Məhkəmə qərarları › İş №1(103)-163/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-163/2020

23.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-163/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası, hakimlər Məmmədov Namiq Eyyub oğlu (sədrlik edən və məruzəçi), Bayramov Əmir Novruz oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Rzabəyli Rüfanə Oruc qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X4, məhkum Təqsirləndirilən şəxs Rəsul oğlunun və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Rəsul oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 1(101)-951/2019 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Rəsul oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 1(101)-951/2019 saylı hökmü ilə (hakimlər X11 (sədrlik edən), X5 və X6 ibarət tərkibdə) xx xxxxxx 1980-ci il tarixdə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Zaqatala rayon xalq məhkəməsinin 02 noyabr 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş redaksiyada) 102-ci maddəsinin 2ci hissəsi ilə təqsirli bilinərək 5 il müddətinə azaldlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 20 iyul 2000-ci il tarixdə mütləq əməyə cəlb edilməklə cəzadan şərti azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilərək cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2019-cu il tarixdən hesablanmaqla və təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə eyni zamaqnda iş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 01 ədəd “SamsungA6” markalı mobil telefon aparatının onun “WhatsApp” bölməsində və ümumiyyətlə telefonun yaddaşında olan Zərərçəkmiş şəxs ilə olan yazışmalar, səsli mesajlar, habelə Zərərçəkmiş şəxs fotoşəkilləri və sonuncu ilə olan fotoşəkillərdən istifadə edilməklə hazırlanmış videoçarx silinməklə Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılması, 1700 manat pulun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməsinin nəzərə alınması və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını əldə etmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ilə birlikdə olarkən çəkdiyi fotoşəkilləri sonuncunun yaxın qohumlarına göstərməklə şəxsi münasibətlərinin olmasına dair rüsvayedici məlumatları yayma hədəsi ilə 26 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs 2500 manat pul tələb etmiş və 27 yanvar 2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 1055-ci məhəllə, 3 saylı binanın qarşısında Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdiyi 2500 manat pulu alıb ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını əldə etmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ilə birlikdə olarkən çəkdiyi fotoşəkilləri sonuncunun yaxın qohumlarına göstərməklə şəxsi münasibətlərinin olmasına dair rüsvayedici məlumatları yayma hədəsi ilə 2019-cu ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs 1700 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında qeyd olunan idarənin əməkdaşları tərəfindən 07 fevral 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etdiyi pulu almaq məqsədilə həmin tarixdə saat 12:55-də Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 1055-ci məhəllə, 3 saylı binanın qarşısında Zərərçəkmiş şəxs ilə görüşüb sonuncudan qabaqcadan əməliyyat-axtarış tədbirində istifadə edilməsi üçün seriya və nömrələri protokolda qeyd edilmiş A10130486, C41679865, A22178808, A66300242, B07323051, A69837893, A81119242, A76959078, A70335860, A46363048, A64959516, A95255364, A01883994, A83885792, C72944235, A08315287, A62327869 seriya və nömrəli 17 ədəd 100 manatlıq pul əsginaslarından ibarət 1700 məbləğində pulu təkrar hədə-qorxu ilə tələb etməklə alıb ələ keçirdikdən dərhal sonra saat 13:00-da həmin yerdə saxlanılmış və üzərinə baxış keçirilərkən sol əlində saxlayıb təqdim etdiyi 17 ədəd A10130486, C41679865, A22178808, A66300242, B07323051, A69837893, A81119242, A76959078, A70335860, A46363048, A64959516, A95255364, A01883994, A83885792, C72944235, A08315287, A62327869 seriya və nömrəli 100 manatlıq pul əsginasları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum Təqsirləndirilən şəxs Rəsul oğlu apelyasiya şikayəti və müdafiəçisi isə apelyasiya şikayətinə əlavə verərək Təqsirləndirilən şəxs Rəsul oğlunun barəsində olan Bakı Ağır Cinayətiər Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 1(101)- 951/2019 saylı hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs Rəsul oğlunun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Rəsul oğlunun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkum edilmiş şəxs vahid niyətlə və arasında uzun müddət keçmədən zərərçəkmiş şəxsdən pul tələb etmişdir və bu halda onun əməli təkrarçılıq kimi deyl, vahid niyətlə əhatə olunan pul tələb etməyə görə məsuliyyət nəzərdə tutuan Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif olunub cəzalanmalı, onun xəstəlikdən əziyyət çəkməsi, törətdiyi əməli etiraf etməsi, əməlindən peşiman olması və himayəsində dörd nəfər azyaşlı uşağının olması nəzərə alınmaqla təyin olunmuş cəza şərti tətbiq edilməlidir. Hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayəti verilməmiş, həmçinin məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə etirazlar daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Rəsul oğlu ona qarşı irəli sürülmüş ittihamı qismən qəbul edərək bildirmişdir ki, onun əməli məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 182.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır və onun əməli Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif olunmalıdır. Göstərilənlərə əsasən barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 1(101)-951/2019 saylı hökmünün dəyişdirilərək, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Müdafiəçi X9 oğlu da məhkum edilmiş şəxslə eyni mövqedən çıxış edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 1(101)-951/2019 saylı hökmünün dəyişdirilib, Təqsirləndirilən şəxs Rəsul oğlunun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul olunmaqla hökmün dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X7 Təqsirləndirilən şəxs Rəsul oğlunun təqsirinin birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutların məcmusu ilə ona tam sübut olunduğunu və onun əməlinin məhkəmə tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə tövsif olunduğunu göstərib əsassız olduğu üçün apelyasiya şikayətinin təmin edilməməsini, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 1(101)-951/2019 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, ittiham tərəfinin apelyasiya şikayətinin təmin olunmaması, müdafiə tərəfinin isə apelyasiya şikayətinin təmin olunması barədə çıxışlarını dinləyərək aşağıda şərh olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsi və Təqsirləndirilən şəxs Rəsuloğlunun əməlinin Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar tapmır. Belə ki, apelyasiya şikayətindən göründüyü kimi müdafiə tərəfi Təqsirləndirilən şəxs Rəsuloğlunun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə KamilSüleymanovun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkumun və onun müdafiəçisinin apelyasiya şikayətində göstərdiyi və bilavasitə məhkəmə kollegiyasının iclasında qeyd etdikləri dəlilərlə razılaşmayaraq aşağıda şərh olunan sübutlara əsasən Təqsirləndirilən şəxs Rəsul oğlunun cinayət əməlinin Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilməsini mümkün saymayıb bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş materiallarından və hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Rəsul oğlunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərkən məhkəmə iclasında tədqiq olunaraq sübut kimi qəbul olunmuş məhkum edilmiş şəxsin qismən etirafedici ifadəsinə, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və və Şahid5 Yahya oğlunun ifadələrinə, Əməliyyat tədbirində istifadə ediləcək pul vəsaitinin verilməsi barədə, Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında, Əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung A6” markalı mobil telefona keçirilmiş baxış barədə və , "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 16 iyul 2019-cu il tarixli 15749/19 saylı məktubla daxil olmuş 01 ədəd “CD” diskə keçirilmiş baxış keçirilməsi haqqında protokollara və cinayət işinin digər materiallarına əsaslanmış, həmin sübutların mötəbər və qanuni yolla əldə olunmasına şübhə olmaması qənaətinə gələrək ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın təsdiqi üçün bu sübutları kifayət hesab etmişdir. Apelyasiya icraatı qaydasında işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu qənaət qanuni və əsaslıdır və məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla işin faktiki halları düzgün müəyyən edilmişdir. Məhkəmə kollegiyasının fikrincə, Təqsirləndirilən şəxs Rəsul oğlunun hökmün təsviri hissəsində qeyd olunmuş cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsinin iclasında tədqiq olunmuş məhkum edilmiş şəxsin qismən etiraf edici ifadəsi, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və və Şahid5 Yahya oğlunun ifadələrinə, Əməliyyat tədbirində istifadə ediləcək pul vəsaitinin verilməsi barədə, Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında, Əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung A6” markalı mobil telefona keçirilmiş baxış barədə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 16 iyul 2019-cu il tarixli 15749/19 saylı məktubla daxil olmuş 01 ədəd “CD” diskə keçirilmiş baxış keçirilməsi haqqında protokollar və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ailəlidir və iki azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs təxminən beş il olar ki, tanıyır. Belə ki, Kamil əvvəllər onun həyat yoldaşının sürücüsü işləmişdir. Lakin təxminən dörd il olar ki, həyat yoldaşı Kamili işdən azad etmişdir. Məlum hadisədən təxminən iki ay əvvəl - 2018-ci ilin sonlarında “Gənclik Mall” ticarət və əyləncə mərkəzində olarkən bir nəfər şəxs ona yaxınlaşıb salam vermiş, həmin şəxsə dönüb baxarkən onun ərinin keçmiş sürücüsü Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Salamlaşıb hal-əhval tutduqdan sonra sağollaşıb ayrılmışlar. O, Kamilin həyat yoldaşını, ailəsini də tanımış, aralarında həmişə səmimi, ailəvi münasibətlər olmuşdur. Kamilin həyat yoldaşını həmişə özünə bacı kimi bilmiş, hətta Kamil işdən çıxıb gedəndən sonra da onun arvadı ilə səmimi əlaqələrini davam etdirmişlər. Kamillə təsadüfi rastlaşmalarından bir neçə gün sonra tanımadığı mobil nömrədən ona “WhatsAapp” vasitəsilə mesaj yazılmışdır. O, sonradan həmin şəxsin Kamil olduğunu bilmiş və onunla əlaqə saxlamaq istəməmişdir. Lakin sonradan Kamildən bir işdə ona köməklik etməsini xahiş etmişdir. Belə ki, o, həyat yoldaşının ona xəyanət etməsindən şübhələndiyi üçün Kamildən xahiş etmişdir ki, bacardığı qədər ona həyat yoldaşı haqqında məlumatlar toplasın. Bir dəfə Kamil ona zəng vuraraq həyat yoldaşının avtomobilini bir xanımın idarə etdiyini bildirmişdir. O, buna inanmamış və buna görə Kamildən onu həmin yerə aparmasını xahiş etmişdir. 25 yanvar 2019-cu il tarixdə Kamil öz avtomobili ilə onu həmin yerə aparmışdır. Avtomobildə olan zaman Kamil onların ikisinin fotoşəkilini çəkmişdir. Həmin günün səhəri o, özünü pis hiss etdiyi üçün Kamil onu dəniz kənarına aparmağı təklif edərək dəniz kənarına getsələr bir az özünə gələcəyini bildirmişdir. Buna görə o, Kamillə birlikdə Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsində yerləşən “Dərya” balıq evinə getmişdir. Onlar orada yemək yemişlər və Kamil orada da ikisinin fotoşəkilini çəkmişdir. Həmin gün axşam saatlarında Kamil ona həmin fotoşəkilləri ailə üzvlərinə göndərib onu rüsvay edəcəyini bildirmişdir. O, Kamildən nəyə görə belə etdiyini soruşmuş, sonuncu isə bunu etməməyi üçün ona 2500 manat pul verməli olduğunu bildirmişdir. O, rüsvay olacağını, ailəsinin dağılacağını deyərək Kamildən belə etməməsini xahiş etmiş, lakin sonuncu sözündən dönməyərək təkidlə ondan 2500 manat pul tələb etmişdir. O, ailəsi içində rüvsay olmamaq və ailəsinin dağılmaması üçün məcbur olub 27 yanvar 2019-cu il tarixdə axşam saatlarında ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs 2500 manat pul vermişdir. O, Kamildən fotoşəkilləri silməyini tələb etsə də, Kamil ona heç nə deməyərək oradan uzaqlaşmışdır. Bundan bir neçə gün sonra Kamil yenidən ona mesaj yazaraq əlavə 2500 manat da pul lazım olduğunu bildirmişdir. O, Kamildən nəyə görə pul istədiyini soruşduqda, sonuncu pulu verməyəcəyi təqdirdə fotoşəkilləri ərinə və ailə üzvlərinə göndərəcəyini bildirmişdir. O, həyat yoldaşından xəbərsiz şəkildə Kamilin avtomobilinə əyləşdiyi və onunla yemək yediyi üçün çox qorxmuşdur. Çünki, həyat yoldaşı bunu biləcəyi təqdirdə ailə üzvlərinin yanında rüsvay ola, hətta ailəsi belə dağıla bilərdi. O, Kamili fikrindən döndərməyə çalışsa da, sonuncu təkidlə ondan pul istəməkdə davam etmişdir. Pulunun olmadığını bildirdikdə, Kamil ondan telefonunu, sırğalarını satmağını tələb etmiş, hətta onu təhqir də etməyə başlamışdır. O, artıq məcbur olub pul axtarmağa başlamışdır. Kamil ona fevral ayının 5-nə qədər vaxt vermiş, lakin o, pul tapa bilməmişdir. Kamil onunla olan şəkillərini tez-tez “WhatsApp”la ona göndərmiş və həmin şəkilləri ailə üzvlərinə də göndərəcəyi ilə hədələmişdir. Hətta pulu tapa bilmədiyini dedikdə Kamil ərinin yaxınlıq etdiyi Nərgiz adlı qadının mobil telefon nömrəsini ona göndərərək şəkilləri həmin qadına göndərəcəyini bildirmişdir. O, rüsvay olmaqdan çox qorxmuş və Kamildən səbrli olmasını xahiş etmişdir. Artıq 06 fevral 2019-cu il tarixdə Kamil Bakı şəhərinə gəldiyini bildirmiş, o da Kamilə cəmi 1700 manat pul tapdığını söyləmişdir. Kamil 07 fevral 2019-cu il tarixdə saat 13:00-da onu Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 3 saylı binanın qarşısında gözləyəcəyini bildirmişdir. O, artıq nə edəcəyini bilməmiş, Kamilin yenə də şəkilləri silməyəcəyini fikirləşmişdir. Buna görə də o, 07 fevral 2019-cu il tarixdə səhər saatlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedərək ərizə ilə müraciət etmiş və Təqsirləndirilən şəxs ona hədə-qorxu gəldiyini, ondan əvvəlcə 2500 manat tələb edib aldığını, hal-hazırda isə 1700 manat pul tələb etdiyini bildirmişdir. Bundan sonra tədbir keçirilməsi üçün iki nəfər hal şahidi dəvət edilmiş və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs verilməsi üçün ona 17 ədəd 100 manatlıq pul əsginaslar verilmişdir. Bu barədə protokol tərtib edilmiş və ona verilmiş pulların seriya və nömrələri qeyd edilmişdir. Bundan sonra o, yaşadığı mənzilə getmişdir. Daha sonra 07 fevral 2019-cu il tarixdə o, ünvan 2 binanın qarşısında Kamillə görüşmüşdür. Görüş zamanı polis əməkdaşları tərəfindən ona verilmiş pul vəsaitlərini Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra polis əməkdaşlarına işarə verərək Kamili göstərmiş və pulu ona verdiyini bildirmişdir. Bundan sonra Kamildən şəkilləri silməyi tələb etmişdir. Kamil şəkilləri siləcəyini deyib uzaqlaşmaq istədikdə polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları Kamili onun barəsində çıxarılmış qərarla tanış etmiş, hal şahidlərini göstərmişlər. Kamil polis əməkdaşlarına özünü təqdim etdikdən sonra ondan üzərində qeyri-qanuni əşya və predmet olub-olmaması barədə soruşulmuş, Kamil də az əvvəl ondan aldığı, polis əməkdaşları tərəfindən əvvəlcədən seriya və nömrələri qeyd edilmiş 17 ədəd 100 manatlıq pul əsginaslarını təqdim etmişdir. Polis əməkdaşları həmin pulları götürüb əvvəlcədən tərtib edilmiş protokolda olan pul vəsaitlərinin seriya və nömrələri ilə eyniləşdirmişlər. Protokolda qeyd edilmiş pul vəsaitlərinin Kamilin əlində olan, ondan hədə-qorxu yolu ilə aldığı pullarla eynilik təşkil etdiyi aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları həmin pul vəsaitini zərfə qoyub qablaşdırmışlar. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Kamil əlində saxladığı “Samsung A6” markalı mobil telefonunu da polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onları özləri ilə birlikdə Baş İdarənin inzibati binasına dəvət etmişlər. Onlar polis əməkdaşlarının təklifi ilə razılaşıb birlikdə Baş İdarənin inzibati binasına getmişlər. Orada Kamilə dövlət hesabına müdafiəçi təyin edilmiş, daha sonra baş verənlər barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş və doğru olduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Saxlandıqdan sonra qohumları tərəfindən Kamilin ondan hədə-qorxu gəlməklə əvvəllər aldığı 2500 manat özünə qaytarılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Adamları Girov Götürmə və Hədə-Qorxu ilə Tələb Etmə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşı Şahid1 göstərdi ki, 07 fevral 2019-cu il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs Baş İdarəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onun foto və video görüntülərini ailə üzvlərinə göndərəcəyi hədəsi ilə ondan 2500 manat pul aldığını və yenidən 1700 manat tələb etdiyini, pulun ödənilməsini 07 fevral 2019-cu il tarixə təyin etdiyini bildirmiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. İlkin araşdırma zamanı Zərərçəkmiş şəxs müraciətində göstərdiyi şəxsin xx xxxxxx 1980-ci ildə ünvan 3 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifşa olunması üçün əməkdaşlıq etməyə özü könüllü şəkildə hazır olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün 07 fevral 2019-cu il tarixdə Bakı şəhəri ərazisində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və özünün rəhbərliyi altında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Adamları Girov Götürmə və Hədə-Qorxu ilə Tələb Etmə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da daxil olduqları əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmək üçün iki nəfər şəxs Baş idarəyə dəvət edilmiş və hal şahidlərinə hüquq və vəzifələri ətraflı izah edilmişdir. Əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ifşa etməkdən ötrü Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən götürülmüş 17 ədəd 100 manatlıq pul əsginaslarından ibarət olan 1700 manat pul vəsaitinin kserosurətini çıxarıb seriya və nömrələrini qeyd etmişlər və hal şahidlərinin iştirakı ilə həmin pulu Zərərçəkmiş şəxs vermişlər. Əməliyyat tədbirinə başlamamışdan əvvəl Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu 07 fevral 2019-cu il tarixdə saat 13:00-da Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 1055-ci məhəllə, 3 saylı binanın qarşısında gözləyəcəyini bildirmişdir. Əməliyyat tədbirinin planına uyğun təlimatlandırıldıqdan sonra Zərərçəkmiş şəxs çıxıb getmişdir. 07 fevral 2019-cu il tarixdə saat 12 radələrində Baş İdarədən hal şahidləri ilə birlikdə hadisə yerinə çıxmışlar. Saat 12:50-də Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 1055-ci məhəllə, 3 saylı binanın qarşısına çatmışlar. Orada əməliyyat mövqeyi seçərək Zərərçəkmiş şəxs dayandığı yeri müşahidə etməyə başlamışlar. Əməliyyat planına uyğun olaraq Zərərçəkmiş şəxs istifadəsində olan 055-609- 65-65 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng etmiş və daha sonra saat 13:00-da Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 1055-ci məhəllə, 3 saylı binanın qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxslə görüşmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulu verdikdən sonra onlara şərti işarə verərək yanında olan şəxsin Təqsirləndirilən şəxs olduğunu və tələb olunan pulu həmin şəxsə verdiyini bildirmişdir. Onlar dərhal Zərərçəkmiş şəxs görüşdüyü və işarə verdiyi həmin şəxsə yaxınlaşmışlar. Xidməti vəsiqələrini göstərib ona Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən ad və soyadını, eləcə də digər anket məlumatlarını soruşduqda o, özünü xx xxxxxx 1980-ci ildə ünvan 4 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar saxladıqları şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirdikdən sonra barəsində daxil olmuş məlumat əsasında tərəfindən qəbul edilmiş qərarla Kamili tanış etmişlər və üzərində hər hansı qeyri-qanuni əşya, yaxud predmet varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs həyəcanlansa da, onlara heç bir müqavimət göstərməmiş və sol əlində saxladığı 100 manatlıq pul əsginaslarından ibarət olan pulu onlara təqdim edib bildirmişdir ki, təqdim etdiyi 1700 manat pul onun barəsində şikayət etmiş Zərərçəkmiş şəxs sonuncunu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib tələb edərək aldığı puldur. Onlar həmin pul əsginaslarına hal şahidlərinin yanında baxdıqda onların həqiqətən də 17 ədəd 100 manatlıq pul əsginaslarından ibarət ümumilikdə 1700 manat olduğunu, eləcə də həmin pul əskinaslarının əvvəlcədən seriya və nömrələrini qeyd etməklə kserosurətlərini çıxarıb Zərərçəkmiş şəxs verdikləri əsginaslarla eynilik təşkil etdiyini müəyyən etmişlər. Həmin pullardan əlavə Təqsirləndirilən şəxs sağ əlində saxladığı və özünə məxsus olduğunu bildirdiyi bir ədəd qara rəngli “Samsung A6” markalı mobil telefonu əhəmiyyət kəsb etdiyi üçün götürmüşlər. Qeyd olunanlardan başqa Təqsirləndirilən şəxs heç bir əşya və predmet götürməmişlər. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 17 ədəd 100 manatlıq əsginasları bir ədəd kağız zərfə qoyaraq qablaşdırmışlar, zərfin üzərində qeydiyyat aparmışlar və üzərinə bütün iştirakçılar imza etmişlər, həmçinin zərfi Daxili İşlər Nazirliyinin “Zərflər üçün №6” saylı möhürü ilə möhürləmişlər. Bundan başqa Təqsirləndirilən şəxs məxsus olan “Samsung A6” markalı mobil telefonu da özləri ilə götürmüşlər. Zəruri sənədləşdirmə işləri aparmaqdan ötrü Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və hal şahidlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmiş və müqavimət göstərməmişdir. Birlikdə Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra keçirilmiş tədbirlə bağlı protokol tərtib etmiş, protokol ucadan oxunmuş, heç bir etiraz və ya əlavə daxil olmamış və bütün iştirakçılar protokolun düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Əməliyyat tədbiri keçirilərkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq edilməmiş, Kamil də onlara qarşı müqavimət göstərməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Adamları Girov Götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş hal şahidi Şahid4 göstərmişdir ki, 07 fevral 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Dillər Universitetinin yaxınlığında tək piyada hərəkət edərkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərmişlər. Həmin polis əməkdaşları bir xanımın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək bir nəfər kişi tərəfindən hədə-qorxu gəlinərək pulunun ələ keçirildiyini bildirdiyini demişlər və həmin şəxsin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbiri keçirəcəklərini deyərək ona həmin tədbirdə hal şahidi qismində iştirak etməyi təklif etmiş, o da hal şahidi qismində iştirak etməyə razılığını vermişdir. Polis əməkdaşları ilə birlikdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmiş, idarədə xidməti otaqların birində olarkən həmin tədbirdə hal şahidi qismində ondan başqa bir nəfərin də dəvət olunduğunu görmüşdür. Polis əməkdaşları ona və digər hal şahidinə hüquq və vəzifələrini ətraflı izah etmişlər. Daha sonra xidməti otağa əvvəllər görmədiyi başı bağlı bir nəfər xanım daxil olmuşdur. Polis əməkdaşlarının söhbətlərindən ona aydın olmuşdur ki, şikayətçi Zərərçəkmiş şəxs həmin xanımdır və barəsində şikayət olunan şəxs isə Kamil adlı şəxsdir. Onlar həmin xidməti otaqda olarkən polis əməkdaşları 17 ədəd 100 manatlıq pul əsginasının seriya və nömrələrini qeyd edərək kserosurətlərini çıxarmış və həmin pulun hamısını, yəni 1700 manatı Zərərçəkmiş şəxs vermişlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 07 fevral 2019-cu il tarixdə saat 13:00-a Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 1055-ci məhəllə, 3 saylı binanın qarşısına görüş təyin etdiyini bildirmiş və çıxıb getmişdir. 07 fevral 2019-cu il tarixdə saat 12 radələrində Baş İdarədən polis əməkdaşları, o və digər hal şahidi birlikdə çıxaraq Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsində yerləşən bir binanın qarşısına getmişlər. Həmin yerə çatdıqda Lalə onlardan xeyli aralıda olmuşdur. Polis əməkdaşları onlarla birlikdə həmin binanın qarşısından bir neçə metr kənarda dayanaraq Laləni aralıdan müşahidə etmişlər. Zərərçəkmiş şəxs mobil telefonu ilə kiməsə zəng etdikdən sonra saat təxminən 13 radələrində həmin binanın qarşısında əvvəllər tanımadığı bir kişi ilə görüşmüşdür. Lalə həmin şəxslə görüşdükdən sonra polis əməkdaşlarına şərti işarə vermişdir. Polis əməkdaşları dərhal Lalənin görüşdüyü şəxsə yaxınlaşaraq onu saxlamışlar. Bu zaman o və digər hal şahidi də onlara yaxınlaşmışdır. Polis əməkdaşları özlərini saxladıqları şəxsə təqdim etdikdən sonra ondan ad və soyadını soruşmuşlar. Saxlanılan şəxs özünü Zaqatala sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları saxlanılan şəxsi onun barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş qərarla tanış etmişlər. Daha sonra onların yanında polis əməkdaşları saxlanılan Kamil adlı şəxsə üzərində hər hansı qeyri-qanuni əşya, yaxud predmet varsa, çıxarıb təqdim etməsini təklif etmişlər. Bu zaman Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmiş və sol əlində saxladığı 100 manatlıq pul əsginaslarından ibarət pulu polis əməkdaşlarına təqdim edərək bildirmişdir ki, təqdim etdiyi 1700 manat pul barəsində şikayət etmiş Zərərçəkmiş şəxs aldığı puldur. Həmin pul əsginaslarına baxdıqda onların 17 ədəd 100 manatlıq pul əsginaslarından ibarət olmaqla 1700 manat olduğu, eləcə də polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılaraq Zərərçəkmiş şəxs verilmiş pulla eynilik təşkil etməsi müəyyən edilmişdir. Həmçinin polis əməkdaşları Kamil adlı şəxsin əlindəki qara rəngli “Samsung A6” markalı mobil telefonu götürmüşlər. Həmin şəxsdən başqa heç bir şey götürülməmişdir. Polis əməkdaşları Kamildən aşkar edilərək götürülmüş həmin 1700 manat pulu bir ədəd kağız zərfə qoyaraq qablaşdırmışlar və zərfi möhürləmişlər, zərfin üzərində bütün iştirakçılar kimi o da imza etmişdir. Daha sonra polis əməkdaşları bütün iştirakçıları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər və orada sənədləşmə işləri aparılacağını bildirmişlər. Həmin idarəyə çatdıqdan sonra polis əməkdaşları saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət etmişlər. Daha sonra polis əməkdaşları keçirilmiş tədbirlə bağlı protokol tərtib etmiş, protokol ucadan oxunmuş, heç bir etiraz və əlavə daxil olmamışdır. Digər iştirakçılar kimi o da protokolun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Onun iştirakı ilə keçirilmiş əməliyyat tədbiri zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixoloji təzyiq olunmamış, əməliyyat tədbiri və sənədləşdirmə işləri zamanı heç bir hüquq pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 Yahya oğlunun ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsindən müəyyən edilmişdir ki, o da Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Cinayət işində olan Əməliyyat tədbirində istifadə ediləcək pul vəsaitinin verilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs onun barəsində olan foto və video görüntüləri ailə üzvlərinə göstərəcəyi hədəsi ilə ondan 2500 manat pul alması və yenidən 1700 manat manat pul tələb etməsi barədə verdiyi məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən 17 ədəd 100 manatlıq pul əsginasından ibarət olan 1700 manat pul vəsaiti əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs təqdim olunması üçün kserosurəti çıxarılmaqla Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işində olan Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, məhəllə 1055, 3 saylı binanın qarşısında Lalə İsmayılovdan hədə-qorxu ilə tələb etdiyi 1700 manat pulu aldıqdan sonra polislər tərəfindən yaxalanmış və polislərin təklifinə əsasən üzərində olan 1700 manat pulu təqdim edərək həmin pulun hədə-qorxu ilə Zərərçəkmiş şəxs aldığı pul olduğunu bildirmişdir. Həmin pul əsginazlarına baxış keçirildikdə onların əvvəlcədən seriya və nömrələri protokolda qeyd olunmuş pul əskinazlarının seriya və nömrələri ilə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əlində olan bir ədəd qara rəngli “Samsung A6” markalı mobil telefon götürülmüşdür. Cinayət işində olan Əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung A6” markalı mobil telefona keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında çoxsaylı danışıqlar olmuşdur. Həmin danışıqlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul tələb etmiş, pulu verməyəcəyi təqdirdə onun haqqında olan məlumatları və fotoşəkilləri digər şəxslərə, həmçinin həyat yoldaşına göndərəcəyini bildirmiş, həmçinin birlikdə olan fotoşəkillərini “WhatsApp”da profil şəkili kimi qoyacağını bildirərək ona hədə-qorxu gəlmişdir. Həmin danışıqların fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. Cinayət işində olan Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyətindən 16 iyul 2019-cu il tarixli 15749/19 saylı məktubla daxil olmuş 01 ədəd “CD” diskə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********67 saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olmuş +**********65 saylı mobil telefon nömrəsinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olmuşdur. Məhkəmə kollegiyası işin məhkəmə tərəfindən şərh olunan hallarını tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs Rəsuloğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmiş və ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla ona sübut olunduğu üçün Təqsirləndirilən şəxs Rəsuloğlunun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə düzgün tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. İbtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin istintaqında Təqsirləndirilən şəxs Rəsuloğlunun müdafiə hüquqları, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində, o cümlədən Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin məhkumun əməlinin Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilməsindən ibarət dəlilləri ilə razılaşmayaraq məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə vahid niyyətlə əhatə olunmayan hərəkətlərlə təkrarən özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə tövsif etmiş və ona bu maddə ilə cəza təyin edilməsini mümkün saymışdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. Hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, həmçinin himayəsində ikisi azyaşlı olmaqla dörd uşağının olmasını, həmin Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin Məcəllənin 59.2ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını, məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət cəzanı yüngülləşdirən hallar kimi qəbul etməklə, əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb Təqsirləndirilən şəxs 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə düzgün riayət edib iş üzrə yüngülləşdirən halları, o cümlədən məhkum Elnur İbrahimovun əməlində cəzanı ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə alıb şəxsə təqsirli bilindiyi maddə ilə maddənin sanksiyası çərçivəsində ədalətli cəza təyin etmişdir. Belə olan halda, məhkəmə kollegiyası məhkum barəsində təyin olunmuş cəzanın azaldılması üçün əsas tapmır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində təyin olunmuş cəzanın qanuni və əsaslı olduğu üçün yüngülləşdirilməməsi barədə qənaətə gəlməsi ilə yanaşı, apelyasiya şikayətinin onun barəsində təyin olunmuş cəzanın şərti tətbiq olunmasından ibarət dəllilərinin də təmin olunmasını mümkün saymır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymayaraq həmin cəzanın şərti olaraq tətbiq edilməsinə əsas tapmır və bu səbəbdən də apelyasiya şikayətini həmin hissədə də təmin etmir. Beləliklə, apelyasiya tələblərinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib yuxarıda şərh olunanlara əsasən məhkum Təqsirləndirilən şəxs Rəsul oğlunun barəsində hökmlə təyin olunmuş cəzanın yüngülləşdirilməsi və onun həbsdən azad olunması üçün əsas tapmayan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, buna əsaslar olmadığı üçün məhkum edilmiş şəxsin apelyasiya şikayəti təmin edilmədən, Təqsirləndirilən şəxs Rəsul oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 1(101)- 951/2019 saylı hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Rəsul oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci madəsinə əsasən apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 392, 394, 397, 398, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Rəsul oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Rəsul oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 1(101)-951/2019 saylı hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Rəsul oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar “ əsli ilə düzdür ” Hakim: Namiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar