Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1593/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1009/2021 saylı, 13 avqust 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1009/2021 saylı, 13 avqust 2021-ci il tarixli hökmü ilə (X2 (sədrlik edən və məruzəçi) Telman Hüseynov və Əli Məmmədov) xx xxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 443, M 4, mənzil 5-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev 1 B, mənzil 109-da yaşamış, 15 noyabr 2020-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 05 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 15 noyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 8,530 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,430 qram hissəsinin, 48,450 qram çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 48,240 qram hissəsinin məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış 4.255 manat və 200 ABŞ dolları pul vəsaitinin onun yaxın qohumlarından birinə qaytarılması, iş üzrə maddi sübut kimi tanınmış - “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin aparılmasına dair videoçəkilişin əks olunduğu 01 ədəd diskin, “avtomobilə baxış keçirilməsi” istintaq hərəkətinin aparılmasına dair videoçəkilişin əks olunduğu 01 ədəd diskin, "xxxx" MMC-dən daxil olmuş, mobil telefon danışıqlarının əks olunduğu 01 ədəd diskin cinayət işinin materiallarında saxlanıması, iş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 114 manatın (bir yüz on dörd manat) ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, ümumi təmiz çəkisi 8,530 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda, ümumi təmiz çəkisi 48,450 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, narkotik vasitə heroini 7,797 qram və 0,733 qram hissələrə, psixotrop maddə metamfetamini isə 13,522 qram, 1,023 qram, 13,596 qram, 15,158 qram, 4,369 qram, 0,464 qram və 0,318 qram hissələrə bölərək ayrı-ayrı bükümlərdə qablaşdırdıqdan sonra həmin narkotik vasitə və psixotrop maddəni idarə etdiyi “Hyundai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 noyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, saat 16.00-da ünvan 1 ünvanının yaxınlığında avtomobili ilə birlikdə saxlanılmış, baxış zamanı idarə etdiyi “Hyundai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında saxladığı özünə məxsus bir ədəd çantanın içərisindən həmin külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclasında da qeyd etmişdir ki, o, narkotik vasitə olan heroin və metamfetamini arıqlamaq üçün istifadə etmişdir və narkotik vasitənin asılılıq yaradacağını bilməmişdir. Narkotik vasitənin asılılıq sindromu yaradacağını bilsəydi, heç zaman narkotik vasitədən istifadə etməzdi. Bu səbəbdən də narkotik vasitə onda asılılıq sindromu yaratdığından narkotik vasitənin aludəçisinə çevrilmişdir. Narkotik vasitəni arıqlamaq məqsədi ilə yalnız özünün istifadə etməsi üçün tanımadığı şəxsdən 14 noyabr 2020-ci il tarixdə əldə etmişdir. Onun kiməsə narkotik vasitə satması nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs 15 noyabr 2020-ci il tarixdə yaşadığı ərazidə avtomobilinin yanında olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb şübhəli şəxs qismində olduğundan üzərində qeyri-qanuni nə olduğunu bildirdikdə, o, könüllü olaraq idarə etdiyi avtomobilin salonunda arxa oturacağın üzərində olan əl çantasının içində narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və polis əməkdaşları tərəfindən polis idarəsinə dəvət edildikdə, etiraz etməmişdir. Məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2021-ci il tarixli 143 saylı rəyindən də görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nətricəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur və onun məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində külli miqdarda narkotik vasitə özünə məxsus çantada olmuş və onları özünün istifadəsi üçün orada saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satması barədə iş materiallarında da heç bir sübut olmadığından, məhkəmə bunu sübut kimi qəbul edə bilməz. İş materiallarına əlavə olunmuş telefon danışıqlarında Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 *** ** ** və 055 *** ** ** mobil nömrələrinə daxil olan və çıxan zənglərlə bağlı "xxxx" MMC-dən 29 dekabr 2020-ci il tarixli, 27924 nömrəli məktubla daxil olmuş bir ədəd diskə və "xxxx" MMC-dən daxil olmuş məktub və diskə baxış keçirilsə də, həmin telefonlardan 051 *** ** ** nömrəsi Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçsə də, adı çəkilən şəxsin istifadəsində olmamışdır, 051 *** ** ** nömrəsini tanımadığı başqa şəxs işlətmişdir. Təqsirləndirilən şəxs maşınında və ya özündə tərəzi aşkar olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş və o, törətdiyi cinayətə görə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəza almalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması cinayətini törətməsini təsdiq edən sübut kimi istinad etdiyi şahid ifadələri ittihamın satışla bağlı hissəsini təsdiq etmir, əksinə onu tam təkzib edir. Məhkəmənin Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi ekspertiza rəyləri narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkib-çəkmədiyini və buna görə müalicəyə ehtiyacının olub-olmadığını müəyyən etmişdir. Qeyd edilən sübut növü ittihamı, yəni təqsirləndirilən şəxsin satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini heç bir halda təsdiq edə bilməz və etməmişdir. İbtidai araşdırma orqanı və məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması cinayətini törətməsini təsdiq edən sübut kimi qanunsuz olaraq əldə edib ümumi çəkisi 48,450 qram metamfetamini 7 ədəd bükümdə və 8,530 qram çəkidə heroini 2 ədəd bükümdə saxlamaqla daşıdığının mövcudluğuna istinad edir. Hazırki iş üzrə maddi sübut hesab edilən və ekspertiza tədqiqatından sonra 48,240 qram çəkidə psixotrop maddə metamfetamin və 8,430 qram çəkidə heroin özü-özlüyündə şəxsin satış məqsədi ilə cinayətləri törətməsini təsdiq edə bilməz. Təqsirləndirilən şəxs aşkar edilib götürülən narkotik vasitələr - heroin və metamfetaminin onun tərəfindən satış məqsədi ilə deyil, özünün etirafı etdiyi kimi, gələcəkdə özünün şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edilib saxlanılmasını təsdiq edir. İbtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik istifadəçisi olduğunu, arıqlamaq üçün narkotik vasitə istifadə etdiyini və bu da onda asılılıq yaratdığını, həmçinin heç kimə narkotik vasitə satmadığını qeyd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilə kiminsə arasında narkotik vasitəni satmaq barədə hər hansı razılaşmanın olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitə alqı-satqısından mənfəət əldə etməmiş, avtomobilində özünə məxsus çantanın içərisində narkotik vasitənin olması onun son nəticədə narkotik satıcısı kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Təqsirləndirilən şəxs yalnız özünün narkotik vasitə istifadə etməsi səbəbindən əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin cinayət tərkibi olduğundan, onun əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddənin tərkibi olmadığından və bu maddə ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1009/2021 saylı cinayət iş üzrə 13 avqust 2021-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs törətdiyi əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə hökm çıxarılması xahiş olunmuşdur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya məhkəməsinin iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayətini müdafiə etdi, şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs törətdiyi əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə hökm çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıxış etdi və əlavə olaraq göstərdi ki, üzərindən aşkar olunan narkotik vasitəni heç kimə satmaq fikri olmamış, özü arıqlamaq məqsədi ilə istifadə etmişdir. Narkotik vasitədən istifadə edərkən onda asılılıq yaranacağını bilsəydi heç vaxt narkotik vasitə istifadə etməzdi. Qeyd olunanları nəzərə alaraq törətdiyi əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə hökm çıxarılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X3 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ona ədalətli cəza təyin olunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək apellyasiya şikayətinin təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1009/2021 saylı, 13 avqust 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin əsas dəlili Bakı Ağır cinayətlər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmünün dəyişdirilməsindən, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və ona daha aşağı həddə cəza təyin edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı verdiyi ifadələri ilə yanaşı şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Məhkəmə kollegiyası xatırladır ki, birinci instansiya məhkəməsinin iclasında, şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 15 noyabr 2020-ci ildə əməliyyat tədbirləri keçirilmiş, həmin gün saat 16:00-da ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlamış və həmin avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Həmin idarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əlində saxladığı dəridən hazırlanmış pul qabını, daha sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd avtomobil açarını, şalvarının sol yan cibində olan “Black Berry” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabının içindən 4.255 manat və 200 ABŞ dolları pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, mobil telefonlar, mənzil açarı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs “Hyundai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin saxladığını, həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. O, həmin avtomobilin salon hissəsində arxa oturacağın üzərində olan əl çantasının içində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin gizlədib saxladığını bildirmiş və idarə etdiyi “Hyundai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaplarını özündə olan açarla açıb arxa sağ oturacağın üzərində olan bir ədəd qırmızı rəngli üzərində qara zolaqlar olan parçadan hazırlanmış qadın əl çantasını götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qadın əl çantasının içində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Çantanın içindən 07 ədəd sellofan büküm və 02 ədəd şüşə qab aşkar edilmiş, baxış zamanı çantanın içində olan 05 ədəd sellofan bükümün və 02 ədəd şüşə qabın içində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr, 02 ədəd sellofan bükümün içində isə qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Bundan sonra həmin maddələr qablaşdırılaraq möhürlənmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Təqsirləndirilən şəxs ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi öz ifadələri, şahidlər Şahid2 və Şahid1 ifadələri, üzləşdirmə protokolları və iş üzrə toplanmış digər sübutlarla, o cümlədən tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Tucson” markalı, ** ZZ *** dövlət nömrə nişanlı avtomobilin salon hissəsindən aşkar olunmuş” yazısı olan paketdəki 2 ədəd şüşə qabda ayrı-ayrılıqda təmiz çəkiləri 13,522 qram və 1,023 qram, 2 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,596 qram və 15,158 qram və 3 ədəd qara rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,369 qram, 0,464 qram və 0,318 qram, ümumilikdə 7 ədəd ümumi təmiz çəkisi 48,450 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olması, 2 ədəd şəffaf polietilen bükümdə ayrı-ayılıqda təmiz çəkiləri 7,797 qram və 0,733 qram, ümumi təmiz çəkisi 8,530 qram qəhvəyi rəngli maddələrin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması, heroinin ümumi təmiz çəkisinin 8,530 qram, tədqiqata sərf edildi 0,10 qram, qalıq 8,430 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi 48,450 qram, tədqiqata sərf edildi ümumi 0,21 qram, qalıq 48,240 qram olmasına dair məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2020-ci il tarixli, 6/2497 nömrəli rəyi, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmasına, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülməsinə dair məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 20201-ci il tarixli 143 nömrəli rəyi, Təqsirləndirilən şəxs istifadə etdiyi **********22 mobil nömrəsinə **********24 mobil nömrəsindən “Ureyim alinirsa pati cixa bilirsense evden ele goruwerdikde ureyim” məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs istifadə etdiyi **********22 nömrəsindən **********49 nömrəsinə “325 manat idi borcun verdin 100 manat dunen duzdu? 10 dene de kola verdim 225+180=405+60 manat (dunenki 2 dene pati)-50” məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs istifadə etdiyi **********22 nömrəsinə **********18 nömrəsindən “vurum karta olarmi niye bele sixirsan adami gordun ki getirdim 280 verdim hele 80 da patiya verdim her gun getiremde pul” məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs istifadə etdiyi **********22 nömrəsinə **********18 nömrəsindən “Yaxwi gelim indi 10 dene kolaa 2 dene pati ver 100 m var verim sene qalNi axwam verim olarmi ele” məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs istifadə etdiyi **********22 nömrəsinə **********82 nömrəsindən “ulka 5 dene torpaq yari da pati vurur karta pulu ne olar yer denen gelimde birazdan cixa bilmeyecik” məzmunlu mesaj göndərilmiş, Təqsirləndirilən şəxs istifadə etdiyi **********22 nömrəsinə **********45 nömrəsindən “bidene tez de qram alinir pati” məzmunlu mesaj göndərilməsi haqqında Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 701 22 22 və 055 977 41 11 mobil nömrələrinə daxil olan və çıxan zənglərlə bağlı "xxxx" MMC-dən 29 dekabr 2020-ci il tarixli, 27924 nömrəli məktubla daxil olmuş bir ədəd diskə, eləcə də "xxxx" MMC-dən 30.12.2020-ci il tarixli, 27231/20 nömrəli məktubla daxil olmuş bir ədəd diskə baxış keçirilməsi barədə protokollarla, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyndai Tucson” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobildən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi barədə “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 15 noyabr 2020-ci il tarixli protokol və protokola əlavə edilmiş 01 ədəd disklədə tam təsdiq olunur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilsiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməməsi, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin mənasından görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədilməsi isə CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi deyil, bununla yanaşı, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunması üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi, əməlin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində göstərilən dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası eyni zamanda məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edərək qeyd edir ki, yuxarıda göstərildiyi kimi birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsüf edilərək ona həmin maddə ilə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona cinayət Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, törədilmiş cinayətin хarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəхsiyyəti, habelə təyin olunmuş cəzanın ona islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə, törədilmiş əmələ münasibətddə həddən artıq yüngül cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin cinayət əməlini törətməyə görə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə bağlı cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması düzgün nəzərə alınmaqla ədalətli cəza təyin edildiyindən, onun cəzasının daha aşağı həddə yüngülləşdirilməsi, barəsində təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növü ilə əvəz edilməsi və cəza çəkməkdən azad olunması üçün əsas ola bilməz. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1009/2021 saylı, 13 avqust 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1009/2021 saylı, 13 avqust 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: İbrahim İbrahimli Ziya Şirinov
Məhkəmə qərarları › İş №1(103)-1593/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1593/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver