Məhkəmə qərarları › İş №1(103)-1752/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1752/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1752/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Təqsirləndirilən şəxs (mülki cavabdeh) X3, Müdafiəçi – Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Xüsusi ittihamçı X6 və nümayəndəsi və vəkili Müdafiəçi1 iştirakları ilə, X3 X8 böhtan atılması faktı sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə bəraət verilməsi və X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-22/2024 nömrəli hökmündən təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi2 və xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-22/2024 nömrəli hökmü ilə (hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi ilə) 11 sentyabr 1983 ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yaşayan X4 X9 ağır cinayətdə ittiham edilməklə böhtan atılması faktı sübuta yetirilmədiyindən, xüsusi ittihamçının şikayəti ilə bağlı verilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə bəraət verilməsi, X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində məhkəmə xərcinin X2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir. İşin halları: Xüsusi ittihamçı X11 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X11 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Müşviq Şahverdiyev kütləvi informasiya vasitəsində, habelə internet informasiya ehtiyatında, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları qəsdən yaymaqla onu ağır cinayətdə ittiham etməklə ona böhtan atmışdır. Belə ki, 12 yanvar 2023-cü il tarixdə “Yeni Müsavat” onlayn ictimai-siyasi qəzetində “Müşviq Şahverdiyev onu məhkəməyə verən şirkətdən danışdı: “Rəhbəri narkoman və psixdir”- QALMAQAL” başlıqlı müsahibəsində barəmdə söylədiyi həqiqətə uyğun olmayan, böhtan xarakterli aşağıdakı ifadələr əksini tapmışdır: “X12 Müsavat.com-a onu məhkəməyə verən “Cinemazadeh” şirkəti haqqında danışıb. O, adıçəkilən şirkətin rəhbərini psixi problemləri olan, narkotik istifadəçisi adlandırıb”; “Hazırda çəkilişlərdəyəm və bununla bağlı xəbəri sizin kimi mətbuatdan öyrənmişəm. Bildirim ki, “Cinemazadeh” şirkəti ilə 3 il əvvəl bizim aramızda bir film ilə bağlı müqaviləmiz olub. Onlar mənə avans ödəyib, daha sonra filmin 3 ay, 5 ay. bir il sonra çəkəcəklərini dedilər. İndi isə gəlib məndən həmin avansı istəyirlər ki. bu da çox absurd məsələdir. “Cinemzadeh” şirkəti əvvəl yaxşı idi, indi isə özünü tamamilə rüsvay etmiş şirkətdir. Hazırda şirkətə rəhbərlik edən Cəfər Axundzadə psixi problemləri olan şəxsdir hansı ki mən onu daha yaxşı tanıyıram. Bu adam gecə yatmayan, narkotik istifadə edən, min bir işlə məşğul olan insandır. Yəni onu normaİ adam kimi qəbul elmirik. Nəinki mən, film setində olanların hamısı onu yaxşı tanıyır,. Ümumiyyətlə, baxın görün “Cinemazadeh” şirkətinin çəkdiyi son işlərdən kim razıdır? Aktyordan tutmuş, qrim edənə qədər hamının pulunu kəsirlər. Şirkətin işçiləri böyük "xxxx" ediblər. Şirkətin rəhbəri 2-3 milyon manat pul yeyib. İndi isə çalışırlar ki, müxtəlif yollarla hansısa aktyoru və yaxud kimisə məhkəməyə verib, pul əldə etsinlər”. Müşviq Şahverdiyev qeyd olunan müsahibəsində məni narkoman, min bir işlə məşğul olan normal olmayan adam kimi təqdim etmiş, habelə mənimsəmə cinayətini törətməkdə ittiham edən məlumatlar yaymışdır. Eyni zamanda, bu müsahibə ölkənin kütləvi informasiya vasitələrində və internet informasiya saytlarında yayılmışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. X15 qeyd edilən fikirləri səsləndirdiyi videomateriala 40000-dən artıq şəxs tərəfindən baxılmışdır. Bu isə onun kütləvi çıxış olmasını təsdiq edir. Qeyd edilən böhtan xarakterli çıxışın X19 tərəfindən edilməsi açıq internet informasiya ehtiyatında yerləşdirilmiş https://www.youtube.com/watch?v=pDoaCUmi-Vg səhifəsi vasitəsilə təsdiq edilir. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 12-ci bəndinə əsasən Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən təqsirləndirilən şəxs (mülki cavabdeh) X3 müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 1(011)- 22/2024 nömrəli hökmünün “X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində məhkəmə xərcinin X2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” hissəsində ləğv edib, M.Şahverdiyev haqqında Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə də bəraət hökmü qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, xüsusi ittiham qaydasında şikayət ərizəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada törədilməsi şərti (CPM, maddə 293.3.2) göstərilsə də, xüsusi ittihamçı tərəfindən CPM-nin bu tələbinə riayət edilməmişdir. Belə ki, xüsusi ittihamçı ehtimal olunaı əməlin “Yeni Müsavat” onlayn ictimai-siyasi qəzetində dərc olunduğunu qeyd etsə də, bu portalın harada yerləşməsi barədə, harada qeydiyyatdan keçməsi barədə məlumat yoxdur. Yəni bu məlumatla ən azından ehtimal olunan cinayətin törədilmə yerini, dolayısı ilə işin aidiyyat yerini müəyyən etmək mümkün deyil. Bu hal isə Xüsusi ittiham qaydasında şikayətin CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə cavab vermədiyindən xəbər verir. İkincisi, hazırlıq mərhələsində vəsatətimizdə göstərmişdik ki, hesab edirik Xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikası CPM-nin tələblərinə cavab vermədiyindən məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmalıdır. Cinayət işinin bir vərəqində belə olsun X3 hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi sübuta yetirilməmişdir. Hökmdən eyni zamanda xüsusi ittihamçı X6 müdafiəçisi də apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-22/2024 nömrəli hökmünü dəyişdirərək, X7iun 147.2-ci və 148-ci maddələri ilə təqsirli bilinməsi və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi haqqında hökm çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Müşviq Şahverdiyev özünü qismən təqsirli bildiyini, həmin sözləri həqiqətən də söylədiyini etiraf etmişdir. Ölkənin kütləvi informasiya vasitələrində və internet informasiya saytlarında yayılmış müsahibəsində Cəfər Axunzadəni narkoman, min bir işlə məşğul olan normal olmayan adam kimi təqdim etmiş, habelə mənimsəmə cinayətini törətməkdə ittiham edən məlumatlar yaymış Müşfiq Şahverdiyev, cəmiyyətdə, o cümlədən kino sahəsində tanınan xüsusi ittihamçı Cəfər Axunzadəyə çox böyük zərbə vurub. Göstərilən ifadələrin həqiqət olmadığına dair “Yeni Musavat” onlayn ictimai-siyasi qəzetində təkzib verməyini X18 Şahverdiyevə rəsmi pretenziya ilə təklif göndərmişdir. X14 həmin pretenziyaya da əhəmiyyətsiz yanaşmışdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında xüsusi ittihamçı (mülki iddiaçı) - X11 və müdafiəçisi verdiklərini şikayəti müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) X10 və müdafiəçisi verdikləri şikayəti müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətini xüsusi ittiham qaydasında iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, çıxışları dinləyərək belə hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini apellyasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili X4 barəsində CM-nin 148-ci maddəsi ilə də bəraət hökmünün çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, xüsusi ittihamçının və şahidlin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, müdafiə tərəfinin apellyasiya şikayətində əsaslandırdığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək X5 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilmişdir. Qeyd edilməlidir ki, məhkum edilmiş şəxs özünü ittiham olunduğu müvafiq maddələrlə təqsirli bilməsə də, verilmiş ittihamda göstərilən xüsusatlar şahidin, xüsusi ittihamçının ifadələri və işin digər materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsi belə qənaətə gələrkən aşağıdakı sübutları tədqiq etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 özünü qismən təqsirli bildiyini, həmin sözləri həqiqətən də işlətdiyini, lakin xüsusi ittihamçını təhqir etmək məqsədi ilə deyil, söz əsnasında dediyini, xüsusi ittihamçı ilə barışığa cəhd etsə də, lakin xüsusi ittihamçı tərəfindən barışıq təklifinin qəbul edilmədiyini bildirdi. Əvvəllər Cəfər ilə aralarında daha ağır zarafatlar olmuşdur. Həmin günü də jurnalistdən öncə Axundzadənin işçisi zəng edib onu söydüyü üçün bir qədər əsəbi olduğundan belə hal yaranmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid bildirdi ki, aralarında olan məhkəmə mübahisəsini öyrənəndən sonra o özü Müşviqə zəng etmiş və mövqeyini öyrənmək istəmişdir. Həmin vaxtı Müşviq çəkiliş meydançasında olmuşdur, o da Müşviqə müsahibə verməyi təklif etmişdir. Müşviq də məqalədə yazılanları demişdir. İşin materiallarında olan Yeni Musavat qəzetinin elektron versiyasının çıxarışından görünür ki, Müşviq Şahverdiyev onu məhkəməyə verən “Cinemazadeh” şirkəti haqqında Şahid müsahibə verib. İşin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2024-cü il tarixli 3-16-16/2-4/208 №-li ekspert rəyindən görünür ki, X3 12 yanvar 2023-cü il tarixdə "Yeni Müsavať" onlayn ictimai-siyasi qəzetinə verdiyi "Müşviq Şahverdiyev onu məhkəməyə verən şirkətdən danışdı: "Rəhbəri narkoman və psixdir"-Qalmaqal" başlıqlı müsahibəsində X6 şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatlar mövcuddur. X3 12 yanvar 2023-cü il tarixdə "axşam.az" onlayn saytında verdiyi "Milyonları yeyib, indi altından çıxa bilmir"-Müşviq Şahverdiyev" başlıqlı müsahibəsində X6 şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatlar mövcuddur. Təqdim olunmuş müsahibələrdə "narkoman", "psixi problemli", normal olmayan", "özünü rüsvay etmiş kimi söz və ifadələr X6 şərəf və ləyaqətini alçaldan, nüfuzunu ləkələyən söz və ifadələr eləcə də, məlumatlar hesab olunur. Məhkəmə kollegiyası həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, hesab edir ki, X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs X10 tərəfindən verilmiş məhkəmənin hökmünün qanunsuz və əsassız olduğu barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və göstərilən dəlillər sadəcə ümumi sözlərdən ibarət olmaqla heç bir mötəbər sübuta əsaslanmaması qənaətinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi ittihamçı X6 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, məhkum edilmiş X3 147.2-ci və 148-ci maddələri ilə təqsirli bilinməsini və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi haqqında hökm çıxarılmasını xahiş etmişdir. Qeyd edilən iddialarla bağlı məhkəmə araşdırması zamanı M.Şahverdiyev tərəfindən xüsusi ittihamçı X9 ağır cinayətdə ittiham edilməklə böhtan atılması sübuta yetirilməmişdir. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması; Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Bununla bağlı olaraq, məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur. Məhkum edilmiş şəxs X4 təyin edilən cəza məsələsinə gəlincə, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə X3 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, X3 ilk dəfə məhkum olunmasını, Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən xüsusi ittihamçı ilə barışığın əldə edilməsinə cəhd edildiyini cəzasını yüngülləşdirən hallar kimi və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi X4 cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyası daxilində ədalətli və qanuni cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 145.3- cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil, apellyasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi2 və xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, X3 X8 böhtan atılması faktı sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə bəraət verilməsi və X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-22/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətləriinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi2 və xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. X3 X8 böhtan atılması faktı sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə bəraət verilməsi və X3 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-22/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar