Məhkəmə qərarları › İş №1(103)-1795/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1795/2022

26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1795/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi – Zəfər Vəkil Bürosunun vəkili X1, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 1(007)-141/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında ilkin baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Mətanət Hacıyeva) 28 iyul 2022-ci il tarixli, 1(007)-141/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla ona qəti cəza 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM 69.3-cü maddəsinə əsasən tutulduğu 1 gün nəzərə alınmaqla sonuncunun üzərində 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həmçinin Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar plana uyğun olaraq oğurluq cinayətinin törədilməsi və qanunsuz olaraq ələ keçiriləcək əmlakın daşınmasında istifadə ediləcək vasitə əldə etmək üçün Təqsirləndirilən şəxs2, qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Şahid4 taksi xidməti göstərəcəyini bəhanə gətirib etibarnamə əsasında sonuncunun faktiki sərəncamında olan “BMW 318” minik markalı, sedan tipli, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili aldıqdan sonra 30 mart 2021-ci il tarixdə saat 24:00 radələrindən 31 mart 2021-ci il tarixdə saat 05:00 radələrinədək olan müddət ərzində onunla birlikdə həmin nəqliyyat vasitəsi ilə əvvəlcə ünvan 2 ünvana gələrək oradan asfalt yol örtüyü üzərində quraşdırılmış ümumi dəyəri 792 (yeddi yüz doxsan iki) manat təşkil edən 05 ədəd, daha sonra eyni vahid niyyətin davamı olaraq ünvan 3 ünvana gələrək oradan asfalt yol örtüyü üzərində quraşdırılmış ümumi dəyəri 158 (yüz əlli səkkiz) manat 40 (qırx) qəpik təşkil edən 01 ədəd Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin Nizami rayon Sukanal İdarəsinə məxsus kanalizasiya quyularının qapaqlarını gizli yolla talayıb oğurluq etməklə zərərçəkmiş şəxsə ümumilikdə 950 (doqquz yüz əlli) manat 40 (qırx) qəpik miqdarda maddi ziyan vurmuş, bundan sonra qrup üzvləri ələ keçirilmiş həmin kanalizasiya quyularının qapaqlarını nəqliyyat vasitəsinin yük yerinə qoyub 31 mart 2021-ci il və 01 aprel 2021-ci il tarixlərdə əvvəlcə 05 ədədini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindəki metal qəbulu məntəqəsində çalışan və qrup üzvlərinin cinayətkar əməllərindən xəbərsiz olan Şahid5, 01 ədədini isə Bakı şəhəri, Sabunçu rayonu, “Mərkəzi Yol” deyilən yerə yaxın ərazidə yerləşən metal qəbul məntəqəsində çalışan qrup üzvlərinin cinayətkar əməllərindən xəbərsiz olan Şahid7 təhvil verərək əldə etdikləri qazancı aralarında bölüşdürmüşlər. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, 0,417 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq, üzərində saxlamış, 09 aprel 2021-ci il tarixdə saat 11:30 radələrində Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Nizami rayonunun inzibati ərazisində baş vermiş oğurluq faktları ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Y.Saratov 72 B ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 114 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, orada onun üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan 1 ədəd şəffaf sellofana bükülmüş halda, içərisində şəxsi istehlak miqdarından artıq miqdarda 0,417 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxsin Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzadan narazı olduğunu, məhkəmənin barəsində 28 iyul 2022-ci il tarixli hökmü qəbul edərkən, ilk dəfə məhkum olunmaqla əməlindən peşman olmasını, himayəsində iki az yaşlı övladının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməklə barışığın əldə olunmasını nəzərə alınmadığını qeyd etmişdir. Bu səbəbdən birini instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi X2 verilmiş apellyasiya şikayətinin dəlilərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəza ilə əvəz edilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 1(007)-141/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum edilmiş Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, məhkum edilmiş şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilibyetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilsə də, birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahid ifadələri, ekspert rəyi ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs1 ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 234.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, sonuncu ona təyin edilmiş cəzasının yüngülləşdirilərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar kimi onun törətdiyi cinayət əməlini qismən etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını nəzərə almış, sonuncunun cəzasını ağırlaşdıran halın olmamasını qeyd etməklə (belə ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 61/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,) təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 234.1-ci maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bundan başqa cinayət işi materiallarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-439/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkum edilmiş şəxs birinci instansiya məhkəməsinin onun ilk dəfə məhkum olunmaqla əməlindən peşman olmasını, himayəsində iki az yaşlı övladının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməklə barışığın əldə olunması nəzərə alınmadığını qeyd etsə də, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 1(007)- 141/2022 saylı hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun apellyasiya şikayətində cəzasını yüngülləşdirən hallar kimi istinad etdiyi əksər halları yəni cinayət əməlini qismən etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını nəzərə almışdır ki, sadalanan hallar da məhkum edilmiş şəxsin dəlillərinin əsassız olmasına dəlalət edir. Bundan başqa Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində himayəsində azyaşlı uşaqlarının olmasını göstərsə də, bununla bağlı məhkəməyə hər hansı rəsmi sənəd təqdim etməmiş, eyni zamanda “AZEMİS” elektron məhkəmə sistemində “qohumlu məlumatları” bölməsindən sonuncunun himayəsində azyaşlı uşaqlarının olması müəyyən edilməmişdir. Məhkum edilmiş şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə münasibətdə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını və cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş digər məqsədlərinə nail olunmasını mümkün hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini və yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, həmçinin, təyin edilən cəzanın məhkum edilmiş şəxsin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi hər bir cinayətə görə ayrı-ayrılıqda, həmçinin Azərbaycan Respublikası CM-in 66.2-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 234.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 1(007)-141/2022 saylı hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 234.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 1(007)-141/2022 saylı hökmü məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Cavid Hüseyn Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar