Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1576/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Məhkumlar - Məhkum1, Məhkum3 və Məhkum2, Müdafiəçilər – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkilləri X15, X13 və X4, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin 03 iyul 2023-cü il tarixli, 1(101)-1419/2010 saylı qərarından məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə ilkin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli, 1(101)-1419/2010 saylı hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəməyədək icraat zamanı tutularaq həbsdə saxlanıldığı 2 ay 23 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 04 il 09 ay 07 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 02 il ərzində sınaq müddəti müəyyən edilmişdir. Məhkum3 CM-in 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəməyədək icraat zamanı tutularaq həbsdə saxlanıldığı 21 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 04 il 11 ay 09 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 01 il 06 ay ərzində sınaq müddəti müəyyən edilmişdir. Məhkum2 CM-in 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəməyədək icraat zamanı tutularaq həbsdə saxlanıldığı 07 ay 28 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 04 il 04 ay 02 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 02 il ərzində sınaq müddəti müəyyən edilmişdir. Məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərarı ilə məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 barələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli, 1(101)-1419/2010 saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair məhkumların vəsatətləri təmin edilməmişdir. Birinci instansiya məhkəməsi həmin qərarı qəbul edərkən belə nəticəyə gəlmişdir ki, məhkumların vəsatətlərində göstərdikləri səbəb üzrlü hesab edilə bilməz və onların apellyasiya şikayətinin buraxılmış müddətinin bərpası barədə vəsatətləri əsassız olduğundan təmin olunmamalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli sözügedən qərarından məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək ötürülmüş müddətin bərpa edilməsində köməklik göstərilməsini xahiş etmişlər. Məhkəmə iclasında məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 tərəflərindən verilmiş apellyasiya şikayətlərini tam müdafiə edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini məhkəmədən xahiş etdilər. X2, X13, X7 və X3 məhkəmə iclasında çıxış edərək məhkumlar tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Dövlət ittihamçısı X9 25 noyabr 2010-cu il tarixli hökmdən apellyasiya şikayətlərinin müddət ötürülməklə verildiyini, müddətin bərpa edilməsi üçün isə heç bir üzrlü səbəb və əsasın olmadığını göstərərək, verilmiş apellyasiya şikayətlərinin təmin edilməyib qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, verilmiş apellyasiya şikayətlərini cinayət işinin materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Məhkum1, Məhkum3 və Məhkum2 CM-in 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunduqları Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli, 1(101)-1419/2010 saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərarından məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərar qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli, 1(101)-1419/2010 saylı hökmü məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 və onların müdafiəçilərinin iştirakı ilə elan edilmiş, hökm elan edilərkən proses iştirakçılarına hökmdən şikayət vermək hüququ və müddəti izah edilmiş, bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmış, hökmün surəti məhkumlar tərəfindən 26 noyabr 200-cu il tarixdə qəbzə imza edilməklə qəbul edilmişdir. Məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 tərəfindən apellyasiya şikayətləri və buraxılmış müddətin bərpasına dair vəsatətlər Bakı Ağır Cinayətlər Məhkəməsinə 12 iyun 2023-cü il tarixdə daxil olmuş və həmin tarixdə də qeydiyyata alınmışdır. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 12 il 07 ay müddət keçmiş və məhkumları bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnəcəkdir. Belə ki, Avropa Məhkəməsi Ryabıx Rusiyaya qarşı və Kot Rusiyaya qarşı işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, məhkəmə kollegiyası məhkumlar tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəblərə görə buraxmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərarından məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və CPM-nin 193, 386.3 və 391.3.3-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin 03 iyul 2023-cü il tarixli, 1(101)-1419/2010 saylı qərarı məhkumlar tərəfindən verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkilləri X15 tərəfindən Məhkum1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 05 (beş) saat üçün 30 (otuz) manat, vəkil X13 tərəfindən Məhkum3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 05 (beş) saat üçün 30 (otuz) manat, vəkil X7 tərəfindən Məhkum2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 05 (beş) saat üçün 30 (otuz) manat, cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan CPM-nin 408- 412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X8 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov.
Məhkəmə qərarları › İş №1(103)-1576/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1576/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver