Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-155/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2016-cı il il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 1(101)-1387/2022 saylı hökmü ilə (sədrlik edən hakim E.H.İsmayılov, hakimlər C.İ.Hüseynov və S.İ.Əliyev) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkməsinin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən, yenidən qəsdən şəxsiyyəti məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 5,608 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanında yerləşən metronun “28 May’’ stansiyasının əsas çıxışının qarşısına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da ünvan 3 ünvanında yerləşən metronun “28 May” stansiyasının əsas çıxışının qarşısında saxlanılmaqla qeyd olunan Baş idarəyə gətirilmiş və orada saat 12:02-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli şalvarın sol yan cibindən iki ədəd selofan bükümdə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda 2,793 qram və 2,815 qram olmaqla, ümumilikdə 5,608 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, şikayətin dəlillərində cəzasından narazı olduğunu, barəsində olan cinayət işinin tam araşdırılmadığını, ona məxsus olmayan narkotik vasitənin onunku kimi göstərilərək saxta sənədlərə qol çəkdirildiyini, istintaqın yalan ifadələr üzərində aparıldığını, özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində daha az və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Müdafiəçi3 apellyasiya şikayətinin təmin edilməsini, hökmün dəyişdirilərək Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı hökmün dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məhkumun apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifinə dair hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət işi üzrə toplanmış sübutlar – şahid ifadələri, məhkəmə ekspertizasının rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və maddi sübut, yəni aşkar edilmiş heroinin özü yalnız Təqsirləndirilən şəxs 5,608 qram heroinin aşkar etməsi və götürməsi faktını təsdiq edən sübutlardır. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut cinayət işinə əlavə edilməmişdir. Məhkumda aşkar edilmiş narkotik vasitə heroinin miqdarı da (5,608) həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi barədə nəticəyə gəlmək əsas vermir. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hər hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi halları müəyyən edilməmiş, onun narkotik vasitəni satmaq niyyəti olmaması qanunla nəzərdə tutulmuş qaydada toplanılmış, məhkəmədə tədqiq edilmiş və qiymətləndirilmiş (Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq) sübutlarla təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tutulduğu gün Masallı rayonundan dostları ilə Bakı şəhərinə gəlmişdir. Şəhərə gəlməkdə məqsədi sosial şəbəkə vasitəsi ilə tanış olduğu qızla görüşmək olmuşdur. O, özü Bakı şəhərini yaxşı tanımamışdır. Dostları ilə əvvəlcə Zərifə Əliyeva adına xəstəxanaya getmişlər və xəstəxana açılana qədər orada gözləmişlər. Sonra isə dostu Mirsadiq onu maşınla gətirib «28 May» metrostansiyasına yaxın bir yerdə düşürmüşdür. Həmin vaxt o, qızla yazışaraq onun harada olduğunu soruşmuşdur. Bu zaman «28 May» metrosuna çatan vaxt tanımadığı şəxslər onu tutub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirmişlər. Onun özü narkotik vasitələrdən istifadə etsə də, heç vaxt narkotiklərin satışı ilə məşğul olmamışdır. Polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində narkotik olmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs özünün Masallı rayonundan olmaqla əvvəllər CƏ-nin 126.2-ci maddəsi ilə məhkum olunduğunu, həmçinin narkotiklərdən istifadə etsə də, heç vaxt onun satışı ilə məşğul olmadığını, istintaq zamanı təzyiqlər altında olduğu üçün nə deyiblərsə, onu da yazıb imzaladığını, polis işçilərinin ona narkotik vasitəni guya yerdən tapması barədə ifadə verməyi təklif etdiklərini, onun da bu cür dediyini və onu aldadıb sənədlərə imza etdirdiklərini, polis işçiləri tərəfindən tutulanda tək olduğunu, dostlarının yanından ayrılandan 20 dəqiqə sonra polis əməkdaşlarının onu saxladıqlarını, «28 May» metrostansiyasının yanına dostu Mirsadiqlə gəldiyini, ona edilən təziqlərlə bağlı heç yerə şikayət etmədiyini, ekspertizadan keçirilərkən ekspertə narkotik vasitədən istifadə etdiyini dediyini, ona təzyiq göstərən polis işçilərinin adları yadında qalmadığnı, təcridxanaya qəbul edilərkən həkim müayinəsindən keçdiyini, lakin həmin vaxt üzərində hər hansı zədə və xəsarət izi aşkar edilmədiyini, məhkəmədə ona sanksiya verilərkən işi polis orqanında olduğuna görə hakimə təzyiqlər barədə heç nə demədiyini, sonuncu dəfə Bakıya gəlməmişdən iki gün əvvəl narkotikdən istifadə etdiyini bildirmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadələrdə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən təxminən 5-6 aydır ki, istifadə edir. Belə ki, narkotik vasitə marixuananı siqaretə doldurub, heroini və psixotrop maddə metamfetamini isə gümüşü rəngli kağıza doldurub çəkməklə istifadə edir. Həmin narkotik vasitələri yaşadığı Masallı şəhəri ərazisində tanımadığı şəxslərdən almışdır. 18 fevral 2022-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq səhər saatlarında Bakı şəhərinə gəlmişdir. Həmin gün saat 9 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 May” metrostansiyasının ətrafında piyada hərəkət edən zaman yerdə iki ədəd selofan büküm olduğunu görmüş, nəzərini cəlb etdiyindən həmin bükümün içərisində nə olduğunu bilmək üçün onu yerdən götürmüşdür. Bükümün içərisinə baxdıqda içərisindəki maddələrin “kokos” adlandırılan narkotik vasitə heroin olduğunu bilib cibinə qoymuşdur. Narkotik vasitələrdən istifadə etdiyindən onları tanımışdır. Həmin bükümləri özündə saxlamaqda məqsədi daha sonra istifadə etmək olmuşdur. 18 fevral 2022-ci il tarixdə saat 11 radələrində şəxsi işləri ilə əlaqədar olaraq ünvan 3 ünvanında yerləşən metronun “28 May” stansiyasının əsas çıxışının qarşısında piyada hərəkət edən zaman əvvəllər tanımadığı mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini və anket məlumatı barədə məlumat verməsini tələb etdikdə, öz anket məlumatlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona külli miqdarda narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə getmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin gün tapdığı narkotik vasitə heroini cibində saxlamışdır. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Vəkillə söhbət edib ona etirazının olmadığını dedikdən sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkiüşlə üstünə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. İlk öncə masaya doğru yaxınlaşıb əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung A52” markalı mobil telefonu, əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd beş manatlıq pul əskinasını və iki ədəd şəffaf selofan bükümü çıxararaq masanın üzərinə qoyub təqdim etməklə, üzərindən aşkar olunan iki ədəd şəffaf selofan bükümün içərisində “heroin” kimi tanıdığı narkotik vasitə olmasını etiraf etmişdir. Əynində olan boz rəngli şalvarın sol yan cibindən aşkar olunan iki ədəd şəffaf selofan bükümlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin bükümlərin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddələr vardır. Şifahi sorğu zamanı o, təxminən 6 aydır narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, üzərindən aşkar olunan iki ədəd bükümü tutulan gün, yəni xx.xx.2022-ci İl tarixdə saat 9 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “28 may” metrostansiyasının yaxınlığında yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğu üçün şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunan 5 manat pulun şəxsi tələbatları üçün nəzərdə tutulan pul vəsaiti olduğunu, 1 ədəd “Samsung” markalı mobil telefonun isə özünə məxsus olmaqla istifadəsində olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, pul vəsaiti isə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş maddələr ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə kağız zərfə qablaşdırılaraq möhürlənmiş və o, iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Ardınca videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra o və digər iştirakçılar protokola imza etmişlər. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində, həmçinin saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təsir olmadığını, polis əməkdaşlarının bütün göstərişlərinə tabe olduğunu, onlara heç bir müqavimət göstərmədiyini, bükümləri özündə saxlamaqda məqsədinin daha sonra onları istifadə etmək olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən hər hansı bir şəxsə vermədiyini, yaşadığı mənzildə və yaxud da hər hansı bir yerdə narkotik vasitə və ya cinayət yolu ilə əldə olunmuş hər hansı bir əşya olmadığını, həmçinin başqa bir yerdə də narkotik vasitə saxlamadığını bildirmişdir. Elan olunmuş ifadələrlə bağlı suallara cavabında Təqsirləndirilən şəxs həmin narkotikləri polis əməkdaşlarının ona verdiyini və videoçəkiliş zamanı cibindən çıxarıb stolun üzərinə qoymalı olduğunu bildirdiklərini, həmin polis əməkdaşlarının kim olduqlarını bilmədiyini, qeyd olunan ifadələri polis işçilərinin təzyiqi ilə verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirdi ki, 18 fevral 2022-ci il tarixdə qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, o, əməliyyat qrupunun rəhbəri təyin edilmiş, Şahid2 və Şahid3 isə qrupun üzvü təyin edilmişlər. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs “28 May” metrostansiyasının yaxınlığında olması qeyd edilmiş və bununla əlaqədar 18 fevral 2022ci il tarixdə saat 10 radələrində əməliyyat qrupunun üzvləri ilə qeyd edilən ünvana yollanmışlar. Əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 11-də “28 may” metrostansiyasının qarşısında saxlanılmış, özlərini təqdim edərək onun şəxsiyyətini dəqiqləşdirdikdən sonra barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs həqiqətən də üzərində narkotik vasitə heroin olmasını bildirmiş və onu Baş idarəyə dəvət etmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və ona narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğu, buna görə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş, o, üzərində narkotik vasitə heroin olmasını etiraf edərək əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung A52” markalı mobil telefonu, əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd 5 manatlıq pul əskinasını və iki ədəd şəffaf selofan bükümü çıxararaq masanın üzərinə qoymuş, bükümlərin içərisində “heroin” kimi tanıdığı narkotik vasitə olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən aşkar olunan iki ədəd şəffaf selofan bükümlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin bümüklərin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddələr vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təxminən 6 aydır ki, narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, üzərindən aşkar olunan iki ədəd bükümü həmin gün saat 9 radələrində “28 may” metrostansiyasının yaxınlığında yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğu üçün götürdüyünü, özünün narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş iki ədəd şəffaf selofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddələr bir ədəd zərfin içərisində qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin bir ədəd mobil telefon da maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı ilə götürülmüşdür. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar olunmuş 5 manat pul əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən olunaraq saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi, bu zaman külli miqdarda narkotik vasitə heroin aşkar edilməsi zamanı əməliyyat qrupunun üzvləri kimi keçirilmiş əməliyyat tədbirində iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Cinayət işi materiallarına əlavə edilmiş 18 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokoluna əsasən, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanında yerləşən metronun “28 May” stansiyasının əsas çıxışının qarşısında saxlanılmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən ondan 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Qeyd edilən şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və 1 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. İbtidai istintaq orqanının qərarı ilə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 1 ədəd DVD disk iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2022-ci il tarixli 6/1013 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 6” dairəvi möhür əksləri olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd selofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,793 qram, 2,815 qram, ümumi təmiz çəkisi 5,608 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş 2 (iki) ədəd bükümlərdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 802 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə 6 aydır ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edib, əvvəllər arabir düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə və narkotik vasitə olan metadon həblərindən daxilə qəbul etmə yolu ilə istifadə edib və ondan aşkar olunmuş narkotik vasitə olan heroini satış və özü istifadə etmək məqsədi ilə saxlayıb. Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X3 X7 məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 706/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibindəki fenilalkilamin qrupuna aid olan amfetamin, metamfetamin və tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üstündə aşkar olunmuş narkotik vasitələrin onun tərəfindən satış məqsədi ilə əldə edilməsi və saxlanılması, habelə onun narkotik vasitələrin satışı ilə məşğul olmaması cinayət işi üzrə toplanmış sübutlarla öz təsdiqini tapsa da, lakin cinayət işi üzrə toplanmış sübutlar – özünün və şahid ifadələri, məhkəmə ekspertizasının rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və maddi sübut, yəni aşkar edilmiş heroinin özü Təqsirləndirilən şəxs 5,608 qram heroinin aşkar etməsi və götürməsi faktını təsdiq edən sübutlar hesab olunur. Birinci instansiya məhkəməsi isə qeyd olunanlara, istifadəsində olan mobil telefonundakı danışıqlarda da onun narkotik vasitə satışı ilə məşqul olduğuna dəlalət edən hər hansı bir məlumatın aşkar edilmədiyinə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu təsdiq edən ekspert rəyinə əhəmiyyət verməmiş və ittihamın məhz tam şəkildə təsdiq olunduğu barədə əsassız nəticəyə gəlmişdir. Həmin məhkəmə belə qənaətə gələrkən hətta “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə istinad etsə də, həmin izahın müddəaları faktiki olaraq nəzərə belə almamışdır. Həmin bənddə izah olunmuşdur ki, “... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır...”. Cinayət işi materialları ilə müəyyən edildiyi kimi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hər hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi yaxud faktiki olaraq buna cəhd etməsi müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və daşıması məhkəmədə qanunla nəzərdə tutulmuş qaydada tədqiq olunaraq yoxlanılmış sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və daşımasının təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası yuxarıdakılara əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığına, həmin tərkiblə tam əhatə olunduğuna görə Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin tələblərinə əsasən onun əməli həmin maddəyə (CM-nin 234.1-ci maddəsinə) tövsif edilməli və ona bu maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası belə nəticəyə Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsinin tələblərinə riayət etməklə gəlir. Həmin normada birmənalı olaraq təsbit edilmişdir ki, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində sadalanan cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin apellyasiya şikayətinə münasibətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü cəzanın təyin edilməsi hissədə dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif olunmaqla həmin maddənin sansksiyasına uyğun həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla təmin edilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 16 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi3 96 manat (16x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 1(101)-1387/2022 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökm məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqi yardım göstərdiyinə görə vəkil Müdafiəçi3 96 manat (16x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-155/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-155/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver