Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-165/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan (avtomobil təmiri ustası), əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Mamırlı ərazi dairəsi, Mamırlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətiman tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 188.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 1(003)-338/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim X6) 17 oktyabr 2022-ci il tarixli, 1(003)-338/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Hökmlə Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəkməsi, cəzanın icrasının Tərtər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, cəzasının əvvəlinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Tərtər və Bərdə rayonlarının hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Tərtər rayonunun Mamırlı kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq üzərində özbaşına tikinti quraşdırma işləri aparmaqla mülkiyyət hüququnu pozmuşdur. Belə ki, o, 2021-cu ilin sentyabr ayndan başlayaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağında, 39T427753; ******* cografi koordinatda yerləşən, dövlət mülkiyyətinə aid, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin neft və qaz əməliyyatlarının aparılması məqsədi ilə ayrılmış, daimi istifadəsinə verilmiş sənaye təyinatlı və potensial partlayış təhlükəli 1 saylı neft-qaz çıxarma sahəsində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə zidd olaraq özbaşına tikinti işləri aparmaqla orada bir yaşayış və bir hamam otağı tikmiş və hazırki dövrə qədər davam edən qəsdən cinayətlə əhatə olunan quraşdırma işləri görərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib məhkəmənin evin sənədlərinin olduğunu nəzərə almadığını qeyd edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilib barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində göstərilən məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə iş üzrə qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının, zərər çəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilməli və Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi yeni yaşayış sahəsində 0,11 ha torpaq sahəsində yerləşən iki otaqlı evi 2003-cü ildə inşa olunmuş və 2006-cı ildən orada yaşayış olmuşdur. 2020-ci ildə 0,11 ha torpaq sahəsi və içərisində olan iki otaqlı evi xalası Qızbəs Şadmanzadədən 11000 manata alaraq orada yaşamağa başlamış, xalası isə həmin torpaq sahəsinə dair Qala bələdiyyəsinin sərəncamını və çertyojunu ona vermişdir. O da Qala bələdiyyəsinə gedib həmin torpaq sahəsini, evin elektrik, su və qaz sayğaclarını öz adına keçirmişdir. Həmin torpaq sahəsinin iki tərəfindən qonşular hasar çəkmişlər, ön və arxa tərəfdə isə daş hasar olmadığından o, sadəcə olaraq daşları hasar kimi düzmüşdür. 2021-ci ilin sentyabr ayında evin qarşısında bir otaq və hamam otağı tikmək istəsə də, bir metr divar qaldırandan sonra Socarın işçiləri ərazinin Neft Şirkətinin olduğunu bildirib tikintinin dayandıraraq tikdiyi divarı uçurmuşlar. Dekabr ayında yenə bir metr hündürlüyündə otaq divarı tiksə də, yenidən neft şirkətinin işçiləri gəlib tikdirdiyi divarı uçurmuşlar. Bir müddət tikinti işləri aparmasa da, mart ayında yenidən bir otaqlı evin divarını tikdirməyə başlamış, mart ayının 15-dən 16-na keçən gecə, saat 01 radələrinə Socarın işçiləri gələrək 2 metr hündürlüyündə tikdiyi daş hasarı uçurmuşlar. Həmin ərazi Socarın yox, Qala Bələdiyyəsinin olmuş və orada hər hansı neft buruqları yoxdur, buna görə heç bir cinayət əməli törətmədiyini hesab edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o mənzili alan zaman həmin sahənin neft şirkətinə məxsus olduğunu bilməmiş, həmin evin sənədləri kimi Qala bələdiyyəsinin sərəncamı və çertyoju olmuş, bunun əsasında da həmin torpaq sahəsini, evin elektrik, su və qaz sayğaclarını öz adına keçirmiş, həmin əmlakı alan zaman üzərində 2003-cü ildə inşa olunmuş iki otaqlı ev olmuşdur. Birinci instansiya məhkəməsində zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) «Azneft» İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağında, 39T427753;4478129 cografi koordinatda H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə verilmiş, Qala neft yatağının sərhədləri daxilində 1 saylı neftqaz çıxarma sahəsində 0,03 ha torpaq sahəsi zəbt edərək orada qanunsuz tikinti işləri aparmışdır. Bununla bağlı aidiyyəti orqanlara rəsmi müraciət olunmuşdur. Həmçinin Neft və Qazçıxarma İdarəsinin və SOS MMC-nin 12 saylı komandasının əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs tərəfindən tikinti işlərinin aparılması davam etdirilmişdir. Ona görə də, Xəzər Rayon Prokurorluğuna rəsmi müraciət olunaraq həmin tikintinin sökülməsi, ərazinin boşaldılması, tikinti işləri aparan şəxsin qanunsuz əməllərinin qarşısının alınması və qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması üçün tədbirlər görülməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduqlarını, ona cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, Qala kəndinin sakini Təqsirləndirilən şəxs vergi ödəyicisi kimi qeydə alınmışdır (YVÖK 12031xxxxxxx). Çoxsaylı ödəniş qəbzlərindən görünür ki, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs “Azərsu ASC” ilə bağladığı 43550905 №-li müqavilə əsasında, **********010 abonent kodu ilə yaşadığı evdə sərf etdiyi suya görə müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Çoxsaylı ödəniş qəbzlərindən görünür ki, abonentin növü kimi “əhali” göstərilmiş Təqsirləndirilən şəxs “Azərişıq ASC”-ə **********0014 abonent kodu ilə ********** əməliyyat nömrəsi altında yaşadığı evdə sərf etdiyi işığa görə müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Çoxsaylı ödəniş qəbzlərindən görünür ki, abonentin növü kimi “əhali” göstərilmiş Təqsirləndirilən şəxs “Azəriqaz ASC”-ə 6D4000B93A050975 kart nömrəsi ilə, ********** əməliyyat nömrəsi altında yaşadığı evdə sərf etdiyi qaza görə müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Çoxsaylı ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs “Baktelekom”-a ******* nömrə altında istifadə etdiyi telefona görə müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Göründüyü kimi, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi yeni yaşayış sahəsində 0,11 ha torpaq sahəsində yerləşən iki otaqlı ev 2003-cü ildə inşa olunmuş və 2006-cı ildən orada yaşayış olmuş, 2020-ci ildə 0,11 ha torpaq sahəsi və içərisində olan iki otaqlı ev təqsirləndirilən şəxs tərəfindən 11000 manat ödənilməklə vətəndaş Qızbəs Şadmanzadədən alınmış, Təqsirləndirilən şəxs orada yaşamağa başlamış, yaşadığı evin elektrik, su və qaz sayğaclarını öz adına keçirmiş və sərfiyyat üzrə ödənişlər etmiş, Qala bələdiyyəsi tərəfindən bələdiyyə büdcəsinin vergi ödəyicisi kimi uçota alınaraq ona müvafiq şəhadətnamə verilmişdir. 14 dekabr 2021-ci il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində, 39T X427752; Y4478129 koordinatlarda yerləşən təxminən 0,01 ha torpaq sahəsində Zamin adlı şəxs tərəfindən fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Aktdan görünür ki, əməkdaşlar tərəfindən aparılmış araşdırma zamanı Zamin adlı şəxs tərəfindən tikinti işlərinin aparılmasına dair müvafiq qurumların icazəsi, eləcə də torpaq sahəsinin ayrılmasına dair icarə, istifadə və mülkiyyət hüquqlarını təsdiq edən sənədlər olmadan aparıldığı müəyyən edilmişdir. Vətəndaşın istifadə etdiyi torpaq sahəsinin dövlət qeydiyyatından keçib-keçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və Necas proqramının bazasında yoxlanılmış, lakin məlumatlar əldə olunmamışdır. Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış 09 dekabr 2021-ci il tarixli müraciətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin neft və qaz əməliyyatlarının aparılması məqsədi ilə ayrılmış, daimi istifadəsinə verilmiş sənaye təyinatlı və potensial partlayış təhlükəli torpaq sahəsinin bir hissəsində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağında, 39T427752;4478129 coğrafi koordinatda Zamin adlı şəxs tərəfindən özbaşına tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Qeyd olunun müraciətdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağında, 39T427752;4478129 coğrafi koordinatda Zamin adlı şəxs tərəfindən aparılan özbaşına tikinti işləri ilə bağlı məlumat verilərək, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli, 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında» Əsasnamənin 7, 9.5 və 11.1-ci, habelə 4 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə X8” Əsasnamənin 3.0.8 və və 3.0.13-cü bəndlərinə əsasən həmin tikilinin sökülməsinə və ərazinin boşaldılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Baxış keçirilməsi haqqında 20 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tikinti işləri aparılmış torpaq sahəsi Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağında yerləşir. Həmin torpaq sahəsində yerləşən iki otaqlı evin qarşısında bir yaşayış və bir hamam otağı tikilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 2020-ci ildə xalasından Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsində 0,11 ha torpaq sahəsi və içərisində iki otaqlı evi alaraq orada yaşamağa başlamış, 2021-ci ilin sentyabr ayında o, iki otaqlı evinin qarşısında bir otaq və hamam otağı tikmiş, təxminən bir metr divar qaldırdıqdan sonra Socarın işçiləri onun həyətinə gəlib ərazinin Neft Şirkətinin balansında olduğunu bildirib tikintinin dayandırılmasını tələb etmişlər və tikdiyi divarı uçurmuşlar. Bundan sonra, o, bir müddət heç bir iş görməmiş və təxminən dekabr ayında yenə də evinin qarşısında bir metr hündürlüyündə otaq divarı tikdirmiş və yenidən neft şirkətinin bir neçə işçiləri gəlib tikdirdiyi divarı uçurmuşlar. O, yenə bir müddət tikinti işlərini saxlamış və mart ayında yenidən bir otaqlı evin divarını tikdirməyə başlamış və yenə də, bir neçə gün sonra mart ayının 15-dən 16-na keçən gecə, təxminən saat 01 radələrinə evdə olduğu zaman həyətdən səs-küy eşitmiş və o, çıxıb Socarın işçilərinin olduğunu görmüşdür. Socarın əməkdaşları yenə də, onun tikdiyi təxminən 2 metr hündürlüyündə olan daş hasarı uçurmağa başlamışlar və tikdiyi bütün hasarı yerə qədər uçurmuşlar, hətta həyətin içində düzdüyü daşları da uçurub yerlə bir etmişlər. Sonradan o, yenidən tikinti-quraşdırma işlərini aparmaqla bu işi başa çatdırmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 14 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1996-cı ildə Tərtər rayonu, Mamırlı kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozulması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən hazırki cinayət işinin obyektiv araşdırılması təmin olunmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyərək Təqsirləndirilən şəxs təqsirliyi məsələsində səhv nəticəyə gəlinmişdir, iş üzrə ittiham tərəfinin təqdim etdiyi və birinci instansiya məhkəməsinin əsaslandığı sübutlarla təqsirləndirilən şəxsə qarşı CM-nin 188.2-ci maddəsi ilə irəli sürülmüş ittiham təsdiqini tapmır. Bununla bağlı məhkəmə kollegiyası aşagıdakı qaydada şərh verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilə olduğundan Azərbaycan Respublikası Konstitusiyasının 12, 148 və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəaları Azərbaycan Respublikasının ərazisində müvafiq surətdə tətbiq edilməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (bundan sonra, Avropa Konvensiyası) 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra, Avropa Məhkəməsi) dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən, Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X5 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı, “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələyə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” 30 noyabr 2004-cü il tarixli qərarında mülkiyyət hüququ ilə bağlı maraqlı məsələ vurğulanmışdır. Qərarda qeyd edilmişdir ki, “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da mülkiyyət hüquqları hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi maraqların “hüquq” kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşısını almır, hər bir halda ərizəçi tikdiyi evə sərf olunmuş materialları, evdəki daşınar əşyaların, evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir, dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Əgər bir dövlətin ərazisində qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tutmalarına baxmayaraq, vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin şəxsin mülkiyyəti sayılır. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edilən qərarının normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş torpaq sahəsində olsada belə qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumların, o cümlədən Qala bələdiyyəsinin qanunsuz tikinti faktından xəbər tutmalarına baxmayaraq, vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verildiyindən (qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilmiş, işıq, su və qaz sayğacı quraşdırılmış, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəmiş) həmin evdə illərlə yaşamış təqsirləndirilən şəxsin hər hansı əlavə tikinti aparılmasına görə əməlində cinayət tərkibi mövcud deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Avropa İnsan Hüquqları Məhkəməsi “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (CM-nin 3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Hakimlərin davranışı üzrə Banqalor Prinsiplərinin “hakim ictimai rəydən asılı olmayaraq fəaliyyət göstərməli” olmasına dair 28-ci maddəsinə əsasən məhkəmə işi cəmiyyətdə polemikaya səbəb ola, kütləvi informasiya vasitələrinin diqqətini cəlb edə və geniş şəkildə işıqlandırıla bilər; belə vəziyyətdə hakim “fırtına mərkəzində” ola bilər. Bəzən, bu cür aşkarlığın təsiri altında ictimai rəy nəzərəçarpacaq dərəcədə bu və ya digər arzuolunan nəticəyə doğru meyllənə bilər. Lakin hakim öz vəzifəsini icra edərkən hər hansı kənar təsirdən azad olmalıdır. Hakim tətbiq edəcəyi qanunun və ya mübahisələrini həll etməli olduğu çəkişən tərəflərin ictimaiyyət, KİV, dövlət məmurları və yaxud onun ailə üzvləri və dostları tərəfindən bəyənilib-bəyənilməməsini nəzərə almamalıdır. Hakim hər hansı qrup maraqlarının təsiri altına düşməməli, ictimaiyyətin narazılığına səbəb olmaq və ya tənqidə məruz qalmaq təhlükəsindən çəkinməməlidir. Hakimlərin müstəqilliyi hər hansı formada kənar təsirdən asılı olmamanı nəzərdə tutur. CPM-nin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, birinci instansiya məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi mövcud deyil. Bu isə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibini istisna edən haldır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü ləğv edilməsi və barəsində bəraət hökmünün çıxarılması barədə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya apellyasiya şikayətinin dəlilini əsaslı hesab edir. CPM-nin 42.1-ci maddəsinin tələbinə görə - 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 399.1, 399.1.2-399.1.4-cü maddələrinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar hesab edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, onun CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-338/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən ləğv edilərək, Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 42.1.2, 56.0.1, 350, 398.1, 398.1.2, 399.1, 399.1.2-407 və 410-cü maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, HÖKM ETDİ: Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair 17 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilsin və yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs əməlində CM-nin 188.2-ci maddəsinin tərkib əlamətləri olmadığından ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması Təqsirləndirilən şəxs izah edilsin. Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 35 (otuz beş) saat üçün cəmi 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X4 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-165/2023
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-165/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver