Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-171/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və maraqlarına toxunan şəxs X6 vərəsəsi X9 nümayəndəsi və vəkili - Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğlunun iştirakları ilə, X59 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 17 aprel tarixli, 1(101)-70/2013 nömrəli hökmündən maraqlarına toxunan şəxs X6 nümayəndəsi Müdafiəçi Cəlal oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər – R.A.Allahverdiyeva (sədrlik edən və məruzəçi), T.X.Nəsrullayeva və N.A.Kərimovdan ibarət məhkəmə tərkibində) 2013-cü il 17 aprel tarixli 1(101)-70/2013 nömrəli hökmü ilə X92 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun 2011-ci il 6 iyun tarixdən 2012-ci il 21 iyun tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 15 (on beş) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, üzərində 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 7 (yeddi) il 5 (beş) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Həmin hökmlə cinayət işi üzrə ibtidai istintaq zamanı X59 faktiki yaşadığı mənzildə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülən və 24 iyun 2011-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına keçirilmiş 97100 (doxsan yeddi min yüz) avro və 67500 (altmış yeddi min beş yüz) manat pul vəsaiti xüsusi müsadirə edilərək dövlət nəfinə ödənilmişdir. Həmin hökmlə həmçinin X37, X38 və X3 da təqsirli bilinib məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X92 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, eləcə də təkrarən, qabaqcadan bir qrup şəxslə əlbir olaraq cinayət əlaqəsinə girməklə xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü və üçüncü şəxslər üçün vasitəçidən istifadə etməklə külli miqdarda rüşvət almışdır. Belə ki, 2006-cı il 13 iyul tarixdən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdir müavini vəzifəsində işləyən O.Ə.Kərimov 2008-ci ilin mart ayında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib R.K.Hüseynov və sonuncunun qardaşı R.K.Hüseynov ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib bir qrup şəxs halında, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə, yəni vətəndaşlardan alınacaq rüşvət müqabilində R.K.Hüseynov tərəfindən adlarına saxta sənədlər tərtib edilməklə onların həmin vaxtdan arxa tarixə olmaqla guya müəyyən müddət Azərbaycan Respublikası ərazisində yerləşən ali təhsil müəssisəsilərinə qəbul edilmələri və təhsil almaları görüntüsü yaratmaqla, daha sonra həmin şəxslərin Azərbaycan Respublikasında yerləşən müxtəlif ali təhsil müəssisələrinin İ, İİ və ya İİİ kurslarına köçürülmələrini təmin etmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən həmin şəxslərin köçürülməsinə etiraz olunmaması haqqında məktubların təqdim edilməsi barədə qeyd edilən şəxslərlə razılığa gələrək, R.K.Hüseynovun bilavasitə özünə və ya digər şəxslər vasitəsi ilə sonuncuya müraciət etmiş ayrı-ayrı şəxslərdən, o cümlədən X14 Azərbaycan X2 İqtisadiyyatı və Təşkili İnstitutunun inzibati binasında 2007-ci ilin yay aylarında 4.000 (dörd min) ABŞ dolları və ya 3.524 (üç min beş yüz iyirmi dörd) manat, X1 Bakı Metropoliteninin “Nizami” stansiyasının yaxınlığında 2008-ci ilin iyul ayında 6.000 (altı min) manat, X4 Bakı Metropoliteninin “Nərimanov” stansiyasının yaxınlığında 2008-ci ilin iyul ayında 10.000 (on min) manat, X31 Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının yaxınlığında 2008-ci ilin avqust ayından 2010-cu ilin oktyabr ayına kimi 13.000 (on üç min) manat, X15 Azərbaycan Texniki Universitetinin inzibati binasının yaxınlığında 2008-ci ilin yay aylarında 6.000 (altı min) ABŞ dolları və ya 4.949 (dörd min doqquz yüz qırx doqquz) manat, X32 Bakı Metropoliteninin “Nizami” stansiyasının qarşısında 2008-ci ilin sentyabr ayından 2009-cu ilin yanvar ayına kimi 13.000 (on üç min) manat, X10 Bakı şəhərində 2008-ci ilin sonlarından 2009-cu ilin yaz aylarına qədər 15.000 (on beş min) manat, X16 Bakı Metropoliteninin “Nərimanov” stansiyasının yaxınlığında 2009-cu ilin yanvar ayında 2.000 (iki min) manat, Ələkbər Ələkbərovdan Bakı şəhərində 2009-cu ilin yay aylarında 17.000 (on yeddi min) manat, X7 Bakı şəhərində “Laçın” Ticarət Mərkəzi və Bakı Metropoliteninin “Əzizbəyov” stansiyasının yaxınlığında 2009-cu ilin may ayından həmin ilin sentyabr ayına qədər 17.000 (on yeddi min) ABŞ dolları və ya 13.675 (on üç min altı yüz yetmiş beş) manat və 3.000 (üç min) manat, cəmi isə 16.675 (on altı min altı yüz yetmiş beş) manat, X5 Bakı Metropoliteninin “Nizami” stansiyasının qarşısında 2009-cu ilin avqust ayından həmin ilin dekabr ayına kimi 11.000 (on bir min) manat, X17 Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binasının qarşısında 2009-cu ilin sentyabr ayında 5.000 (beş min) ABŞ dolları və ya 4.020 (dörd min iyirmi) manat, ümumilikdə isə külli miqdar təşkil edən 116.168 (yüz on altı min yüz altmış səkkiz) manat məbləğində birbaşa və qardaşı R.K.Hüseynovun vasitəsi ilə rüşvət kimi qəbul etdiyi pul vəsaitini, həmçinin R.K.Hüseynov tərəfindən qanunsuz yolla ali təhsil müəssisələrinə qəbul edilmələri nəzərdə tutulan vətəndaşların adlarına olan və onlardan topladığı şəxsiyyət vəsiqələrinin surətlərini, yaşayış yeri üzrə tibbi arayışları, fotoşəkilləri, həmin şəxslərin bir təhsil müəssisəsindən Azərbaycan Respublikasında yerləşən digər təhsil müəssisəsinə köçürülmələrinə icazə verilməsinə dair Azərbaycan Respublikası Təhsil nazirinin adına tərtib edilmiş ərizələri 2008-2010-cu illər ərzində hissə-hissə R.K.Hüseynov vasitəsi ilə Təhsil Nazirliyindəki xidməti otağında bir neçə dəfəyə almışdır. Daha sonra O.Ə.Kərimov vəzifəli şəxs olaraq öz qanunsuz hərəkətlərinə görə təkrarən külli miqdarda rüşvət kimi aldığı pul vəsaiti müqabilində qanunsuz hərəkətlərini davam etdirərək Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə qeyd edilən vətəndaş X11, eləcə də digər vətəndaşların övladları və ya qohumları X48, X23, X33, X60, X24, X39, X40, X61, X49, X73, X74, X50, X12, X34, X18, Yüzbaşıyeva Dürdanə Vahid qızı, X62, X63, X25, X64, X75, X26, X51, X52, X35, X41, X53, X19, X54, X27, X13, X93, X55, X76, X83, X77 və X20 övladı Kamran Hüseynovun ərizələri əsasında bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə köçürülmələrinə etiraz olunmaması barədə xx.xx.2008-ci il tarixli 010-018-703/12 nömrəli, xx.xx.2008-ci il tarixli xx-xx-6370/17 nömrəli, xx.xx.2008-ci il tarixli xx-xx-6452/17 nömrəli, xx.xx.2008-ci il tarixli xx-xx-6451/17 nömrəli, xx.xx.2008-ci il tarixli H-14001/03-24 nömrəli, xx.xx.2009-cu il tarixli A-2018/03-24 nömrəli, xx.xx.2009-cu il tarixli 46-03-870/17 nömrəli, xx.xx.2009-cu il tarixli M-2355/03-24 nömrəli, xx.xx.2009-cu il tarixli M-12710/03-24 nömrəli, xx.xx.2009-cu il tarixli Ə- 11334/03-24 nömrəli, xx.xx.2009-cu il tarixli B-11740/11-24 nömrəli, xx.xx.2009-cu il tarixli xx-xx-5705/17 nömrəli, xx.xx.2009-cu il tarixli M-10809/03-24 nömrəli, xx.xx.2009-cu il tarixli B-12137/03-24 nömrəli, xx.xx.2009-cu il tarixli S-12258/03-24 nömrəli, xx.xx.2009-cu il tarixli İ-12257/03-24 nömrəli, xx.xx.2009-cu il tarixli 46-03- 5815/17 nömrəli, xx.xx.2010cu il tarixli T 2144/03-24 nömrəli, xx.xx.2010-cu il tarixli xx-xx-4205/17 nömrəli, xx.xx.2010cu il tarixli Ə-16622/03-24 nömrəli, xx.xx.2010-cu il tarixli R-15284/03-24 nömrəli və xx.xx.2010-cu il tarixli xx-xx-5674/17 nömrəli razılıq məktubları və siyahıların Azərbaycan Respublikası Təhsil naziri və həmin nazirliyin Aparat rəhbəri tərəfindən imzalanıb vətəndaşların qanunsuz köçürülmələri nəzərdə tutulan ali təhsil müəssisələrinə təqdim edilməsi, nəticədə isə həmin şəxslərin R.K.Hüseynovun tərtib etdiyi saxta sənədlər əsasında köçürülmə yolu ilə Azərbaycan Respublikasının müxtəlif təhsil müəssisələrinə qəbul edilmələrinə, bəzilərinin isə hətta bir müddət həmin təhsil müəssisələrində dərslərdə iştirak etmələrinə nail olmuş, lakin buna baxmayaraq, bir müddət sonra həmin şəxslər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xətti ilə, R.K.Hüseynovun təhsil müəssisələrinə təqdim etdiyi saxta sənədlərdə əks edilmiş tarixlərə uyğun olaraq ali təhsil müəssisələrinə qəbul edilmədikləri və məhz saxta sənədlər təqdim olunmaqla qanunsuz yolla təhsil aldıqları müəyyən edildiyindən onlar həmin təhsil müəssisələrindən xaric edilmişlər. Bununla da O.Ə.Kərimov öz cinayət əməlləri nəticəsində təhsil sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə, qaydalarına əsasən ali təhsil müəssisəsinə qəbul olunmaq və təhsilini qanuni əsaslarla davam etdirmək hüququndan məhrum edilməklə vətəndaşların, habelə dövlətin təhsil sahəsində tənzimlənən münasibətlərinə və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər - Ə.İ.Qasımov (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və Ə.N.Bayramovdan ibarət məhkəmə tərkibində) 2013-cü il 19 sentyabr tarixli, 1(103)-680/2013 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 17 aprel tarixli 1(101)-70/2013 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum O.Ə.Kərimovun müdafiəçisi X42 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər - G.L.Rzayeva (sədrlik edən və məruzəçi), F.A.Kərimov və İ.T.Hacıqayıbovdan ibarət məhkəmə tərkibində) 2015-ci il 23 iyun tarixli, 1(102)-831/2015 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2013-cü il 19 sentyabr tarixli, 1(103)- 680/2013 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, məhkum O.Ə.Kərimovun müdafiəçisi M.Q.Baxışov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs O.Ə.Kərimovun faktiki yaşadığı X8 (O.Ə.Kərimovun qayınanası) məxsus mənzildə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş 97100 (doxsan yeddi min yüz) avro və 67500 (altmış yeddi min beş yüz) manat pul vəsaiti 2011-ci il 24 iyun tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına keçirilmişdir. İbtidai istintaq zamanı 2011-ci il 6 iyun tarixdə verdiyi ifadədə O.Ə.Kərimov faktiki yaşadığı F.Z.Qayıbovaya məxsus evdən aşkar olunmuş 97100 (doxsan yeddi min yüz) avro və 67500 (altmış yeddi min beş yüz) manat pullardan 42100 (qırx iki min yüz) avro və 67500 (altmış yeddi min beş yüz) manat ona, 55000 (əlli beş min) avro pulun isə qayınatasına məxsus olmasını, uzun müddət müxtəlif vəzifələrdə və yerlərdə işlədiyi müddətdə həmin pulları topladığını qeyd etmişdir. Yəni təqsirləndirilən şəxs O.Ə.Kərimov ifadəsində həmin pulların əksəriyyətinin ona məxsus olmasını təsdiq etmişdir. 2011-ci ilin dekabr ayında F.Z.Qayıbova axtarışın aparılması və pulun götürülməsi ilə əlaqədar məhkəmə nəzarəti qaydasında şikayət etmişdir. İlk öncə o qeyd etmişdir ki, müstəntiq axtarışın təxirəsalınmadan aparılmasını əsaslandırmamış, axtarış qeyri-qanuni aparılmışdır. Bundan başqa, o qeyd etmişdir ki, mənzildən götürülmüş pul ona məxsusdur. O, 2008-ci il 6 iyun tarixdə özünə məxsus torpaq sahəsini 158.500 (yüz əlli səkkiz min beş yüz) manata satmışdır. Ona görə də F.Qayıbova pulun ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs O.Ə.Kərimovun müdafiəçisi Müdafiəçi Cəlal oğlu müdafiə nitqi ilə çıxış edərək bildirmişdir ki, O.Ə.Kərimovun faktiki yaşadığı mənzildə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş 97100 (doxsan yeddi min yüz) avro və 67500 (altmış yeddi min beş yüz) manat pulun bir hissəsi qayınatasına və qayınanasına məxsus olmuş, onlar hətta bu barədə alqı-satqı müqaviləsini təqdim etmişlər. Həmçinin, müdafiə tərəfi axtarışın qanunsuz olmasını bildirmiş, çünki ibtidai istintaq qərarına əsasən 2 nömrəli mənzildə axtarış keçirilməli halda, 8 nömrəli mənzildə axtarış keçirilmiş və bu da məhkəmə qərarı olmadan axtarış aparılmasının qanunsuz olması ilə əsaslandırmışdır. Həmçinin axtarış qərarında hansı səbəbdən məhkəmə qərarı olmadan təxirəsalınmaz axtarışın aparılması əsaslandırılmamışdır. Yasamal Rayon Məhkəməsinin 2012-ci il 23 yanvar tarixli qərarı ilə X6 şikayəti təmin edilməmişdir. Məhkəmə öz qərarında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin mənzilində istintaq üçün əhəmiyyət kəsb edən əşyaların və sənədlərin olmasını güman etmək üçün kifayət qədər əsaslar olmuş, pulun qaytarılması məsələsinə isə O.Ə.Kərimovun cinayət işi üzrə istintaqı başa çatdıqdan sonra baxıla bilər. Bakı Apellyasiya Məhkəməsinin 2012-ci il 1 fevral tarixli qərarı ilə X6 şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2012-ci il 23 yanvar tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin hökmü ilə cinayət işi üzrə ibtidai istintaq zamanı O.Ə.Kərimovun faktiki yaşadığı F.Z.Qayıbovaya (O.Ə.Kərimovun qayınanası) məxsus mənzildə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş pul vəsaiti dövlət nəfinə müsadirə edilmişdir. Bununla əlaqədar vətəndaş X6 vəkili R.J.Məmmədov İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (bundan sonra - “Avropa Məhkəməsi”) şikayət ərizəsi ilə müraciət etmişdir. Avropa Məhkəməsi həmin ərizəyə baxaraq 2023-cü il 28 fevral tarixdə qərar qəbul etmişdir. Avropa Məhkəməsi müvafiq iddiaların əsaslı olması haqqında nəticəyə gəlib, baxılan işdə Avropa Konvensiyasının 8-ci maddəsinin və Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinin pozulduğunu müəyyən etmişdir. Avropa Məhkəməsi Konvensiyanın 8-ci maddəsinin pozulduğunu müəyyən edərkən ona əsaslanmışdır ki, ibtidai istintaq zamanı müstəntiqin qərarında sadəcə olaraq O.Ə.Kərimov ilə bağlı cinayət təhqiqatına, saxta sənədlərin və nağd pulun tapılmasının zəruriliyinə istinad edilmişdir. Bu səbəblər uyğun olsa belə, müdaxilənin demokratik cəmiyyətdə zəruri olub-olmadığını müəyyən etmək üçün onların “müvafiq” və “kafi” olmasını və mütənasiblik prinsipinə əməl edilməsi meyarların balansını təmin etmədiyindən əsaslı hesab edilə bilməz. Bundan başqa, axtarış qərarında da təxirəsalınmaz hallarla bağlı heç bir əsas göstərilməmişdir. Axtarış qərarına sonrakı məhkəmə baxışı zamanı yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmamışdır. Ərizəçinin mənzilində axtarış aparılmasının qanuniliyi barədə müvafiq və kifayət qədər əsaslar təqdim etməmişlər. Avropa Məhkəməsi Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinin pozulduğunu müəyyən edərkən ona əsaslanmışdır ki, axtarış zamanı götürülmüş nağd pul ərizəçinin mənzilindən götürülüb. Bundan əlavə, o, torpaq sahəsi ilə bağlı 2008-ci ildə alqısatqı müqaviləsi təqdim etmişdir. Həmin müqavilədə torpaq üçün ödənilən qiymət kimi göstərilən məbləğ (təxminən 136.000 avro) onun mənzilindən götürülmüş nağd pulun məbləğinə (təxminən 155.000 avro) qismən uyğun gəlir. Hökumət həmin müqavilənin mövcudluğuna və ya etibarlılığına etiraz etməmişdir. Ərizəçi və O.Ə.Kərimov milli hakimiyyət orqanlarına şikayətlərində iddia etmişlər ki, ərizəçinin mənzilindən götürülən pul ərizəçiyə məxsus olub. Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi sözügedən pulun heç olmasa bir hissəsinin ona məxsus ola biləcəyinə dair ilkin sübut təqdim edib. Buna görə də, onun Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən “mülkiyyəti” olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 12(102)-2(a)/2024 nömrəli qərarı ilə X59 barəsində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2015-ci il 23 iyun tarixli, 1(102)-831/2015 nömrəli qərarı və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2013-cü il 19 sentyabr tarixli, 1(103)-680/2013 nömrəli qərarı O.Ə.Kərimovun faktiki yaşadığı mənzildə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş 97100 (doxsan yeddi min yüz) avro və 67500 (altmış yeddi min beş yüz) manat pul vəsaitinin xüsusi müsadirə edilməsinə dair hissədə ləğv edilmiş və cinayət işi həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsində yeni apellyasiya baxışına təyin edilmişdir. Sübutların təsviri və proses iştirakçılarının çıxışları: Ölüm haqqında şəhadətnamədən görünür ki, X92 20 iyul 2015-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X28 24 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 əri X43 23 may 2022-ci il tarixdə vəfat etmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, X6 23 sentyabr 1980-ci il təvəllüdlü X36 adlı övladı vardır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 24 aprel 2023-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi X21r və o miras əmlakdan tam hissədə irs almalıdır. Vəkil orderi və etibarnamədən görünür ki, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cəlal oğlu X9 nümayəndəsi və vəkilidir. «Pulun depozit hesaba ödənilməklə saxlanılmasının təmin edilməsi barədə» Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi tərəfindən qəbul edilmiş 23 iyun 2011-ci il tarixli qərardan görünür ki, X59 faktiki yaşadığı Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsi ev 145, mənzil 2-də aşkar edilmiş - 97100 (doxsan yeddi min yüz) Avro və 67500 (altmış yeddi min beş yüz) Manat pul vəsaiti Azərbaycan Respublikasının Baş prokurorluğunun müvafiq depozit hesabına keçirilməklə özgəninkiləşdirilməsinin qarşısının alınması təmin olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı göstərdi ki, X59 faktiki yaşadığı Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsi ev 145, mənzil 2-də aşkar edilmiş - 97100 (doxsan yeddi min yüz) Avro və 67500 (altmış yeddi min beş yüz) Manat pul vəsaitinin müsadirəsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razıdırlar, X59 ifadələrindən də göründüyü kimi həmin pulun bir hissəsi Orxan Kərimovun özünə məxsus olmuşdur. Odur ki, məhkəmə kollegiyasından qeyd olunanlar nəzərə alınmaqla hökmün xüsusi müsadirə hissəsinin dəyişdirilmədən, qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında X6 vərəsəsi X9 nümayəndəsi və vəkili Müdafiəçi Cəlal oğlu məhkəmə kollegiyasından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2023-cü il 28 fevral tarixli və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 12(102)-2(a)/2024 nömrəli qərarında xüsusi müsadirə ilə bağlı qeyd olunan göstərişlərin yerinə yetirilməsini, X59 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 17 aprel tarixli, 1(101)-70/2013 nömrəli hökmü xüsusi müsadirə hissədə dəyişdirilməsini, X6 mülkiyyəti olmuş və ona məxsus mənzildə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülən 97100 (doxsan yeddi min yüz) avro və 67500 (altmış yeddi min beş yüz) manat pul vəsaitinin mərhum X6 vərəsəsi X22 qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, X6 mülkiyyəti olmuş və ona məxsus mənzildə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülən 97100 (doxsan yeddi min yüz) avro və 67500 (altmış yeddi min beş yüz) manat pul vəsaitinin xüsusi müsadirəsinə dair hissəsində səhv nəticəyə gəlinmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməklə qeyd edilən pul vəsaitlərinin xüsusi müsadirəsinə dair hissəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 17 aprel tarixli, 1(101)-70/2013 nömrəli hökmü xüsusi müsadirə hissədə dəyişdirilməli, hökmdən «Cinayət işi üzrə ibtidai istintaq zamanı X59 faktiki yaşadığı mənzildə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülən və 24 iyun 2011-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına keçirilmiş 97100 (doxsan yeddi min yüz) avro və 67500 (altmış yeddi min beş yüz) manat pul vəsaiti xüsusi müsadirə edilərək dövlət nəfinə ödənilsin» hissəsi xaric edilməli, X59 faktiki yaşadığı mənzildə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülən 97100 (doxsan yeddi min yüz) avro və 67500 (altmış yeddi min beş yüz) manat pul vəsaiti 24 aprel 2023-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi X22 qaytarılmalıdır. Məhkəmə kollegiyası gəldiyi nəticəyə dair aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Xüsusi müsadirə ilə bağlı ətraflı açıqlama Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cezaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli Qərarında verilmişdir. X47 Məhkəməsinin Plenumu müsadirə ilə bağlı CPM-in 142.1, 249.1, 249.2, 249.3.3 və 493.3.6-cı maddələrinin tələblərini ətraflı təhlil edərək, həmçinin müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qəbul etdiyi qərarın qanuni və əsaslandırılmış olmasını zəruri edən qanunçuluq prinsipini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, məhkəmə tərəfindən cinayət işi çərçivəsində qəbul edilən digər prosessual qərarlar kimi əmlak üzərinə həbs qoyulması barədə qərar da yoxlanılmış və qiymətləndirilmiş sübutlarla əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, CPM-in 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Adıçəkilən Qərarda xüsusilə vurğulanmışdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən X59 faktiki yaşadığı mənzildə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülən 97100 (doxsan yeddi min yüz) avro və 67500 (altmış yeddi min beş yüz) manat pul vəsaitinin xüsusi müsadirə edilərək dövlət nəfinə ödənilməsinə dair hissəsində səhv nəticəyə gəlinmiş, bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməklə, qeyd edilən pul vəsaitlərinin xüsusi müsadirəsinə dair hissəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 17 aprel tarixli, 1(101)-70/2013 nömrəli hökmü dəyişdirilməli, həmin əmlakın (pul vəsaitinin) xüsusi müsadirəsinə dair müddəalar qeyd edilən hökmdən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 399.1.2 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlarına toxunan şəxs X6 nümayəndəsi Müdafiəçi Cəlal oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. X59 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 17 aprel tarixli, 1(101)-70/2013 nömrəli hökmü dəyişdirilsin. Hökmdən «Cinayət işi üzrə ibtidai istintaq zamanı X59 faktiki yaşadığı mənzildə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülən və 24 iyun 2011-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına keçirilmiş 97100 (doxsan yeddi min yüz) avro və 67500 (altmış yeddi min beş yüz) manat pul vəsaiti xüsusi müsadirə edilərək dövlət nəfinə ödənilsin» hissəsi xaric edilsin. X59 faktiki yaşadığı mənzildə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülən 97100 (doxsan yeddi min yüz) avro və 67500 (altmış yeddi min beş yüz) manat pul vəsaiti 24 aprel 2023-cü il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsəsi X22 qaytarılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-171/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-171/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver