkəmə kollegiyası, həmçinin, axtarış və ya götürmə istintaq hərəkətinin qanuniliyi baxımından qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 243.1-ci maddəsinə əsasən, bu növ istintaq hərəkəti, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 243.3-cü maddəsinə görə, təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını və yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs ilə bağlı bu istintaq hərəkətinin məhkəmə qərarı olmadan aparılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 243.3-cü maddəsində göstərilmiş hallar olmadığı halda, həmin istintaq hərəkəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə zidd olaraq məhkəmə qərarı olmadan aparılmışdır. Məhkəmə kollegiyası iş materiallarına əsalanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib edilmiş istintaq hərəkətlərinin protokolları mümkün olmayan sübutlar kimi qiymətləndirilərək, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onun müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən, sübut kimi qəbul edilməsinə yol verilmədiyini, 21 fevral 2022-ci il tarixdə, saat 14:10-dan etibarən artıq polislərin tam nəzarətində olmasını, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş şəxs tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, hazırkı cinayət işinə baxan birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının səhvlərini təkrarlayaraq, şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6- cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyinəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə görə, cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Karpenko Rusiya Federasiyasına qarşı”, “Vidal Belçikaya qarşı” və “Edvards İngiltərəyə qarşı” şikayətlərlə bağlı qərarlarında xüsusi qeyd etmişdir ki, milli məhkəmələrin üzərinə düşən əsas vəzifələrdən biri şahidlərin verdikləri ifadələrin doğrulugunu və mötəbərliyini düzgün yoxlamaq, sübutların işin hallarına uyğun olub-olmaması və həmin sübutların mümkünlüyünü qiymətləndirmək, habelə ziddiyyət təşkil edən sübutları sübutlar siyahısından xaric etməkdir. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Radçikov Rusiya Federasiyasına qarşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarı ilə – məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə – məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“Bratyakin Rusiya Federasiyasına qarşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduğu halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişdir. Bu işlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Beləliklə, bu işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, şikayətçinin işi üzrə bəraət hökmünün ləğv edilməsi məhkəmə səhvinin və ya ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvin aradan qaldırılması məqsədini daşımamış, sadəcə, təkrar məhkəmə araşdırması və işin yenidən baxılması məqsədi üçün istifadə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 401-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda, habelə birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 402-ci maddəsinə görə, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi məhkəmənin həmin hökmünün ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmin Məcəllənin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 258/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən, cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan, cinayət işi üzrə maddi sübut olan narkotik vasitə – ekspertiza tədqiqatından sonra qalmış 5,658 qram qurudulmuş marixuana materiala əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 72 manat məbləğində pul dövlətə aid edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21, 42, 55, 56, 62, 344-350, 352, 353, 356-358, 397-402 və 407- ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair 1(007)- 258/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi Təqsirləndirilən şəxs izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə material narkotik vasitəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Nizami Rayon Prokurorluğuna göndərilsin və Bakı şəhəri Nizami Rayon Polis İdarəsində saxlanılan, cinayət işi üzrə maddi sübut olan 5,658 qram qurudulmuş marixuana həmin materiala əlavə edilsin. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 72 manat məbləğində pul dövlətə aid edilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: Mirzəli Abbasov Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar