Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1813/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçilər – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və “Alyans” Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Şuşa şəhərində anadan olmuş, evli, işsiz, məhkumluğu olmayan, Şuşa şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1, mənzil 5-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Qobu Park” Yaşayış Kompleksi, ev 34, mənzil 57 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 1(101)-1233/2024 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov (sədrlik edən), Rasim Sadıxov, Leyla Əsgərova-Məmmədova) 21 iyun 2024-cü il tarixli, 1(101)-1233/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 27 avqust 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdə saat 03:09-da tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs səsli mesaj göndərərək nalayiq ifadələrlə görüşə çağırmasından ibarət cüzi səbəbi bəhanə edib sonuncunu cəzalandırmaq məqsədilə idarə etdiyi "Toyota Prius” markalı, **- UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Qobu Park” Yaşayış Kompleksi 3/ 26 saylı binanın yaxınlığına gələrək Zərərçəkmiş şəxs ilə rastlaşdıqda özünü ətrafdakılara qarşı qoyub, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına və ümumi davranış qaydalarına açıq etinasızlıq göstərməklə heç bir əsaslı səbəb olmadan avtomobili Zərərçəkmiş şəxs üzərinə sürüb sonuncunu vuraraq sol baldır sümüklərinin (qamış və incik) orta 1/3-nin qəlpəli, yerinidəyişmiş, açıq sınıqları, sağ kürək sümüyünün qapalı, yerinidəyişmiş sınığı, burun, qaşarası, sağ çiyinüstü, sağ said, sol bazu, sol dirsək, sol əlin arxa səthinin, sağ diz oynağı və sağ qalça nahiyələrinin sıyrıqları ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib himayəsində üç oğlan övladlarını təkbaşına böyütməsini, həyat yoldaşının vəfat etməsini, zərər çəkmiş şəxslə barışmasını nəzərə alıb Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli hökmünün dəyişdirilərək ona daha az cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətinə dəyişiklik edərək Təqsirləndirilən şəxs əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsini, zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxslə barışmasını nəzərə alaraq barəsində təyin ediləcək cəzanın şərti hesab edilməklə CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, zərər çəkmiş şəxs də apellyasiya şikayətinin təmin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hazırki iş üzrə hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 1(101)-1233/2024 nömrəli hökmü dəyişdirilib Təqsirləndirilən şəxs əməli CM-in 126.2.4-cü maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif edilməklə, həmin maddənin sanksiyasında ona cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olması mötəbər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin apellyasiya şikayətini qismən istintaq aparmaqla araşdırıb Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 1(101)- 1233/2024 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlamaqla, nəticə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Qeyd edilən tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət prosessual qanunvericiliyin tələbinə görə bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri sübutlara əsasən müəyyən edilməlidir (CPM-nin 139-cu mad.) Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir (CPM-nin 145.1-ci mad.) Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci mad.) Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaqın müəyyən etdiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə qəsdən vuraraq sağlamlığına ağır zərər vurması halı ilə razılaşmaqda birinci instansiya məhkəməsi haqlı olsa da, təqsirləndirilən şəxsin bu hərəkətini xuliqanlıq niyyəti ilə törədilmiş cinayət kimi CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etməkdə səhvə yol vermişdir. Belə ki, istər ibtidai istintaq, istərsə də birinci və apellyasiya instansiya məhkəmələrində məhkəmə istintaqında müəyyən edilən hallar odur ki, 2023-cü ilin avqust ayının 11-dən 12-nə keçən gecə saatlarında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə (özünün apellyasiya instansiyasında məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə əsasən) zəng vurub taksi kimi fəaliyyət göstərən tanışı Təqsirləndirilən şəxs onu evlərinə aparılmasını xahiş etsə də, sonuncu işinin olmasını əsas gətirərək imtina etdiyi üçün aralarında sözlü mübahisə yaranmışdır. Mübahisəni davam etdirməmək üçün Təqsirləndirilən şəxs telefona cavab vermədiyindən Zərərçəkmiş şəxs səsli mesaj göndərib onu yaşayış kompleksinə görüşə çağıraraq, qayıtdığı zaman ona xəsarət yetirəcəyini nalayiq sözlərlə, söyüşlə bildirmişdir. Təqsirləndirilən şəxs işlərini bitirib idarə etdiyi "Toyota Prius” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə 12 avqust 2023-cü il tarixdə saat 03 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Qobu Park” Yaşayış Kompleksinə gəldikdə, kompleksin 3/26 saylı binasının yaxınlığındakı yolayrıcında Zərərçəkmiş şəxs qəflətən binanın kənarından çıxıb Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinin kapotuna tullanmışdır. Bu zaman Zərərçəkmiş şəxs üzərində mətbəx bıçaqı olmuşdur (təqsirləndirilən və zərər çəkmiş şəxslərin, eləcə də şahid qismində dindirilmiş X2 ifadələri ilə təsdiq olunur). Videogörüntüdən bəlli olur ki, Təqsirləndirilən şəxs dərhal əyləcə basıb bir anlıq avtomobili saxlasa da, sonradan sürətlə avtomobili hərəkətə gətirməsi nəticəsində Zərərçəkmiş şəxs yerə yıxıb idarə etdiyi avtomobillə onun üzərindən keçərək sonuncuya qəsdən ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən vəziyyətdə Təqsirləndirilən şəxs əməlinin zəruri müdafiə vəziyyətində törədilməsi təkzib edilir. Belə ki, yolayrıcında Zərərçəkmiş şəxs qəflətən binanın kənarından çıxıb Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinin kapotuna tullanması kimi hərəkəti özlüyündə sonuncuya nisbətdə müdafiə vəziyyətini yaratmır, çünki zərər çəkmiş şəxsin bu hərəkəti ilə idarə etdiyi avtomobilin texniki konstruksiyasına uyğun qapalı salonda olmaqla bu cür kənar müdaxilədən mühafizə olunan təqsirləndirilən şəxsin həyat və sağlamlığı üçün real təhkükə yaranmamışdır (videogörüntüdə Zərərçəkmiş şəxs sürücü istiqamətində hərəkət etməsi müəyyən olunmur). Həmin vaxt zərər çəkmiş şəxsin üzərində mətbəx bıçağının olması təsdiq edilsə də, kapotun üstünə tullanarkən bıçağın onun əlində olması yalnız təqsirləndirilən şəxsin ifadələrində öz əksini tapmışdır. Qəbul etsək ki, zərər çəkmiş şəxs əlində bıçaq kapotun üstünə tullandıqdan sonra sürücü istiqamətində hərəkət edib Təqsirləndirilən şəxs həyat və sağlamlığı üçün real təhkükə yaratmışdır (halbuki bunlar videogörüntü ilə müşahidə olunmur), bu halda sonuncuda müdafiə vəziyyəti yaransa belə, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobili sürətlə hərəkətə gətirməsi nəticəsində Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra faktiki zərərsizləşdirildiyindən, onun qəsdinin qarşısı alındığından, zəruri müdafiə vəziyyəti aradan qalxmış olur və bundan sonra müdafiə hərəkətlərinə yol verilə bilməzdi. Buna baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirib idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs üzərindən keçərək sonuncuya ağır dərəcəli bədən xəsarəti yetirmişdir ki, belə olan halda da Təqsirləndirilən şəxs məsuliyyət məsələsi ümumi əsaslarla həll edilməlidir. Hadisənin təsvir edilən kimi inkişaf etməsi Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törədildiyini, onun səbəbsiz hərəkət etmədiyini, Zərərçəkmiş şəxs özü ilə mübahisəyə təhrik etməyib bundan bəhanə kimi istifadə olunmamasını, zərər çəkmiş şəxsə qarşı törətdiyi hərəkətin əsasında (motiv olaraq) onun subyektiv qiymətləndirməsində təhqir, düzgün olmayan hərəkətlər kimi səciyyələndirilmiş zərər çəkmiş şəxsin davranışının çıxış etməsini göstərir. İbtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun hadisədən öncə etdiyi təhrikedici hərəkətləri Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini şərtləndirən xüsusat kimi deyil, yalnız Zərərçəkmiş şəxs ona səsli mesaj göndərməsini bəhanə kimi qiymətləndirmələri aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edib təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişən, bu hərəkətləri xuliqanlıq niyyəti ilə törədilməsinə çevirən hal olaraq qəbul edilə bilməz. Göstərilənlər Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır zərər vurma kimi – CM-nin 126.2.4-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Çünki artıq yuxarıda qeyd edildiyi kimi bu məsələnin həllində əhəmiyyət kəsb edən şərt hadisədən bir qədər öncə və hadisə zamanı zərər çəkmiş şəxsin təhrikedici hərəkətləri olmuşdur. Təqsirləndirilən şəxsin təsvir edilən hərəkətlərinin isə, yəni idarə etdiyi avtomobillə qəsdən zərər çəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmasının hər hansı ağırlaşdırıcı əlamətlə müşayiət olunmaması Təqsirləndirilən şəxs əməlinin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsini şərtləndirir, onun əməlinin həmin maddə ilə tövsif olunması barədə qənaətə gəlməsinə əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında izah olunur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır (qərarın 5-ci bəndi). Xuliqanlıq niyyətinin şərhini isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında vermişdir. Plenumun həmin qərarının 6-cı bəndində deyilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İşin faktiki hallarını, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığlna qəsdən ağır zərər vurması ilə bağlı olan hərəkətlərini CM-nin Xüsusi hissəsinin normaları və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında ifadə olunmuş “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi ilə müqayisə etdikdə, əslində Təqsirləndirilən şəxs əməlində qeyd olunan əlamətin olmadığı və onun hərəkətlərinin bu maddə ilə əsassız olaraq tövsif edildiyi, müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməlində CM-nin 126.2.4-cü maddəsində göstərilən tövsifedici əlamətlərin olmaması haqqında iddiasının əsaslı olduğu, birinci instansiya məhkəməsinin isə həmin maddəni Təqsirləndirilən şəxs əməlinə şamil etməklə məhkəmədə baxılaraq tədqiq edilmış sübutlardan irəli gəlməyən (işin həqiqi faktiki halları ilə uzlaşmayan) nəticə çıxararaq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifində səhvə yol verdiyi müəyyən edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs ağır bədən xəsarətini xuliqanlıq niyyəti ilə deyil, aralarında yaranmış sözlü mübahisə zamanı ünvanına nalayiq ifadələr işlətməsi, axşam evə gələndə xəsarət yetirəcəyi barədə zərər çəkmiş şəxsin sərxoş vəziyyətdə ona söyüşlə bildirməsi, gecə vaxtı Zərərçəkmiş şəxs qəflətən təqsirləndirilən şəxsin idarə etdiyi, hərəkətdə olan avtomobilinin üzərinə tullanıb hücum etməsi səbəbindən, şəxsi münasibətlər zəminində yetirdiyinə görə, onun əməli əsassız olaraq xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi CM-nin 126.2.4-cü maddəsi ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs həqiqi əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin edilmişdir. Yuxarıda qeyd olunduğu kimi Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə hərəkət etməsi faktiki olaraq müəyyən edilmədiyi halda, təqsirləndirilən şəxsin ağırlaşdırıcı halda zərər çəkmiş şəxsə xəsarət yetirməsini təsdiq edən sübutların olmamasına əhəmiyyət verilməmiş, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələlərinə riayət edilməmiş, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki birinci instansiya məhkəməsində onun xuliqanlıq niyyətilə digər şəxsin sağlamlığına qəsdən ağır zərər vurması ilə əlaqədar hər hansı bir sübut əldə olunmamışdır. Məhkəmə kollegiyası sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 1(101)-1233/2024 nömrəli hökmü Təqsirləndirilən şəxs CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilməli, onun CM-in 126.2.4-cü maddəsi ilə ittiham olunduğu əməli CM-in 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, hazırda təqsirləndirilən şəxsin əməlinin CM-in 126.2.4-cü maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif edilməsi nəzərə alınmaqla, bu hissədə də hökm dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət hadisəsinin törədilməsi halları barəsində ətraflı ifadələr verib, cinayət əməlinin baş verməsinin gedişatının, nəticələrinin müəyyən olunmasında iştirakını cinayət işinin istintaqında fəal iştirak kimi qiymətləndirib bunu onun cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 126.1-ci maddəsi ilə tövsif olunması ilə sonuncunun əməlinin ağır cinayət əməlindən az ağır cinayət əməlinə tövsif edilməsi, zərər çəkmiş şəxslə barışması, sonuncunun ondan şikayət və tələbinin olmadığı, həyat yoldaşının 2010-cu ildə vəfat etməsi, üç oğlan övladını faktiki təkbaşına böyütməsi, hazırda onlardan birinin yetkinlik yaşına çatmadığı, ailəsinin yeganə qazanc mənbəyinin olması, cəzasını ağırlaşdıran halların olmaması ona cəza təyini zamanı nəzərə alınmalıdır. Müdafiə tərəfinin müraciətində həmçinin Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmaqla cəzanın şərti olaraq tətbiq edilməsi xahiş edilsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddənin tətbiqi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxsin islah olunması yalnız cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanunidir, təqsirləndirilən şəxsin əməlində cəzasını yüngülləşdirən halları nəzərə alıb ona CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimal həddə cəza təyin edilməlidir. Belə ki, CM-nin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhudlaşdırma, inzibati xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsasların olmadığı qənaətinə gəlir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarlar). Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimal həddə cəza təyin edilməsini açıq-aydın ədalətsiz hesab etmir, çünki belə cəza onun həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəzadır. CPM-nin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 405.1.2-ci maddəsinə görə cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət qanunvericiliyinin tətbiq etdiyi hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 1(101)-1233/2024 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-nin 126.2.4-cü maddəsi ilə ittiham olunduğu əməli CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmalı, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona CM-nin 126.1-ci maddəsi ilə minimal həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 1(101)-1233/2024 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə ittiham olunduğu əməli CM-in 126.1-ci maddəsi ilə tövsif olunsun və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X5 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov.
Məhkəmə qərarları › İş №1(103)-1813/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1813/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver