Məhkəmə qərarları › İş №1(103)-1523/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1523/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1523/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Həsənova Bahar Elxan qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi- Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 1(101)-911/2022 saylı hökmü ilə (sədrlik edən M.H.Əkbərov, hakimlər F.Ə.Qəniyev və İ.A.Mahmudovdan ibarət tərkibdə) xx xxxxxx 1996-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi, iş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış- ümumi təmiz çəkisi 10200,399 qram olan narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd «DVD» diskin isə cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza xərcləri cəmi 178,82 manatın (yüz yetmiş səkkiz manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Xəzər Konsalting” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 10200,649 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə marixuanan əldə edib bir qismini üzərində, qalanını yaşadığı mənzilin qonaq otağında olan divanın içərisində saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin və Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, 18 yanvar 2022-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Xətai rayon Polis İdarəsinin 34-ci Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq göy rəngli gödəkçəsinin sol üst cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,649 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmçinin yaşadığı ünvan 4 ünvanda videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən axtarış və götürmə istintaq hərəkəti zamanı mənzilin qonaq otağında olan divanın içərisindən 01 (bir) ədəd yaşıl rəngli sintetik torbanın içərisindən külli miqdarda təmiz çəkisi 102000 qram tərkiblərinə görə eyni olan, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib, törətdiyi əməlin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə 07 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmlə razı deyil. Hesab edir ki, məhkəmədə onun barəsində düzgün araşdırma aparılmadan, qeyri-obyektiv və ədalətsiz hökm verilib. Belə ki, ibtidai istintaq müstəntiq tərəfindən saxtakarlıqla aparılmış və yalan ifadələrə əsaslanaraq ittiham aktı tərtib edilmişdir. Saxlanıldığı zaman üzərində şəxsi istifadəsi üçün 0.065 qram marixuna aşkar edilmiş və o, mənzilə aparılaraq evində axtarış edilmişdir. Onun mənzilində heç bir narkotik vasitə aşkar olunmamış, lakin polis əməkdaşları özləri onun evinə narkotik vasitə yerləşdirmişlər. Hesab edir ki, məhkəməyə təqdim olunan ibtidai istintaq materiallarında ziddiyət vardır, evindən tapılan narkotik vasitənin miqdarının ilk öncə 22 kiloqram olması müəyyən olunub, sonra ekspertiza rəyində miqdar 10 kiloqram göstərilmişdir. Bundan əlavə, narkotik vasitə olan torbanın üzərində onun əl izlərinin olub-olmadığını, o cümlədən, şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitənin tərkibi ilə torbada olan marixuananın tərkibinin eyniliyini müəyyən etmək üçün ekspertiza keçirilməyib. Həmçinin Təqsirləndirilən şəxs qeyd edir ki, materiallar arasında imzası ilə təsdiq edilmiş ifadə mövcuddur, lakin o, ifadəni fiziki təzyiq və hədəqorxu altında imzalamağa məcbur edilmişdir. Odur ki, məhkəmə hökmü ədalətsiz, əsassız və qanunsuz olduğundan hökm ləğv edilməli, onun əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Apelyasiya icraatında təqsirləndirilən şəxs və onun müdafiəçisi apelyasiya şikayətini müdafiə edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmünün ləğv edilməsi və onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apelyasiya icraatında dövlət ittihamçısı birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmadığını bildirərək apelyasiya şikayətinin təmin edilməməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 1(101)-911/2022 saylı hökmünün dəyişdirilməsi və onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, videogörüntülər, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla sözü gedən cinayət əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı və gizlətdiyi, kiməsə qurudulmuş marixuana satmaq niyyəti olmadığı barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq, onun bu ifadələrini cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş, özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirərək sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab etmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs fiziki təzyiq və hədə-qorxu altında etirafedici ifadələrini imzalamağa məcbur olması barədə apelyasiya icraatında bildirdikləri işin faktiki halları ilə öz təsdiqini tapmamış və Bakı şəhəri Xətai rayon prokurorluğundan verilmiş sorğu ilə bağlı daxil olmuş cavab məktubunda da (xx.xx.2022-ci il tarixli, 22010034 №-li) təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki təzyiq və hədə-qorxu altında ifadə verməyə məcbur edilməsi və ya istintaq zamanı ona qarşu qanunsuz hərəkətlər edilməsi ilə bağlı rayon prokurorluğuna müraciətinin daxil olmadığı, ba barədə araşdırma aparılmadığı bildirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi barədə apelyasiya icraatında bildirdiklərini də müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyi və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmasının kifayət qədər sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində CM-nin 59.2-ci maddəsinə əsasən cinayət əməlini qismən etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib, onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq, törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Faiq Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar