Məhkəmə qərarları › İş №1(103)-172/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-172/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-172/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5, məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)- 241/2022 saylı hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim R.T.Əhmədov) xx.xx.2022-ci il tarixli, 1(007)-241/2022 saylı hökmü ilə xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək həbsdə saxlanıldığı 01 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq təyin olunmuş cəza 11 ay 29 gün müəyyən edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 14 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay, bir uşağa 160,00 manat olmaqla, iki uşağa görə cəmi 320,00 manat sabit pul məbləğində alimenti övladları 08 avqust 2011-ci il təvəllüdlü X4 və 14 sentyabr 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə tələbkar Əhmədova (Musayeva) Raya Mərdan qızının xeyrinə ödəməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 avqust 2019-cu il tarixli, 2(007)-874/2019 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 21 fevral 2020-ci il tarixi, 3(007)-365/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə və 14 iyun 2021-ci il tarixli, 3(007)-1665/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktının icra edilməsi ilə əlaqədar ona 10 noyabr, 26 noyabr 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 29 noyabr 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 10880,00 manat aliment borcunu zərərçəkmiş şəxsə ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qəsdən qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Hökmdən Zərərçəkmiş şəxs apellyasiya şikayəti verib Bakı şəhəri Nizami rayon məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilərək təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində daha ağır cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti və təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış hökm qeyri-obyektiv və heç bir əsas olmadan, ciddi maddi və prosessual pozuntularla çıxarılmasına görə Təqsirləndirilən şəxs daha yüngül cəza verilmişdir. Bildirir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə çıxarılmış qətnamə və icra vərəqəsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 dair qətnamə üzrə yaranmış borc üzrə bugünədək heç bir ödəniş və ya maddi yardım göstərməmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X10 apellyasiya şikayətinin əsassız olduğunu, ona təyin edilmiş cəzanın kifayət qədər ağır olduğunu, bu səbəbdən də şikayətin təmin edilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X11 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-241/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən də göründüyü kimi, zərərçəkmiş şəxs məhkum tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsini və cinayətin hüquqi tövsifini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş və şahidlərin ifadələrini, eləcə də işin biri-digərini tamamlayan digər halları sübut kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, məhkəmənin hökmündən verilmiş apellyasiya şikayətində əsaslandığı dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılmasını xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar kimi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 306.1-ci maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş hədlər daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir və məhkəmə kollegiyası cəzanın aöırlaşdırılması üçün əsas görmür. Eyni zamanda, məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Bundan əlavə olaraq qeyd edilməlidir ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair 18 oktyabr 2022-ci il tarixli, 1(007)- 241/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair xx.xx.2022-ci il tarixli, 1(007)- 241/2022 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar