Məhkəmə qərarları › İş №1(103)-181/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-181/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-181/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, Osmanov Vahab Bəhram oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 1(101)-1152/2022 saylı hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, AZ1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 1(101)-1152/2022 saylı hökmü ilə (hakimlər Novruz Kərimov (sədrlik edən), Rasim Sadıxov və Azər Paşayev) xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, fərdi əməklə məşğul olan, məhkum olmamış, ünvan 1 ünvanda qeydiyyatda olub, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın başlanğıcının 20 sentyabr 2021-ci il tarixdən hesablanması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə eyni zamanda maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İşin halları: Məhkəmənin müəyyən etdiyinə əsasən, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda başqa mənbədən 03 ədəd qara rəngli sellofan kəsiyi bükümündə olan hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,802 qram, 0,488 qram və 1,663 qram, ümumi təmiz çəkisi külli miqdarda 2,953 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və 20 sentyabr 2021-ci il tarixdə saat 15:10 radələrində Bakı şəhəri Suraxanı rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nə aparılmış və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən həmin 3 ədəd qara rəngli sellofan kəsiyi bükümündə olan hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,802 qram, 0,488 qram və 1,663 qram, ümumi təmiz çəkisi külli miqdarda 2,953 qram tozşəkilli maddə, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, onun işinə yenidən daha ədalətlə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi sübut olunmadığı halda həmin maddə üzrə əsassız şəkildə məhkum edilmişdir. Tərəzi və şahid iş üzrə yoxdur. Üzərindən çıxan narkotik vasitə şəxsi istifadəsi üçündür. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 1(101)-1152/2022 saylı hökmünün ləğv edilməsini, məhkum olunmuş şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəzanın təyin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı2 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək şikayətin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 1(101)-1152/2022 saylı hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından görünür ki, o, əməlin hüquqi tövsifini mübahisələndirmişdir. Həmçinin etiraf etdiyi cinayət əməlinə görə aşağı həddə cəza təyin edilməsini xahiş edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin yanlış olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə tövsif edilməsinə təkid etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və videogörüntülərin, ekspertiza rəylərinin digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi sanksiyası daxilində 05 (beş) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən, ədalət prinsipinin tələbləri gözlənilmişdir. Belə ki, təyin edilən cəza onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğundur. Məhkəmə ətraflı ifadə verməsini yüngülləşdirən hal kimi nəzərə alıb. Ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında məhkumun cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini formal mülahizələr əsasında və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verildiyi qənaətinə gəlir. Belə ki, narkotik vasitələrin 3 ədəd bükümdə saxlanılması narkotik istifadəsinə yox, onların satışı niyyətinə dəlalət edən xüsusatdır. Təbii ki, satış niyyətinin olmasını iş üzrə digər sübutlarla da təsdiq edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 1(101)-1152/2022 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 1(101)-1152/2022 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 12 (on iki) saat üçün cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elbəy Allahverdiyev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar