Məhkəmə qərarları › İş №1(103)-1759/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1759/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1759/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, Məhkum – Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(005)-279/2022 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim V.R.Qurbanov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli 02 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxil edilən 7,593 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 4 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 dekabr 2021- ci il tarixdə saat 19:00-da ünvan 4 ünvanın qarşısında saxlanılıb qeyd olunan Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxs axtarış və götürmə zamanı əynində olan şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,036 qram və 3,557 qram olmaqla ümumilikdə 7,593 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, şikayətində məhkəmənin təyin etdiyi 2 il müddətə azadlıqdan məhrum etməyə cəzasının cəzanın məqsədini özündə ehtiva etməyərək kifayət qədər sərt olduğunu, cəza törədilmiş əməlin Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun olmadığını göstərmiş və Nərimanov Rayon Məhkəməsinin 1 (005)-279/2021 saylı, 27 iyul 2022-ci il tarixli hökmünü dəyişdirərək hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı hökmün dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə məhkumun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Nərimanov rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası bu normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini, şikayətlərin dəlillərini də nəzərə almaqla aşağıdakıları qeyd edir: Apellyasiya şikayətində məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən və şahidlərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü əməlin tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğun çıxarılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən cəza növü təyin edilmişdir. Eyni zamanda, məhkmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, cinayət qanunvericiliyində təsbit olunmuş tələblərə riayət edilməmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətlənidirib, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar kimi nəzərə aldığını hökmdə qeyd edərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmiş, lakin təyin olunmuş cəzanın həddi və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyətinə uyğun olmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası həm də "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarı izahlarını da nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinin tələbinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngüllşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinə münasibətdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü cəzanın təyin edilməsi hissədə dəyişdirilməli və ona təyin olunmuş cəzanın həddi aşağı endirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 90 manat (15x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Məhkumun müdafiəçisinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(005)-279/2022 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 6 (altı) ay müddətə endirilsin. Hökm apellyasiya şikayətinə münasibətdə qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqi yardım göstərdiyinə görə vəkil Müdafiəçi2 dövlət büdcəsinin vəsaiti hesabına 90 (doxsan) manat məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Mirzəli Abbasov Hakimlər: Ramin Qaraqurbanlı İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar