Məhkəmə qərarları › İş №1(103)-1800/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1800/2021

15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1800/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Seyfəliyev Əli Səlim oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, 8 may 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 1(101)-146/2021 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər S.H.Hacıyevin sədrliyi, R.V.Salmanovun və E.Ə.Mikayılovdan ibarət tərkibdə) 09 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğicının 08 avqust 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirərək onları toplamaqla kultivasiya etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış, hazırlamış və daşımışdır. Belə ki, o, əvvəllər törətdiyi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama cinayətinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2017-ci il tarixli yekun qərarına əsasən ona təyin edilmiş cəzanın dəyişdirilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına artırılmasına və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 2 ay 23 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda 50 qram çəkidə narkotik vasitə heroin, təsiredici maddəsinin miqdarı bir ədəd həbdə 0,04 qram olmaqla, ümumilikdə 1,12 qram təşkil edən, üzərində “Metadone M40” yazısı olan 28 ədəd narkotik vasitə metadon həbləri və 1,138 qramdan artıq çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əldə etmiş, yaşadığı ünvan 1 ünvanına daşıyaraq yaşadığı evdə saxlamış, həmin çətənə (kannabis) toxumlarının bir hissəsini qeyd olunan ünvanda yerləşən yaşadığı fərdi yaşayış evinin arxa tərəfindəki həyətyanı torpaq sahəsində istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əkib 8 avqust 2019-cu il tarixədək olan müddət ərzində ümumilikdə xeyli miqdarda 5 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirmiş, onların hissələrini toplamaqla kultivasiya etmiş və həmin çətənə (kannabis) bitkilərindən yetişmiş hissəsinin yarpaqlarını toplayıb qurudaraq satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla 1,726 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə etmiş, gələcəkdə satışını həyata keçirməsi üçün ayrı-ayrı hissələrə böldüyü bir ədəd salfet kağızı bükümündə təmiz çəkisi 1,421 qram və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,305 qram olmaqla, bir ədəd salfet kağızı bükümündə 1,138 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını, narkotik vasitələrin satışında miqdarını çəkmək üçün istifadə etdiyi bir ədəd elektron tərəzini yaşadığı evin giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağındakı masanın üzərində, ümumilikdə təsiredici maddəsinin miqdarı 1,12 qram təşkil edən, üzərində “Metadone M40” yazısı olan bir ədəd konvalyutda 10 ədəd və ağ rəngli salfet bükümdə 18 ədəd olmaqla, cəmi 28 ədəd narkotik vasitə metadon həblərini qonaq otağında pəncərə tərəfdə divarın dərinliyində gizli şəkildə quraşdırılmış dəmir seyfin içərisində, bir ədəd sellofan bükümdə külli miqdarda 50 qram çəkidə narkotik vasitə heroini isə evin yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsində gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin və Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən 8 avqust 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının qarşısında saxlanıldıqdan sonra onun yaşadığı evə və həyətyanı torpaq sahəsinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən evin giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağındakı masanın üzərindən bir ədəd salfet kağızı bükümündə təmiz çəkisi 1,421 qram və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,305 qram olmaqla, ümumilikdə 1,726 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd salfet kağızı bükümündə 1,138 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumları, bir ədəd elektron tərəzi, içərisində qəhvəyi rəngli narkotik vasitə heroin izləri olan iki ədəd pensilin şüşəsi və bir ədəd qırıq ampula, bir ədəd gümüşü rəngli kağız bükümdə tütün hissəcikləri ilə yanaşı tərkibində cüzi miqdarda narkotik vasitə qurudulmuş marixuana hissəcikləri olan 0,103 qram ümumi təmiz çəkidə qarışıq kütlə, qonaq otağında pəncərə tərəfdə divarın dərinliyində gizli şəkildə quraşdırılmış dəmir seyfin içərisindən ümumilikdə təsiredici maddəsinin miqdarı 1,12 qram təşkil edən, üzərində “Metadone M40” yazısı olan bir ədəd konvalyutda 10 ədəd və ağ rəngli salfet bükümdə 18 ədəd olmaqla, cəmi 28 ədəd narkotik vasitə metadon həbləri, yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsindən bir ədəd sellofan bükümdə külli miqdarda 50 qram çəkidə narkotik vasitə heroin və evin arxa tərəfində olan həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi aqrotexniki qaydada qulluq olunmuş yaş vəziyyətdə ümumi təmiz çəkisi 5.460 qram olan xeyli miqdarda 5 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 1(101)-146/2021 nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hökm çıxararkən təqsirləndirilən şəxs X1 bilavasitə məhkəmədə verdiyi ifadələri deyil, işin istintaqı zamanı ilkin izahatını, şübhəli şəxs qismində verdiyi ifadəni və təqsirləndirilən şəxs qismində verdiyi ifadəni mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki Azərbaycan Respublikasının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs M.Əbdülmənəfov bildirdi ki, 08 avqust 2019cu il tarixdə Bakı şəhəri, ünvan 4 ünvanında olarkən bir qrup mülki və polis geyimində olan şəxslər evin arxa tərəfindən evə daxil olaraq onun qolunu qandallayaraq polis idarəsinə aparmışlar. O, polis idarəsində olarkən evdə axtarış keçirildikdən sonra onu evə gətirmişlər. Evə daxil olarkən Mürvətə yatağın altına qoyulmuş salafan torbada olan bir bükümü göstərərək yanında durmağını və şəkillərin çəkilməli olduğunu qeyd etmişlər, o isə həmin bükümün ona məxsus olmadığını bildirərək etiraz etmişdir. O zaman polis əməkdaşlarından biri onun boğazından yapışaraq “biz nə deyirik onu et” deyə təhdid etmişdir. Təqsirləndirilən şəxs bildirir ki, arxa otaqda yatağın altında aşkar olunan 50 qram heroin ona aid olmamışdır. Bununla yanaşı təqsirləndirilən şəxsin evində əməliyyat-axtarış tədbiri keçirilərkən axtarış keçirildikdən sonra hal şahidləri iştirak etmişdir. Məhkəmə iclası zamanı verdikləri vəsatətlər əsasında hal şahidi qismində dindirilmiş Şahid2 və Şahid1 yenidən dindirildi. Şahid2 bildirdi ki, o evdə axtarış keçirilərkən evdə iştirak etməmişdir, evə daxil olarkən stolun üstündə narkotik maddə olan ot kütləsi və dərman vasitələri olmuşdur. Şahid1 isə dindirilərkən öz ifadəsində bildirdi ki, o evdə əməliyyat axtarış keçirilərkən iştirak etməmişdir, sonda gəlmişdir və yalnız həyətdə bitən çətənə kolların görmüşdür. Lakin onlara təqdim edilmiş sənədləri imzalamışdırlar. Cinayət işinin materiallarından görünür ki, evdə axtarış keçirilərkən təqsirləndirilən şəxs Mürvətin qolları qandal ilə bağlıdır. Lakin həmin vaxt Mürvət onlara hər hansı bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs ilə istintaq təcridxanasında müdafiəçi olaraq konfidensial görüşərkən müəyyən olunmuşdur ki, o, latın əlifbasını nə oxuya, nə də ki yaza bilmir. İş materiallarından görünür ki, ona hüquq və vəzifələri ilə bağlı bütün bildirişlər latın qrafikası ilə verilib və onun adından tərtib edilmiş izahat, ifadəsi də latın qrafikasında tərtib edilib. Təqsirləndirilən şəxsə istintaq sənədləri və ittiham aktı kiril əlifbası ilə verilməmişdir. Bu da təqsirləndirilən şəxsin səmərəli müdafiə hüququnun təmin edilməməsidir və bu hal cinayət işinin materiallarının əlavə istintaqa qaytarılması üçün birbaşa əsasdır. Bununla yanaşı, Xətai Rayon Prokurorunun 19 fevral 2020-ci il tarixli Qərarı ilə də istintaq orqanı tərəfindən cinayət işi əlavə ibtidai istintaq aparılması və ittiham aktının yenidən tərtib edilməsi üçün geri qaytarılmışdır. Həmin Qərarda da göstərilir ki, təqsirləndirilən şəxsə təqdim edilməli olan sənədlər tutulma qərarı, tutma protokolu, şübhəli şəxsin hüquq və vəzifələrinə dair bildiriş, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı, təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair bildiriş və sonda ittiham aktı həm latın, həm də kiril qrafikası ilə ona təqdim edilməmişdir. Belə ki, geri qaytarılma səbəblərindən biri də təqsirləndirilan şəxsə istintaq orqanın materialları və ittiham aktının kiril əlifbası ilə verilməməsidir. Lakin bu günə qədər bu pozuntu aradan qaldırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkum edilmiş şəxsin və onun müdafiəçisinin, həmçinin apellyasiya şikayətinin təmin edilməməsi haqqında dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 1(101)-146/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayətindən görünür ki, məhkum edilmiş şəxsin müdafiəçiləri apellyasiya şikayətində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli olmasını mübahisələndirməmişlər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əldə etmiş, yaşadığı ünvan 1 ünvanına daşıyaraq yaşadığı evdə saxlamış, həmin çətənə (kannabis) toxumlarının bir hissəsini qeyd olunan ünvanda yerləşən yaşadığı fərdi yaşayış evinin arxa tərəfindəki həyətyanı torpaq sahəsində istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əkib 8 avqust 2019-cu il tarixədək olan müddət ərzində ümumilikdə xeyli miqdarda 5 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirmiş, onların hissələrini toplamaqla kultivasiya etmişdir. Məhkum edilmiş şəxs ifadələrində də polis əməkdaşlarına yaşadığı evin arxa tərəfində olan həyətyanı sahəsində beş ədəd çətənə kolunu göstərərək həmin kolları qurudulmuş marixuana əldə etmək üçün yetişdirdiyini, həmin kollara mütəxəssis tərəfindən baxış keçirildikdən sonra, polis əməkdaşları tərəfindən çıxarılaraq götürüldüyünü, həmin çətənə kollarını da öz istifadəsi üçün yetişdirdiyini, ailə üzvləri evində narkotik vasitə saxladığını və evinin arxa həyətində çətənə kollarını yetişdirdiyini bilmədiklərini və çətənə kollarını adi bitki kimi qəbul etdiklərini bildirmişdir ki, göstərilən xüsusatlar iş üzrə toplanmış bütün sübutların məcmusu ilə təsdiq edilmiş və bu da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə və onun müvafiq əməlinin həmin maddə ilə düzgün tövsif edilməsinə dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən istinad edilmiş hallar birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi zamanı iştirak etmiş Xətai RPİ-nin 34-cü PŞ-nin rəis müavini Şahid6 Balaqədəş oğlu, Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru Şahid3, Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı Şahid7, Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid5 və həmin bölmənin əməliyyat müvəkkili Şahid4, hal şahidləri qismində iştirak etmiş Şahid1 və Şahid2 dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Hökmdən və cinayət işinin materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ibtidai istintaqın dövründə və məhkəmə istintaqı zamanı fərqli ifadələr verərək törətmiş olduğu cinayət əməlini qismən etiraf etmişdir. Belə ki, ibtidai araşdırma dövründə ilkin ifadəsində Təqsirləndirilən şəxs baxış zamanı evin giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağında olan masanın üzərində olan bir ədəd kiçik ölçülü elektron tərəzinin, qəndqabının içərisindəki ot kütləsinin, siqaretin gümüşü kağızından olan iki ədəd bükümü, iki ədəd penisilin şüşəsini və salfetə bükülmüş bir ədəd qırıq ampulanı, salfetə bükülmüş çətənə toxumlarını göstərərək həmin əşyaların və maddələrin özünə məxsus olduğunu bildirmiş, sonra qonaq otağında pəncərə tərəfdə divarın dərinliyində quraşdırılmış dəmir seyfdəki pul kütləsinin, bir ədəd konvalyutda üzərində «Metadone M40» yazısı olan qəhvəyi rəngli 10 ədəd həbin, ağ rəngli salfet bükümündə olan 18 ədəd qəhvəyi rəngli üzərində «Metadone M40» yazısı olan həbin, bir ədəd konvalyut kəsiyində üzərində «Gritromiüin 100» yazısı olan 11 ədəd həbin, bir ədəd konvalyutda üzərində «Furasimid 40 mq» yazısı olan 5 ədəd həbin özünə məxsus olduğunu, onlardan üzərində «Metadone M40» yazısı olan həblərin narkotik vasitə olduğunu, «Metadon M40» həblərini təxminən bir ay bundan əvvəl «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında salfetə bükülmüş vəziyyətdə yerdən tapdığını bildirmişdir. Bundan sonra evinin yataq otağına baxış keçirilmiş, baxış zamanı otaqda olan çarpayıdakı döşəyin alt hissəsindən bir ədəd sellofan bükümü polis əməkdaşlarına təqdim edərək həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu, heroini öz istifadəsi üçün tutulmamışdan təxminən 20 gün əvvəl «Neftçilər» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 1000 manata aldığını bildirmişdir. Göründüyü kimi ibtidai araşdırma dövründə məhkum edilmiş şəxs müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsində yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələrin özünə məxsus olması, öz istifadəsi üçün evində saxlaması, onları satmaq niyyətinin olmaması ilə bağlı səmimi ifadələr vermişdir. Lakin məhkəmə istintaqı zaman məhkum edilmiş şəxs evinin yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsindən bir ədəd sellofan bükümün içərisindəki narkotik vasitə heroinin ona məxsus olmadığını, evindəki çarpayının döşəyinin altından bükümün necə aşkar olunduğunu bilmədiyini bildirmişdir. Halbuki Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Göstərilənləri nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini mötəbər sübut kimi qəbul etmiş və sonuncunun məhkəmə istintaqı zamanı özünün müdafiəsinə dair gətirmiş olduğu dəlilərinə, yəni məhkəmə iclasında vermiş olduğu ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri sübut qismində qiymətləndirməmişdir. Müdafiəçilər apellyasiya şikayətində təqsirləndirilən şəxsin dediyinə əsasən heroinin ona məxsus olmamasını, onun evində əməliyyat-axtarış tədbiri keçirilərkən axtarış keçirildikdən sonra hal şahidlərinin iştirak etdiyini, məhkəmə iclası zamanı verdikləri vəsatətlər əsasında hal şahidi qismində dindirilmiş Şahid2 və Şahid1 yenidən dindirildiyini, Şahid2 evdə axtarış keçirilərkən evdə iştirak etmədiyini, evə daxil olarkən stolun üstündə narkotik maddə olan ot kütləsi və dərman vasitələrinin olduğunu, Şahid1 isə dindirilərkən öz ifadəsində evdə əməliyyat axtarış keçirilərkən iştirak etmədiyini, sonda gəldiyini və yalnız həyətdə bitən çətənə kollarını gördüyünü bildirdiyini qeyd etsələr də, göstərilən hallar hal şahidlərinin birinci instansiya məhkəməsində verdikləri ifadələrlə tam təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Əhmədli metrostansiyasının yaxınlığında olarkən biri mülki, digəri polis geyimində olmaqla 2 nəfər polis əməkdaşları ona yaxınlaşmış, ona hal şahidi qismində bir evə baxmağı təklif etmişlər, o, razılığını bildirmiş, ondan başqa daha bir nəfər hal şahidi olmuş, polis əməkdaşları ilə birlikdə kənd Əhmədliyə getmişlər, orada bir evə daxil olmuşlar, evdə axtarış aparılmış, evin qonaq otağında masanın üzərində şüşə formalı maddə, tərəzi kimi bir əşya olmuş, evdən dərman formalı maddələr, Mürvətə məxsus pul, qabın içərisindən kiçik otabənzər kütlə aşkar edilmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş digər Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermiş, polis əməkdaşlarının xahişi ilə axtarış zamanı hal şahid qismində iştirak etdiyini, Mürvət Əbdülmanafovun evinə getdiyini, Mürvətin evinin həyətyanı sahəsində əkilmiş çətənə bitkilərinə oxşar bitkilərin aşkar edilməsini və evdə stolun üzərində həbləri gördüyünü, Mürvətin həmin həblərin və masanın üzərindəki başqa əşyaların ona məxsus olduğunu bildirdiyini göstərmişdir. Bununla yanaşı, iş materiallarında olan birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan da görünür ki, Şahid2 müdafiəçi Nailə Eldarovnanın suallarına cavab olaraq “Mürvət Əbdülmanafovun evində olduğunu, evdə axtarış zamanı ot və tabletkalar aşkar edildiyini, təqsirləndirilən şəxsə axtarış qərarının təqdim edildiyini”, dövlət ittihamçısının suallarına cavab olaraq “axtarış zamanı Mürvət Əbdülmanafovun aşkar olunanların ona məxsus olduğunu bildirdiyini” göstərmişdir ki, bu da təqsirləndirilən şəxsin evində axtarış aparılarkən hal şahidlərinin orada olmamasına dair irəli sürülmüş dəlilin heç bir əsasa söykənmədiyini deməyə əsas verir. Bununla yanaşı, məhkum edilmiş şəxs ibtidai istintaqın bütün mərhələsində, eləcə də 05 mart 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində əlavə olaraq dindirilərkən evindən aşkar edilmiş narkotik vasitələrin, eləcə də yataq otağında çarpayının üzərindəki döşəyin altında olan sellofan torbadakı narkotik vasitə olan heroinin özünəməxsus olduğunu, öz istifadəsi üçün tutulmamışdan 20 gün əvvəl “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 1000 manata aldığını bildirmiş, verilmiş suala cavab olaraq saxlanılarkən, ümumiyyətlə əməliyyat tədbirlərinin keçirildiyi heç bir zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixi təsir göstərilmədiyini, eləcə də ona qarşı hər hansı qanunsuz hərəkət olunmadığını bildirmişdir. Məhkum edilmiş şəxs birinci instansiya məhkəməsinin 03 iyun 2020-ci il tarixli iclasında isə sərbəst şəkildə ifadə verərək evindən aşkar edilmiş heroinin ona məxsus olmadığını, həmçinin evinə və evinin həyətinə baxış keçirilərkən iki nəfər hal şahidinin iştirak etdiklərini qeyd etmişdir. Göründüyü kimi müdafiəçilər əməliyyat-axtarış tədbirində hal şahidlərinin sonradan iştirak etdiklərini bildirsələr də, həmin hal iş materiallarını öz təsdiqini tapmamaqla, həm hal şahidlərinin özlərinin yuxarıda göstərilən ifadələri, həm də məhkum edilmiş şəxsin məhkəmə iclasında verdiyi “evinə və evinin həyətinə baxış keçirilərkən iki nəfər hal şahidinin iştirak etməsi”nə dair göstərdiyi xüsusatla da təkzib olunmuşdur. Bundan başqa müdafiəçilər apellyasiya şikayətində məhkum edilmiş şəxsin latın əlifbasını nə oxuya, nə də ki yaza bilmədiyini, lakin ona hüquq və vəzifələri ilə bağlı bütün bildirişlərin latın qrafikası ilə verilib onun adından tərtib edilmiş izahat, ifadəsinin də latın qrafikasında tərtib edildiyini, beləliklə məhkum edilmiş şəxsin hüquqlarının pozulduğunu bildirmişlər ki, həmin hallara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxsə şübhəli şəxs qismində tutulduğu vaxtdan etibarən müdafiəçi təyin edilmiş, barəsində həyata keçirilən bütün istintaq hərəkətləri müdafiəçinin iştirakı ilə həyata keçirilmişdir ki, belə olan halda Azərbaycan dilini bilən, lakin latın qrafikalı əlifbanı bilməyən şəxsin müdafiə hüququnun pozulmasından söhbət gedə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına əsasən Azərbaycan dilini bilən, lakin latın qrafikalı əlifbada icra olunmuş sənədləri oxuya bilməyən, kiril qrafikalı əlifbada icra olunmuş sənədləri oxuya bilən şəxslərin CPM-in 26.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərlə prosessual statusunun eyniliyi qəbul edilməzdir. CPM-in 26-cı maddəsi Azərbaycan dilini ümumiyyətlə bilməyən və ya bu dili qismən bilən və tam başa düşməyən şəxslərə aid edilir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə rəsmi dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması məsələsinə müdafiənin həyata keçirilməsi üçün faydalı vasitələr baxımından yanaşılmalıdır. Şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə sənədlərlə tanış olması üçün daha səmərəli yardımı onun vəkili (müdafiəçisi) göstərə bilər. Qeyd olunan qərarda göstərilmişdir ki, şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olması onun prosessual hüquqlarını məhdudlaşdırır. Müvafiq yazı qrafikasını bilməyən şəxslərin prosessual vəziyyəti dili bilməyən şəxslərin prosessual vəziyyəti ilə eyni qiymətləndirilməməlidir. Lakin qrafikanı bilməyən şəxslərin hüquqlarının təminatı cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının təminatından az olmamalıdır. Bu vəziyyətdə olan şübhəli və ya təqsirləndirilən şəxslər cinayət prosesini həyata keçirən orqanlar tərəfindən müdafiəçi ilə təmin edilməlidirlər. Plenum qərarında təsbit edilmiş yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da öz əksini tapmışdır. Belə ki, “Kamazinski Avstriyaya qarşı” iş üzrə 1989-cu il 19 dekabr tarixli qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinin pozulması ilə əlaqədar bildirmişdir ki, tərcümə yardımı elə olmalıdır ki, təqsirləndirilən şəxsin ona qarşı qaldırılmış işi başa düşməsinə və onun özünü müdafiə etməsinə, xüsusən də öz mövqeyini məhkəmə qarşısında irəli sürməsinə imkan versin. Bununla belə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bildirmişdir ki, şikayətçiyə müdafiə olunması məqsədi ilə ədalət mühakiməsinin aparıldığı dildə danışmaq üçün vəkilin təqdim olunması ilə dövlət 6-cı maddənin 3-cü bəndinin “a” yarımbəndinin tələblərini yerinə yetirmiş olur. Hazırki işin hallarından görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı Şahid7 08 avqust 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, elə həmin tarixdə M.H.Əbdülmanafov müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə şübhəli şəxs qismində tutulmaqla şübhəli şəxsin hüquq və vəzifələri ona izah edilmiş, eləcə də daha sonra həyata keçirilən bütün istintaq hərəkətləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə həyata keçirilmişdir. Bundan əlavə təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında 04 mart 2020 və 05 mart 2020-ci il tarixli protokollardan görünür ki, müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs öz əl yazısı ilə ifadəsini oxuduğunu, ifadənin onun sözləri ilə düzgün yazıldığını, əlavəsinin olmadığını, doğruluğunu imzası ilə təsdiq etdiyini bildirib öz əl yazısı ilə imzasını icra etmişdir. Bundan əlavə 31 may 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının protokolundan görünür ki, sədrlik edənin sualına cavab olaraq Təqsirləndirilən şəxs ittiham aktının surətini aldığını və tanış olduğunu bildirmiş, lakin onun latın qrafikalı əlifba ilə yazılanları başa düşməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bütün bu göstərilən hallar cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətlərinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən prosedur qaydalara uyğun aparılmasını və Azərbaycan dilini bilən, lakin latın qrafikalı əlifbada icra olunmuş sənədləri oxuya bilməyən təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmamasını, əksinə lazımi səviyyədə təmin olunmasını deməyə əsas verir. Bununla yanaşı, müdafiəçilər apellyasiya şikayətində məhkum edilmiş şəxsin narkotik vasitələrin satışını həyata keçirmədiyini, aşkar edilmiş narkotik vasitələri öz şəxsi istehlakı üçün saxladığını göstərsələr də, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs evindən və evinin həyətindən aşkar edilib götürülən dövriyyəsi qadağan olunmuş narkotik vasitənin miqdarı və növ müxtəlifliyi (1,421 qram və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,305 qram olmaqla, ümumilikdə 1,726 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd salfet kağızı bükümündə 1,138 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumları, bir ədəd gümüşü rəngli kağız bükümdə tütün hissəcikləri ilə yanaşı tərkibində cüzi miqdarda narkotik vasitə qurudulmuş marixuana hissəcikləri olan 0,103 qram ümumi təmiz çəkidə qarışıq kütlə, qonaq otağında pəncərə tərəfdə divarın dərinliyində gizli şəkildə quraşdırılmış dəmir seyfin içərisindən ümumilikdə təsiredici maddəsinin miqdarı 1,12 qram təşkil edən, üzərində “Metadone M40” yazısı olan bir ədəd konvalyutda 10 ədəd və ağ rəngli salfet bükümdə 18 ədəd olmaqla, cəmi 28 ədəd narkotik vasitə metadon həbləri, yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsindən bir ədəd sellofan bükümdə külli miqdarda 50 qram çəkidə narkotik vasitə heroin və evin arxa tərəfində olan həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi aqrotexniki qaydada qulluq olunmuş yaş vəziyyətdə ümumi təmiz çəkisi 5.460 qram olan xeyli miqdarda 5 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri)) 1 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi, eyni zamanda, iş materiallarında olan digər sübutlar (sms mətnləri) onun həmin narkotik vasitəni məhz satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını və daşımasını təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) 222-54-57 saylı nömrəyə daxil olmuş və həmin nömrədən göndərilmiş SMS-lərdə aşağıdakı ifadələrə rast gəlinir: “qurban olum patinin birin götürüm, Lalənin canına and olsun ki, səhər gələn kimi verəcəm”, “Murvət 5 dənə düzəlt də 1 dənəni duzəltmə bu uşaq verəcəy mənə onsuzda”, “Səhərə gədər sərhəddə idim, duranda iran nömrəmə zəng vur, mən gedirəm evə, adamı bu gün yolla...mənim adamlarım Bakıdadılar. “Salam əziz qardaş. Mənim mallarım bakıdadı. İstəsən adamı yolla, istəməsən başqa adama verərəm, sağol”, Təqsirləndirilən şəxs istifadə etdiyi (070) 222-54-57 saylı nömrədən çıxmış SMS: “şeyin pulu oldu 300”, İran mobil nömrəsindən Təqsirləndirilən şəxs göndərilmiş SMS: “Salam əziz qardaş necesen. Mən sənə zəng vururam cavab vermədin. Mal siz tərəfdədir. Bir nəfər var istəyir. İcazə versən bu reys ona verim. Sənə yenə göndərərəm Ramin” (1-ci cild iş vərəqi 183-184). Göründüyü kimi məhkum edilmiş şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətində məhkum edilmiş şəxsin narkotik vasitələri satış məqsədi olmadan əldə edib saxlamasına dair irəli sürdüyü dəlillər qeyd olunan sübutlarla tam təkzib olunur və bununla da ona verilmiş ittihamda göstərilən xüsusatlar biri digəri ilə uzalaşan sübutlarla təsdiq olunmaqla məhkəmədə heç bir şübhə doğurmur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməklə ifadəsində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməllərini Azərbaycan Respublikası CM-nin 237.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə, məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halların olmadığını, cəzanı ağırlaşdıran hal kimi isə əməlində cinayətin residivinin olmasını, o cümlədən AR CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən alınmış 24 avqust 2019-cu il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2017-ci il tarixli yekun qərarına əsasən ona təyin edilmiş cəzanın dəyişdirilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına artırılmış və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 2 ay 23 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (1-ci cild iş vərəqi 113-114). Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzasının yüngülləşdirən halların olmamasını, yuxarıda göstərilən ağırlaşdırıcı halı əsas götürərək Mürvət Əbdumanafova həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmiş və apellyasiya baxışı ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair 09 iyul 2021-ci il tarixli, 1(101)- 146/2021 nömrəli hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair 09 iyul 2021-ci il tarixli, 1(101)-146/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Əli Seyfəliyev Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar