Məhkəmə qərarları › İş №1(103)-152/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-152/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-152/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov Həsən Hüseyn oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X3, Məhkum edilmiş şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi- Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(009)-213/2022 saylı hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(009)-213/2022 saylı hökmü ilə (hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi ilə) xx xxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 oktyabr 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda 0,459 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib özündə saxlayaraq daşımış, 19 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi 31 ünvanında yerləşən “X1”ın qarşısında olarkən Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin inzibati binasına gətirilərək xidməti otaqda üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan və gümüşü rəngli kağıza bükülmüş və içərisində 0,459 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə -heroin olan büküm aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(009)-213/2022 saylı hökmündən narazı olduğunu, xəstəliyini, bir azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(009)-213/2022 saylı hökmünün ləğv edilməsini və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində daha yüngül cəza təyin edilməsi haqqında qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X4 məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(009)-213/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili ona təqsirləndirildiyi maddənin sanksiyası həddində daha yüngül cəza təyin edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi məhkum tərəfindən törədilən cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və etirafedici ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya şikayətindən göründüyü kimi məhkumun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və digət sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində aşağı həddə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən cəzanı yüngülləşdirən hall kimi törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və ağırlaşdıran hallarrın müəyyən edilməməsini əsas götürərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkumun cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Göründüyü kimi məhkumun apellyasiya şikayətinin dəlilləri qismində göstərdiyi hallar birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alınmışdır. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(009)-213/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(009)-213/2022 saylı hökmü məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum edimiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 20 saat üçün cəmi 120 manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar