Məhkəmə qərarları › İş №1(103)-1421/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1421/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1421/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X9 və X18 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X7, Məhkum - Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, ünvan 2-də qeydiyyatda olan, ünvan 1-də nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 1(101)-857/2022 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxış keçirərək MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 1(101)-857/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi, ona Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilməsi, qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 iyun 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 33 kq 728,6 qram təşkil edən narkotik vasitə qurudulmamış marixuana, 4 ton 572 kq 906,48 qram təşkil edən çətənə (kannabis) bitkiləri və 92999,6 qram təşkil edən çətənə (kannabis) bitki hissələrinin məhv edilməsi, baxış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək kultivasiya etmiş, eləcə də satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib xx.xx.2021-ci il tarixədək olan müddət ərzində külli miqdarda, ümumilikdə 4676 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, eyni zamanda istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 33 kiloqram 730,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı və ümumi təmiz çəkisi 93 kiloqram yaş vəziyyətdə, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkilərinin hissələrini əldə edib yaşadığı qeyd olunan ünvana daşımaqla saxlamış, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2021-ci il tarixdə, saat 15:20-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən, evin həyətyanı sahəsində yerləşən üzəri ağ rəngli sellofanla örtülmüş istixananın içərisində qanunsuz olaraq əkilib-yetişdirilməklə kultivasiya edilmiş külli miqdarda, yəni ümumi çəkisi 4 ton 573 kiloqram olmaqla, 4676 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 7 ədəd ağ rəngli sintetik kisələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 5670,0 qram, 3750,0 qram, 4370,0 qram, 4370,0 qram, 5670,0 qram, 5300,0 qram və 4600,0 qram olmaqla, ümumilikdə 33 kiloqram 730,0 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə narkotik tərkibli çətənə bitkiləri ilə eynilik təşkil edən narkotik vasitə qurudulmamış marixuana və istixananın içərisində yerə sərilmiş 2 ədəd sellofanın üzərindən ümumi təmiz çəkisi 93 kiloqram yaş vəziyyətdə, əkilibbecərilməsi qadağan olunmuş tərkiblərinə görə narkotik tərkibli çətənə bitkiləri ilə eynilik təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkilərinin hissələri aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2022-ci il tarixli, l(101)-857/2022 saylı hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs AR CM-in 234.4.3-cü maddəsi üzrə bəraət, AR CM-nin 237.2.3-cü maddəsi üzrə CM-nin 62-ci maddəsi tətbiq olunmaqla şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmün əsaslandırıcı hissəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsi yer almışdır və Şahid2, Şahid3 və Şahid4 (hər iki şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçisidir) eyni məzmunlu ifadə verməsi qeyd olunmuşdur. Həmin ifadələrdə də tərkibində narkotik maddələri külli miqdarda kultivasiya etməsi bərədə İnformasiyanın olması qeyd edilmişdir. Belə ki, narkotik vasitələrin quru (yəni satışa hazır) vəziyyətdə olması və satışın həyata keçirilməsi ilə bağlı iş materiallarında heç bir mötəbər sübut yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilib barəsində ağır cəza təyin etmişdir. Belə ki, məhkəmə AR CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə 6 (altı) il cəza təyin etmişdir. Cəzanı təyin edərkən məhkəmə şəxsin şəxsiyyətini, himayəsində azyaşlı uşaqlar olmasını, məhkumluğunun olmamasını və digər yüngülləşdirici halları nəzərə almamışdır. Qəbul edilən hökmdə təqsirləndirilən şəxsin hərəkətlərinin AR CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunması ilə bağlı heç bir sübut əhəmiyyətli fakt və sübut mövcud deyildir. Bu isə o anlama gəlməlidir ki, təqsirləndirilən şəxsin hərəkətlərində AR CM-in 234.4.3-cü maddəsinin dispozisiyası müşayiət olunmamalı və təqsirləndirilən şəxs barəsində həmin maddə üzrə bəraət hökmü çıxarılmalı, AR CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq olunmaqla (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2022-ci il tarixli, l(101)-857/2022 saylı hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs AR CM-in 234.4.3-cü maddəsi üzrə bəraət, AR CM-nin 237.2.3-cü maddəsi üzrə CM-nin 62-ci maddəsi tətbiq olunmaqla şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X11 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 1(101)- 857/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 1(101)-857/2022 saylı hökmü isə dəyişdirilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən cinayət işinin materialları ilə uzlaşmamaqla heç bir faktla təsdiq olunmur və yalnız sözlərdən ibarətdir. Cinayət işində olan 11 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır və onun ailə üzvləri arvadı X2, 1948-ci il təvəllüdlü atası X3, 2007-ci il təvəllüdlü qızı X4 və 2010-cu il təvəllüdlü oğlu X6 ibarətdir. Cinayət işində olan 11 iyul 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan 17 yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan 18 dekabr 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə X10 doğulmuş, onun anası X8, atası Təqsirləndirilən şəxsdur. Cinayət işində olan 17 may 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə X12 doğulmuş, onun anası X8, atası Təqsirləndirilən şəxsdur. Birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının, yaşlı atasının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul etmiş, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 1(101)- 857/2022 saylı hökmü məhkum X16 barəsində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 1(101)-857/2022 saylı hökmü Təqsirləndirilən şəxs barəsində onun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X9 X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar