Məhkəmə qərarları › İş №1(103)-1839/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1839/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1839/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs – X4, Müdafiəçi – Müdafiəçi iştirakları ilə, 12 avqust 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,

1. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-247/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikyətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

2. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır.

3. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,331 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış və 19 yanvar 2023-cü il tarixdə saat 07:00-da ünvan 3 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan jiletin sağ yan cibində “Rothmans” siqaret qutusunun içərisindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,331 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-247/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə (Hakim: E.Hüseynov) əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrininin yerinə yetirməsi, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməsi, bu cəzanın icrası müddətinin onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.

5. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-247/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib ona bəraət verilməsini xahiş etmişdir.

7. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir.

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

9. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs T.Qürbətov və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin edilməsini və ona bərəaət verilməsini xahiş etdilər.

10. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı T.Qəhrəmanov apellyasiya şikayətinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını məhkəmə istintaqı aparılmaqla araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 247/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

13. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.

14. Apellyasiya şikayətində və apellyasiya instansiyası məhkəməsində icraat zamanı verdiyi izahatında təqsirləndirilən şəxs X9 ittihamda qeyd olunan əməlin hüquqi tövsifini mübahisələndirmiş, ittiham üzrə özünü təqsirli bilməmiş və ona bəraət verilməsini xahiş etmişdir.

15. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər psixotrop maddələrdən istifadə etsə də, hal-hazırda psixotrop maddələrdən istifadə etmir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Xutor” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 01 büküm psixotrop maddə olan “metamfetamin” almışdır. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində küçədə polis əməkdaşları onu saxlamış, ona narkotik maddələrin istifadəsində şübhəli olduğu bildirilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt onun əynində olan qara rəngli jiletin sağ yan cibində olan “Rothmans” siqaret qutusunu çıxarıb qutunun içərisində olan 01 ədəd gümüşü rəngli kağızda olan bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişdirlər. O, etiraz etməmiş, polis əməkdaşlarının avtomobilinə əyləşərək PŞ-nə getmişdir. Polis şöbəsində olan zaman onun üzərində şəxsi axtarış aparılmış və buna dair protokol tərtib edilmişdir. Həmin prosesual hərəkət videokamera vasitəsilə qeydə alınmışdır. Videoçəkiliş başlayanadək onun üzərindən aşkar olunmuş psixotrop maddə masanın üzərinə qoyulmuş və çəkiliş zamanı həmin psixotrop maddəni jiletin cibindən çıxarmaqla təqdim etməsi tələb olunmuşdur. Polis əməkdaşlarının tələb etdiyi kimi həmin psixotrop maddəni video çəkiliş zamanı təqdim etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir.

16. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində son sözlə çıxış edərək bildirmişdir ki, o, heç bir cinayət əməli törətməmişdir, polis əməkdaşları tərəfindən aldadılmış və ona psixotrop maddəni üzərində daşıması barədə ifadə verəcəyi təqdirdə heç bir məsuliyyətə cəlb edilməyəcəyi bildirilmişdir. Lakin məhkəmə iclası zamanı ona məlum olmuşdur ki, polis əməkdaşları onu aldatmışdır və o həmin ifadəsini təsdiq edərsə, cinayət məsuliyyətindən azad edilməyəcək. O, ekspertizaya aparılarkən ekspert rəyi üçün hər hansı analiz verməmiş, ona narahat olmamasını, cinayət məsuliyyətinə cəlb edilməyəcəyini bildirmişlər. Həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan polis idarəsində üzərində şəxsi axtarış aparılarkən üzərində hər hansı psixotrop maddə olmamışdır. İttiham üzrə qeyd edilən psixotrop maddəni polis əməkdaşları ona ifadəsini təsdiqləmək üçün vermişlər. Sonda barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin sahə rəisi Şahid1 vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində Nəsimi RPİ-nin 19-PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin “Nexia” markalı avtomobildə olduğunu və maşını asta-asta sürüdüyünü görmüşlər. Həmin şəxsə yaxınlaşdıqda həyəcanlı olduğunu müşahidə etmiş və şübhələnmişlər. Bundan sonra həmin şəxsə yaxınlaşıb sorğu-sual etmək istədikdə avtomobildə əyləşən şəxsin əlində olan bükümü avtomobildən kənara atmasının şahidi olmuşlar. Dərhal Şahid2 yerə atılmış həmin bükümü götürmüş və həmin şəxsdən yerə atdığı maddənin nə olduğunu soruşduqda şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsi Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gətirmişlər. Orada təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin psixotrop maddə metamfetamin sonuncu tərəfindən könüllü olaraq təhqiqatçıya təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir.

18. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində Nəsimi RPİ-nin 19cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında saat 2-3 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində Nəsimi RPİ-nin 19-PŞ-nin sahə rəisi Şahid1 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin “Nexia” markalı avtomobildə olduğunu və asta-asta sürdüyünü görmüşlər. Həmin şəxsə yaxınlaşdıqda sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs avtomobildən düşmüş və əlini sıxılı vəziyyətdə saxlamışdır. Həmin şəxsin həyəcanlı olduğunu müşahidə etmişlər. Bundan sonra həmin şəxsə yaxınlaşıb sorğu-sual etmək istədikdə Təqsirləndirilən şəxs əlində saxladığı maddəni yerə atmışdır. O dərhal yerə atılmış maddənin nə olduğunu Təqsirləndirilən şəxs soruşmuş, sonuncu həmin maddənin narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsi Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gətirmişlər. Orada təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin psixotrop maddə metamfetamin sonuncu tərəfindən könüllü olaraq təhqiqatçıya təqdim edilmişdir.

19. Cinayət işinin materiallarına əlavə edilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı Elsevər Aslanov tərəfindən tərtib edilmiş 19 yanvar 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki qara rəngli jiletin sağ yan cibindən “Rothmans” siqaret qutusunu çıxarmış, qutunun içərisində 1 (bir) ədəd gümüşü kağızda olan bükülünü masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi gödəkçənin boynuna və içərisinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, o, 1 (bir) ədəd sellofandan ibarət bükülünün içərisində “şüşə” deyilən psixotrop maddə olduğunu bildirmiş, ondan həmin bükülünü hardan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi sual edildikdə, həmin şəxs qeyd edilən psixotrop maddəyə bənzər kütləni “Xutor” adlanan ərazidə tanımadığı şəxsdən 25 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükülünün içərisində olan psixotrop maddəyə bənzər kütlənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik maddəyə bənzər, bir ədəd sellofanda olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİnin 19-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 187 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bur şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 41- 45).

20. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli, “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə saat 08:30-da şübhəli şəxs qismində tutulmuşdur (i/v 17).

21. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2023- cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (i/v 65-66).

22. İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 20 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 81- 82).

23. İş materiallarında olan “qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 yanvar 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və qərarın surəti həmin gün saat 15:30-da elan edilmiş və surəti təqdim edilmişdir. (i/v 83-84).

24. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 92).

25. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2023-cü il tarixli, 6/373 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №187” möhür əksləri olan, Türfət Qürbətov (imza)... sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,331 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən, psixotrop maddələrin siyahısına (Siyahı 1) daxildir (i/v 54-56).

26. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 704 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v 104-105).

27. İş materiallarında olan “qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə dəyişdirilmişdir. (i/v 119-120).

28. İş materiallarında olan “maddi sübutun tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzəndən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,331 qram psixotrop maddə olan metamfetaminin maddi sübüt kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,281 qram hissəsinin Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi qərara alınmışdır. (i/v 124-125).

29. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X6 adlı bir uşağı vardır. (i/v 102-103).

30. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs X4 ittiham olunduğu cinayət əməlini törətməsi şahidlərin ifadələri və digər istintaq hərəkəti protokolları ilə tam təsdiqini tapmışdır.

31. Təqsirləndirilən şəxs Qürbətov Türfət apellyasiya şikayətində, vəsatətində və izahatında 19 yanvar 2023-cü il tarixdə, saat 07:00-da deyil, 17 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində tutulduğunu, 18 yanvar səhər saatlarınadək orada saxlanıldıqdan sonra buraxaraq bildirmişlər ki, “get hazır ol, axşam saatlarına qədər gələrsən. T.Qürbətov “hazır” getmədiyindən onu 19 yanvar 2023-cü il tarixində, saat 08:30-da (əslində 10:00-da) barəsində tutulma qərarı çıxarılmışdır.

32. Təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətində təqsirləndirilən şəxs və Şahid2 17 yanvardan 20 yanvaradək olan anten məlumatlarının götürülməsini xahiş etmişdir.

33. Kollegiya təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrənin 16 yanvar 2023-cü il tarixindən 20 yanvar 2023-cü il tarixinədək olan anten məlumatlarını götürmüşdür.

34. Vəsatətin Şahid2 anten məlumatlarının da götürülməsinə dair hissəsinə münasibətdə kollegiya qeyd edir ki, Şahid2 anten məlumatları hazırki işin həllində hər hansı rol oynamadığından və təqsirləndirilən şəxsin mobil telefonun tutulduğu vaxt ərzində Şahid2 olmasına dair hər hansı sübut olmadığından kollegiya Şahid2ı anten məlumatlarının götürülməsinə zərurət görməmişdir.

35. Təqdim edilən anten məlumatlarından görünür ki, təqsirləndirilən şəxs tutulduğunu və polis bölməsinə gətirildiyini iddia etdiyi 17 yanvar 2023-cü il tarixində saat 23:00 radələrində nə tutulduğunu söylədiyi Cavadxan küçəsi 15 ünvanında, nə də bir gecə saxlanıldığını bildirdiyi 19-cu polis bölməsinin olduğu Nəsimi rayonu, 20 Yanvar küçəsində olmamışdır.

36. Həmin gün (17 yanvar) saat 20:00-dan 18 yanvar 2023-cü il səhər saat 09:48-dək müxtəlif saatlarda Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti,X8 küçəsi 62, Şəfayət Mehdiyev, H.Cavid küçəsi ilə Ə.Ələkbərov küçəsinin kəsişməsindəki mağaza, X8 küçəsi 62, Yasamal TQK, ATS 438, Pişəvəri küçəsi 27A, 4-cü mkr, Bakı şəhəri, Mirzə Məhəmməd xan 7, X17, Heydər Əliyev pr. 1, ünvan 5 ünvanlarında olmuşdur.

37. Göründüyü kimi, təqsirləndirilən şəxs 17 yanvar saat 23:00 radələrində tutularaq, gecə polis bölməsində qaldığını və 18 yanvar səhər saatlarında buraxıldığını qeyd etsə də, anten məlumatından görünür ki, yanvarın 17-dən 18-nə keçən gecə o, Pişəvəri küçəsi 27A, 4-cü mkr, Bakı şəhəri, Mirzə Məhəmməd xan 7, X17, Heydər Əliyev pr. 1 ünvanlarında olmuşdur.

38. Kollegiya təqsirləndirilən şəxsin telefonunun polis əməkdaşları tərəfindən götürülməsinə dair apellyasiya şikayətinin dəlilinə də münasibət bildirərək qeyd edir ki, telefonun polis əməkdaşları tərəfindən götürülməsi ehtimal edildikdə belə, təqsirləndirilən şəxsin tutulduğunu iddia etdiyi 17 yanvar saat 23:00 radələrində anten məlumatı Cavadxan küçəsi ünvanını göstərməli idi. Lakin, həmin radələrdə təqsirləndirilən şəxsin Cavadxan küçəsində olmasına dair anten məlumatı aşkar edilmir. Təqsirləndirilən şəxs 17 yanvar tarixində tutulduğu ünvan olan Cavadxan küçəsində saat 01:31-dən 13:13:38-dək, həmçinin 17:25-dən 17:30-dək və 18:36, 19:41-də olmuşdur. Bu da onun tutulduğunu iddia etdiyi saatla (saat 23:00 radələri) heç bir halda üst-üstə düşmür.

39. Anten məlumatlarından görünür ki, təqsirləndirilən şəxs Nəsimi Rayonu 19-cu Polis Bölməsinin olduğu küçədə (20 Yanvar küçəsi) 18 yanvar saat 17:14-dən 17:26-dək olmuşdur. Halbuki, təqsirləndirilən şəxs 18 yanvar tarixində səhər saatlarınadək bölmədə qaldığını iddia etmişdir. Lakin, anten məlumatlarından görünür ki, o, 18 yanvar səhər saatlarında 20 yanvar küçəsində olmamışdır.

40. Təqsirləndirilən şəxs 18 yanvar tarixində saat 17:00 radələrində polis bölməsində olmasını iddia etməməsinə baxmayaraq, kollegiya qeyd edilməsini zəruri hesab edir ki, təqsirləndirilən şəxsin Cavadxan küçəsində yaşadığı nəzərə alındıqda, onun 18 yanvar saat 17:14 və 17:20 radələrində 20 Yanvar küçəsində olması həmin ərazidən keçməsi ilə əlaqədar olmuşdur. Çünki, anten məlumatlarından görünür ki, təqsirləndirilən şəxs 20 Yanvar küçəsində həm də 16 yanvar tarixində olmuşdur ki, həmin tarixdə o polis bölməsində olmasını iddia etmir.

41. Bundan əlavə, təqsirləndirilən şəxsin 20 Yanvar küçəsi ünvanında 17 yanvar tarixində olması tutulduğunu iddia etdiyi saat 23 radələrində deyil, 17:45-dən 17:46-dək olan qısa müddəti əhatə edir.

42. Bütün bu yuxarıda qeyd edilən hallar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs Türfət Qürbətov 20 Yanvar küçəsi ünvanından mütəmadi olaraq başqa günlərdə və saatlarda da istifadə etdiyindən, bu hal onun məhz polis bölməsində olması kimi qiymətləndirilə bilməz.

43. Daxil olan anten məlumatlarından həmçinin o da aydın olur ki, təqsirləndirilən şəxsin tutulduğu gün, yəni 19 yanvara aid anten məlumatlarının götürülməsi tələb edilsə də, həmin günə aid hər hansı anten məlumatı mobil operator tərəfindən təqdim edilə bilməmişdir, bu hal da onu deməyə əsas verir ki, 19 yanvar tarixində təqsirləndirilən şəxs həqiqətən də tutulduğundan və telefondan istifadə etmədiyindən həmin günə aid hər hansı anten məlumatı aşkar edilməmişdir.

44. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilsə də, son sözündə o, özünü təqsirli bilməyərək, heç bir cinayət əməli törətmədiyini, polis əməkdaşları tərəfindən aldadıldığını və ona psixotrop maddəni üzərində daşıması barədə ifadə verəcəyi təqdirdə heç bir məsuliyyətə cəlb edilməyəcəyi barədə vəd verildiyini, lakin məhkəmə iclası zamanı polis əməkdaşlarının onu aldatdığının ona məlum olmasını bildirmiş və ona bəraət verilməsini xahiş etmişdir.

45. Kollegiya bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs T.Qürbətovun mövqeyini dəyişməsi onun məhkəməyə qarşı qeyri-səmimi olmasını göstərməklə yanaşı, birinci instansiya məhkəməsindəki son sözündə istinad etdiyi hallarda apellyasiya şikayətində qeyd etdiyi dəlillər arasında ziddiyyətlər mövcuddur.

46. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı təqsirləndirilən şəxs son sözündə polis əməkdaşları tərəfindən aldadıldığını və ona psixotrop maddəni üzərində daşıması barədə ifadə verəcəyi təqdirdə heç bir məsuliyyətə cəlb edilməyəcəyi barədə vəd verildiyini bildirsə də, apellyasiya şikayətində polis bölməsinə “hazır” getməməsi səbəbindən onun barəsində tutma qərarının çıxarıldığını bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ziddiyyətli mövqe nümayiş etdirmişdir.

47. Kollegiya anten məlumatlarına əsasən qeyd edir ki, Qürbətov Türfətin 17 yanvar saat 23:00-dan 18 yanvar səhər saatlarınadək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19cu polis şöbəsində (ünvan 7 ünvanında) olması öz təsdiqini tapmır.

48. Kollegiya əlavə olaraq qeyd edir ki, iş materiallarında olan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış sistemindən edilmiş çıxarışdan (i.v. 4) görünür ki, sorğu xx.xx.2023-cü il tarixində, saat 12:30-da tərtib edilmişdir.

49. Birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlərin ifadələri arasında ziddiyyətlərin olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin istinad etdiyi ziddiyyət şahidlərdən birinin təqsirləndirilən şəxs tutularkən psixotrop məddəni maşından yerə atdığını, digər şahidin isə təqsirləndirilən şəxsin psixotrop maddəni əlində sıxıb saxladığını bildirməsi ilə əlaqədar olmuşdur.

50. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirərərək qeyd edir ki, şahidlər polis əməkdaşlarıdırlar və onların tez-tez bu kimi çoxsaylı oxşar hadisələrlə qarşılaşması nəzərə alındıqda, təqsirləndirilən şəxsin psixotrop maddəni maşından yerə atması və ya əlində sıxıb saxlaması kimi o qədər də əhəmiyyət kəsb etməyən xırda təfərrüatları yadında saxlayaraq tam dəqiqliklə məlumat verə bilməməsi onların yalan ifadə verməsi kimi qiymətləndirilə bilməz.

51. Apellyasiya şikayətində həmçinin qeyd edilir ki, təqsirləndirilən şəxs tutulan zaman üzərində telefon və ya hər hansı başqa bir əşya olmamışdır. Bu da onu göstərir ki, o, polisin göstərişi əsasında əvvəlcədən bölməyə getdiyini bilirdi.

52. Kollegiya bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin üzərində əşyanın olmamasını onun polis bölməsinə getməsi ilə əlaqələndirmək doğru olmaz. T.Qürbətovun evinin yaxınlığında tutulduğu nəzərə alınarsa, onun evinin yaxınlığına hər hansı bir ehtiyacı üçün düşməsi istisna edilə bilməz. Çünki şəxsi axtarış və götürmənin əks olunduğu video diskdən görünür ki, T.Qürbətovun ayağında ayaqqabı deyil, başmaq vardır. Bu da onu göstərir ki, o uzaq məsafəyə getmək üçün evdən çıxmamışdır. Belə olan hallda onun üzərində şəxsi əşyalarının olmaması qeyri-adi hal hesab edilə bilməz.

53. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən təqsirləndirilən şəxs 17 yanvar tarixində tutulması ilə bağlı yaxınlarına mesaj yazdığını və həmin mesaj mətnlərini məhkəməyə təqdim edəcəyini bildirsə də, sonradan həmin mesajların silinməsini bildirərək, mətnləri məhkəməyə təqdim edə bilməmişdir.

54. Beləliklə yuxarıda sadalanan bu xüsusatlara əsasən, Qürbətov Türfətin təqsirli olması iş üzrə digər sübutlarla, həmçinin şəxsi axtarış və götürmə haqqında protokolla yanaşı, anten məlumatları ilə də öz təsdiqini tapır və müəyyən edilir ki, onun apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar həqiqəti əks etdirməməklə, cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır.

55. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir.

56. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, X4 əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir.

57. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla X4 cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir.

58. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

59. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs X4 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etməkdə haqlı olmuşdur.

60. Təqsirləndirilən şəxs X5 təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs X5 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir.

61. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

62. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.14-cü maddəsinə əsasən X5 cəza təyin etmə qaydalarına uyğun cəza təyin etmişdir.

63. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs X5 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmışdır.

64. Birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs X5 CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır.

65. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirməkdə haqlı olmuşdur.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

67. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, təqsirləndirilən şəxs X5 təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmə qaydalarına uyğun olmuşdur.

68. Yuxarıda göstərilənlərə əsasən kollegiya, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxs X4 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, X5 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.

69. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

70. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsə istinad olunan əmələ görə Cinayət Məcəlləsinin müvafiq maddəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın həddi 01 ildən 03 ilədək müddətə nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin isə təqsirləndirilən şəxsə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməsi ədalətli olmuşdur.

71. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir.

72. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir.

73. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 1(006)- 247/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır.

74. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs X4 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 1(006)-247/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev Hakimlər: Qədim Babayev İlqar Murquzov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar