Məhkəmə qərarları › İş №1(103)-1760/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1760/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1760/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi–X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçi- Bakı şəhəri, 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 Hafiz oğlunun iştirakları ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin (hakim: Rufan Mürsəlov) 05 yun 1997-ci il tarixdə Bakı şəhərində anadanolmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yaşamış, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan 18 iyul 2023-cü il tarixli hökmündən işin baxılmasında iştirak etmiş Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, cəzasının əvvəlinin 01 mart 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilmişdir. Məhkəmə hökmünə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq çəkidə 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,296 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində daşımış və 01 mart 2023-cü il tarixdə saat 22:15 radələrində Bakı şəhəri Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan yolu küçəsində yerləşən “Buta” marketin qarşısında saxlanılıb 11-ci polis bölməsinin inzibati binasına gətirilib xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə, onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən həmin çəkidə narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmənin hökmündən narazı qalan Dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü cinayət qanunu normasının düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Verilmiş apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmənin 18 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə ona qəti olaraq təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı kimi Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi təqsirli bilinib 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə CM-nin 66.5-ci maddəsinə əsasən Qaradağ rayon məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzanı iümümi rejimli cəzaçəkmə mtiəsissəsində çəkməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməlidir. Belə ki, CM-nin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tam və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən edilərsə ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə görə çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 fevral 2012-ci il tarixli qərarına əsasən, cinayət qanunvericiliyinin normalarından belə görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halda cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Ali Məhkəməsi Plenumun "Məhkəmələr tərəfindən cinayət cəzaların təyin edilməsi təcrübəsi barədə" 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən, cəza təyin edilməsi məsələsinə baxarkən, məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cii maddəsinə əsasən, iki gün müddətində şübhəli şəxs qismində saxlanılması nəzərə alınıb üzərində qəti 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göstərildiyi kimi qanununverici hər bir cinayətə görə fərdi cəzanın təyin edilməsi ilə yanaşı cinayət- lərin məcmusu üzrə bir qəti cəzanın təyin edilməsini müəyyən edir. Cinayətlərin məcmusunu təşkil edən təqsirli əməllərə görə cəzalar birgə toplanılmaqla, qanunvericinin vahid kimi qiymətləndirdiyi qəti cəza təyin edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində əvvəlki hökm, yəni Qaradağ rayon məhkəməsinin 10 may 2023cü il tarixli hökmü ilə ilk olaraq 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və sonradan CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin hökmdən apelyasiya protesti və ya şikayəti verilmədiyindən cinayət-prosessual qanunvericiliyin tələbinə görə qüvvəyə minmişdir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə qəti cəza təyin edərkən, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ilk olaraq təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə toplamaq və həmin hökmlə (xx.xx.2023-cü il tarixli) cəzanın müddətinə hesablanmış 02 gün həbsdə saxlama müddətini sonradan çıxmaq əvəzinə, cəza təyin etmənin xüsusi qaydalarını pozub hökmlə müəyyən edilmiş qəti 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla cinayət qanununun normasını düzgün tətbiq etməmişdir Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, cinayət qanununun norması düzgün tətbiq olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinin tələblərinə əsasən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanununa və bu Məcəllənin normalarına riayət etməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası işin baxılmasında iştirak etmiş Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini cinayət işinin materialı ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesi iştirakçıların fikirlərini dinləməklə hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti cinayət qanunu normasının tətbiqi hissəsində təmin olunmalı və birinci instansiya məhkəməsinin hökmü həmin hissədə dəyişdirilməlidir. Cinayət İşinin materiallarından və məhkəmə iclasının protokollarından göründüyü kimi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ibtidai istintaq zamanı və məhkəmədə cinayəti törətməkdə özünü təqsirli bilməsinə, lakin məhkəmədə ifadəni verməkdən imtina etməsinə baxmayaraq, onun tərəfindən həmin cinayətin törədilməsi ibtidai istintaq dövründə verdiyi etirafedici ifadələrinin məzmunu ilə yanaşı; onun tərəfindən cinayəti törətməsi ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə; toplanmış və məhkəmədə tədqiq edilmiş ilkin təhqiqat materialı ilə; toplanmış və məhkəmədə tədqiq edilmiş baxış və götürmə, müayinə və axtarış, başqa istintaq hərəkətlərinin protokolları ilə və çoxsaylı digər sübutlarla təsdiq edilmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bildiyini və istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirməsinə baxmayaraq, məhkəmədə ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunaraq tədqiq edilmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Nəcəfov küçəsi 17 mənzil 50-də qeydiyyatda olaraq yaşayır. Subaydır. Heç bir yerdə işləmir. Əvvəllər iki dəfə narkotik vasitə gəzdirdiyi üçün cinayət məsuliyyətə cəlb edilmiş, sonuncu dəfə 2022-ci ilin sentyabrında narkotika gəzdirdiyindən cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2023-cü ildə saat 22:10 radələrində Qobustan qəsəbəsi Salyan yolu küçəsində olan “Buta” marketin qarşısına gəlmiş, oradakı Million aparatından ödəniş edərkən yerdə “Vinston” siqaret qutusunu görüb ayağı ilə basdalamış, qutunu içində nəsə olduğunu hiss etmişdir. Siqaret qutusunu yerdə götürüb içinə baxarkən siqaretin gümüşü kağız kəsiyinə bükülmüş 01 ədəd büküm aşkar etmişdir. Bükümü azacıq açmış, bükümdə narkotik maddə “kakos” olmasını aşkar etmişdir. Həmin narkotik maddəni qəbul etmək üçün əynindəki qara rəngli gödkcəsinin sağ yan cibinə qoyub pilləkənləri aşağı düşüb oradan uzaqlaşmaq istəyərkən marketin qarşısında iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra, ondan Fərhad olub-olmadığını soruşmuşlar. Polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilib onu 11-ci PB-yə gətirmişlər. Polis bölməsinə müdafiəçi dəvət edilmiş, müdafiəçi gəldikdən sonra 11-ci PB-də üzərinə şəxsi axtarış keçirilərkən, könüllü üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif edildikdə, əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümü masanın üzərinə qoyaraq, bükümün içərisində narkotik maddə heroin olduğunu, özünə məxsus olduğunu, bir qədər əvvəl Qobustan qəsəbəsində Buta marketin qarşısında yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm açılmış, bükümün içində qəhvəyi rəngli narkotik maddə heroinə oxşar kütlə aşkar edilmiş, üzərindən aşkar olunmuş narkotik maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar edilmişdir. Narkotik maddəni kiməsə satmaq və ya pay vermək niyyəti olmamış, onun üzərində narkotik maddə olması barədə heç kimin məlumatı olmamış, törətdiyi əməldən peşman olduğunu və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edərək məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 01 mart 2023-cü ildə baş əməliyyat müvəkkili işlədiyi Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbir nəticəsində Fərhad adlı şəxsin olduğu yer müəyyən edilmiş və həmin gün saat 22 radələrində əməliyyat qrupunun üzvü əməliyyat müvəkkili Şahid2la birlikdə Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan yolu küçəsində yerləşən “Buta” marketin qarşısına gəldikdə xarici əlamətləri Fərhad adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək, həmin şəxsə özünü təqdim etməsi təklif etdikdə, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmiş, Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan yolu küçəsində yerləşən “Buta” marketin qarşısında Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin qanunzuz olaraq əldə edilməsi, saxlanılması, istifadəsi və dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş, bu barədə raport yazmışlar. 11-ci PBnə gəldikdə həmin şəxsin Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi S.Nəcəfov küçəsi ev 17 mənzil 50-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Sonra təhqiqatçı Murad Əhmədəliyev tərəfindən xidməti otaqda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızında bükümü çıxarıb masa üzərinə qoyaraq həmin bükümün içində narkotik vasitə “kakos” kimi tanıdığı heroin olduğunu bildirmiş, həmin büküm açılarkən içində qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 01 mart 2023-cü ildə Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan yolu küçəsində olan “Buta” marketinin qarşısında yerdən taparaq öz istifadəsi üçün cibinə qoyduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən maddi sübut əhəmiyyəti kəsb edə biləcək və ya cinayət xarakterli hər-hansı əşya, predmet və yaxud maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən irad və narazılıq bildirilmədiyindən, tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Şahid2 məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən, onun ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmiş və Şahid2 öz ifadəsində ibtidai istintaq vaxtı və məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərilən xüsusatiları eyni ilə bir daha olduğu kimi öz ifadəsində təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş bir ədəd DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinin inzibati binasında xidməti otaqın birində dəvət edilmiş müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunur, sonuncu əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızında olan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içində narkotik vasitə “kakos” kimi tanıdığı heroin olduğunu, həmin narkotik vasitəni 01 mart 2023-cü ildə Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan yolu küçəsində olan “Buta” marketin qarşısında yerdən taparaq öz istifadəsi üçün cibinə qoyduğunu bildirir. Üzərindən aşkar olunmuş həmin büküm açılaraq içinə baxdıqda, içindən qəhvəyi rəngli maddə aşkar edilir, büküm zərfə qoyulub möhürlənir, zərfin üzəri imzalanır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6\1265 nömrəli 2 mart 2023-cü il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilmiş və üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №223” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən” sözü, soyadlar və imzalar qeyd olunmuş 01 ədəd zərfdə və bir ədəd bükümdə təmiz çəkisi 1,296 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş Ambulator məhkəmə-narkoloji ekspertizanın 2030 saylı 10 aprel 2023-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranmış asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edildiyi üçün, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla, hər hansı əks göstəricisi yoxdur və bu səbəbdən, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan “Maddi sübut qismində tanınması barədə” Qərara əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 1,296 qram narkotik vasitə olan heroin və videoçəkilişlə “axtarış və götürmə aparılması barədə” istintaq hərəkətinin videogörüntünün əks olunmuş 01 ədəd «DVD» disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübutlar qismində tanınmışlar. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroinin təmiş çəkisi 1,246 qram hissəsi saxlanılması Bakı şəhəri Qaradağ rayon polis idarəsinin saxlancına təhvil verilmiş və 01 ədəd «DVD» disk cinayət işinin materiallarına əlavə edilmişdir. Göstərilənlərdən əlavə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı digər mötəbər və təkzibedilməz sənədlərlə sübuta keçirilmişdir. Beləliklə də birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqında tamamilə sübuta yetirilmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi tam etirafedici ifadələri toplanmış çoxsaylı mötəbər sübutlarla öz təsdiqini tapdığını nəzərə alaraq, onun birinci instansiya məhkəməsində özünü təqsirli bilməklə yanaşı, ifadəsini verməsindən imtina etməsinə baxmayaraq, birinci instansiya məhkəməsində ifadə verməsindən imtina etməsinə məhkəmə kollegiyası xüsusilə hüquqi qiymət verilməsini zəruri və məqsədə müvafiq hesab edir. Göstərilənləri nəzərə alaraq, o cümlədən təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, məhkəmədə özünü təqsirli bilməklə yanaşı, ifadə verməsindən imtina etməsinə baxmayaraq onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməsi istintaq zamanı və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə; videoçəkilişlə aparılmış “axtarış və götürmə barədə” və videogörüntülərə baxış keçirilməsi barədə protokollarla; iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və ambulator məhkəmə-narkoloji ekspertizaların rəyləri ilə; digər baxış, götürmə, müayinə və başqa istintaq hərəkətlərinin protokolları ilə öz təsdiqini tapdığı nəzərə alınaraq, onun tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilmədiyindən və heç bir mötəbər sübuta əsaslanmadığından, məhkəmə kollegiyası hesab edir ki, onun məhkəmədə ifadə verməsindən imtina etməsi yalnız gələcəkdə cinayət məsuliyyətindən yayınmağa şərait yarandıqda, onun cəhdi kimi qiymətləndirilməklə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxslər ifadə vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ifadə (izahat) verməkdən imtina etmək, onun haqqında irəli sürülən ittihama dair izahat (izahat) vermək və ya verməkdən imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs istədiyi kimi öz müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə etməklə həyata keçirmək hüququna malikdir, yəni ifadə (izahat) vermək və ya ifadə )izahat) verməkdən imtina etmək və hər hansı məzmunda ifadə (izahat) vermək onun vəzifəsi deyil konkret olaraq hüququdur. Belə olan halda, ibtidai istintaq dövründə və ya məhkəmədə hər hansı bir məzmunda ifadə (izahat) verməsi yalnız onun müdafiə hüququ kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələr və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitə və psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə görə müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, həmçinin onların külli miqdar təşkil etməsinə dair siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Həmin Qanunun siyahılarının” 1-ci siyahısının tələblərinə əsasən, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 02 qram və artıq təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 nömrəli 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın həmin cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə əsasən, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və sairə) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. İş materialına əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinin xalis çəkisinin 1,296 qram olması cinayət məsuliyyətinə cəlb üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi barədə cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi barədə” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinin mənasına görə, narkotik vasitənin satın alınması başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi; yabanı çətənə bitkisi, xaş-xaş və ya onların müəyyən hissələrinin, məhsul yığımı başa çatdıqdan sonra mühafizə edilməyən əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülür. Əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı toplanmış sübutlar əlaqəli şəkildə təhlil olunur və bir-biri ilə müqayisə edilir, daha sonra yeni sübutlar toplanılır və əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuş və maddənin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı; istintaqda və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə; videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə protokollarla və digər sənədlərlə sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməlinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunduğundan, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin hökmündən əməlin tövsifi və ya bəraət verilməsi barədə təqsirləndirilən şəxsin özü və müdafiəçisi, dövlət ittihamçısı tərəfindən apellyasiya şikayəti və ya apelyasiya protesti verilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə yalnız cinayət qanunun normasının düzgün tədbiq olunmaması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edildiyi üçün, həmin maddə ilə təqsirli bilinməklə barəsində qanuni ittiham hökm çıxarılmışdır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs əvvəllər–Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun həbsdə olduğu 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla yanaşı, cəzasının əvvəli məhkəmənin hökmü çıxarıldığı gündən, yəni həbsə alındığı 10 may 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı; törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını-onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Eyni zamanda, Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməli, cəzasının əvvəlinin 10 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə yanaşı, iş üzrə keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, ona məcburi müalicə təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarına əsasən, cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti var. Cəza ilk növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barədə işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınaraq daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Yusif-zadə Etibar Yusif oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə əsasən, ədalət prinsipini və sosial ədalətin bərpasını, cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, təyin olunacaq cəzanın onun və başqa şəxslərin yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasını və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab etmişdir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxsin barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd olunur ki, məhkəmələr, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həm yüngüllük və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış, qanuni və ədalətli cəza təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olaraq lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alır. Qanuni cəza təyin edilməsi ilk olaraq cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Nəticədə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, əvvəli 10 mart 2023-cü ildən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə üzərində qəti 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin hökmündən narazı qalan Dövlət ittihamçısı apellyasiya protesti verərək, cinayət qanunun normasının düzgün tədbiq olunmaması əsası ilə məhkəmənin 18 iyul 2023-cü il tarixli hökmünün həmin hissədə dəyişdirilməsini xahiş etmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası cinayət qanununun normasının tədbiqi hössəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıda göstərilənlərə görə razılaşmır və ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü həmin hissədə dəyişdirilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzalar tam və ya qismən toplanılmaqla qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tam və ya qismən toplanılaraq təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə cəzasına münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətə görə 3 ildən, az ağır cinayətə görə 12 ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə məhkəmənin hökmü çıxarıldıqdan sonra, məhkumun birinci cinayət işi üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən, çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin Məcəllənin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında cinayət qanunvericiliyinin normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi barədə” 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən, məhkəmələr bu Məcəllənin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 02 gün müddətində həbsdə olduğu nəzərə alınaraq, onun üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Beləliklə də, yuxarıda qeyd edildiyi kimi, qanununvericilik hər bir cinayətə görə fərdi cəzanın təyin edilməsi ilə yanaşı cinayətlərin məcmusu üzrə bir qəti cəzanın təyin edilməsini müəyyən edir. Cinayətlərin məcmusunu təşkil edən təqsirli əməllərə görə cəzalar bir toplanılmaqla qanunvericinin vahid kimi qiymətləndirdiyi qəti cəza təyin edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində əvvəlki hökm, yəni Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə ona 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, sonradan Cinayət Məcəlləsinin 69.3cü maddəsi tətbiq edilməklə yanaşı, təqsirləndirilən şəxsin üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəsinə minənədək təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti, azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3-2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 68-ci maddəsinin tələbinə əsasən, cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların tam və ya qismən toplanılması zamanı müddətlər müəyyən olunarkən, həmin Məcəllənin 68.1.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Göründüyü kimi, həbsdə saxlanılma müddəti təyin edilmiş qəti cəzaya, yəni cinayətlərin və ya hökmlərin məcmusu ilə təyin edilən cəzaya hesablanmalı, lakin birinci instansiya məhkəməsi qeyd edilən hissədə cinayət qanunu normasını pozmuş, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini pozmaqla ona cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs iş üzrə qəti cəza təyin edildikdən sonra, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə olduğu müddəti qəti təyin edilmiş azadlıqdan məhrum etmə cəzadan çıxmalı olduğu halda, əvvəllər Cinayət Məcəlləsinin 69.3cü maddəsini tətbiq etməklə, ona hazırki iş üzrə təyin edilmiş cəzadan həbsdə olduğu 02 günü çıxmış, yalnız bundan sonra onun barəsində Cinayət Məcəlləsinin 66.5-ci maddəsini tətbiq etməklə yanlışlığa yol verib cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Lakin, birinci instansiya məhkəməsi hazırki iş üzrə Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmış 02 gün həbsdə saxlama müddətini sonra çıxmaq əvəzinə, cəza təyin etmənin xüsusi qaydalarını pozaraq, həmin hökmlə qəti müəyyən edilmiş 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzanı hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqda cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli və Qaradağ rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü cinayət qanunu norması düzgün tədbiq olunmaması əsası ilə dəyişdirilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun həbsdə saxlanıldığı 02 gün müddət bir günə bir gün hesabı ilə təyin edilmiş cəzadan çıxılmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, üzərində qəti olaraq 01 il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya protesti təmin edilməli və məhkəmə tərəfindən cinayət qanunu normasının tədbiqində səhvə yol verildiyindən, həmin hissədə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə maddi sübut və digər məsələri həll edərkən, cinayət işi üzrə maddi sübutlar qismində tanınmış və Bakı şəhəri Qaradağ rayon polis idarəsində saxlanılan, keçirilmiş məhkəmə-kimyəvi ekspertizasından sonra qalıq qalmış və xalis çəkisi 1,246 qram olan narkotik vasitə heroinin məhkəmə hökmünün qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi; axtarış və götürmə əməliyyatının videoçəkilişlə aparılması barədə videogörüntünün əks olunmuş 01 ədəd DVD diskin cinayət işində saxlanılması və 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyərinin təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinin tələbinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinin tələblərinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə və həmçinin yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla yanaşı, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən, hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun cinayət əməlinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya digər yekun qərarını dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 403.0.1-cü maddəsinin tələbinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası qəraraalır: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü dəyişdirilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun həbsdə saxlanıldığı 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə təyin edilmiş cəzadan çıxılmaqla, cəzasının əvvəlinin 10 may2023-cü il tarixdən hesablanaraq və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 01 il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər:

1. (sədrlik edən) İlqar Murquzov

2. Qədim Babayev

3. Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar