Məhkəmə qərarları › İş №1(103)-158/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-158/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-158/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Bayramov Әmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Mələk Nofəl qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X3, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Bakı şəhəri Xəzər Məhkəməsinin 12 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonunun, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum olunmasına dair 15 sentyabr 2020-ci il tarixli, 1(003)-100/2020 saylı hökmündən Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Məhkəməsinin (hakim İ.H.Hüseynli) 15 sentyabr 2020-ci il tarixli, 1(003)-100/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilərək Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib ona qazancının 15 %-i dövlət nəfinə tutulmaqla, 09 (doqquz) ay müddətinə islah işləri cəzası təyin edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 16.01.2020-ci il tarixdən 17.01.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət bir günə dörd gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılıb üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılmış, cəzaçəkmənin əvvəli onun qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmış, hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İbtidai İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, Zərərçəkmiş şəxs söz atmış, ucadan söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək qəsdən yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, sonra isə yerdən götürdüyü kərpic parçasını Zərərçəkmiş şəxs tərəf ataraq ona sol qulağın təbil pərdəsinin cırılması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan sağ ayağın aşıq baldır oynağının yumşaq toxumalarının əzilməsi, sağ ayaq pəncəsinin qançırı ilə nəticələnən yüngül dərəcəli zərərvuran bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, ittiham Təqsirləndirilən şəxs bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi hissəsində sübuta yetirilmir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kərpic və ya daş parçası ilə vuraraq xəsarət yetirməsi təqsirləndirilən şəxsin ifadəsi, şahidin ifadəsi və tədqiq olunan digər sübutlardan və cinayət işinin materiallarından müəyyən olunmur. Təqsirləndirilən şəxs verdiyi ifadəsində Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə vurduğunu bildirmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahid vermiş olduğu ifadəsində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirdiyini bildirsə də, xəsarətlərin kərpic və ya daş parçası ilə yetirilmədiyini göstərmişdir. Bundan başqa məhkəmə iclasında ekspert qismində dindirilmiş X7 zərərçəkmiş şəxsə yetirilən xəsarətlərin küt əşya(lar) təsirindən yetirildiyini bildirmişdir. Həmçinin küt əşyalar dedikdə əl, ayaq, daş və digər əşyalaın nəzərdə tutulduğunu bildirmiş, küt təsirə malik olan hər əşyanın küt əşya sayıldığını qeyd etmişdir. Həmin xəsarətlərin döyülmə nəticəsində əmələ gələ bilməsini və bunu heç kəsin inkar edə bilmədiyini göstərmişdir. Bunun əksini təsdiq edən sübutlar olmadığından məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3- cü maddəsində nəzərdə tutulan əməlləri silah və ya silah qismində istifadə edilən əşya tərəfindən törətməsi sübuta yetirilmir və onun xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ilə bağlı əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri özünün etirafedici ifadəsi və digər süburlarla öz təsdiqini tapmışdır. Bakı şəhəri Xəzər Məhkəməsinin iş üzrə 15 sentyabr 2020-ci il tarixli, 1(003)- 100/2020 saylı hökmündən Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı apelyasiya protesti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apelyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində iştirak edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etmişdir. Xəzər rayon məhkəməsinin 15 sentyabr 2020-ci il tarixi hökmü ləğv edilməlidir. Belə ki, məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs əməlində silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq hərəkətlərinin törədilməsi sübuta yetirilmir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kərpic və ya daş parçası ilə vuraraq xəsarət yetirməsi təqsirləndirilən şəxsin ifadəsi, şahidin ifadəsi və tədqiq olunan digər sübutlardan və cinayət işinin materiallarından müəyyən olunmur. Təqsirləndirilən şəxs verdiyi ifadəsində Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə vurduğunu bildirmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahid vermiş olduğu ifadəsində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirdiyini bildirsə də, xəsarətlərin kərpic və ya daş parçası ilə yetirilməsini görmədiyini bildirmişdir. Bundan başqa məhkəmə iclasında ekspert qismində dindirilmiş X7 zərərçəkmiş şəxsə yetirilən xəsarətlərin küt əşya(lar) təsirindən yetirildiyini bildirmişdir. Həmçinin, küt əşyalar dedikdə əl, ayaq, daş və digər əşyaların nəzərdə tutulduğunu bildirmiş, küt təsirə malik olan hər əşyanın küt əşya sayıldığını qeyd etmişdir. Həmin xəsarətlərin döyülmə nəticəsində əmələ gələ bilməsini və bunu heç kəsin inkar edə bilmədiyini göstərmişdir. Bunun əksini təsdiq edən sübutlar olmadığından məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməlləri silah və ya silah qismində istifadə edilən əşya ilə törətməsi sübuta yetirilmir və onun xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ilə bağlı əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edərkən nəzərə almamışdır ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs xəsarətin Təqsirləndirilən şəxs tərəfindən kərpiclə yetirilməsini göstərmişdir. İş üzrə onun ifadəsi Zərərçəkmiş şəxs ifadəsi və ekspertiza rəyi ilə birlikdə təqsirləndilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın mahiyyətini əks etdirən mötəbər sübut olmaqla yanaşı, məhkəmə baxışı zamanı həmin sübut növünün mənsubiyyəti, mümkünlüyü və mötəbərliyini şübhə altına alan hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə Şahid məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmamış, məhz hansı səbəbdən şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər sübut növü kimi qəbul edərək bir sübuta digərindən daha üstün hüquqi qiymət verməsini əsaslandırmamışdır. Beləliklə, məhkəmə hökmündə iş üzrə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları müqayisəsli tədqiq etməmiş, gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlməyərək ziddiyyətli sübutlara əsaslanmış, məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bundan əlavə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cəza təyin edərkən əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə dəfələrlə barışıq əldə etmək cəhdlərini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmamış bir sıra halları (əməlini etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, qeyd edilən halların yüngülləşdirici hal kimi qəbul edilməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə təqsirləndilən şəxsin “əməlini etiraf etməsini” cəzasını yüngülləşdirən hal kimi qəbul edərkən mövqeyini düzgün əsaslandırmamışdır. Belə ki, Şahid məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşmamaqla onu məhkəmə isitintaqı zamanı verdiyi ifadəsinə daha üstün hüquqi qiymət verməsi məhkəmənin “əməli səmimi etiraf etməni” cəzanı yüngülləşdirən hal kimi nəzərə almasına səbəb olmuşdur. Halbuki, məhkəmə birinci növbədə şahidin istintaq və ya məhkəmə baxışında verdiyi ifadələrin düzgünlüyünü yoxlamalı, qeyd olunan hal müəyyən edildiyi təqdirdə cəzanı yüngülləşdirən hal kimi nəzərə almalı idi. Bundan əlavə məhkəmə təqsiləndilən şəxsin ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Qeyd olunan halı cəzanı yüngülləşdirən hal kimi qəbul etməkdə haqlı olmamış, nəzərə almamışdır ki, təkrarən xuliqanlıq hərəkətlərinin edilməsi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində tövsifedici əlamət kimi nəzərdə tutulmuş və təsnifatına görə sanksiya müəyyən edilmişdir. Yəni məhkəmə əməli CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edərək yenidən cinayətin ilk dəfə törədilməsini təkrarən cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır ki, bununla da cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Apelyasiya baxışı zamanı dövlət ittihamçısı X5 apelyasiya protestinin həmin protestdə göstərilən əsaslarla təmin edilib, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apelyasiya protestinin əsassız olduğundan təmin edilməyib, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, verilmiş apelyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apelyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xəzər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə məhkum edilməsinə dair 15 sentyabr 2020-ci il tarixli, 1(003)-100/2020 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilib Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsüf edilməsi barədə verilmiş apelyasiya protestinin, eləcə də işin apelyasiya baxışı zamanı dövlət ittihamçısının çıxışının dəlillərini əsassız hesab edir və həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Apellyasiya baxışı zamanı dindirilmiş məhkum Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Mərdəkan qəsəbəsində fəhlə bazarında işləyir. Zərərçəkmiş şəxs da elə fəhlə bazarından bir iki il olar ki, fəhlə kimi tanıyır. Belə ki, 08.11.2019-cu il tarixdə saat 15:00 radələrində sərxoş halda fəhlə bazarına gəlmiş, Ruslana ilişərək ona söz atmış, bu zaman aralarında mübahisə yaranmışdır, Ruslanı təhqir etmişdir, Ruslan da onu təhqir etmişdir. O, sərxoş olduğu üçün Ruslanın sifət nahiyəsinə 2-3 dəfə şillə zərbəsi vurmaqla onu hər kəsin gözü qarşısında döymüşdür. Onun Ruslan ilə dava-dalaşı Mərdəkanda yerləşən “Günel” Ticarət mərkəzi ilə üzbəüz küçədə camaatın gözü qarşısında olmuşdur. O, Ruslan ilə heç bir səbəb olmadan mübahisə etmiş, içkili olduğundan Ruslana söz atmış, sonra isə aralarında mübahisə baş vermişdir. Həmin vaxt ətrafda səs küyə yığışan adamlar da var idi, lakin həmin şəxsləri tanımır. Onları sakitləşdirmək üçün biri-birilərindən kimlərin ayırdığını bilmir və xatırlamır. Hadisə təxminən 15-20 dəqiqə çəkmişdir. Hadisədən sonra özü evə çıxıb getmişdir. Ruslanı kərpic və ya daş parçası ilə vurmamışdır, ümumiyyətlə orda kərpic və ya daş parçası olmamışdır. Məhkum Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində də eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, Lerik rayon Molalan kəndində qeydiyyatdadır, lakin 2016cı ildən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində kirayədə bağ evində qalır. Rəsmi iş yeri yoxdur, Mərdəkan qəsəbəsində yerləşən “Günel” ticarət mərkəzi ilə üzbəüz fəhlə bazarında iş tapanda işləyib özünü dolandırır. 08.11.2019-cu il tarixdə saat 15:00 radələrində yenə də iş tapmaq üçün həmin qeyd etdiyi yerdə fəhlə bazarında küçədə dayanmışdır. Həmin vaxt tanıdığı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə ona yaxınlaşaraq söz atmış, onu ucadan söyərək təhqir etməyə başlamışdır. Bundan sonra onun üzərinə hücum çəkmiş, yumruq və təpiklə bədəninin müxtəlif yerlərinə vurmuşdur. Bununla kifayətlənməyib yerdən bir kərpic parçası götürüb sağ ayağından bir dəfə zərbə vurmuşdur. Onun bu zərbələrindən xəsarətlər almışdır. Həmin vaxt onun bu hərəkətlərini ətrafda olan çox adam görmüşdür. Hətta bir neçəsi onlara yaxınlaşmış, Vahidi ondan güclə ayırmağa çalışmışlar. Vahid sakitləşmək bilmirdi, özü də sərxoş vəziyyətdə idi. Hadisə 08.11.2019-cu il tarixdə saat 15:00 radələrində Mərdəkan qəsəbəsində yerləşən “Günel” ticarət mərkəzi ilə üzbəüz fəhlə bazarında camaatın gözü qarşısında baş vermiş, təxminən 5-10 dəqiqə çəkmişdir. Hadisədən sonra ərizə ilə rəsmi polisə müraciət etmişdir. Vahid ona kərpic atan zaman aralarında 3-4 metr məsafə var idi. Kərpicin ölçüsü 10x20 sm və çəkisi 10-12 kilo olardı. Hazırda apelyasia baxışı zamanı şahid qismində dindirilmiş Şahid birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etdiyini, Ruslanla Vahidin arasında baş bermiş hadisənin birbaşa şahidi olduğunu, hadisə zamanı Vahidin Ruslanı kərpiclə və ya hər hansı bir daş parçası ilə vurmadığını, orada kərpic və ya daş parçası olmadığını, yalnız böyük mişar daşı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadələrində göstərmişdir ki, Lerik rayonu, Geskon kəndində qeydiyyatdadır, hal-hazırda Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni sahə nömrəsiz evdə yaşayır. Zərərçəkmiş şəxs Lerik rayonunda qonşu kənddən tanıyır, onunla münasibəti normaldır. 08.11.2019-cu il tarixdə saat 15:00 radələrində Mərdəkan qəsəbəsində yerləşən “Günel” ticarət mərkəzi ilə üzbəüz fəhlə bazarında idi. Həmin vaxt Ruslan da orada idi. Az keçməmiş tanıdığı Vahid sərxoş halda gəlib Ruslana söz atmağa başlamışdır, həmin vaxt Ruslan oturmuş vəziyyətdə idi, Ruslan ona bildirmişdir ki, “sənə nə etmişəm, niyə söz atırsan”. Vahid isə onu təhqir etmiş, üzərinə hücum edib yumruq və təpiklə bədəninin müxtəlif yerlərinə vurmağa başlamışdır. Həmin vaxt ətrafda olan camaat Vahidi Ruslandan ayırmağa çalışmışlar. Özü hadisəyə müdaxilə etməmişdir. Yenidən mübahisənin olmasını istəmirdi. Hadisə zamanı Ruslan da özünü müdafiə edirdi, Vahidə əl qol atırdı ki, onu özündən uzaqlaşdırsın. Vahidin bu hərəkəti təxminən yarım saat çəkmişdir, Vahid heç kimə məhəl qoymurdu, sərxoş vəziyyətdə hamının gözü qarşısında davamlı olaraq Ruslanı ucadan söyüb, ona hücum edirdi. Hadisədən sonra Vahid çıxıb getmişdir. Vahid Ruslanı kərpiclə və ya hər hansı bir daş parçası ilə vurmamışdır. Orada kərpic və ya daş parçası olmamışdır. Yalnız böyük mişar daşı olmuşdur. Birinci instansiya məhkəməsində ekspert qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, vermiş olduğu ekspert rəyini müdafiə edir, zərərçəkmiş şəxsin ayağında olan xəsarət küt əşyanın təsiri ilə törədilmişdir. Həmin xəsarət təpiklə, daşla və ya digər əşya təsiri nəticəsində törədilə bilər.Canlı şəxsin müayinəsini özü aparmışdır. Zərərçəkmiş şəxsin dediyinə görə döyülmə nəticəsində xəsarət almışdır. Həmin xəsarətlər döyülmə nəticəsində əmələ gələ bilər, bunu heç kəs inkar edə bilməz. Zərərçəkmiş özü gəlmişdir və o, müayinə edilmişdir. Küt əşya dedikdə əl, ayaq, daş və digər əşyalar aiddir, küt təsirə malik olan hər əşya küt əşya sayılır. Әl ayaq zərbələri zamanı əl və ayaq küt əşya hesab edilir. Xəsartlər təsnifatı odlu silah, kəsici-deşici alət və küt əşya təsirindən yaranan xəsarətlər olur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin 18.11.2019-cu il tarixli 1362 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol qulağın təbil pərdəsinin cırılması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ ayağın aşıq baldır oynağının yumşaq toxumalarının əzilməsi, sağ ayaq pəncəsinin qançırı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişlər, qərarda göstərilən 08.11.2019-cu il tarixdə və şəraitdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə deyil, həmin Məcəllənin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin, məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə olan əməlinin həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilməsi üçün iş materialları ilə, eləcə də hazırda apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında əsaslar müəyyən edilmədiyindən, onun həmin əməlinin tövsifi dəyişdirilə bilməz və bu barədə verilmiş apelyasiya protestinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Məhkəmə kollegiyası həmçinin, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini də müzakirə edərək hesab edir ki, təyin edilmiş cəzanın ağırlaşdırılması üçün də əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Azərbaycan Respublikası DİN BӘSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə dəfələrlə barışıq əldə etmək cəhdlərini cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, verilmiş apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xəzər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə məhkum edilməsinə dair 15 sentyabr 2020-ci il tarixli, 1(003)-100/2020 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair 15 sentyabr 2020-ci il tarixli, 1(003)-100/2020 saylı hökmü verilmiş həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar