Məhkəmə qərarları › İş №1(103)-1671/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1671/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1671/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (cəzasını çəkib qurtarmamış), Quba rayonu, Rustov Ə/D, Rüstov kəndində qeydiyyatında olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 1(001)-346/2022 saylı hökmündən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş prokuror tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fərid Əmirəliyev) 07 iyul 2022-ci il tarixli, 1(001)-346/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 4 (dörd) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 12 fevral 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay 25 (iyirmi beş) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Siyəzən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(059)-35/2021 nömrəli hökmü ilə məhkum edildiyi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(001)-131/2022 nömrəli qərarı ilə 1 (bir) il azaldılmış azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 24 (iyirmi dörd) gün hissəsi hazırkı hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası məhkum edilmiş, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmiş və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin, məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 fevral 2022-ci il tarixdə gecə saat 03 radələrində ətrafda digər şəxslərin olmamasından istifadə edərək ünvan 1 ünvandakı “Prins” şadlıq evinin qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd, həmin tarixdə saat 04 radələrində vahid niyyətlə əhatə edilən qəsdlə cinayət əməllərini davam etdirərək ünvan 2 ünvanın qarşısında yolun kənarında quraşdırılmış 01 ədəd olmaqla hər birinin dəyəri 175 manat təşkil edən ümumilikdə 02 ədəd Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus su otürücüləri qurğularının dəmir barmaqlıqlarını gizli olaraq talayıb həmin zərərçəkmiş hüquqi şəxsə cəmi 350 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 11 fevral 2022-ci il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə 10 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd gümüşü kağızdan olan bükümdə təmiz çəkisi 0,266 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayıb daşıyaraq, 12 fevral 2022-ci il tarixdə saat 10:20-də ünvan 3 ünvanının yaxınlığında Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılmış və ünvan 5 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman ənində olan göy rəngli, cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü kağızdan olan bükümdə təmiz çəkisi 0,266 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Hökmdən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə cinayət qanunu norması düzgün tətbiq olunaraq, həmçinin sonuncuya cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən yalnız törətdiyi cinayət əməlini etiraf etməsinə, səmimi peşmançılığına, dəymiş ziyanı tam olaraq ödəməsinə istinad etmiş, lakin onun şəxsiyyətini, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə almamışdır. Mübahisəsizdir ki, araşdırma nə qədər səmərəli olursa-olsun, təyin edilən cəza törədilmiş cinayətə adekvat olmadıqda onun əhəmiyyəti az olacaqdır. Cinayətin törədilməsinin sübut edilməsi müvafiq cəzanın təyin edilməsi ilə nəticələnməlidir. Yalnız bu halda cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə ki, Təqsirləndirilən şəxs2 barəsində olan Siyəzən rayon məhkəməsinin 17 iyul 2021-ci il tarixli hökmündən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 04 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərkən məhkəmə səmimi peşmançılıq çəkməsini, əməlinə mənfi münasibətini əsas gətirərək barəsində həbslə bağlı olmayan cəza təyin etməsinə baxmayaraq sonuncu bundan nəticə çıxarmayaraq, islah olunmamış və yenidən bu qəbildən olan Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan oğurluq, habelə həmin Məcəllənin 234.1-ci maddəsində öz əksini tapan qəsdən cinayət əməllərini törətmişdir ki, bu da Təqsirləndirilən şəxs2 şəxsiyyətinin təhlükəliliyinin bariz nümunəsidir. Bundan başqa, Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ”8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək onun çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il müddətə azaldılmışdır. Lakin, Təqsirləndirilən şəxs2 bundan da müsbət nəticə çıxarmayaraq, məhz məhkəmənin qərarından qısa müddət - təxminən 15 gün keçdikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında yenidən məhz oğurluq cinayətini, bundan 3 gün sonra da psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıyaraq başqa bir cinayət əməlini törətmişdir. Habelə, məhkəmə Təqsirləndirilən şəxs2 hazırki iş üzrə olan cinayət əməllərini cəza çəkdiyi dövrdə törətdiyini nəzərə almayaraq, onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin etməklə, onun cəmiyyət üçün təhlükəli olmasını nəzərə almamışdır. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Habelə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 3-2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların tamamilə və ya qismən toplanılması zamanı müddətlər müəyyən edilərkən Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Göründüyü kimi, ibtidai və məhkəmə istintaqı zamanı həbsdə saxlanılma müddətləri təyin edilmiş qəti cəzaya, yəni cinayətlərin və ya hazırki iş üzrə olan hökmlərin məcmusu ilə təyin edilən cəzaya hesablanmalıdır. Lakin, məhkəmə bu hissədə cinayət qanunu normasını pozmuşdur. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs2 CM-nin 66.2-ci maddəsinə əsasən 04 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etdikdən sonra Siyəzən rayon məhkəməsi tərəfindən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini CM-nin 67.1-ci maddəsinə əsasən hazırki cəza ilə birləşdirərək nəticədə CM-nin 69.3-cü maddəsini tətbiq etməklə onun həbsdə və ev dustaqlığında olduğu müddəti həmin cəzadan çıxmalı olduğu halda, ona hazırki iş üzrə CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzadan CM-nin 69.3-cü maddəsini tətbiq edərək həbsdə və ev dustaqlığında olduğu müddətləri çıxdıqdan sonra, CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza ilə çəkilməmiş cəzanı birləşdirirək yanlışlığa yol vermişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X4 verilmiş apellyasiya protestini müdafiə edərək, məhkəmədən apellyasiya protestinin təmin edilməsini, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 1(001)-346/2022 saylı hökmünün Təqsirləndirilən şəxs2a aid hissədə cinayət qanunu norması düzgün tətbiq olunaraq, həmçinin sonuncuya cəzanın həddi ilə bağlı birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi hədlərdə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ayrı-ayrılıqda çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi3 verilmiş apellyasiya protestinin təmin edilməsi üçün heç bir əsas olmadığını, bu səbəbdən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, hökm dəyişdirilməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya protestindən göründüyü kimi, məhkum edilmiş şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs2 ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022ci il tarixli, 1(001)-346/2022 saylı hökmü Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 iki azyaşlı uşağının olmasını, tərəfindən cinayət hadisəsi nəticəsində vurmuş olduğu maddi ziyanı könüllü olaraq tamamilə ödəməsini, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını əsas tutmaqla ona yekun cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəsizlik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətlərini səciyələndirən halları, yəni sonuncunun əvvəllər də bir qrup şəxs halında talama cinayətinin törədilməsində məhkum edilməsini nəzərə almamış və ona törətdiyi əməllərə münasibətdə sanksiyada nəzərdə tutulan yüngül cəza növünü təyin etmişdir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(059)-35/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-in 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, qəti olaraq 2 (iki) il 4 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(001)-131/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan hissəsi “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 1 (bir) il müddətə azaldılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində daha əvvəl çıxarılmış hökmə və hazırkı iş üzrə törədilmiş cinayətlərin tarixlərinə (08 fevral 2022-ci il və 11 fevral 2022-ci il tarixlərdə) nəzər saldıqda müəyyən olunur ki, Nuriyev X3 Rayon Məhkəməsinin hökmü ilə talama cinayəti (hazırkı hökmdə olduğu kimi əlbir olan bir qrup şəxs halında oğurluq cinayəti törətmiş) törətməsi ilə bağlı məhkum edilməsinə baxmayaraq, yenidən məhz əlbir olan bir qrup şəxs halında oğurluq cinayətini, bundan 3 gün sonra da psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıyaraq yeni bir cinayət əməlini törətmiş və həmin cinayət əməllərini daha əvvəl çıxarılmış hökm üzrə cəzasını çəkdiyi dövrdə törəmişdir. Düzdür Siyəzən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(059)-35/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, həmin hökmlə sonuncu üzərində yaranmış məhkumluq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin göstərilən hal məhkəməni cəza təyini zamanı mühüm əhəmiyyət kəsb edən cinayət törətmiş şəxslərin şəxsiyyətlərini səciyyələndirilən halların dəqiq müəyyən edilməsi vəzifəsindən azad etmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarlar). Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayəti törətdikdən sonra həmin əməllərin cəza təhdidi altında qadağan olmuş ictimai təhlükəli əməl olduğunu bilə-bilə yenidən qəsdlə eyni üsulla (CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu əməl nəzərə alınmaqla) cinayət törətməsi özü-özlüyündə məhkum edilmiş şəxsin seçdiyi həyat tərzinin göstəricisi olmaqla yanaşı, sonuncuda cinayətə meyillilik təfəkkürünün formalaşmasına dəlalət edir. Bu isə Təqsirləndirilən şəxs2 barəsində əvvəllər bir dəfə təyin olunmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cəzanın məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etmədiyini təsdiq edən fakt kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan halları, o cümlədən, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza növü ilə sonuncunun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması mümkün olmadığından, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bundan başqa, həmçinin qeyd olunmaldır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 və 67.1-ci maddələrinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edərkən cinayət qanunu normalarını düzgün tətbiq etməmiş və yekunda məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnən yekun cəza həddi müəyyən etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi yekun məhkəmə aktından müəyyən olunur ki, məhkəmə ayrı-ayrılıqda təyin etdiyi cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamış, qismən toplanmış cəzaya münasibətdə CM-nin 69.3-cü maddəsini tətbiq edərək məhkum edilmiş şəxsin həbsdə və ev dustaqlığında olduğu müddətlərini çıxmış, daha sonra Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza ilə Siyəzən rayon məhkəməsi tərəfindən təyin edilmiş cəzanın çəkilməmiş hissəsini birləşdirərək Təqsirləndirilən şəxs2 münasibətdə yekun qəti cəza həddi müəyyən etmişdir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 3-2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların tamamilə və ya qismən toplanılması zamanı müddətlər müəyyən edilərkən Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Göründüyü kimi, ibtidai və məhkəmə istintaqı zamanı həbsdə saxlanılma müddətləri təyin edilmiş qəti cəzaya, yəni cinayətlərin və ya hazırki iş üzrə olan hökmlərin məcmusu ilə təyin edilən cəzaya hesablanmalıdır. Belə olan halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun qərarından əks olunmuş hüquqi mövqeyi nəzərə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi hər maddə ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən müvafiq cəzalar qismən toplamaq yolu ilə qəti cəza həddi müəyyən edilməli, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Siyəzən rayon məhkəməsi tərəfindən təyin edilmiş cəzanın çəkilməmiş hissəsi hazırkı cəzaya birləşdirməli və hesablanmış yekun cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında olduğu, həmçinin cəza çəkdiyi müddət çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci tarixli 21-1/316401-1 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 1(001)-346/2022 saylı hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 05 oktyabr 2022-ci tarixə 04 il 04 ay 12 gün təşkil edir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Qeyd olunan Məcəllənin 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hallarındandır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair 07 iyul 2022-ci il tarixli, 1(001)-346/2022 saylı hökmü cinayət qanunu norması düzgün tətbiq edilməsi və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 daha ağır cəza olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə dəyişdirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4, 399.1.5, 405.1.4 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 1(001)-346/2022 saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Siyəzən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(059)-35/2021 nömrəli hökmü ilə məhkum edildiyi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(001)-131/2022 nömrəli qərarı ilə 01 il azaldılmış azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 24 gün hissəsinin iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 05 ay 12 gün hazırkı qərar üzrə təyin edilmiş azadlıqdan məhrum etməsi cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 12 fevral 2022-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 ay 25 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 1(001)-346/2022 saylı hökmünün icrası ilə əlaqədar 17 avqust 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək çəkdiyi 01 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 24 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 il 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qismində qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin və onun cəzaçəkmə müəssisəsinə göndərilənədək həbsdə saxlanılması Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli qərar elan edildiyi gündən, yəni 05 oktyabr 2022-ci il tarixdən hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Cavid Hüseyn Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar