Məhkəmə qərarları › İş №1(103)-1579/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1579/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1579/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və X3 iştirakları ilə xx xxxxxxxx 1971-ci il tarixdə Lerik rayonu, Soru kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, akademik Z.Əliyeva küçəsi, ev 78/18, mənzil 57-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Səbuhi Hüseynov, hakimlər Azad Məcidov və Zeynal Ağayev) 28 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində onun tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, “WhatsApp” proqramı vasitəsilə tanış olduğu “Musa” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitə heroin əldə edib satmaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, “Musa” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə heroini mənfəət olaraq 10 qram narkotik vasitə heroin və 300 manat pul müqabilində Bakı şəhərində satışını həyata keçirəcəyi barədə “Musa” adlı şəxslə razılığa gəlib sonuncunun tapşırığı ilə xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “Kral” şadlıq sarayının yanındakı həyətdə tüstü bacasına şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1705 qram (1 kq 705 qram) qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin gün, yəni 23 fevral 2022-ci il tarixdə saat 23:45 radələrində ünvan 1 ünvanının yaxınlığında Bakı şəhəri Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binasına dəvət olunub orada üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkcəsinin sol yan hissəsinin iç tərəfindən 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1705 qram (1 kq 705 qram) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib işinə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs və müdafiəçisi onun narkotik aludəçisi olduğunu lakin narkotikin satışı ilə məşğul olmadığını bildirərək hökmün lıəğv edilməsini və onun əməlinin AR CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilməli, məhkum edilmiş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində onun AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olmasının sübuta yetirilmədiyinə istinad edərək əməlinin AR CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı etirafedici ifadəsi, şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 24 fevral 2022-ci il tarixli 6/1160 nömrəli, 30 mart 2022-ci il tarixli 5/290 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 12 mart 2022-ci il tarixli 647 nömrəli rəyləri, səs yazıları, sms mətnləri və üzəri işarələnmiş fotoşəkillər, telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokol, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxs apellyasiya baxışı zamanı iş materiallarında olan sübutlarla onun narkotik vasitə satmasının təsdiq edilmədiyini göstərsə də, onun barəsində verilmiş məlumatın narkotik vasitənin satışı barədə olmadığını, həmçinin onun, narkotik vasitənin satışı zamanı saxlanmadığını, habelə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlamadığını qeyd etsə də məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitə külli miqdarda olmuşdur. Belə ki, o, narkotik vasitənin satış məqsədi olmadan əldə etməsini bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “baxış aparılması” haqqında protokoldan görünür ki, 20 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş “Android 10 ” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A10” markalı “SM- A105F” modelli **********23994”, “**********23997”imei kodlu mobil smartfona “HP” markalı kompüterdən istifadə etməklə Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılmışdır. Baxış zamanı mobil telefon aparatının qalereya bölməsində elektron tərəzinin və 2 ədəd sellofan bağlamanın fotoşəkilinin olduğu aşkar edilmiş və Təqsirləndirilən şəxs baxış zamanı bildirmişdir ki, elektron tərəzi və 2 ədəd sellofan bağlamanı əks etdirən fotoşəkilləri ona İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Musa adlı şəxs ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə ona göndərmiş və “Musa” adlı şəxsin deməsinə görə həmin sellofan bağlamalardan birində heroin və digər bağlamada isə metafetamin olmuş, lakin həmin fotoşəkillərdəki heroin və metafetamin olan bağlamaları Bakı şəhərində satmaq üçün ona göndərmək niyyətində olsa da, “Musa” adlı şəxs həmin bağlamaları ona göndərməmiş və sadəcə heroin və metafetamin olan bağlamaların fotoşəkillərini ona göndərməklə kifayətlənmişdir. Bununla da baxış zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Musa adlı şəxsə məxsus narkotik vasitəni Bakı şəhərində satışını təşkil etməsi bir daha təsdiq edilmişdir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, tutulana kimi Lənkəran şəhəri, Akademik Z.Əliyeva küçəsi, ev 78/18, mənzil 57-də qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə həyat yoldaşı X5 və uşaqları ilə birlikdə yaşamışdır. Bir ilə yaxındır ki, narkotik vasitə heroin və tiryəkdən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri həmişə İran İslam Respublikasının vətəndaşlarından almışdır. Narkotik vasitələri aldığı İran İslam Respublikasının vətəndaşları ilə İran İslam Respublikasında olduğu zaman tanış olmuşdur. 23 fevral 2022-ci il tarixdə saat 20:30 radələrində həmin tanışlarından biri olan Musa onun istifadəsində olan 070-336- 76-88 mobil telefon nömrəsinin “Whatsapp” proqramına zəng edib onunla danışaraq bildirmişdir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “Kral” şadlıq evinin yaxınlığındakı həyətlərin birinin qarşısında olan tüstü bacasının üzərində sellefona bükülmüş narkotik vasitə heroin qoyulacaq və o həmin heroini oradan götürüb Musanın ona deyəcəyi şəxsə çatdırmalı və bunun müqabilində Musa ona 10 qram heroin və 300 manat pul verməli olmuşdur. Musa adlı şəxsin təklifi ilə razılaşmış və təxminən saat 23:30 radələrində Musanın ona dediyi ünvana gəlmiş və həqiqətən də, Musanın dediyi tüstü bacasının üstündə 1 ədəd şəffaf rəngli sellofan bağlama olduğunu görmüş və həmin bağlamanı götürüb içərəsində olan maddənin narkotik vasitə heroin olduğunu tanımış, bağlamanı əynində olan tünd göy rəngli gödəkcəsinin sol tərəf iç hissəsinə qoyub yerə düşməsin deyə sol əlini həmin gödəkcəsinin sol tərəf yan cibinə qoyaraq əli ilə narkotik vasitəni saxlayıb piyada küçə ilə hərəkətini davam etdirmişdir. Təxminən 50 metr məsafə qət etdikdən sonra mülki geyimdə olan 4 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını və harada yaşadığını soruşduqda soruşduqda o onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhələndiklərini deyib onlarla Nərimanov RPİ-nə getməyini xahiş etdikdə həmin şəxslərlə Nərimanov RPİ-nə getmişdir. Polis idarəsində ona bildirilmişdir ki, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərinə görə axtarış və götürmə aparacaqlar. Ona görə də ona hüquqlarını izah edib vəkil siyahısı təqdim etmişlər ki, istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə bilər. Təqdim olunmuş siyahıdan X4 hüquqlarının müdafiəsi üçün seçmiş və polis əməkdaşı vəkil İlham Məmmədovu dəvət etmişdir. Vəkil gəldikdən sonra onun və onu Nərimanov RPİnə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini təklif etdikdə o, əynində olan tünd göy rəngli gödəkcəsinin sol tərəf iç hissəsinə qoyduğu içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellefona bükülmüş bükülünü könüllü təqdim etmişdir. Bundan əlavə əynində olan həmin gödəkcəsinin sağ yan cibindən 1 ədəd “Samsung A 10” modelli mobil telefon aparatını və həmin gödəkcənin sol yan cibində olan göy rəngli, üzərində “SİLVERER” yazıları olan 1 ədəd alışqanı, əynində olan qara rəngli vilvet şalvarının sağ yan cibində olan A 27673194 nömrəli 5 manatlıq pul əskinasını, eyni zamanda sol qolunun bilək nahiyəsinə bərkitdiyi, içərisində “RADO” sözləri yazılmış, haşiyəsi qara rəngli olan 1 ədəd qol saatını və sol əlinin adsız barmağında olan 1 ədəd gümüşü rəngli üzüyünü də təqdim etmişdir. Polis əməkdaşı onun könüllü təqdi etdiyi içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellefona bükülmüş bükülünü zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib edib ucadan oxumuşdur. O və onun hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Daha sonra onun könüllü təqdim etdiyi üzərində “SİLVERER” yazıları olan 1 ədəd alışqanı, A 27673194 nömrəli 5 nominalla əskinazını, içərisində “RADO” sözləri yazılmış 1 ədəd qol saatını və 1 ədəd gümüşü rəngli üzüyü özünə qaytarmışlar. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş siyahıya görə 2 qram psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, yuxarıda sadalanan müvafiq ekspert rəyi və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza ağır cəzadır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs daha az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə də islah edilməsi mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının maddənin sanksiyası həddində minimum həddə müəyyən etməklə həmin cəzanı cəzanın məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilməli, məhkum edilmiş şəxsə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsini rəhbər tutaraq Q Ə R A R A A L İ R : Apellyasiya şikayəti təmin olunmasın. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair 28 iyun 2022-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətə müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 09 (doqquz) il müddətə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 20 saat üçün cəmi 120 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı hüquq məsləhətxanasının vəkili X6 dövlət büdcə vəsaiti hesabına 120 manat işlədiyi Bakı şəhəri 19 saylı hüquq məsləhətxanasının hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar