Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1461/2025 20.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Əhmədov Zəfər Vahid oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7 qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs4, Müdafiəçi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Ağstafa rayonu, Poylu kəndində doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Poylu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 32.5, 200- 1.2.2, 32.5, 200-1.2.3 və 32.5, 206.3.2-ci maddələri, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2025-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs4 müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə və apelyasiya şikayətinə əlavəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. İttihama əsasən, Təqsirləndirilən şəxs4 oğlu 2023-cü ilin iyun ayının ortalarında Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 ilə bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçmədən külli miqdarda dərman vasitələrini Türkiyə Respublikasında əldə edib satış məqsədilə saxlama və xeyli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 18 iyun 2023-cü il tarixədək olan müddət ərzində İstanbul şəhərində istintaqa məlum olmayan mənbədən birlikdə əldə eldikləri qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1989 manat dəyərində 1 qutu (112 kapsul) “Xtandi 40 mg” (Atellas), 501 manat dəyərində 1 qutu (60 həb) “Citovir 450 mg” (Farmatek), 1 flakonun qiyməti 381 manat olmaqla 4953 manat dəyərində 13 flakon “Herceptin 150 mg”, 1 qutusunun (63 kapsulun) qiyməti 1393 manat olmaqla 5572 manat dəyərində 4 qutu “Valamor 200 mg” markalı, dövlət qeydiyyatından keçmiş 1 qutusunun qiyməti 1833 manat olmaqla 3666 manat dəyərində 2 qutu “Perjeta 420 mg/14 ml” (Roche) markalı dərman xasitələri, “Herceptin 150 mg” markalı dərman vasitəsinə aid 17 ədəd boş qutu və “Herzuma 150 mg” markalı dərman vasitəsinə aid 10 ədəd istifadə kağızını Teymur Marghany, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1 qutusunun qiyməti 74 manat olmaqla 370 manat dəyərində 5 qutu “Mirena 52 mg” (Bayer), 1393 manat dəyərində 1 qutu (63 kapsul) “Valamor 200 mg” (Farmanova) markalı dərman vasitələri və “Herzuma 150 mg” markalı dərman vasitəsinə aid 10 ədəd boş qutunu Təqsirləndirilən şəxs1, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1989 manat dəyərində 1 qutu (112 kapsul) “Xtandi 40 mg” (Atellas), 1 qutusunun qiyməti 501 manat olmaqla 1503 manat dəyərində 3 qutu “Citovir 450 mg (Farmatek), 1 flakonun qiyməti 133 manat olmaqla 4256 manat dəyərində 32 flakon “Zirabev 100 mg/4 ml”, 1 flakonun qiyməti 550 manat olmaqla 5500 manat dəyərində 10 flakon “Eylea 40 mg/ml” (Bayer), 1 flakonun qiyməti 381 manat olmaqla 1524 manat dəyərində 4 flakon “Herceptin 150 mg”, 1 flakonun qiyməti 1325 manat olmaqla 3975 manat dəyərində 3 flakon “Opdivo 100 mg/10 ml”, 1 flakonun qiyməti 624 manat olmaqla 3120 manat dəyərində 5 flakon “Mvasi 400 mg/16 ml”, 1 qutusunun qiyməti 624 manat olmaqla 1248 manat dəyərində 2 qutu “Bevax 400Mg/16 ml” markalı, dövlət qeydiyyatından keçmiş 1 flakonun qiyməti 1833 manal olmaqla 7332 manat dəyərində 4 flakon “Perjeta 420 mg/14 ml” markalı, dövlət qeydiyyatından keçməsi müəyyənləşdirilməmiş 1 flakonun qiyməti 381 manat olmaqla 6477 manat dəyərində 17 flakon “Herzuma 150 mg” markalı dərman vasitələri və “Herceptin 150 mg” markalı dərmanlara aid 17 ədəd istifadə kağızını Ayləkin Bəxtiyarovanın öz əl yüklərinə yerləşdirərək onlardan ümumilikdə külli miqdarda, 37893 manat dəyərində dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satış məqsədilə saxlanılmasına və 18 iyun 2023-cü il tarixdə həmin şəxslər tərəfindən TK 332 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına birgə gətirilib saat 12:00 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X4 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” X6 gömrük postunda (hazırda Sərnişin şöbəsi) ümumilikdə xeyli miqdarda, 55368 manat dəyərində qeyd edilən malların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, daxil olmuş məlumat əsasında həmin tarixdə keçirilmiş gömrük yoxlaması zamanı sözügedən predmetlər saxlanıldıqları yerlərdən aşkar edilərək götürülmüşdür.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2025-ci il tarixli, 1(101)-195/2025 saylı hökmü ilə (sədrlik edən F.A.Namazov, hakimlər T.Q.Hüseynov və A.A.Qurbanovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-nin 32.5, 200-1.2.2-ci, 32.5, 200-1.2.3-cü və 32.5, 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs4 CM-nin 32.5, 200-1.2.2-ci və 32.5, 200- 1.2.3-cü maddələri ilə 3000 (üç min) manat miqdarda cərimə cəzası, barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs4 CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 4000 (dörd min) manat miqdarda cərimə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilmiş cəzaların qismən toplanılmaqla ona qəti olaraq 5000 (beş min) manat miqdarda cərimə cəzası təyin edilməsi, CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 tutulduğu və həbsdə saxlanıldığı 3 (üç) gün müddətin nəzərə alınmaqla, təyin edilmiş cəza yüngülləşdirilərək üzərində 4500 (dörd min beş yüz) manat cərimə cəzası saxlanılması, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. 3.Hökmdən Təqsirləndirilən şəxs4 müdafiəçisi apelyasiya şikayəti və şikayətə əlavə verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2025-ci il tarixli, 1(101)-195/2025 saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs4 barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
İİ.Apelyasiya şikayəti və əlavənin dəlilləri, etirazlar:
4. Müdafiəçi3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Belə ki, məhkəmə müdafiəçisi olduğu Təqsirləndirilən şəxs4 verilmiş ittihamlar üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 ailəsinin maddi ehtiyacını ödəmək üçün Bakı şəhəri Ağa Neymətulla küçəsində yerləşən “Nur” adlı mağazada qadın alt paltarları satmaqla fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Orada satdığı malları Türkiyə Respublikasından alıb ölkə ərazisinə gətirib onların satışını həyata keçirir. Həmin mağazada satdığı bəzi malları isə Sədərək və Binə Ticarət Mərkəzlərindən alıb mağazada satır. Türkiyədən aldığı malları həmin ölkəyə gedərək İstanbul şəhərində “Merten”, “Güngörən”, “Laləli” deyilən ərazilərdən mağazalardan seçib bəyənib sifariş verir. Eyni məqsədlə 07 iyun 2023-cü il tarixdə təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə gedib və “Ağsaray” deyilən ərazidə otellərin birində qalıb. 28 iyun 2023-cü il tarixdə isə ölkəyə geri qayıdıb. Türkiyədə olan zaman işlətdiyi mağazada satmaq üçün bir sıra mağazaları gəzib mallar bəyənməklə sifariş verib və həmin mallar ona karqo vasitəsilə çatdırılacaqdır. Bundan əlavə o, Türkiyədə olan zaman özünə və uşaqları üçün geyim əşyaları alıb özü ilə birlikdə Bakıya gətirib. Təqsirləndirilən şəxs4 16 iyun 2023-cü il tarixdə İstanbulda hazırda xatırlamadığı otelin restoranında oturub çay içərkən Aytəkin təsadüfən həmin yerə gəlmiş və onlarla görüşmüş. Həmin vaxt Aytəkin ona bildirib ki, alış-veriş etmək və gəzmək məqsədilə İstanbula gəlmişdir. Onlar həmin vaxt oturub çay içib söhbət edikdən sonra Aytəkin öz qaldığı otelə getmiş. Növbəti gün yəni 17 iyun 2023-cü il tarixdə Leyla Aytəkinlə “Ağsaray” deyilən ərazidə görüşmüş, Aytəkin Leylaya həmin gün gecə Bakı şəhərinə qayıdacağını bildirdi. Leyla hələ ki Bakıya qayıtmayacağından və oğurlanacaqlarından ehtiyat edərək İstanbulda olarkən özü üçün aldığı 1 ədəd qolbaq, 1 cüt sırğa, 2 ədəd üzük və 1 ədəd İphone 14 markalı mobil telefonu Bakıya gətirməsi üçün Aytəkinə vermiş. Onları Aytəkinə verən zaman onları Bakıya apararkən gömrüyə bəyan etməsini bildirib, bunun üçün üzərində pul olub-olmadığını soruşmuş. Aytəkin də ona üzərində pulunun olduğunu bildirdi və qolbaqla sırğanı üzərinə taxıb digərlərini isə əl çantasına qoyub. Aytəkin ona bu yaxınlarda özünün tanışı olan Bəsti adında qadının oteldə qaldığını, özünün onu da görmək istədiyini bildirdiyindən Leyla həmin gün axşam 23 radələrində Aytəkinlə birlikdə Bəstinin qaldığı otelə getmiş. Leyla həmin vaxta qədər Bəstini tanımırmış. Oteldə olan zaman Bəsti ilə Aytəkin oturub bir qədər ordan-burdan söhbətlər etmişlər. Leyla Aytəkinlə xx.xx.2023-cü il tarixdə İstanbul şəhərində “Ağsaray” tərəfdə görüşən zaman Aytəkin ona Bakı şəhərinə getmək üçün bilet tapa bilmədiyini bildirmişdir. Bu zaman Leyla 07 iyun 2023-cü il tarixdə Bakıdan İstanbula gedən zaman İstanbul hava limanında yerləşən Duty Free mağazasında tanış olduğu Təqsirləndirilən şəxs1 adlı Türkiyə Respublikası vətəndaşına zəng edib ondan Aytəkin üçün bilet almaqda bizə köməklik etməsini xahiş etmiş, Ayhan da Aytəkinin pasportunun şəkilini çəkib ona göndərməyini istədiyindən Təqsirləndirilən şəxs4 Aytəkinin pasportunun şəkilini çəkib Ayhana göndərmiş. Bundan təxminən 1-2 saat sonra Ayhan onların yanına gəlib və Aytəkinə bilet aldığını bildirmişdir. Lakin Leyla həmin vaxt Aytəkinin Ayhana biletin pulunu verib-vermədiyini görməmişdir. Daha sonra Təqsirləndirilən şəxs4 Aytəkinlə birlikdə Bəstidən ayrılmışlar və Leyla Aytəkini gətirib İstanbul hava limanına gedən avtobusla yola salmışdır. Həmin günün səhəri yəni, 18 iyun 2023-cü il tarixdə o, Aytəkinlə telefon əlaqəsi saxlayan zaman o, Leylaya bildirmişdir ki, onu gömrükdə saxlamışlar və Leylanın qızıllarını da daxil olmaqla onda olan digər mallar götürülmüşdür. Aytəkin ona bunun hansı səbəbdən olduğunu izah edə bilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs4 əməlində cinayət tərkibi yoxdur. Yəni Təqsirləndirilən şəxs4 o halda təqsirli hesab olunardı ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində planlama, malların alınması ilə bağlı hər hansı danışıqlar keçirmiş olardı. Halbuki, nə istintaq dövrü, nə də ki, məhkəmə istintaqı zamanı bu halı təsdiq edən dəlil və sübutlar mövcud olmamışdır. Əksinə bu halların mövcud olmaması tam təsdiqini tapır. Çünki cinayət işi üzrə dindirilmiş şahidlər və gömrük işçiləri Təqsirləndirilən şəxs4 tanımamışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs4 mübahisəli təyyarə biletinin haradan və kimin tərəfindən alınmasından məlumatı olmamışdır. Bununla bağlı əksini sübut edəcək heç bir dəlil sübut yoxdur. Cinayət işi üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ifadəsində Təqsirləndirilən şəxs4 bu dərman vasitələrinin qaçaqmalçılığı, kömək edilməsi və satışı ilə bağlı heç bir əlaqəsinin olmadığını bildirmişdir. Cinayət işi üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ifadəsində ümumiyyətlə Təqsirləndirilən şəxs4 tanımadığını və bu dərman vasitələrinin qaçaqmalçılıq və satışı ilə bağlı heç bir əlaqəsinin olmadığını bildirmişdir. Yalnız Cinayət işi üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 ilkin ifadəsində dərman vasitələrinin özünə məxsus olduğunu bildirsə də, sonrakı vaxtlarda dəqiq bilinməyən səbəblərdən ifadəsini dəyişdirirərək Təqsirləndirilən şəxs4 Ayhanın evində gizli şəkildə dərman vasitələrinin onun çantasına yerləşdirdiyini bildirmişdir. Məhkəmə hökmü yalnız Aytəkinin ifadələrinə əsaslanmışdır, Aytəkinin istintaqdakı ifadələrində isə ciddi ziddiyyətlər var, eyni zamanda Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxsdir Leylanın əleyhinə istənilən ifadəni verə bilər və bu Leylanın əleyhinə isitifadə edilə bilməz. Göründüyü kimi qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin tərkib əlamətləri yoxdur, Təqsirləndirilən şəxs4 gömrükdə tutulmamış, üzərində, evində, avtomobilində dərman vasitələri tapılmamış, Təqsirləndirilən şəxs4 ölkəyə gömrükdən sakit təmiz şəkildə keçərək ölkəyə daxil olmuşdur. Qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin tərkib əlamətinin ünsürləri qismində çıxış edən həmin əlamətlərin mövcud olması o zaman Qaçaqmalçılıq hesab edilir ki, təqsirkar şəxs yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsinə yönəlmiş olsun. Yəni Təqsirləndirilən şəxs4 kömrükdən malların keçirilməsi ilə bağlı heç bir fəaliyyəti olmamışdır. Göründüyü kimi qaçaqmalçılıq cinayətinin subyektiv cəhətinin tərkib əlamətləri yoxdur, Təqsirləndirilən şəxs4 bütün telefon danışıqları yoxlanılmış, heç bir halda dərman vasitələrinin qaçalmalçılığı, köməklik edilməsi və ya satışı ilə bağlı heç bir danışıq, səs, yazışma olmamışdır. Bu o deməkdir ki, Təqsirləndirilən şəxs4 qeyd edilən cinayət hadisəsi bağlı heç bir niyyəti olmamışdır. Cinayət qanunvericiliyi baxımından qabaqcadan əlbir olan bir qrup şəxs cinayətkar qruplaşmanın bir növü olmaqla qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət hesab olunur. Qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. Göründüyü kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törədilməsi zamanı cinayətin birlikdə törədilməsinə dair dəstə üzvləri arasında razılığın olması mütləqdir. Mübahisəsiz olaraq təsdiq olunur ki, Təqsirləndirilən şəxs4 cinayətlərin törədilməsi üçün qabaqcadan birləşməmiş, hər hansı bir cinayət törətməmiş və törədilmiş cinayətlərdə iştirakı və hər hansı bir əlaqəsi olmamışdır və məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Göründüyü kimi istintaq orqanı qərəzlilik nümayiş etdirərək ittiham irəli sürərkən yuxarda qeyd etdiyi mötəbər olmayan sübutlarla yanaşı üzrə dindirilmiş şahidlərin ifadələrinə əsaslanmamış. Lakin yalnız Təqsirləndirilən şəxs3 ifadəsi, şəxsin təqsirli olmasına dəlalət edən hər hansı bir halı təsdiq etmədiyi üçün mötəbər sübutların məcmusu kimi qəbul edilə və şəxsin barəsində ittiham irəli sürülməsinə əsas ola bilməz. Həmin sübutlar heç bir halda birbaşa olaraq Təqsirləndirilən şəxs4 ittiham elan etmək üçün əsas ola bilməz.
5. Təqsirləndirilən şəxsin müdafiəçisi apelyasiya icraatında apelyasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə Təqsirləndirilən şəxs4 barəsində hökm çıxarılarkən CM-in 35.2-ci maddəsinə istinad edilmişdir. Halbuki, CM-in 32.5-ci maddəsində qeyd edilmişdir ki, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Qanunun qeyd edilən normasından göründüyü kimi təqsirlədnirilən şəxs o halda köməkçi hesab edilə bilərdi ki, qaçaqmalçılıq cinayətinin predmetləri ilə bağlı təqsirləndirilən şəxs tərəfindən həmin hərəkətlərdən ən azı biri törədilmiş olsun. Lakin qeyd edilən faktı təsdiq edən heç bir mötəbər sübut isə iş materillarında mövcud deyildir. Şikayət olunan məhkəmə hökmündə isə qeyd edilmişdir ki, “Təqsirləndirilən şəxs4 inkar etsə belə, Təqsirləndirilən şəxs3 isə ifadəsində gömrük yoxlaması zamanı onda aşkarlanmış dərman vasitələrini onun çantasına Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 birlikdə yerləşdirdiklərini söyləmişdir”. Halbuki, digər Təqsirləndirilən şəxs3 qeyd etdiyi hallar heç bir mötəbər sübut ilə təsdiqini tapmamışdır, həmçinin iş üzrə digər təqsiriləndirilən şəxs Sakit Ayhan Təqsirləndirilən şəxs3 verdiyi həmin ifadəni təsdiq edəcək heç bir ifadə söyləməmişdir. Belə olan halda isə Təqsirləndirilən şəxs4 iş üzrə ona qarşı irəli sürülmüş ittihamı təsdiq edəcək heç bir mötəbər sübut olmamışdır, bunun əksinə cinayət işi üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ifadəsində Təqsirləndirilən şəxs4 bu dərman vasitələrinin qaçaqmalçılığı, kömək edilməsi və satışı ilə bağlı heç bir əlaqəsinin olmadığını bildirmişdir. Bundan əlavə, cinayət işi üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ifadəsində ümumiyyətlə Təqsirləndirilən şəxs4 tanımadığını və bu dərman vasitələrinin qaçaqmalçılığı və satışı ilə bağlı heç bir əlaqəsinin olmadığını bildirmişdir. Yalnız Cinayət işi üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 ilkin ifadəsində dərman vasitələrinin özünə məxsus olduğunu bildirsə də, sonrakı vaxtlarda dəqiq bilinməyən səbəblərdən ifadəsini dəyişdirirərək Təqsirləndirilən şəxs4 Ayhanın evində gizli şəkildə dərman vasitələrinin onun çantasına yerləşdirdiyini bildirmişdir. Göründüyü kimi iş materillarında digər təqsirləndirilən şəxslərin verdiyi ifadələr, həmçinin Təqsirləndirilən şəxs3 3-cü dəfə ibtidai istintaq dövründə belə bir ifadə verməsi kifayət qədər ziddiyət və şübhə yaradır. Mübahisəsiz olaraq təsdiq olunur ki, Təqsirləndirilən şəxs4 cinayətlərin törədilməsi üçün qabaqcadan birləşməmiş, hər hansı bir cinayət törətməmiş və törədilmiş cinayətlərdə iştirakı və hər hansı bir əlaqəsi olmamışdır və məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Həmçinin şikayət olunan hökmdə qeyd edilmişdir ki, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Həmin şəxslərə irəli sürülmüş ittiham əsaslıdır. Lakin məhkəmə tərəfindən Təqsirləndirilən şəxs4 qarşı irəli sürülmüş ittihama heç bir münasibət bildirilməmişdir.
6. Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
İİİ.Proses iştirakçılarının çıxışları:
7. Apelyasiya icraatında təqsirləndirilən şəxs və müdafiəçisi apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2025-ci il tarixli, 1(101)-195/2025 saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs4 barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
8. Apelyasiya icraatında dövlət ittihamçısı apelyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2025-ci il tarixli, 1(101)-195/2025 saylı hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
İV.Hüquqi məsələlər:
9. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayəti və əlavənin dəlillərini və Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti və əlavə təmin edilməməlidir.
10. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
11. Məhkəmə kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2025-ci il tarixli, 1(101)-195/2025 saylı hökmünün ləğv edilməsi və təqsirləndirilən Təqsirləndirilən şəxs4 barəsində bəraət hökmü çıxarılması ilə bağlı müdafiəçinin apelyasiya şikayəti və əlavənin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.5, 200-1.2.2, 32.5, 200-1.2.3 və 32.5, 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, işə aid biri digərinə uyğun gələn sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla düzgün olaraq hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs4 CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə, yəni Təqsirləndirilən şəxs3 çantasında aşkarlanmış müvafiq predmetləri sonuncunun çantasının yerləşdirməklə cinayətin törədilməsinə köməklik göstərmiş, bu səbəbdən məhkəmənin Təqsirləndirilən şəxs4 əməlinin CM-in 32.5-ci maddəsinə istinad edilməklə icraçıların əməllərinə uyğun olaraq CM-in 200-1.2.2, 200- 1.2.3 və 206.3.2-ci maddələri ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur.
12. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşırılmasına əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs4 tərəfindən Azərbaycan Respublikası CM-in 32.5, 200-1.2.2, 32.5, 200-1.2.3 və 32.5, 206.3.2-ci maddələrində nəzərdə tutulan əməlin törədilməsinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübutlarla təsdiq edilərək sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir.
13. Bununla yanaşı Təqsirləndirilən şəxs4 özünü təqsirli bilməməsi, Təqsirləndirilən şəxs3 və ya Təqsirləndirilən şəxs1 ilə birgə hər hansı dərman vasitəsini Türkiyə Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirmək üçün təqdim etmədiyini ilə bağlı apelyasiya icraatında, o cümlədən apelyasiya şikayəti və əlavədə qeyd olunanlara məhkəmə kollegiyası tənqidi yanaşıb, sözügedən xüsusatların işin faktiki halları ilə təkzib edildiyini nəzərə alaraq, qeyd edilən halları birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı yoxlanılaraq dəyərləndirilmiş, apelyasiya icraatında təkrar təhlil edilmiş obyektiv sübutların məcmusu ilə təkzib olunduğundan inandırıcı saymır və həmin xüsusatları özünümüdafiə xarakterli, təqsirləndirilən şəxsi cinayət məsuliyyətdən yayındırmağa cəhd kimi qiymətləndirir.
14. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir.
15. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir.
16. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 32.5, 200-1.2.2, 32.5, 200-1.2.3 və 32.5, 206.3.2-ci maddələri ilə tövsif olunmuş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar aşkar edilməmişdir.
17. Vurğulamaq zəruridir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.
19. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir.
20. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs4 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını, müsbət xarakterizə edilməsini, təkbaşına ana olmaqla himayəsində 2 uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməyərək onun törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü tətbiq etmişdir.
21. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir.
22. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır.
23. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti və əlavə əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq
QƏRARA ALDİ:
Apelyasiya şikayəti və əlavə təmin edilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 200- 1.2.2, 32.5, 200-1.2.3 və 32.5, 206.3.2-ci maddələri, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2025-ci il tarixli hökmü Təqsirləndirilən şəxs4 müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti və əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən Elmar Rəhimov
Hakimlər Zəfər Əhmədov
Emin Mehdiyev