Məhkəmə qərarları › İş №1(103)-1581/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1581/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1581/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi –X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmündən məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında qismən məhkəmə istintaqı aparmaqla baxaraq, müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə (Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər X11 və X7 ibarət tərkibdə) 01 avqust 1980-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Hamuşam kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 08 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 oktyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirməklə əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı "Sabir” kimi məlum olan şəxslə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri İİR-nın ərazisindən Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmələrinə dair 07 oktyabr 2021-ci il tarixdə "WhatsApp" proqramında sövdələşib razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bundan sonra "Sabir" kimi məlum olan şəxs naməlum üsullarla Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə satış məqsədi ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi külli miqdar - 3016,138 qram təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini 11,138 qram və 3005 qram olmaqla 02 bükümdə Azərbaycan Respublikasının ərazisinə göndərib müəyyənləşdirilməmiş üsulla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində naməlum yerə qoydurmuş və bu barədə Təqsirləndirilən şəxs məlumatlandırmışdır. Təqsirləndirilən şəxs həmin gün 1200 manat pulun müqabilində təmiz çəkisi 3016,138 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qoyulduğu yerdən götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq ünvan 2 ünvana daşımaqla bağlamalardan birində olan 3005 qram heroin narkotik vasitəsini oradakı hasarın dibində gizlətmiş, bundan sonra digər bağlamada təmiz çəkisi 11,138 qram olmaqla külli miqdar təşkil edən heroin narkotik vasitəsini üzərində saxlamaqla, 08 oktyabr 2021-ci il tarixdə, saat 18:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolun kənarında yerləşən avtomobillərin alqı-satqısı bazarının yaxınlığında üzərində daşımaqla piyada hərəktdə olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq həmin Baş İdarənin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə 11,138 qram çəkidə, yəni külli miqdarda heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş, bundan sonra ünvan 3 ünvanına baxış zamanı hasarın dibində 01 ədəd sellofan bağlamada olan 3005 qram çəkidə, yəni külli miqdarda heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəldərində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bu hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi ayrı-ayrıqlıqda eyni məzmunlu apelyasiya şikayətləri verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı bir sıra ziddiyyətli məqamlar ortaya çıxmış və həmin ziddiyyətlər aradan qaldırılmadan məhkəmə istintaqı yekunlaşdırılmışdır. İş materiallarına əlavə olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 016-22028-1222 saylı arayışından görünür ki, təqsirləndirilən şəxsə məxsus “Mersedes ML 350” markalı ** RX *** dövlət nişanlı avtomobil DİN Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 tərəfindən BDYPİ-nin “Siqnal” İLİ İdarəsinin 4 saylı duracağına yerləşdirilmişdir və həmin avtomobil hal-hazırda da həmin duracagdadır. Göründüyü kimi iş materiallarında olan sübutlarla, şahid ifadələri arasında və eyni zamanda şahidlərinin ifadələrinin arasında əhəmiyətli ziddiyyətlərin olmasına baxmayaraq, həmin ziddiyyətli məqamlar araşdırılmadan məhkəmə istintaqı yekunlaşdırılmış və Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmışdır. Beləliklə, məhkəmə iclasında şahid qismində ifadə verən əməliyyat müvəkkili Şahid3 Cəmiyət oğlu və Şahid1 ifadəsində təqsirləndirilən şəxsə məxsus avtomobili görmədiklərini, məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən X3 isə ifadəsində günorta vaxtı təqsirləndirilən şəxsə məxsus avtomobilin yanında dövlət adamlarının olmasını, onların ona Anarın maşınla adam vurmasının bildirməsi və ən əsası işdə olan Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 016- 22028- 1222 saylı arayışında avtomobilin məhz əməliyyat müvəkkili Şahid1 tərəfindən yerləşdirilməsinin qeyd edilməsi kimi ziddiyyətli məqamlar olasa da bu hallar Təqsirləndirilən şəxs məhz 08 oktyabr 2021- ci il tarixdə saat 18:45 dəqiqədə deyil, saat 12 radələrində tutulmasını sübut edir. Əməliyyatçılar təqsirləndirilən şəxsin evinə gedirlər, onun maşınla adam vurduğunu bildirirlər, əməliyyatçıların dili ilə deyilsə “Narkobaron”-nun arvadı onunla bir neçə dəfə telefon vasitəsilə danışır və o, üzərində 11 qram narkotik vasitəni saxlayır. Nəzərə alınmalıdır ki, iş materiallarında olan anten məlumatlardan görünür ki, təqsirləndirilən şəxslə həmin müddət ərzində bir neçə dəfə arvadı X6 arasında telefon danışıqları olmuşdur. Məhkəmə əməliyyatçıların 08 oktyabr 2021-ci il tarixdə günorta vaxtı təqsirləndirilən şəxsin evinə getmələrini və təqsirləndirilən şəxsin günorta vaxtı tutulmasını gizlətməkdən ötrü əlindən gələni etmişdir (şahidin ifadəsini təhrif etmək və sə. Halbuki, təqsirləndirilən şəxsə məxsus avtomobilin duracağa əməliyyatçı Şahid1 tərəfindən yerləşdirilməsinin gizlədilməsinin qeyri-mümkün olmasını unutmuşdur. Çünki, bu hal işdə olan mötəbər sübutla təsdiqlənir. Ədalət mühakiməsini həyata keçirən hakim isə işin qeyd olunan hallarına ümumiyyətlə qiymət verməmişdir. Yəni, avtomobilin duracağa əməliyyatçı Şahid1 tərəfindən yerləşdirilməsinə və məhkəmə iclasında yalan ifadə verməsinə ümumiyyətlə qiymət verməmişdir. İş üzrə narkotik vasitənin götürülməsi və təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsi barədə çəkilişləri əks etdirən video disklərə baxın və görün həmin çəkilişlər hansı məqamdan başlayır. Əməliyyatçıların dediklərinə inanılsa, təqsirləndirilən şəxs etiraf edir ki, narkotik vasitəni Mərdəkan qəsəbəsində gizlətmişdir və belə olan halda həmin əraziyə yaxınlaşdıqda artıq çəkilişə başlanmalıydı, lakin çəkilişin hansı andan başlanması göz qabağındadır. Bu hallar cinayət prosesual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması kimi qəbul edilməlidir. Məhkəmə tərəfindən toplanmış sübutlar, şahidlərin ifadələri arasındakı ziddiyyətlər, müdafiə tərəfindən, həm də ittiham tərəfinin təqdim etdiyi sübutlar müqayisəli şəkildə nəzərdən keçirilməli və bu ibtidai istintaq orqanı tərəfindən tərtib olunmuş prosessual sənədlərin (protokollar və s.) formal olaraq tərtib olunduğundan, həqiqəti əks etdirmədiyi barədə haqlı nəticəyə gəlməsi üçün əsas olacaqdır. İşdən göründüyü kimi Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində, Bakı şəhəri, Şağan qəsəbəsinin işıqforunun yaxınlığında DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmış və Bakı şəhəri Yasamal rayonu ərazisinə aparılmışdır. Bundan sonra əməliyytatçılar tərəfindən təqsirləndirilən şəxs Bakı şəhərinin müxtəlif yerlərinə aparılmış, sonda guya 18:45-də həbs olunması kimi sənədləşdirilmişdir. Yəni müdafiəçisi olduğum şəxs təqribən 9 (doqquz) saata yaxın müddətdə psixoloji təsir altında saxlanılmış, ona psixoloji və fiziki zor tətbiq edilərək, saat 20:20-də şəxsi axtarış və götürmə prosessual hərəkətləri edilmişdir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında saxlanılması iddia edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında 9 saat (ibtidai istintaqın qeyd etdiyi vaxtla isə 1 saat 35 dəqiqə) vaxtın keçməsi həmin sübut növünün qəbul edilməsinin mümkünsüzlüyü ilə bağlı məhkəmə üçün əsaslı narahatlıq yaratmalıdır, çünki həmin müddət ərzində şəxs tamamilə polisin nəzarəti altında olmuşdur və Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra onun üzərində baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyildir. Eyni zamanda, iş üzrə şahidlər Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 Cəmiyyət oğlunun ibtidai istintaq zamanı verdikləri ifadələri ilə məhkəmə iclasında verdikləri ifadələri arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin olması və ümumiyyətlə həmin şahidlərin ifadələrinin yalan olması barədə müdafiə tərəfi olaraq təqdim etdiyimiz avtomobillə bağlı sübutumuz mövcuddur, bütün bunlar isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinə tövsif edilməsi ilə bağlı qeyd edim ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyət Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və ya digər əşyaların yalnız külli miqdarda (CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğdə), yaxud dəyəri və ya miqdarından asılı olmayaraq, CM-nin 206.2-ci maddəsində sadalanan predmetlərin qeyri-qanuni keçirilməsi hallarında yaranır. Təqsirləndirilən şəxs qaçaqmalçılığın törədilməsi ilə bağlı hansı hərəkətin etməsi müəyyən edilmədən, ona qanunsuz ittiham elan edilmişdir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittihamdan imtina etdiyini və həmin hissədə cinayət təqibinə xitam verilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmünün qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı ilə keçirməklə apelyasiya şikayətlərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tərəfləri dinləyib hesab edir ki, məhkum və onun müdafiəçisinin verdikləri apelyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsinə və cəzalandırılmasına aid hissədə ləğv olunmalı, həmin hissədə dövlət ittihamçısı ittihamdan imtina etdiyindən cinayət təqibinə xitam verilməli, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 07 oktyabr 2021-ci il tarixdə istifadəsində olan 050-776- 61-76 mobil nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə İran mobil operatoruna məxsus mobil nömrədən ona zəng gəlmiş, hazırda adını xatırlamadığı bir kişi ona İrandan dərman və uyuşdurucu vasitələr göndərə biləcəyini bildirmiş, ona həmin maddələri deyiləcək yerlərə daşımağı ona təklif etmiş və bu işin müqabilində ona 1200 manat pul verəcəyini demişdir. O, iranlı ilə razılaşmamışdır. Bundan sonra, həmin şəxs ona eyni məqsədlə təkrarən zəng etmiş, lakin o, həmin şəxsə kobud cavab vermişdir. Daha sonra həmin şəxs təkrarən ona zəng etsə də o, həmin şəxsin zənglərinə cavab verməmişdir. Axşam bir qohumu ilə məsləhətləşmiş, belə bir iş olduğunu və iranlının təklifini ona demişdir. Qohumu isə razılaşmamağı ona tapşırmışdır. İranlı onunla hətta bir dəfə yaşadığı evin qarşısında görüntülü danışmış, o, yaşadığı yeri iranlıya göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 08 oktyabr 2021-ci il tarixdə isə saat təxminən 12 radələrində onun istifadəsində olan mobil nömrəyə “WhatsApp” proqramı vasitəsi ilə yenidən İİR operatoruna məxsus həmin nömrədən yenidən zəng gəlmişdir. O, həmin şəxsə kobud cavab verməyi nəzərdə tutub, arvadının eşitməsi üçün evdən çölə çıxmış və yaşadığı evin qarşısından yaxınlıqda yerləşən Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki “Pizza Bruno” restoranının qarşına qədər həmin şəxslə telefondla danışa-danışa getmişdir. Elə həmin bir nəfər arxadan onun çiynindən tutubu telefonu ondan istəmiş, o, telefonu vermiş və elə həmin vaxt tanımadığı 4 nəfər onu tutub polis olduqlarını bildirmiş və onu yerə yıxıb özlərinin gəldikləri avtomobilə otuzdurmuşlar. Onlar avtomobildə onun üstündəki bütün əşyalarını boşaltmış və üzərində olan ona məxsus avtomobilin açarlarını görmüş və maşını harda saxladığını soruşmuşlar. O, isə avtomobilini yaşadığı evin qarşısında saxladığını demişdir. Onu tutanlardan biri onun ünvanını öyrənmiş, gedib ona məxsus avtomobili sürərək “Pizza Bruno” restoranının qarşısına gətirmişdir. Həmin vaxt polis əməkdaşları ona məxsus mobil nömrə ilə ona zəng etmiş İran operatoruna məxsus mobil nömrəyə zəng etmiş və həmin şəxslə onu danışmağa məcbur etmişlər. Polis əməkdaşları bundan əvvəl iranlıya zəng edib “malı göndər” sözlərini deməyi tapşırmışlar. O, etiraz etdikdə polis əməkdaşlarından biri digərlərinə gedib narkotik vasitələri onun evinə atmağı, sonra isə onun arvadını və oğlunu gətirməyi tapşırmışdır. Bundan sonra o, polis əməkdaşlarının tapşırığı ilə razılaşmış və onların istədikləri kimi həmin şəxslə mobil telefonla danışmışdır. İrapnlı ilə danışıb niyə malı gətirmədiyini soruşduqda o, “axşam belə danışmırdın, razılaşmırdın mənimlə” cavabıneı vermiş və polis telefonu söndürmüşdür. Artıq malın gətirilib-gətirilməyəcəyini bilməmişdir. Bundan sonra onlar içərisində olduqları avtomobillə şəhərdə fırlanmağa başlamışlar. Saat təxminən 15-16 radələrində o, tualetə getmək istədiyi üçün onlar avtomobili saxlamış, 3-cü mikrarayon dairəsinə yaxın bir yerdə xatırlamadığı məktəbin tualetinə aparmışlar. O, təbii ehtiyacını ödədikdən sonra onlar Badamdar ərazisində yerləşən avtomaşın bazarın yanına getmiş və təxminən 2 saata yaxın avtomobilin içində dayanıb gözləmişlər. Nə üçün dayanmalarının səbəblərini o, bilməmişdir. Bundan sonra isə onu Badamdar qəsəbəsində yerləşən “Narkobiznes” idarəsi kimi eşitdiyi Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Onlar “Narkobiznes” idarəsinə çatdıqdan sonra orada olan otaqlardan birində polis əməkdaşlarından biri ona bir büküm vermiş və həmin bükümü video çəkiliş zamanı çıxardıb təqdim etməyi tapşırmışdır. O, bükülüdəkinin narkotik olduğunu başa düşüb razılaşmadıqda polis əməkdaşları onu döyməyə başlamış, yenidən ailəsini də narkotiklə sənədləşdirib tutacaqları ilə hədələmişlər. O, ağrılara dözmədiyindən və ailəsini qorumaq üçün polislərlə razılaşmışdır. Video çəkilişdən əvvəl ona videoçəkiliş zamanı güya təqdim etdiyi bükümü İran vətəndaşı Sabir adlı şəxsin göstərişinə əsasən Xəzər rayonu, Binə qəsəbəsindən götürdüyünü və Mərdəkan qəsəbəsində gizlətdiyi içərisində narkotik olan bağlamanı təqdim edə biləcəyini deməyi tapşırmışlar. Əks təqdirdə isə həmin bağlamanı onun evindən çıxardacaqlarını və arvadını da tutacaqları ilə ona hədə-qorxu gəlmişlər. O, qorxusundan razılaşmış və həmin bükümü götürüb cibinə qoymuşdur. Çəkiliş zamanı o, üstündəki narkotiki çıxarıb dedikləri kimi təqdim etsə də, həyətdə gizlədilmiş narkotiklə bağlı öyrətdiklərini demədiyinə görə videoçəkiliş dayandırılmış, onu çölə çıxardıb yenidən döyməyə başlamışlar. Bundan sonra yenidən otağa aparılmış və bu dəfə yenidən video çəkilişlə tapşırılan sözləri demiş və cibindən bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Sonra o, həmin polis əməkdaşları və vəkilin iştirakı ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsinə aparılmış, polis əməkdaşları tərəfindən elə həmin vaxt hasarın dibinə qoyulan bağlamanı o, videoçəkiliş altında göstərmiş və həmin bağlama polis tərəfindən götürülmüşdür. Sonra isə təzyiq altında izahat və ifadələr vermişdir. O, saxlanılan zaman qonşuları X8 və yaxınlıqda bərbər işləyən, lakin adını bilmədiyi şəxs görmüşdür. Qüdrət onun maşınının aparıldığını görüb, apaormağa imkan verməmiş, lakin polislər ona Anarın, yəni onun keçiddə adam vurduğunu bildirərək maşını götürmüşlər. Hazırda avtomaşınının harada olmasından xəbərsizdir. O, narkotik vasitələrdən istifadə etməmiş, heç bir kəslə, o cümlədən iranla ilə əlaqəyə girməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis tərəfindən bir subyekt olaraq nəyə görə onun seçilməsinin səbəblərini isə bilməmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 08 oktyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis idarısinə əməliyyat məlumatı daxil olmuş, o, əməliyyat məlumatını qəbul edib, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə polis idarəsinin rəisinə raportla məruzə etmişdir. İdarə rəhbərliyi məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə vermiş, X4 qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamasının ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş və əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininə və Yasamal rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra onun özündən və BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytanentı Şahid3 Cəmiyət oğlundan ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinə start verilmişdir. Həmin gün polis əməkdaşı Şahid3la birlikdə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Yasamal rayonu, Bakı Dairəvi yolun kənarındakı avtomobil alqı-satqısı bazarının yaxınlığında saat 18:45 radələrində Təqsirləndirilən şəxs onun əlamətlərinə görə saxlamış, xidməti vəqisələrini göstərib polis əməkdaşları kimi özlərini təqdim etmişlər. Həmin şəxs də özünü Anar Səbiyev kimi təqdim etmişdir. Onlar Anara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu BNMİ-nə dəvət etmiş, Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən onlarla razılaşaraq BNMİ-nə getmişdir. Təqsirləndirilən şəxs saxlanılması haqda raportla rəhbərliyə müraciət olunmuş və işin icrası X5ə tapşırılmışdır. Təhqiqatçı tərəfindən polis idarəsinə vəkil dəvət edilmiş, bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə video çəkiliş etməklə onun üzərində şəxsi axtarış keçirilmişdir. şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulmuş və qanunsuz əşya olduğu halda, onu könüllü təqdim etməsini təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd "Sumsung Galaxy S 8" markalı və "Sumsung Galaxy J6" markalı ikip ədəd mobil telefonu, sağ yan cibindən 17 manat 20 qəpik pulu və 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və heç nə aşkar edilməmişdir. X5 tərəfindən 17 manat 20 qəpik pul Təqsirləndirilən şəxs qaytarılmış, mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümü açmış və içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin büküm sıfırlanmış tərəziyə qoyulmuş və təxmini çəkisinin 12 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin bükülü zərfə qoyularaq ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən üzəri imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan maddənin narkotik vasitə olduğunu, lakin növünü bilmədiyini demiş, 3-4 il əvvəl İranda tanış olduğu oranın vətəndaşı olan Sabir adlı şəxsdən Xəzər rayonu, Binə qəsəbəsində əldə etdiyini, bundan başqa həmin maddəni götürməkdə həmin maddəni deyilən yerlərə qoyması müqabilində 1200 manat pul alacağını, verilən tapşırıq əsasında Xəzər rayonu, Mərdəkan qəsəbəsində həmin maddələri gizlətdiyini və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarışın birinci mərhələsi yekunlaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Bundan sonra bütün iştirakçılar birlikdə Təqsirləndirilən şəxs istiqamətləndirməsi əsasında ünvan 5 ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs hasarın dibində gizlətdiyi bükülünü göstərmiş və həmin bükülü onlar tərəfindən götürülmüşdür. Həmin bükülünün təxmini çəkisi öyrənmək üçün X5 tərəfindən tərəzidə çəkilmiş və 3078 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükülü qablaşdırılaraq götürülmüşdür. Bundan sonra idarədə bu barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı bir təklif və ya əlavə daxil olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. Anar saxlanılan gün o, Qüdrət adlı şəxsi görməmiş, Anara məxsus avtomaşının sonuncunun həyətindən götürülüb aparılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsində deyil, ifadəsinin əvvəlində göstərdiyi kimi, sonuncu Badamdar qəsəbəsində maşın bazarının yanında saxlanılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya mənəvi təzyiq göstərilməmiş, sonuncu çox səmimi olmuş, əldə edib saxladığı narkotik vasitələri şəxsən o özü təqdim etmişdir. Apellyasiya baxışı zamanı iş üzrə şahid qismində dindirilən X9 ifadə verərək göstərmişdir ki, o, Astara rayonu, Təngərüd kəndində yaşayır. O, fəhlə işləyir. X1 ona zəng edərək bildirmişdir ki, qardaşın Anar polislər tərəfindən tutulmuşdur. O da bundan sonra Anarın qonşusuna zəng etmişdir. Qonşusu da demişdir ki, Anar polislər tərəfindən tutulmamışdır və evdədir O, saat 11:12 rədələrində Anara da bir neçə dəfə zəng edəndən sonra Anar telefona cavab vermiş və bildirmişdir ki, o polislər tərəfindən tutulmuşdur. Belə ki, o, yol nəqliyyat hadisəsi törətdiyinə -avtomobillə adam vurduğuna görə saxlanılmışdır. Qardaşının telefon nömrəsi ***-***-**-**-dır. Apellyasiya baxışı zamanı iş üzrə şahid qismində dindirilən X13 ifadə verərək göstərmişdir ki, Anar onun qapı qonşusudur. Anarın qardaşı ona zəng edib demişdir ki, Anar polislər tərəfindən tutulmuşdur. O bundan sonra Anarın evinə getmiş və görmüşdür ki, evdə heç kimi yoxdur. O nahar vaxtı saat 13-14 radələrində Anara zəng etmişdir. Anar 3-cü dəfə zəng edəndən telefona cavab vermişdir. Anar ona polislər tərəfindən tutulduğunu bildirmişdir. O, polislər tərəfindən tutulmağının səbəbini soruşduqda Anar səbəbini sonra deyəcəyini bildirmiş və bundan sonra telefonu söndürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini CM-nin 234.4.1 və 234.4.3-cü maddələri düzgün tövsif etmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Qeyd edilən normanın tələblərini və dövlət ittihamçısının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittihamdan imtina etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin qeyd edilən maddə ilə cinayət əməlini törədib-törətməməsi məhkəmə araşdırmasının predmeti ola bilməz və həmin maddə ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə CPM-nin 43.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Həmin qərara əsasən bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilməsinə dair gəldiyi qənaəti ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan "xxxx" Telecom MMC-dən götürülmüş bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050-776- 61-76 mobil nömrəyə məxsus anten məlumatlar, smslər və daxil olan və çıxan zənglərə dair 01-dəd diskdə olan 03 ədəd fayllarda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə 08 oktyabr 2022-ci il tarixdə, saat 11:17-də SMS-lər daxil olduğu və həmin mobil nömrənin anten məlumatlarının Mərdəkan qəsəbəsini göstərdiyi müəyyən edilmişdir. Bundan başqa, tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 8:33-də ***-***-**-** mobil nömrəsi ilə 2183 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 09:14-da həmin nömrə ilə 88 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 09:29-da ***-***-**-** mobil nömrəsi ilə 302 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsini, 12:53, 13:05 və 13:06da ***-***-**-** mobil nömrəsi ilə müvafiq olaraq 32, 22, 72 saniyə danışıq aparmış, mobil əlaqələrin anten dairəsi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 13:49-da ***-***- **-** mobil nömrəsi ilə 28 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Astara rayonu, Masxan kəndini və Bakı şəhəri, Xəzər -ayonu, Mərdəkan qəsəbəsini, 13:52-də ***- ***-**-** mobil nömrəsi ilə 41 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi, Astara rayonu, Hamuşan kəndini, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsini, 14:34-də ***- ***-**-** mobil nömrəsi ilə 84 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Olimpiya stadionunu, 15:31-də 050- ***-**-** mobil nömrəsi ilə 47 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Binəqədi rayonu, 5 Məmmədova küçəsi ilə Dağıstanlı küçəsinin kəsişməsini və Astara rayonu, Təngərud kəndini, 15:54-də ***-***- **-** mobil nömrəsi ilə 23 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Binəqədi rayonu, Məsud Davudoğlu küçəsini, göstərir, 17:48-də isə, yəni tutulmazdan 57 dəqiqə əvvəl ***-***-**-** mobil nömrəsi ilə 117 saniyə danışıq aparmış, mobil əlaqənin anten dairəsi Bakı şəhəri, Bakı Dövlət Yol Polisini göstərir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, NMBİnin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə X5in rəhbərliyi ilə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən 2 ədəd “Samsung” markalı mobil telefonun, sağ yan cibindən 17 manat 20 qəpik pul və 1 ədəd sellofan büküm çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarışın sonrakı prosesində Təqsirləndirilən şəxs üzərində başqa əşyalar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilən zaman bükümün içərisində heroin narkotik vasitəsinə şübhəli maddə olduğu müəyyən edilmiş, sıfırlanmış vəziyyətə gətirilən elektron tərəzi vasitəsi ilə şübhəli maddə çəkilmiş və çəkisinin 12 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsain təqdim etdiyi 17 manat 20 qəpik pul onun özünə qaytarılmış, 2 ədəd mobil telefon araşdırma aparılması üçün götürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs göstərdiyi ünvan 6 ünvanda keçirilmiş «baxış və götürmə aparılması haqqında» 08 oktyabr 2021-ci il tarixli digər protokoldan görünür ki, qeyd olunan ünvanda Təqsirləndirilən şəxs, X5in rəhbərliyi ilə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə baxış keçirilmiş, baxış keçirilməsi prosesində Təqsirləndirilən şəxs yolun kənarında olan hasarın dibindən bir ədəd qəhvəy rəngli parça materialdan olan torbanı göstərərək həmin torbanın içərisində narkotik vasitə olduğunu və həmin torbanı özünün gizlətdiyini bildirmişdir. Parça materialdan olan torba açılmış, içərisində bir ədəd sellofan kisə və kisənin içərisində heroin narkotik vasitəsinə şübhəli maddə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş şübhəli maddə sıfırlanmış vəziyyətə gətirilən elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 3 kq 78 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş şübhəli maddə olan bir ədəd bağlama qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 09 oktyabr 2021-ci il tarixli, 6/4488 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm ... " və s. yazılar, imzalar olan zərfdə 01 ədəd sellofan bükümdə müəyyən olunan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, təmiz çəkisi 11,138 qram təşkil edir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bağlama ... " və s. yazılar, imzalar olan bir ədəd bağlamadakı polietilen torbada müəyyən olunan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir və təmiz çəkisi 3005 qram təşkil edir. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə və həmin şəxsin təqdim etdiyi bir ədəd bağlamadakı heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-narkoloji ekspertizanın 16 dekabr 2021-ci il tarixli, 5136 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya Xəstəliyi) aşkar olunur, onun arkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi ilə bağlı məsələyə münasibət bildirərkən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in qanunun İ siyahısını əsas tutaraq Təqsirləndirilən şəxs üzərində və ünvan 3 ünvanında aşkar olunan külli miqdarda, yəni şəxsi istehlak miqdarından artıq miqdarda heroinin olması iş materiallarında olan sübutlarla təsdiq edilir və bu hal Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi üçün əsasdır. Bundan əlavə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il 2 nömrəli qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunvericiliyin qeyd edilən normasını əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məqsədi 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 11,138 qram narkotik vasitə heroini və ünvan 3 ünvanında aşkar edilən 01 ədəd sellofan bağlamada olan ümumi təmiz çəkisi 3005 qram narkotik vasitə heroini başqa şəxsə çatdıraraq qazanc əldə etmək olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyası həddində, şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi birinci instansiya məhkəməsi "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarında qeyd olunmuş tələbləri nəzərə alaraq Təqsirləndirilən şəxs ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 43.1, 43.1.1, 397.1, 397.2, 398.1.4 və 405.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsinə və cəzalandırılmasına aid hissədə ləğv olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. Hökmdən Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsinə dair müddəalar xaric olunsun. Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 08 oktyabr 2021-ci il tarixdən hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar