Məhkəmə qərarları › İş №1(103)-144/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-144/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-144/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Cəlilabad rayonu Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu, Zəhmətabad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(101)-1634/2022 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Leyla Əsgərova- Məmmədova, hakimlər Rasim Sadıxov və Novruz Kərimov) 06 oktyabr 2022-ci il tarixli, 1(101)-1634/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəlinin məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut olub Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş bir ədəd köynəyin məhv edilməsi hökm edilmişdir. Verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə gecə saat 00:15 dəqiqədə ünvan 3 ünvanda yerləşən yaşayış binasının liftinin qarşısında bir neçə aydır ki, uşaqlarını ona göstərməməsi səbəbindən aralarında davam edən mübahisə səbəbindən boşanmaq ərəfəsində olduğu arvadı Zərərçəkmiş şəxs başqa şəxslə münasibətdə olmasını bildirməsinə görə qısqanclıq zəminində üzərində olan bıçaqla bir dəfə qəsdən sonuncunun qarın nahiyəsinin ön hissəsindən zərbə endirməklə ona sağ mil-bilək oynağı nahiyəsinin ön səthinin kəsilmiş yarası, çənə nahiyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsi təyin edilməyən və insan həyatı üçün təhlükəli olan qarının ön divarının periton boşluğuna nüfuz edən qaraciyəri və mədəni zədələyən bir ədəd deşilmiş kəsilmiş yarası ilə nəticələnən xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Hökmdən məhkum edilmiş şəxs və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilməmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, hökmün dəyişdirilərək, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində daha ağır cəza təyin etməklə hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin xaric olunması xahiş olunmuşdur. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmündə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul etmişdir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilərkən məhkəmə yalnız azyaşlı uşağın olması faktı ilə kifayətlənməməli, işin faktiki hallarını hərtərəfli araşdırmaqla onun uşağın tərbiyə edilməsi və maddi təminatında iştirak edibetməməsi müəyyən edilməlidir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, təqsirləndirilən şəxs onun rəsmi nikahda olduğu həyat yoldaşıdır, birgə nikahdan iki övladları vardır. Heydərin ailələrinə laqeyd yanaşması, ona qarşı təhqiredici ifadələr işlətməsi və ailəsinə diqqət göstərməməsi kimi səbəblərdən birgə yaşadıqları müddətdə aralarında tez-tez mübahisələr olmuşdur. Heydərlə aralarında bundan öncə bir dəfə də xəsarətlə nəticələnən hadisə baş vermişdir. Lakin bu zaman o, Heydərə xəsarət yetirmişdir. Bu hadisə ilə bağlı barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsilə cinayət işi başlansa da, Heydərlə barışdıqları üçün işə xitam verilmişdir. Bu hadisədən sonra ayrı yaşamağa qərar vermişlər. Heydərin ona xəsarət yetirdiyi gün o, rəfiqəsinin evindən başqa ünvana köçmə ərəfəsində olmuşdur. Həmin gün Heydər ona yaxınlaşaraq uşaqlarla görüşdürülməsini tələb etmiş, o, isə “sənin kimi ata ilə övladlarımı görüşdürməyəcəm” demişdir. Qeyd edilən ifadədən görünür ki, Təqsirləndirilən şəxs övladlarının təbiyəsində iştirak etməmiş və ailə daxili münaqişələr nəticəsində ailəsi ilə münasibət qurmamışdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini də onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Halbuki, qeyd olunan əməl böyük ictimai təhlükə törətməyən deyil, ağır cinayət hesab edilir və normada sadalanan hallardan əksər hissəsi Təqsirləndirilən şəxs əməllərində olmamışdır. O, hadisə törətdikdən sonra zərərçəkmiş şəxsə yardım göstərmək əvəzinə hadisə yerini tərk etmiş və cinayət törətdikdən sonra bıçağı yol kənarına atmışdır. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs hərəkətində «səmimi peşmançılığın» olması qənaətinə gəlməkdə səhvə yol vermişdir. Məhkəmə yuxarıda göstərilən halları Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hallar kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, Nadirov X2 Rayon Məhkəməsinin 07 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 07 fevral 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsinə əsasən o, ilk dəfə 2013-cü ildə ailə həyatı qurmuş, lakin rəsmi nikaha daxıl olmamışdır. İlkin vaxtlar arvadı ilə münasibəti normal olmasına baxmayaraq sonradan yaranmış problemlərə görə arvadını döydüyü üçün ayrılmışlar. Arvadını döydüyü üçün 2013-cü ildə Nərimanov rayon məhkəməsinin hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını ƏN-nİn PX-nin 5 saylı cəzaçəkmə müəssisəsində çəkmiş və 06 aydan sonra azadlığa buraxılmışdır. Habelə, iş materillarında olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, 04 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs bir dəfə bıçaq zərbəsi vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə barışması, sonuncudan şikayət və tələbinin olmaması və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etməsi barədə 25 may 2022-ci il tarixli ərizəsinə əsasən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Sadalanan iş materiallarında əsasən o qənaətə gəlmək mümkündür ki, Təqsirləndirilən şəxs məişət, ailədaxili cinayətlər törətməyə meyilli şəxs olmuşdur. O, ilk arvadına qarşı cinayət törədərək ona yüngül dərəcəli bədən xəsarətləri yetirmiş və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sözügedən xüsusat onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs mübahisələrin həllini zor tətbiq edilməsi vasitəsi ilə həyata keçirməyi üstün tutmuş və hərəkətlərinə görə ağır cəza ilə cəzalanmasına baxmayaraq islah olunmamışdır. Habelə, məhkəmə zamanı verdiyi ifadələrində ailəsini bərpa etmək istəməsini göstərməsi ağır cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Xüsusilə vurğulanmalıdır ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza onun azadlıqda qalmasına şərait yaratmış, bu isə gələcəkdə eyni xarakterli cinayətlərin törədilməsinə münbit şərait yaratmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin təhlükəliyi yaxın qohumlarına qarşı törədilməsi olmuşdur. Məhkəmə istintaqı zamanı o da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ailəsi “sağlam” münasibətlər üzərində qurulmamış, şəxslərin məişət mübahisələri zəmnində bir-birilərinə xəsarət yetirməsi adi hal almışdır. Cəza təyini zamanı məhkəmə yalnız zərərçəkmiş şəxsi deyil, həm də təqsirləndirilən şəxsi zərərçəkmiş şəxs tərəfindən yarana biləcək qəsdlərdən qoruyub-qorumaması hallarını müşavirə otağında müzakirə etməli idi. Törədilmiş cinayətlə bağlı təhlükəli məqamlardan biri də Təqsirləndirilən şəxs üzərində silah qismində bıçaq gəzdirməsidir. Hadisə vaxtı istifadə edilmiş bıçağın tapılmaması təqsirləndirilən şəxsin xeyrinə həll olunsa da, şəxsin heç bir səbəb olmadan gündəlik üzərində bıçaq gəzdirməsi, adi, ailədaxili mübahisə zamanı həmin bıçaqdan istifadə edə bilmək iqtidarında olması və bu kimi hərəkətlərə meyilli olması sözügedən cinayətin təkrarlanma faizini artırır. Qeyd edilən hökmdə təsvir edilənlərə nəzər yetirdikdə o qənaətə gəlmək olar ki, hər hansı bir təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən bir neçə hal mövcud olduqda ona Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi labüddür. Bu isə cəmiyyətə haqsızlıq etməklə yanaşı, hüququn bünövrəsinə ciddi bir zədədir. Məhkəmənin cəza təyin edərkən nəzərə almadığı digər xüsusat isə cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqlan üçün də təhlükəlidir. Belə olan halda, məhkəmə hökmündə təqsirləndirilən şəxsə hansı əsaslarla yüngül cəza təyin etdiyini öz hökmündə əsaslandırmamış, cəzanın ədalətliliyinə dair dəlillər gətirməmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya protestini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya protestinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(101)-1634/2022 saylı hökmünün dəyişdirilməsini, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində daha ağır cəza təyin etməklə hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin xaric olunmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 apellyasiya protestinə etiraz edərək, protestin təmin edilməməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək belə hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(101)-1634/2022 saylı hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya protestinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Prosessaul Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısının apellyasiya protestinin əsas dəlili Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(101)-1634/2022 saylı hökmündə cinayət qanunu normasının düzgün tətbiq olunmayaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməklə dəyişdirilməsindən ibarət olmuşdur. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya potestinin dəlillərindən görünür ki, əməlin hüquqi tövsifi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərkən hökmünü belə əsaslandırmışdır ki, cinayət işi materiallarından görünür ki, hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs hadisə yerini tərk etməmiş, qaçıb gizlənməyə cəhd göstərməmiş, hadisə barəsində birbaşa məlumatı özü verməsə də, polis əməkdaşları hadisə yerinə gələn kimi baş vermiş əməlin tərəfindən törədilməsini bildirmişdir. Məhkəmə iclasında əməlindən səmimi peşman olmasını qeyd edərək, ailəsini bərpa etmək istədiyini göstərmişdir. Bundan başqa sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, evli olduqları müddətdə ona heç vaxt əl qaldırmamışdır. Onların birgə nikahdan iki azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs həmçinin ərini bağışladığını, uşaqlarını təkbaşına böyütmək istəmədiyini bildirərək sonuncuya azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilməməsini və ya təyin ediləcək cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, şərti məhkum etmə institutunun tətbiq edilməsinə dair qeyd edilən qanunvericiliyin şərtlərinə birinci instansiya məhkəməsi riayət etmiş, yüngülləşdirən halları düzgün müəyyən etmiş, hüquqi və faktiki cəhətdən kifayət qədər əsaslandırmış, hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasına qiymət verərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkumun cəzasının dəyişdirilib, onun cəzasının yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Şərti məhkum etmə tətbiq edilərkən Təqsirləndirilən şəxs ailə şəraitinin, övladlarının tərbiyəsinin, ailənin bərpası və qorunmasının, zərərçəkmiş şəxsin barışmasını və digər islaha yönəlik addımların nəzərə alınması onu göstərir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslı və qanunidir. Belə halda törədilmiş əməlin ictimai təhlükəli nəticələri aradan qaldırılmışdır. Odur ki, apellyasiya protestinin dəlilləri hökmün dəyişdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(101)-1634/2022 saylı hökmü qanuni və əsaslı olduğundan apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.2 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L Dİ : Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(101)- 1634/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 12 (on iki) saat üçün cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elbəy Allahverdiyev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar